Məhkəmə qərarları › İş №e-2-2(113)-1106/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1106/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1106/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19 080,00 AZN (on doqquz min səksən manat, 00 qəpik) məbləğində ödənilmiş avans ödənişinin, 4698,00 AZN (dörd min altı yüz doxsan səkkiz manat, 00 qəpik) cərimə məbləğinin, ümumilikdə 23.778,00 AZN (iyirmi üç min yeddi yüz yetmiş səkkiz manat,00 qəpik) məbləğin və 200,00 AZN (iki yüz manat, 00 qəpik) məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 iyul 2020-ci il tarixində “Hüquq xidmətləri”nin göstərilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında ümumi dəyəri 46 980,00 AZN (qırx altı min doqquz yüz səksən manat, 00 qəpik) olan AP18 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə müvafiq ödənişlərin həyata keçirilməsinə və müqavilənin tələblərinə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi bu günə qədər də tam icra etməmiş və AR MM-nin 425.1-ci maddəsi əsasən ödəliklərin icrası zamanı vicdanlılıq prinsipinə əməl edilməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCnin hesabına müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə 19 080,00 AZN (on doqquz min səksən manat, 00 qəpik) məbləğində avans ödənişi həyata keçirilmişdir. Lakin, ödənişin öncədən həyata keçirilməsinə baxmayaraq xidmətlər tam və lazımınca həyata keçirilməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə isə cəmiyyətə zərər dəymişdir. Əlavə olaraq, AP18 saylı müqavilənin 20.1-ci bəndində cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hallarında cərimə tətbiqi nəzərdə tutulmuşdur. Tətbiq olunan cərimənin məbləği müqavilənin xüsusi şərtlərində müqavilə dəyərinin 10 %-i miqdarından çox olmamaq şərti ilə razılaşdırılmışdır. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iİddiaçıya ödəməli olduğu pul məbləğləri aşağıdakı kimidir: - əsas borc – 19 080,00 AZN; - xx.xx.2022-ci il tarixinə hesablanmış cərimə - 4.698,00 AZN; - Cəmi – 23 778,00 AZN. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “sifarişçi” Cavabdeh MMC “icraçı” olmaqla imzalanmış AP18 nömrəli xx.xx.2020 tarixli müqaviləyə əsasən tərəflər 46.980 manat hüquqi xidmətlərlə bağlı tender təklifini qəbul etmişdir. 20.2 bəndə əsasən sifarişçi müqavilədə müəyyən edilmiş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tərtib edə bilər. Tərəflər arasında imzalanmış qiymətlərin razılaşma protokoluna əsasən 261 saat xidmətlərin göstərilməsi ilə bağlı ümumilikdə 46.980 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. 27 noyabr 2020 tarixli 4891 saylı ödəniş tapşırığına əsasən 2.910,51 manat və 27 noyabr 2020 tarixli 4890 saylı ödəniş tapşırığına əsasən 16169,49 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin bank hesabına avans olaraq vəsait köçürülmüşdür. Hazırda iddiaçı avans olaraq ödəniş olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə xidmətin göstərilmədiyini bildirmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1 maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və sadalanan maddi hüquq normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 19 080,00 AZN (on doqquz min səksən manat, 00 qəpik) məbləğində ödənilmiş avans ödənişi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Tərəflər arasında imzalanmış müqavilənin 13.1 bəndində razılaşdırılmışdır ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. 13.2. bəndə əsasən sifarişçi satınalma müqaviləsinin yerinə yetiriiməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün icraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müqaviləyə uyğun olaraq cavabdehin bank hesabına avans ödəmə etməsinə baxmayaraq, cavabdeh tərəfindən xidmətlərin göstərilməsi öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçı 4698 manat cərimə məbləğinin tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xidmətlərin göstərilməməsi iş materialları ilə təsdiq edildiyindən eyni zamanda tərəflərin məsuliyyəti ilə bağlı cərimə məbləğinin ödənilməsi tərəflər arasında imzalanmış müqavilədə nəzərdə tutulduğundan məhkəmə qeyd edir ki, iddia tələbi həmin hisssədə də təmin edilməli və 4698 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 200 (iki yüz) manat mediasiaya xərci, cavabdehdən iddiaçının xeyrinə tutulımalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 19.080 manat (on doqquz min səksən manat) manat ödənilmiş avans, 4.698 manat (dörd min altı yüz doxsan səkkiz manat) cərimə məbləği, 200 manat (iki yüz manat) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar