Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10548/2025 29.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “xidmət müqavilələri üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli tərəfdaşlıq müqaviləsinin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 65185,69 manat və işgüzar nüfuzun ləkələnməsinin əvəzi olaraq 25000 manatın Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulması və müqavilə münasibətlərinə xitam verilməsi, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli tərəfdaşlıq müqaviləsinin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 76500 manat və işgüzar nüfuzun ləkələnməsinin əvəzi olaraq 25000 manatın Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması və müqavilə münasibətlərinə xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482 məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərini bir iddia ərizəsində birləşdirmək və iddianın müştərək qaydada bir neçə iddiaçı tərəfindən qaldırılması imkanı nəzərdə tutulmuşdur. Lakin bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərinin birləşdirilməsi hüququnun realizə edilməsi üçün zəruri şərt iddia tələbləri arasında bağlılığın olması, başqa sözlə, tələblərin predmet və ya əsas baxımından əlaqəli olmasıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsini təhlil etdikdə aydın olur ki, birgə cavabdeh qismində çıxış etmənin əsasını müştərəklik təşkil edir. Bu isə tələblərin predmet və ya əsas baxımından əlaqəli olması qənaətinə gəlməyə əsas verir. Lakin hazırkı iş üzrə belə bir bağlılığın olması istisna edilir. Belə ki, iddiaçı cavabdehlərlə ayrı-ayrılıqda müqavilə bağlamış, iddiaçı hər bir cavabdehlə bağladığı müstəqil müqavilə üzrə öhdəlikləri ayrı-ayrılıqda icra etmiş, cavabdehlərin hər iki müqavilə üzrə öhdəlikləri icra etməməsi iddia olunmuşdur. Belə olan halda tələblərin predmet və ya əsas baxımından bağlılığını təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.7-ci maddələrinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müstəqil iddialar verilməklə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə təqdim edilən ********** nömrəli mədaxil qəbzinə əsasən müəyyən edir ki, 481,17 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 481,17 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “xidmət müqavilələri üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 418,17 manat məbləğində pul İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-10548/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10548/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver