Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1101/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, hüquqdan sui-istifadə və estoppel prinsipi, dəbbə pulunun azaldılması, qanuni faiz və dəbbə pulunun nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 185 589 manat əsas borc, 19326 manat cərimə borcu, əsas borca illik 5 faizlə hesablanmaqla 5288 manat məbləğində pulun və ödənilmiş 500 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq iddiaçıya “elektron pul təşkilatı” növündə ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası və s. ödəniş xidmətlərinin həyata keçirilməsi hüququ verən 08 iyul 2024-cü il tarixli EPT- 005 saylı lisenziya verilmişdir. İddiaçı xidmət saytı “portmanat.az” olan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən “elektron pulqabı” və “onlayn ödəniş təchizatçısı”dır. İddiaçı fəaliyyət məzmununa uyğun olaraq sayı yüzlərlə hesablanan müxtəlif fəaliyyət növlü şirkətlər və dövlət qurumları ilə müqavilə əsasında əməkdaşlıq edərək, partnyorlarının müştərilərinə və ödəyicilərinə ödəniş xidmətinin yüksək səviyyədə aparılmasını təmin edir. “Portmanat.az” portalı vasitəsilə bir sıra ödəniş xidmətlərinin, kommunal (Azərişiq, Azəriqaz, Azərsu, Azəristilik və s.), mobil operatorlar (Azercell, Bakcell, Narmobile, Naxtel 4G və s.), internet provayderlər, TV ödənişləri, stasionar telefonlar, bank kredit ödənişləri, sığorta, DİN, DGK, DİM, DYP, DMX, DSX (cərimələr), Maliyyə Nazirliyi (cərimələr), Ədliyyə Nazirliyi (cərimələr) və s. ödənişlər onlayn olaraq həyata keçirilir. İddiaçı müştərilərinə xidmət göstərməklə yanaşı, şirkətlə rəsmi formada müqavilə bağlayıb qazanc əldə etmək məqsədilə distribütor və diller kimi fəaliyyət göstərən şəxslərin xidmətlərindən istifadə edir. 2.2. İddiaçı ilə Cavabdeh arasında 99/057/2 saylı elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “İcraçı” öz texniki avadanlıqları və vəsaiti hesabına, Sifarişçinin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin edir. “İcraçı” “Sifarişçi”nin tapşırığı əsasında çıxış edir və sonuncu ona “portmant.az” portalı üzərindən aparılan bütün maliyyə əməliyyatlarının aparılmasını etibar edir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, göstərilmiş elektron ödəniş vasitəçiliyi məbləği (“Sifarişçi” tərəfindən verilən sifariş icra edildikdən sonra) müvafiq ayın beş (5) iş günü ərzində tərəflər arasında qarşılaşdırılaraq məbləğlər təsdiq edilir. “İcraçı”nın xidmət haqqının dəyəri “Sifarişçi”nin ona məxsus kommunal və digər ödənişlərinin ödənilməsi məqsədilə sifariş verdiyi ödəniş məbləğinin 2,5%-i təşkil edir. Bu müqavilə əsasında “Sifarişçi”, təqdim etdiyi sifarişin “İcraçı” tərəfindən icra olunduğu gündən hesablanaraq, 15 gün ərzində öhdəliyində olan məbləği (borc və komissiya haqqı) “İcraçı”ya ödəyir. 2.3. Həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən “potrmanat.az” saytında cavabdehin adına açılmış şəxsi kabinet vasitəsilə "xxxx" tacir kart hesabına avans məbləğlər köçürülmüşdür. Həmin hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsait dəyərində müştərilərdən əldə edilən məbləğlər cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli idi. Lakin cavabdeh hesabına köçürülmüş 185 589 manat vəsaiti müştərilərin adından müxtəlif təyinatlı ödənişlərin həyata keçirilməsi üçün istifadə etsə də, həmin məbləğlərin ödəniş təyinatı barədə heç bir hesabat, məlumat verməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır. Cavabdehdən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni yaranmış borcun qaytarılması tələb edildikdə, cavabdeh xx.xx.2024-cü il tarixli akt təqdim etmiş, həmin aktda 185 589 manat borcun olduğunu etiraf etmiş, bu borcun qaytarılmamasını özünə məxsus kartın, “Asan İmza”nın onun “işçisi” Baxışov Səxavət adlı şəxsdə olması ilə izah etməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında mülki münasibətlər müqavilə ilə yaranmış və həmin müqavilə üzrə də cavabdeh üzərinə öhdəliklər götürmüşdür. Əlavə olaraq, sözügedən müqavilənin 3.5-ci maddəsinə əsasən, yaranan borca görə “Sifarişçi”nin ödəməli olduğu cərimə forması: 25 AZN və hər gün üçün 0,05% müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə aktın təqdim edildiyi tarixdən xx.xx.2024-cü il tarixə kimi cərimə borcu: 185 589 AZN x 0,05% x 208 gün + 25 AZN = 19326 AZN təşkil edir. Əlavə olaraq, cavabdeh pul vəsaitini özündə qanunsuz şəkildə, yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müvafiq normalarına əsasən pozuntu hesab edilir və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə əldən çıxmış faydaya görə də ödəniş edilməlidir. Çünki bu vəsait iddiaçının özündə olsa idi, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Bu o deməkdir ki, cavabdehdən əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan əldən çıxmış fayda 185 589 x 5% / 365 gün x 208 gün = 5288 manat tutulmalıdır. 2.4. Qeyd edilənlərlə, tərəflər arasında müqavilənin bağlandığı, həmin müqavilə üzrə cavabdehin borcunun yarandığı və borcun onun özü tərəfindən etiraf edildiyi sübuta yetirilir, həmçinin o hal da sübuta yetirilir ki, cavabdeh etiraf etdiyi öhdəliyi icra etmək əvəzinə, etiraf etdiyi borcun ödənilməsindən tərəflərin münasibətlərini tənzimləyən müqaviləyə və Mülki Məcəllənin normalarına zidd olan tərzdə yayınmağa cəhd edir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin bu günədək ödəniş həyata keçirilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 445, 448-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdi ki, tərəflər arasında əmək münasibətləri yox, xidmət münasibətləri olmuşdur. Portmanatla cavabdehin "xxxx" ASC-də olan kart hesabına pul vəsaiti köçürülüb, sonuncu da həmin pul vəsaitini təyinatı üzrə başqa şəxslərə köçürüb. Lakin aktla təsdiq etsə də, borc məbləği cavabdeh tərəfindən qaytarılmamışdır.
6. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı izahat təqdim edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında 99/057/2 saylı elektron ödəniş xidmətlərinin göstəriliməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə çərçivəsində iddiaçı cavabdehin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə elektron ödəniş və ya ödənişlərin aparılmasını təmin edir. Buna görə də iddiaçı tərəfindən cavabdehin VÖEN-ə bağlı olan "xxxx" tacir kart hesabına avans məbləğlər köçürülmüşdür. Həmin hesabdakı vəsaitdən cavabdeh tərəfindən “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirilmişdir. Daha sonra hesabdan istifadə olunmuş vəsaitlər müvafiq ayın 5 iş günü ərzində tərəflər arasında qarşılaşdırılaraq təsdiq edilməli idi. Cavabdeh iddiaçının onun hesabına köçürdüyü vəsaitdən istifadə etdiyi gündən 15 gün ərzində iddiaçıya geri ödəməli idi. Əks təqdirdə, cavabdeh gecikməyə görə yaranmış cərimə borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən tam şəkildə öhdəlik icra edilmədiyindən, 185 589 manat əsas borc yaranmışdır.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, 99/057/2 saylı müqavilədəki imza cavabdehə məxsus deyildir. Cavabdehin qeyri-rəsmi işçisi onun “Asan İmza”sından istifadə edərək müxtəlif əməliyyatlar etmişdir.
8. Cavabdeh məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək qeyd etdi ki, X8 ilə köşk icarəyə götürmüşdür. İddiaçı pul vəsaitini hesabına köçürürdü, cavabdeh də həmin məbləğdən alqı-satqı üçün istifadə edirdi. Daha sonra isə pulu iddiaçıya qaytarırdı. X4 şərik kimi öhdəliklərini yerinə yetirməməsi ilə bağlı aralarında problemlər yaranmışdır. Bundan sonra iddiaçı onu ofisinə dəvət etmiş, akt iddiaçının əməkdaşlarının sözləri əsasında onun tərəfindən yazılmış, lakin borc məbləği ilə razı olmadığından akta imza etməmişdir. xx.xx.2024-cü il tarixli aktdakı yazı ona məxsus olsa da, imza ona aid deyildir. Eyni zamanda mübahisələndirilən müqaviləyə də imza etməmişdir.
9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə cavabdeh tərəfindən məhkəmə iclasının təxirə salınması ilə bağlı hər hansı üzrlü səbəbin mövcudluğunu təsdiq edən sübutun əlavə edilmədiyini və iddiaçının mövqeyini nəzərə alaraq baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı öz texniki avadanlıqları və vəsaiti hesabına cavabdehin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin etməyi, cavabdeh isə sifarişinin yerinə yetirildiyi təqdirdə iddiaçıya yaranan borc (kommunal və digər ödənişlərin icrasında istifadə edilən vəsait) və xidmət haqqını sifariş icra olunduğu gündən 15 gün ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin hesablaşma qaydasına əsasən, göstərilmiş elektron ödəniş vasitəçiliyi məbləği müvafiq ayın 5 iş günü ərzində tərəflər arasında qarşılaşdırılaraq məbləğlər təsdiq edilir, iddiaçının xidmət haqqı dəyəri cavabdehin ona məxsus komkunal və digər ödənişlərinin ödənilməsi məqsədilə sifariş verdiyi ödəniş məbləğinin 2,5%-i təşkil edir, müqavilə əsasında cavabdeh təqdim etdiyi sifarişin iddiaçı tərəfindən icra olunduğu gündən hesablanaraq 15 gün ərzində öhdəliyində olan məbləği (borc və komissiya haqqı) iddiaçıya ödəyir. xx.xx.2024cü il tarixli aktla cavabdeh göstərmişdir ki, iddiaçının satış təmsilçisi X2 tabeliyində diller kimi fəaliyyət göstərir. X1 “portmanat” ödəniş sistemində özünə məxsus ödəniş panelindən (hesab) cavabdehin adına olan "xxxx" tacir kartına məhsul almaq məqsədilə vəsaitlər köçürür, sonra istifadə olunan həmin vəsait X5 geri qaytarılırdı. Cavabdehə məxsus "xxxx" tacir kartı və vergi şəhadətnaməsi cavabdehin işçisi X4 ixtiyarındadır. “Asan İmza” idarəçiliyi (daxil olmaq, nəzarət əməliyyatlarının aparılması və s.), cavabdehə məxsus olan "xxxx" tacir kartının idarəçiliyi, gələn vəsaitlərin idarə olunması X4 əlində idi. Ödəniş kartı və digər sənədlər həmişə onda qalıb. "xxxx" tacir kartına X7 tərəfindən köçürülən 185 589 manat vəsaiti istifadə edən cavabdehin işçisi X8 geri qaytarmamışdır. Nəticədə iddiaçıya 185 589 manat borc yaranmışdır.
14. İddiaçı 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqaviləyə istinad etməklə 185 589 manat məbləğində əsas borcun tutulmasını tələb edir.
15. Cavabdeh ilkin olaraq 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə və xx.xx.2024-cü il tarixli akta imza etmədiyini bildirir.
16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların göstərilməsini zəruri hesab edir.
17. Məhkəmə cavabdehin ilkin etirazlarına müvafiq olaraq xx.xx.2025-ci il tarixli e-2-2(113)-1101/2025 nömrəli qərardadla 99/057/2 nömrəli “elekton ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1-3-cü səhifələrinin aşağı sol tərəfində yerləşən imza nümunəsi, 4-cü səhifəsində - müqavilənin 12-ci hissəsində “Sifarişçi” bölməsinin aşağısında yerləşən imza və xətt nümunəsinin, xx.xx.2024-cü il tarixli aktın sonunda “imza” qrafasının sağında yerləşən imza nümunəsinin Cavabdeh tərəfindən icra edilibedilməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli 4/369 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1-3-cü səhifələrinin aşağı sol tərəflərindəki imzalar, 4-cü səhifəsində “Sifarişçi” hissəsindəki imza, xx.xx.2024-cü il tarixli aktın sonunda “İmza:” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
19. Göründüyü kimi, cavabdehin ilkin etirazlarının əksinə, 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə və xx.xx.2024-cü il tarixli aktdakı imzaların cavabdeh tərəfindən şəxsən icra edildiyi müəyyən olunmuşdur.
20. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
24. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
25. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
26. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
27. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində borcun və xidmət haqqının sifariş iddiaçı tərəfindən icra olunduğu gündən hesablanaraq 15 gün ərzində ödənilməsi ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri və borc ödənilməmişdir.
28. Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli 4/369 nömrəli ekspert rəyi ilə cavabdehin imza ilə bağlı arqumentlərinin əsassızlığı müəyyən edildikdən sonra xx.xx.2025-ci il tarixli vəsatətlə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Halbuki cavabdeh xx.xx.2024-cü il tarixli aktla hər hansı etiraz etmədən öz imzası ilə borc məbləğini təsdiq etmişdir.
29. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
32. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
33. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
34. Məhkəmə qeyd edir ki, cavabdeh əvvəla xx.xx.2024-cü il tarixli aktdakı imzanın ona məxsusluğunu mübahisələndirmiş, həmin aktın onun tərəfindən yazıldığını, lakin məhz borc məbləği ilə razı olmadığından akta imza etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən cavabdehin etirazına uyğun olaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməklə həmin aktdakı imzanın cavabdehə məxsusluğu müəyyən olunduqdan sonra cavabdeh öz mövqeyini dəyişərək borc məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh öz maddi və prosessual hüquqlarından sui-istifadə edərək öz davranışı ilə şübhəsiz olaraq bağladığı müqaviləni və qəbul etdiyi borcu məhkəmə icratında mübahisələndirmişdir. Bu isə cavabdehin həmin vəsatətinin əsassızlığını göstərir.
35. Digər tərəfdən, cavabdeh iş ekspertizada olarkən 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqaviləyə imza etmədiyinin təsdiq olunması üçün X4 şahid qismində dindirilməsini xahiş etmiş, müqavilə və xx.xx.2024-cü il tarixli aktdakı imzanın cavabdeh tərəfindən icra edildiyi 19 mart 2025-ci il tarixli 4/369 nömrəli ekspert rəyi təsdiq olunduğundan həmin vasətət də öz əhəmiyyətini itirmişdir.
36. Həmçinin, cavabdeh aktda və izahında öhdəliyin icra edilməməsi ilə bağlı üçüncü şəxslərin hərəkət (hərəkətsizliyinə) istinad etsə də, məhkəmə Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən qeyd edir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
39. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
42. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 185 589 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
43. İddiaçı həmçinin 19326 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
44. 99/057/2 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən, Sifarişçi müqavilənin 3.3-cü bəndini icra etmədiyi və ya edə bilmədiyi təqdirdə İcraçıya borclanır. Yaranan borca görə İcraçı Sifarişçiyə cərimə tətbiq edir. Yaranan borca görə Sifarişçinin ödəməli olduğu cərimə forması: 25 (iyirmi beş) AZN və hər gün üçün 0,05%.
45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul Qərar).
48. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da müqavilə üzrə borc ödənilmədiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
49. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 9200 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
50. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 9200 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Xidmət müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
51. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 5288 manat məbləğində pulun da tutulmasını tələb edir.
52. Mülki Məcəllənin (xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
53. Mülki Məcəllənin (cari redaksiya) 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
55. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 3.4 və 3.5-ci bəndlərinə istinad etməklə daha böyük pul məbləğini tələb etmişdir.
56. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir.
d) Məhkəmə xərcinin tutulması ilə bağlı
57. İddia ərizəsində iddiaçı 500 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
58. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 480 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Həmçinin ********** nömrəli mədaxil qəbzi ilə 6 manat, ********** nömrəli mədaxil qəbzi ilə 16 manat ödənilmişdir.
59. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 19 mart 2025-ci il tarixli 4/369 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 110 manat təşkil edir.
60. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
61. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
62. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
64. Göstərilənlərə əsasən, iddia tələbinin qismən təmin edildiyi və məhkəməxətşünaslıq ekspertizasının məhz cavabdehin etirazına müvafiq olaraq keçirildiyi, etirazın əsassız olduğunun müəyyən edildiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 460 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə, ekspertiza xərci olaraq 110 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 185589 manat əsas borc, 9200 manat cərimə borcu olmaqla ümumilikdə 194789 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 460 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 110 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova