Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1071/2024 13.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abunə haqqı, mediasiya xərci ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 257.65 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında imzalanmış 18 aprel 2019-cu il tarixli, ***-**** saylı "Mobil rabitə xidmətlərinin göstərilməsi" haqqında müqaviləyə görə "xxxx" MMC sizə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 2023-cü ilin avqust ayına olan dövr üçün 257,65 manat ödənilməmiş borcu qalmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif təklif planı əsasında ximdət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir.
6. Müqavilənin 1.2-ci bənidnə əsasən müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün sim kart paketlri ilə birlikdə 10 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və korporativ tarifə (2 saylı qoşmada göstərilmiş tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti nüvafiq korporativ tarifə uyğun, digər xidmətlərin və cihazların dəyəri isə hazıkı müqavilənin müvafiqq qoşmalarında göstərilir və ödəniş bank köçürülməsi yolu və ya şirkətin şirkətin müəyyən etdiyi digər qaydada, həyata keçirilir. Bank köçürülməsi yolu ilə hesab faktura əsasında Korporativ Abunəçi hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq ödəniş təmin edilməlidir.
8. Müqavilənin 1 saylı əlavəsinə əsasən 10 ədəd nömrə cavabdeh MMC-yə verilmişdir. Həmin Əlavə cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir.
9. 08.08.2023-cü il tarixli hesab-fakturaya əsasən cəmi ödənilməli məbləğ 257,65 manat müəyyən edilmişdir.
10. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. İşdən göründüyü kimi xx.xx.2019-cu il tarixli ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən şirkət korporativ abunəçiyə mobil rabitə xidməltəri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif təklif planı əsasında ximdət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq göstərilmiş xidmət haqlarını ödəməkdən yayınmışdır.
15. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 257,65 manat borcun tutulması tələbi əsaslıdır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
IV. Nəticə:
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 xx.xx.2019-cü il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqaviləsi üzrə 257,65 manat (iki yüz əlli yeddi manat altmış beş) manat əsas borc məbləği, 10 manat (on) manat dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova