Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1070/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Mühafizə İdarəsi ilə cavabdeh arasında bağlanılmış əmlakın mühafizəsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə üzrə gösərilmiş mühafizə xidmətinə görə 1758.88 manat borc və 26.37 manat cərimə məbləği olmaqla, cəmi 1785.25 manat məbləğində vəsaitin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Mühafizə İdarəsi ilə cavabdeh arasında əmlakın mühafizəsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə mühafizə xidməti iddiaçı tərəfindən həyata keçirilmiş və Yasamal Rayon Mühafizə İdarəsinin rəisi cənab Əşrəf Allahyarovun xx.xx.2023-cü il tarixli Əmri ilə Dilarə Əliyeva 17 ünvanında yerləşən Cavabdeh MMC obyekti MMM xidməti ilə mühafizədən çıxarılmış, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən Yasamal Rayon Mühafizə İdarəsi ilə “Laundry Cafe” arasında əmlakın mühafizəsi haqqında xx.xx.2023-cü il tarixli müqavilə xx.xx.2023-cü il tarixindən ləğv edilmişdir. Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən cavabdehə göstərilmiş mühafizə xidmətinə görə sonuncunun borcu 1758.88 təşkil edir. Bundan əlavə diqqətinizə çatdırılır ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.10-cu bəndinə görə “Mülkiyyətçi” mühafizə haqqını vaxtında ödəməzsə, onda hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0.1%-i qədər cərimə ödəməlidir. Hazırda müqavilə üzrə gecikdirilmiş məbləğ üzrə ödənilməli olan cərimə məbləği 26.37 təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə göstərilmiş mühafizə xidmətinə görə ödənilməli olan məbləğ 1758.88 manat borc və 26.37 (manat)cərimə məbləği olmaqla, cəmi 1785.25 manat təşkil edir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1070/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi (bundan sonra – iddiaçı) ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Tərəflər arasında imzalanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin hissələri tərəfindən Əmlakın mühafizəsi haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən bu müqavilə müəyyən edilmiş tələbatlara uyğun gələn və mülkiyyətiçinin əmlakının saxlandığı yerlərin mühafizəsini nəzərdə tutur. Hansı sahənin, əmlakın hansı hissəsinin mühafizəyə verilməsi mülkiyyətçi, etibarlı qorumanın təmin edilməsi məqsədilə obyektin hansı xidmət növü ilə mühafizə olunması, postların yerləşdirilməsi və normativ sənədlər əsasında siqnalizasiya sistemləri ilə təchizi mühafizə tərəfindən müəyyənləşdirilir. Obyektin mühafizəsi tərəflərin razılığı əsasında bütün gün ərzində və ya saatlarla həyata keçirilə bilər. Bütün bunlar hər iki tərəfin iştirakı ilə hazırlanmış və təsdiq olunmuş ilkin müayinə aktı və qiymət cədvəli əsasında müəyyən edilir.
9. Müqavilənin 1.10-cu bəndinə əsasən mühafizə haqqı qiymət cədvəlinə əsasən mülkiyyətçi tərəfindən hər ayın 15-i "xxxx" ASC-nin Nəsimi Filialına keçirməklə və ya nağd yolla ödənilir. Mülkiyyətçi mühafizə haqqını vaxtında ödəməzsə, onda hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,1 %-i qədər cərimə ödənilməlidir.
10. İddiaçı və cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli obyektik texniki möhkəmliyinə dair (müqavilə qabağı) müayinəyə əsasən ünvan 1 ünvanında yerləşən ərzaq mağazası çox mərtəbəli binanın birinci mərtəbəsində yerləşir, ön tərəfində qapı və vitrindən ibarətdir.
11. İddiaçı tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 1758,88 manat olduğunu cavabdeh təsdiq etmişdir.
12. İddiaçı tərəfindən cavabdehə verilmiş xx.xx.2021-ci il tarixli 964 nömrəli qiymət cədvəlindən görünür ki, Dilarə Əliyeva 17 ünvanında yerləşən ərzaq dükanının aylıq xidmət haqqı 113,46 manat təşkil etməklə, xidmət haqqının ümumi məbləği 133,88 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə əsasən cavabdeh tərəfindən iddiaçıya 2770,60 manat əsas, 498,66 manat ƏDV ödənilməlidir.
14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə 49,41 manat, xx.xx.2022-ci ildə 116,60 manat, xx.xx.2023-cü ildə 20,42 manat, xx.xx.2023-cü ildə 20,42 manat, xx.xx.2023-cü ildə 20,42 manat, xx.xx.2023-cü ildə 20,42 manat ƏDV ödənilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli müqavilənin 1.10-cu bəndinə əsasən hesablanmış 26.37 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1758.88 manat əsas borc, 26.37 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1758,88 manat əsas, 26,37 manat cərimə, 60 manat mediasiyaya dair xərc, ümumilikdə 1845,25 (bir min səkkiz yüz qırx beş manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova