Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1054/2023 01.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5, X4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı X3 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsinin İddiaçı X2 ünvanlanan xx.xx.2022-ci il tarixli 304000 saylı xəbərdarlıq məktubunda göstərilən 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat ödəmə tarixi keçmiş borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh açıq səhmdar cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsinin rəisi Ramin Sadıqovun imzası ilə İddiaçı X2 xx.xx.2022-ci il tarixli 304000 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə Firmanın istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat ödəmə tarixi keçmiş, ödənilməmiş borcu vardır. Məktubda 7 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks halda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa və “Sudan istifadə Qaydaları”na istinad edilərək müvafiq xidmətlərin dayandırılacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ikinci xəbərdarlıq məktubunda isə bildirilmişdir ki, həmin borc məbləği 2015-2018-ci illər ərzində tullantı sularının (kanalizasiya sularının) axıdılmasına görə yaranmış borcdur və ödənilməlidir. Cavabdeh təşkilatın məktubunda göstərilən 8.944 manat borcun hansı əsaslarla yaranması barədə heç bir məlumat qeyd olunmamışdır. İddiaçı X3 müvafiq xidmətlərə görə Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən təqdim edilən ödəniş tələblərini (fakturaları) mütəmadi olaraq yerinə yetirmişdir. Belə ki, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən 2019-cu il üçün təqdim edilən 3028,8 manat ödəniş tələbinə qarşı İddiaçı X3 tərəfindən 3753,2 manat, 2020-ci il üçün təqdim edilən 1983 manat ödəniş tələbinə qarşı 2968 manat, 2021-ci il üçün təqdim edilən 2130 manat ödəniş tələbinə qarşı 3241 manat, 2022-ci il üçün təqdim edilən 4706 manat ödəniş tələbinə qarşı 3720 manat vəsait ödənilmişdir. Beləliklə, son dörd il üçün firma tərəfindən Cavabdeh ASC-yə 11848 manat əvəzinə 13683 manat pul ödənilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixə firmanın Cavabdeh ASC-yə 1834 manat artıq ödəməsi vardır. Odur ki, iddiaçı firmanın Cavabdeh ASC-yə borcunun olması barədə xx.xx.2022-ci il tarixli məktubunda göstərilənlər tamamilə əsassızdır. Cavabdeh təşkilatla iddiaçı arasında tullantı sularının axıdılmasına görə heç bir müqavilə bağlanılmamışdır. Cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli 304000 saylı məktubunda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinad edərək göstərir ki, istehlakçıya hesab təqdim edildikdən sonra bir ay müddətində istehlakçı hesabda göstərilən məbləği ödəməlidir. Qanunvericilik tullantı suların axıdılması xidmətlərinə görə hesabın hansı müddət ərzində istehlakçıya verilməli olduğunu da açıq şəkildə müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən STKM (Su təchizatı və kanalizasiya müəssisəsi) istehlakçıya ötən ay ərzində göstərdiyi xidmətin (tullantı suların axıdılması xidmətinin) həcmini və qiymətini tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir. Göründüyü kimi, cavabdeh tərəf göstərilən xidmətə görə hesabı hər növbəti ay istehlakçıya təqdim etməlidir. Lakin cavabdeh tərəfin xəbərdarlıq məktublarından görünür ki, iddiaçıdan 2015-2018-ci illər üçün hesablanan vəsait tələb edilir. Bu isə həm əsassız, həm də müddəti ötmüş tələb olduğu üçün təmin edilə bilməz. Belə ki, “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən STKM (Su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı suların axıdılması xidmətləri istehlakçı ilə STKM arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaydaların 1.9cu bəndinə əsasən STKM-nin və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən suyun keyfiyyəti, tullantı sularının həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər müqavilədə göstərilir. Cavabdeh ASC ilə iddiaçı təşkilat arasında bu Qaydaların müəyyən etdiyi formada müqavilə bağlanmamışdır. Qaydaların 1.7-ci bəndinə əsasən müqavilə hüquqi şəxslərlə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. Cavabdeh tərəfin son məktubunda yaranmış borcların 2015, 2016, 2017 və 2018-ci illərə aid olduğu bildirilmişdir. Qqeyd olunan Qaydaların 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək STKM-nin vəzifəsidir. Lakin STKM iddia etdiyi 2015-2018-ci illərə dair həmin illər ərzində hər hansı hesab təqdim etməmişdir. Bu isə xəbərdarlıqda göstərilən dövr üçün (2015-2018-ci illər) hesablanan məbləğin tələb edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətin (iddia müddəti) ötməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən (Tələblər üçün müddət) tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Odur ki, iddia müddəti ötdüyü üçün cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləği silinməlidir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Bununla bağlı olaraq iddiaçının cavabdeh təşkilata bu günə heç bir borcu yoxdur. Amma əgər 2015-2018-ci illər üçün hər hansı borcu yaranmış olsaydı belə, bu borc müddətin keçməsinə görə silinmiş hesab edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, məhkəmə prosesindən sonra şəxsən mütəxəssislə birgə həmin əraziyə baxış keçirtmiş, araşdırma aparmış, müəyyən etmişdir ki, ərazidə quyudan su çıxardılır, xüsusi cihazlarla təmizlənir və bina sakinləri su ilə təmin olunur. Burada Yasamal rayon Su Kanal İdarəsinin yeganə vəzifəsi çirkab suları və qurunt sularına görə məbləğin tutulmasıdır. Müqavilə tərəflər arasında fakt var, lakin müqavilənin kötüyünü tapmaq mümkün olmamışdır. 2018-ci ilin axırında çirkab sularının axıdılmasına görə iddiaçının Cavabdeh ASC-yə borcu vardır. İddia əsassızdır. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə izahatında qeyd etmişdir ki, abonent haqqında məlumatlarda tullantı suları quyu suyu və qurunt sularına uyğun hesablanır. Sayğac quraşdırılmadığı üçün borc hesablanarkən borunun en kəsiyinə uyğun olaraq borc hesablanır. Kommunal ödənişlərlə bağlı ödəmələr olduğu zaman silinmənin hansı ilə yaranmış borc üzrə aparıldığını müəyyən etmək mümkün olmur.Tam borc iller üzrə ümumi hesablanır və borcdan ödənilən məbləğ çıxılır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: -abonent haqqında məlumatlardan görünür ki, İddiaçı X1 (13945369 /072563 müqavilə / kod ) Cavabdeh ASC–yə çirkab suyun axıdılmasına görə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı X2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə Firmanın istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat borcunun olması və həmin borcun ödənilmədiyi təqdirdə, su təchizatı dayandırılmaqla mübahisənin məhkəmədə həll olunacağı bildirilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı X2 çirkab suların axıdılmasına görə borc hesablanmışdır. İddiaçı İKT-yə məxsus binaya su təhcizatı Cavabdeh ASC tərəfindən deyil, aşkar edilmiş quyu suyu ilə təmin edilir. Silinməsi tələb edilən borc axıdılmış çirkab sulara görə boru diametrinə uyğun hesablanmışdır. İddiaçı həm quyu suyundan istifadə etdiklərinə, həm də iddia və tələb etmə müddəti ötməsi əsası ilə borcun silinməsini tələb etmişdir. İddiaçı eyni zamanda tərəflər arasında müqavilənin olmamasına istinad etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hər bir sutəchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla məqsədindən asılı olaraq, keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıları məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin etməlidir. Həmin Qanunun 34-cü maddəsinə görə kanalizasiya müəssisəsinin əsas vəzifələrindən biri də tullantı sularının nəqli, təmizlənməsi, zərəsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılmasıdır. Qeyd olunan Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Sözügedən Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunan gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Mülki Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: İşin həqiqi hallarından, tərəflərin izahatından və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı mütəmadi olaraq Cavabdeh ASC-yə ödənişlər etmiş və bu ödənişlər üzrə pul məbləği borcdan çıxılmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kommunal ödənişlərlə bağlı borc məbləği hesablandığı zaman, borc məbləğinin hansı ilə aid edilməsini müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında borc məbləği ilə bağlı həm iddia müddətinin ötürüldüyünü həm də müddətin keçməsinə görə öhdəliyə xitam verilməli olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili bir tərəfdən tərəflər arasında müqavilənin olmadığını qeyd etmiş digər tərəfdən isə müqavilə münasibətləri üzrə iddia müddətinin 3 il olmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddia müddəti institutu ilə bağlı xarakterik cəhət ondan ibarətdir ki, iddia müddəti pozulmuş hüquqların məhkəmə vasitəsilə bərpa edilməsini nəzərdə tutur. Hazırki iş üzrə isə iddiaçıya qarşı cavabdeh "xxxx" ASC tərəfindən hər-hansı iddia tələbi irəli sürülməmişdir. Bu baxımdan abonentdən borcun tələb edilməsi bağlı iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Göründüyü kimi Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələrində göstərilən müddətlər öhdəliyin xitamına səbəb olan müddət deyil, iddia müddətidir. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin hazırki işdə iddiaçı ona qarşı heç bir tələb irəli sürülmədən iddia müddətinin keçməsinə istinad edərək, öhdəliyinə xitam verilməsini xahiş etmişdir. Halbuki, iddia müddətinin ötürülübötürülməməsi məsələsi, yalnız kreditor, yəni hazırki halda Cavabdeh ASC tərəfindən müvafiq olaraq borcun tutulması barədə ididaçıya qarşı iddia qaldırıldığı halda sonuncunun həmin iddiaya etiraz kimi iddia müddətinin tətbiqi barədə ərizə verəcəyi halda məhkəmə tərəfindən müzakirə oluna və həmin məsələyə hüquqi qiymət verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ona qarşı heç bir tələb olmadığı halda öz təşəbbüsü ilə iddia müddətinin keçməsinə istinad edərək, hazırki iddianı qaldırması yolverilməzdir. Borcun silinməsini iddiaçı iki hal ilə əsaslandırmışdır: Nazirlər Kabinetinin 7.2 bəndinə əsasən göstərilən xidmətin həcmi barədə hər ay hesablamanın aparılması, lakin bu barədə məlumatın təqdim edilməməsi və müddətin ötürülməsi ilə bağlı öhdəliyə xitam verilməsi. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borcla bağlı bildirişlərin göndərilməməsi yaranmış borcun silinməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə borclarla bağlı müddətin ötürülməsinə münasibətdə isə qeyd edir ki, iddia ərizəsindən və eyni zamanda cavabdeh tərəfindən iddiaçıya göndərilmiş borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktublarından 2015-2018-ci il tarixləri ilə bağlı borcun ödənilməsi tələb edilmişdir. Bu baxımdan, qeyd olunan tarix aralığında yaranmış borc məbləğinə müddətin ötürülməsi halı şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ HİSSƏ: qət etdi: İddia rədd edilsin. Öətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1054/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1054/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver