Məhkəmə qərarları › İş №e-2-2(113)-1101/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1101/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1101/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilmiş 10500 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SP/AV-004-19 saylı, 05 iyul 2019-cu il tarixli “Sponsorluq müqaviləsi”nin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə “Kəllə-kəlləyə” layihəsinə dəstək göstərmək məqsədilə təşkilatın sponsorlarından biri olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində festivalın təşkili üçün pul yardımı (sponsor töhfəsi) etməyi, cavabdeh isə bunun müqabilində bu müqavilənin 1 saylı əlavəsində öz əksini tapan sponsorluq paketi çərçivəsində İddiaçı MMC-yə məxsus müvafiq məhsulun reklam xidmətlərinin göstərilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən 10500 manat məbləğində sponsor töhfəsi ödənilsə də, müqavilənin 3-cü bəndində qeyd olunan sponsorlanana aid öhdəlikləri bugünədək yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Buna əlavə olaraq bildirdi ki, Müqaviləyə imzalanan üç Əlavələr üzrə cavabdehə cəmi ödənilməli məbləğ 10500 manat təşkil edirdi, həmin məbləği də ödəyiblər, lakin cavadeh bunun müqabilində heç bir xidmət göstərməyib. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (bundan sonra “Sponsor”) ilə X3 arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, SP/AV-004-19 saylı sponsorluq müqaviləsindən görünür ki, hər iki tərəf aşağıdakı şərtlərlə müqaviləni bağlamışlar. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Sponsor, müəllif hüquqları Sponsorlanana aid “Kəllə-kəlləyə” layihəsinin dəstək göstərmək məqsədilə təşkilatın sponsorlarından biri olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində festivalın təşkili üçün pul yardımı etməyi (sponsor töhfəsi), Sponsorlanan isə bunun müqabilində bu müqavilənin 1 saylı Əlavəsində öz əksini tapan Sponsorluq Paketi çərçivəsində Sponsora məxsus müvafiq məhsulun reklam xidmətlərinin göstərilməsini təmin etməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan sponsor töhfəsi 4000 manat məbləğində müəyyən edilir. 2.2-ci bəndinə əsasən sponsor töhfəsinin ödənişi Sponsorlanan tərəfindən təqdim olunan hesab-fakturaya əsasən tam məbləğdə əvvəlcədən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır. 3.1-ci bəndinə əsasən Sponsor: 3.1.1-ci bəndinə əsasən sponsorlananın fəaliyyətinə müdaxilə etməmək şərtilə xidmətlərin icrasına, keyfiyyətinə nəzarət edə, bunun üçün yerinə baxışlar keçirə, Sponsorlanana öz narazılıqlarını bildirə bilər və ondan xidmətlərin icrası və gedişatı barədə ətraflı məlumat və hesabat tələb edir. 3.1.2-ci bəndinə əsasən Sponsorlananın gördüyü işin keyfiyyəti və ya həcmi Sponsorluq paketinə (Əlavə 1), Sponsorun tapşırığına uyğun gəlmədikdə uyğunsuzluqları və nöqsanları sponsorlanandan öz hesabına dərhal aradan qaldırmağı tələb edir. 3.1.4-cü bəndinə əsasən Sponsor töhfəsini ödəyir. 3.2-ci bəndinə əsasən Sponsorlanan: 3.2.1-ci bəndinə əsasən Sponsor töhfəsini təyinatı üzrə xərcləyir. 3.2.2-ci bəndinə əsasən Xidmətləri tətbiq olunan standartlara və tələblərə, Sponsor paketinə, iş programına uyğun şəkildə qüsursuz, keyfiyyətlə və vaxtında icra edir və Sponsora təhvil verir. 3.2.8-ci bəndinə əsasən Xidmətlərin icrasını və gedişatını ləngitməli deyil və belə hallar baş verdikdə, bu barədə Sponsoru dərhal yazılı və şifahi qaydada məlumatlandırmalıdır. 3.2.11-ci bəndinə əsasən Sponsorun göstərişlərinə və tapşırıqlarına əməl edir və ya onların icrasının hər hansı səbəbdən mükünsüz olması və ya uyğun olmaması barədə əsaslı bildiriş verir. 5.2-ci bəndinə əsasən bu müqavilənin müddətinin başa çatması və xidmətlərin təhviltəslim alınması, Tərəfləri məsuliyyətdən azad etmir. 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2019-cu il tarixinə qədər qüvvədə qalır. Müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. 10.1-ci bəndinə əsasən müqaviləyə edilən bütün əlavə, düzəliş və dəyişikliklər hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzaladığı anda hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. - “SP/AV-004-19 saylı 05 iyul 2019-cu il tarixli sponsorluq müqaviləsi”nə 05 iyul 2019cu il tarixli 1 saylı Əlavəyə əsasən: 1-ci bəndə əsasən bu müqavilə üzrə “Sponsor Paketi”nə aşağıdakılar daxildir; 1.1-ci bəndə əsasən müqaviləyə əsasən Sponsor, müəllif hüquqları Sponsorlanana aid “Kəllə-kəlləyə” layihəsinin dəstək göstərmək məqsədilə təşkilatın sponsorlarından biri olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində festivalın təşkili üçün pul yardımı etməyi, Sponsorlanan isə öz öhdəsinə götürür: -Battle öncəsi intro giriş, 3D animasiya, battle sonrası outro. -Məhsul yerləşdirilməsi (iştirakçılardan biri battle boyunca əlində Bizonun məhsulunu tutmalıdır və battle arası içməlidir. -Brendinq; t-shirt/papaq iştirakçıların birinin üzərində olacaq. -Bizon girls, promo qızların battle boyu aparıcının yanında dayanması. -Bir battle daxilində iki dəfə animasiyalı loqonun ekrana çıxması. -Facebook və instagram səhifələrində paylaşması. Müqaviləyə Əlavə 1 hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. - “SP/AV-004-19 saylı 05 iyul 2019-cu il tarixli sponsorluq müqaviləsi”nə 16 iyul 2020ci il tarixli 2 saylı Əlavəyə əsasən: 1-ci bəndə əsasən bu müqavilə üzrə “Sponsor Paketi”nə aşağıdakılar daxildir; - Sponsor, müəllif hüquqları Sponsorlanana aid “Kəllə-kəlləyə” layihəsinin dəstək göstərmək məqsədilə təşkilatın sponsorlarından biri olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində festivalın təşkili üçün pul yardımı etməyi, Sponsorlanan isə öz öhdəsinə götürür: -Battle öncəsi intro giriş, 3D animasiya, battle sonrası outro. -Məhsul yerləşdirilməsi (iştirakçılardan biri battle boyunca əlində “Berg” məhsulunu tutmalıdır və battle arası içməlidir). -Brendinq; t-shirt/papaq iştirakçıların birinin üzərində olacaq. -Berg “Girls”, promo qızların battle boyu aparıcının yanında dayanması. -Bir battle daxilində iki dəfə animasiyalı loqonun Glucase ekrana çıxması. -Facebook və instagram səhifələrdə paylaşması. -X5 adlı sosyal medya layihəsi rəsmi media tərəfdaşı olacaq. Unitalkın loqosu “Kəllə- Kəllə” başlayanda rəsmi tərəfdaş olaraq göstəriləcək və iştirakçılar “Kəllə-Kəllə”dən əvvəl və sonra 15 dəqiqəlik müsahibə verəcək Unitalk layihəsinə. 2-ci bəndə əsasən 2 saylı əlavə üzrə nəzərdə tutulan sponsor töhfəsi 10000 manat məbləğində müəyyən edilir. Müqavilə Əlavə 2 hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. - “SP/AV-004-19 saylı 05 iyul 2019-cu il tarixli sponsorluq müqaviləsi”nə 01 sentyabr 2021-ci il tarixli 3 saylı Əlavəyə əsasən: 1-ci bəndə əsasən bu müqavilə üzrə “Sponsor Paketi”nə aşağıdakılar daxildir: Xidmətlərin siyahısı: -Bütün Vizuallarda loqonun yerləşdirilməsi: Poster, SM postları, Youtube Videosu, Brandwall və s. -Youtube-da yerləşdirilən hər iki videoların əvvəlində loqonun yerləşdirilməsi -Youtube-da yerləşdirilən videoların açıqlama bölməsində tərəfdaşın səhifəsi və ya saytın hiperlinkinin qeyd edilməsi -Sosial şəbəkələrdə paylaşıan “backstage” və “afterparty” videolarında Berg Glucose səhifəsində qeyd olunması -Sosial Mediada tərəfdaşa inteqrasiya olunmuş 6 ədəd post+hekayənin paylaşılması: 3 ədəd statik, 3 ədəd motion -Tədbir boyu, səhnədəki əsas ekranda loqonun daimi işıqlandırılması -Battle-lar arası fasilə zamanı səhnədəki əsas ekranda loqonun 6 dəfə işıqlandırılması -Tədbir boyu 20 dəfə səhnəyanı iki ədəd vertikal və iki horizontal monitorda integrasiya olunmuş vizual yerləşdirilməsi -Youtube-da paylaşılan videonun əvvəlində 60 saniyəlik reklam yeri -Tədbir boyu, irəlidə (səhnəyə ən yaxın, çəkiliş zamanı tez-tez görünən əsas yerdə) dayanan və brendin xüsusi dizaynlı geyimini (logo və sloqanı əks etdirən və ya xüsusi dizaynlı) geyinən promo əməkdaşı-6 nəfər -Tədbir boyu tərəfdaşı məhsul promosu üçün zalın giriş hissəsi və əsas zalda zonapromo stend və ya BTL aksiya təşkili nəzərdə tutulur -Tərəfdaşın məhsul və ya xidməti ilə bağlı tədbirlərə əlaqələndirilmiş və ya tədbirin simasını təqdimatında yaradıcı reklam çarxının çəkilməsi və təqdimatı -Tədbirin ikinci satında hər hansı bir yaradıcı integrasiya üçün 30 dəqiqə vaxt -Tərəfdaşın məhsulu üçün səhnədə promo stend üçün yer -Veb saytda səsvermə prossesi boyu loqonun ən yuxarıda yerləşdirilməsi -Tədbir boyu tərəfdaşın məhsul və ya xidmət ilə bağlı xüsusi söz, cümlə, sloqan xarakterli mətnlərin planlaşdırılmış senari şəklində və ya improvizasiya nəticəsində səsləndirilməsi -Tədbir boyu “Berg Glucose”-ə aid avtomobilin səhnənin qarşısında dayanması və DJ masasının həmin avtomobilin üzərinə qurulması -Tədbir boyu “Berg Glucose”-ə aid maskotun konsert zalında mövcudluğu -Təqdimat zalında yerləşən rəflərə “Berg Glucose” məhsulunun yığılması -Təqdimat zalında “Berg Glucose” barının qurulması və qonaqlara məhsul dadızdırılması -Təqdimat zalında “Berg Glucose” furşet masalarının yerləşdirilməsi -Təqdimat zalında Berg DJ masası quraşdırılması -Giriş zalında yerləşən 4 rəfin brend üçün ayrılması -Bar ərazisində DJ masasının yerləşdirilməsi -Bar ərazisində “Berg Glucose” Furşet masalarının yerləşdirilməsi -Brendlərdə qeyd olunan bütün vizual kontent mütləq şəkildə tərəfdaşla razılaşdırıldıqdan sonra paylaşıla bilər. 2-ci bəndə əsasən 3 saylı əlavə üzrə nəzərdə tutulan sponsor töhfəsi 15000 manat məbləğində müəyyən edilir. 3-cü bəndə əsasən bu 3 saylı əlavə üzrə Sponsorluq paketi çərçivəsində göstəriləcək xidmətlərin dəyərinin 70%-i əvvəlcədən, 30%-i isə Sponsoralan tərəfindən müqavilə və onun 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsi tamamlandıqdan sonra 3 iş günü ərzində tam məbləğdə nağd və nağdsız hesablaşma qaydasında həyata keçiriləcəkdir. Müqavilə Əlavə 3 hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC və X4 arasında imzalanmış 02 sentyabr 2021-ci il tarixli üzləşmə aktına əsasən üzləşmə aktının imzalandığı tarixə qalıq borc 5000 manat müəyyən edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. - 06 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən X2 “Kəllə-kəlləyə proyektinə sponsorluq” üçün 5500 manatı verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SP/AV-004-19 saylı, 05 iyul 2019-cu il tarixli Sponsorluq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilənin 1-ci bəndinə əsasən, cavabdehə “Kəllə-kəlləyə” layihəsinə dəstək göstərmək məqsədilə təşkilatın sponsorlarından biri olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində festivalın təşkili üçün pul yardımı (sponsor töhfəsi) etməyi, cavabdeh isə bunun müqabilində bu müqavilənin Əlavəsində öz əksini tapan sponsorluq paketi çərçivəsində İddiaçı MMC-yə məxsus müvafiq məhsulun reklam xidmətlərinin göstərilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən 10500 manat məbləğində sponsor töhfəsi ödənilsə də, müqavilənin 3-cü bəndində qeyd olunan sponsorlanana aid öhdəlikləri bugünədək yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından göründüyü kimi tərəflər arasında bağlanmış SP/AV-004-19 saylı, 05 iyul 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı, müəllif hüquqları Sponsorlanana yəni cavabdehə aid “Kəllə-kəlləyə” layihəsinin dəstək göstərmək məqsədilə təşkilatı sponsorlarından biri olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində festivalın təşkili üçün pul yardımı etməyi (sponsor töhfəsi), sponsorlanan isə bunun müqabilində müqavilənin Əlavəsində öz əksini tapan Sponsorluq Paketi çərçivəsində Sponsora məxsus müvafiq məhsulun reklam xidmətlərinin göstərilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı tərəf SP/AV-004-19 saylı, 05 iyul 2019-cu il müqavilənin 2.2ci bəndində qeyd olunan müddəaya uyğun olaraq məbləğin təqdim edilməsinə dair hər iki tərəfin imzası ilə təsdiqlənmiş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli təhvil-təslim və üzləşmə aktı tərtib edilmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-in: 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmişdir. Tərəflər arasında bağlanmış SP/AV-004-19 saylı 05 iyul 2019-cu il tarixli sponsorluq müqaviləsi”nə bağlanmış 01 sentyabr 2021-ci il tarixli 3 saylı Əlavəyə əsasən cavabdeh tərəfindən bir sıra xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, lakin həmin qeyd olunan xidmətlər göstərilməmiş və bunun əksini sübut edən hər hansı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Bununla belə cavabdeh qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçının müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilmiş 10500 manat və mediasiya xərcinin əvəzi olaraq 200 manat, cəmi 10700 (on min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar