Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1056/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10,000,35 ABŞ Dolları əsas borcun, həmin əsas borca nəzərən 15 Noyabr 2021-ci ildən 12 Noyabr 2024-cü il tarixinə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021, 2022, 2023 və 2024-ci il tarixləri üzrə elan etdiyi uçot dərəcəsi nəzərə alınmaqla orta 7.5% uçot dərəcəsi ilə hesablanmaqla 2.500 ABŞ dolları maddi zərər ilə birlikdə 12.500 ABŞ dolları və iddia ərizəsinin verilməsi üzrə hesablanan dövlət rüsumu 154 manat, ümumilikdə 21.404 manat öhdəliyinin cavabdehin üzərinə qoyulmas; və cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ASC arasında 07 May 2021-ci il tarixli 03/010 nömrəli İnvestisiya Xidmətlərinin göstərilməsi barədə Broker Müqaviləsi bağlanmışdır. Tərəflər 30 Avqust 2021-ci il tarixində əsas müqaviləyə “X4 və Saxlanılmasına Dair” Əlavə Razılaşma bağlamış, cavabdeh “Automation Anywhere” adlı, X5, 633, X9 San Xose, Kaliforniya Ştatında ********* nömrə ilə qeydiyyatdan keçmiş hüquqi şəxsin (bundan sonra “Şirkət”) qiymətli kağızlarının İddiaçı adından almağı və müvafiq alqı-satqı müqavilələrini bağlamağı, İddiaçı tərəfindən üçüncü şəxslərə təqdim edilməsi və ya İddiaçının özünə qaytarılması tələb edilənədək qeyri-müəyyən müddət ərzində saxlanılmasını təmin etməyi öz öhdəsinə götürmüşdür. 14 Sentyabr 2021-ci il tarixində Şirkətin bir qiymətli kağızın qiyməti 32.05 ABŞ dolları (otuz iki dollar 5 sent) olmaqla 312 (üç yüz on iki) ədəd Qiymətli Kağızın (Səhm) alınması ilə bağlı ümumi dəyəri 9,999.60 ABŞ Dolları (doqquz min doqquz yüz doxsan doqquz dollar, altmış sent) və 14 Sentyabr 2021-ci il tarixli Şirkətin bir qiymətli kağızın qiyməti 31.95 ABŞ dolları (otuz bir dollar doxsan beş sent) olmaqla 313 (üç yüz on iki) ədəd Qiymətli Kağızın ümumi dəyəri 10,000.35 ABŞ Dolları (on min dollar otuz beş sent) məbləğində iki əqd bağlanmışdır. 16 Noyabr 2021-ci il tarixli “X8 Hesabat” İddiaçıya təqdim olunmuşdur. Sonradan İddiaçıya həmin səhmlərin Cavabdehdə saxlanılmasını sübut edən 14 Sentyabr 2021-ci il tarixli tək fəaliyyəti Şirkətə investisiya olunması olan “X7 7” MMC adlı X3 qeydiyyatdan keçmiş hüquqi şəxsin verdiyi ümumi dəyəri 20,000 ABŞ Dolları (iyirmi min ABŞ dolları) olan, Şirkətin 625 qiymətli kağızının (səhmi) varlığını və İddiaçının tapşırığı əsasında Cavabdehin adında olan Üzvlük Sertifikatını (bundan sonra “Üzvlük Sertifikatı”) İddiaçıya təqdim etmişdir. 2022-ci il Noyabr ayında Cavabdeh “X7 7” MMC şirkətində İddiaçının adından saxladığı payların İddiaçının özünə ötürülməli olduğunu, bununla bağlı 14 Sentybar 2021-ci il tarixində İddiaçıya təqdim olunan Üzvlük Sertifikatında göstərilən 625 ədəd qiymətli kağızın İddiaçıya ötürülməsi ilə bağlı “X2” İddiaçı ilə İddiaçının birbaşa olaraq Şirkətdə 20,000 ABŞ dəyərində və 625 ədəd qiymətli kağızı (səhmi) olduğunu təsdiq edən müqavilə bağlamışdır. 2022-ci ilin Noyabr ayından etibarən 2024-cü il İyul ayına qədər İddiaçı Cavabdehin Direktoru Tamerlan Bayramlı ilə dəfələrlə müxtəlif vasitələrlə əlaqə saxlamış, bir investor kimi Şirkətin son 2021-ci ildən bəri necə fəaliyyət göstərməsi barədə öyrənmək istədiyini bildirmişdir. İddiaçı Cavabdehdən ona hələ də Şirkətin birbaşa əlaqə məlumatları verilmədiyindən Şirkətin əlaqə məlumatlarını ondan istəmişdir. Cavabdehin X1 şifahi şəkildə vəd verərək bunu edəcəyini desə də, 2024-cü il iyul ayına qədər İddiaçının tələbləri cavabsız qalmışdır. İddiaçı 2024-cü il İyul ayında rəsmi olaraq Cavabdehin elektron poçt ünvanına Şirkətin məlumatlarını və 2021-ci il 31 Avqustda sifariş etdiyi əqdlər ilə bağlı çatışmayan sənədləri tələb etmişdir. Bu zaman Cavabdehin əməkdaşları və X6 özü İddiaçıya elektron poçt vasitəsilə cavab yazaraq bildirmişdir ki, İddiaçının 14 Sentyabr 2021-ci il də verdiyi 2 ayrı əqd sifarişindən yalnız 9999.6 ABŞ dolları (doqquz min doqquz yüz doxsan doqquz ABŞ dolları, altmış sent) uğurla icra olunmuş. İddiaçı dəfələrlə digər sifariş üçün Cavabdehə ödənilmiş 10,000.35 ABŞ Dolları (on min ABŞ dolları, otuz beş sent) aqibəti tapşırığın icra olunmama səbəbi barədə sual verdikdə isə suallar cavabsız qalmışdır. İddiaçı sonradan özü 31 Avqust 2024cü il tarixində Şirkət ilə birbaşa əlaqə saxlamış və Cavabdeh tərəfindən elektron poçt vasitəsilə verilən məlumatlar öz təsdiqini tapmışdır. Şirkətin səlahiyyətli nümayəndələri tərəfindən elektron poçt vasitəsilə göndərilən sənədlər göstərmişdir ki, onun Şirkətdə yalnız 10,000 ABŞ dolları (on min) dəyərində 312.5 (üç yüz on iki tam on da beş) qiymətli kağızı (səhmi) var. Şirkət tərəfindən bunu təsdiq edən sənədlərdə İddiaçı aşkar etmişdir ki, İddiaçının imzası tələb olunan bütün sənədlər onun xəbəri olmadan Cavabdeh tərəfindən imzalanmış və Şirkətə təqdim olunmuşdur. İddiaçı Cavabdehin Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini və qanunvericiliyin tələblərini icra etmədiyini gördükdən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına 17 Sentyabr tarixində Cavabdehin qiymətli kağızlar bazarında etdiyi qanunsuzluqlar və saxtakarlıqlar barədə məlumat vermiş və Cavabdehə ödənilmiş 10,000 (on min) ABŞ dollarında məbləğin geri ödənilməsində dəstək olmaları üçün müraciət etmişdir. Mərkəzi Bank sənədlər əsasında İddiaçının tələblərini qanuni sayaraq Cavabdehə 9 Oktyabr tarixinə qədər bütün pulun İddiaçıya geri qaytarılması barədə məktub göndərmiş və İddiaçı bu barədə məlumatlandırılmışdır. Lakin, bu günə qədər tələblər Cavabdeh tərəfindən icra olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 787.1-ci maddəsinə əsasən Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. - 787.2-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı (müştəri) ilə Cavabdeh ASC (investisiya şirkəti) arasında xx.xx.2021-ci il tarixli, 03/010 nömrəli investisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
11. Müqaviləyə 1 saylı Əlavə ilə ödəniş haqqı cədvəli və hesablaşma qaydaları, 2 saylı Əlavə ilə Müştəri Anketi, 3 saylı Əlavə ilə qiyməli kağızlar bazarında iş zamanı yaranan risklərə dair bildiriş tərəflər arasında razılaşdırılmışdır.
12. Daha sonra İddiaçı (benefisiar) ilə Cavabdeh ASC (investor) arasında xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli broker müqaviləsinə X4 və saxlanılmasına dair Əlavə razılaşma bağlanmışdır.
13. Razılaşmanın investor benefisiar adından “Automation Anywhere” qiymətli kağızlarını alacaq və bununla əlaqədar müvafiq alqı-satqı müqavilələrini bağlayacaq və investor aldığı qiymətli kağızları benefisiar üçüncü şəxslərə təqdim edilməsini və ya benefisiarın özünə qaytarılmasını tələb edənədək qeyri-müəyyən müddət ərzində benefisiarın adından saxlanılmasını təmin edəcək.
14. Müqavilə, ona əlavələr, Əlavə Razılaşma və onun Spesifikasiyası hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
16. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
17. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
18. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilib-edilməməsidir.
21. Belə ki, iş materiallarına əlavə edilmiş elektron poçt yazışmalarından məlum olur ki, “Automation Anywhere” səhmləri ilə bağlı iki sifarişdən biri, 9999.60 ABŞ dolları həcmində icra olunub, bununla bağlı iddiaçıya üzvlük və səhmlərə sahib olmasını təsdiq edən sənədlər təqdim edilmişdir.
22. Hazırda da iddiaçı 20.000 ABŞ dollarını Cavabdeh ASC-yə verdiyini, cavabdeh tərəfindən 10000 ABŞ dollarının səhm alınması üçün yerləşdirdiyini, qalan vəsaitlə bağlı isə, səhm alınmadığını və pulun qaytarılmadığını bildirir.
23. Eyni zamanda iş materiallarından görünür ki, Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı müraciəti əsasında uğursuz əqd üzrə vəsaitin İddiaçı qaytarılması ilə bağlı Cavabdeh ASC-yə müraciət olunmuşdur.
24. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
25. Belə olan halda Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 10.000,35 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Digər hissədə isə, yəni Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə 2.500 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
28. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
29. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.
30. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
31. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
32. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 141 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 10.000 (on min) ABŞ dolları 35 (otuz beş) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov