Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1109/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5411,39 manat əsas borc, 451,61 manat həmin borc üzrə yaranmış əlavə maddi zərər, 300 manat gecikdirilmiş borca görə yaranan digər xərclər və 100 manat mediasiya icraatı üzrə ödənilmiş rüsumun Cavabdeh QSC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 25 may 2021-ci il tarixli 070/2021 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi Lancer markalı ** CN *** nömrə nişanlı nəqliyyat vasitəsinin texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə götürmüşdür. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirə görə yaranan, xx.xx.2021-ci il tarixli Mİ-112925 saylı hesaba görə (ƏDV daxil) 5411,39 manat miqdarında servis pulunu İddiaçı MMC-yə ödəməmişdir. Bununla bağlı qarşı tərəflə tərəfimizdən dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də heç bir nəticəsi olmamışdır. Borclunun müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin tərəfimizə ödənilməsi üçün cavabdehin elektron ünvanına (elektron kargüzarlıq vasitəsi ilə) xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilsə də məsələ öz həllini tapmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən, sifarişçi nağd və ya köçürmə ilə icraçıya vaxtında ödəməlidir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq ödəniş 10 gün ərzində, təqdim edilmiş hesab üzrə həyata keçirilir. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq danışıqlar vasitəsilə həll edilir, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilməzsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq şəkildə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Həmin məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, cavabdehdən “xidmətlərin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, əsas borcla birlikdə həmin pul məbləğinin ödənişinin üzürsüz olaraq gecikdirilməsi (ümumiyyətlə ödəniş niyyəti olmaması) halı da nəzərə alınmaqla qanunvericiliyə müvafiq olaraq həmin gecikmə ilə bağlı yaranan məbləğlər də cavabdehdən iddiaçının xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində göstərilir ki: Maddə 448.1 əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən: özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin maddənin tələblərinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin maddənin tələbləri nəzərə alınmaqla, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini nəzərə alaraq qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 09 iyul tarixli qərarında qeyd edilir ...Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar mülki qanunvericilik, eləcə də beynəlxalq təcrübə baxımından aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Prosessual qanunvericiliyin istinad olunan müddəasına əsasın, məhkəmədən hazırkı iddia tələbimizə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş edirik. Bu səbəbdən də cavabdehin Tərəflər arasında bağlanmış 25 may 2021-ci il tarixli 070/2021 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə öhdəlikləri ilə əlaqədar borc məbləği kimi yaranmış 5411,39 (manat, həmin pul (borc) vəsaitinin qanunsuz olaraq (20 ay müddətində) özündə saxlaması nəticəsində iddiaçıya maddi ziyanla yanaşı, həm də işgüzar nüfuzuna ziyan dəymişdir. Belə ki, iddiaçıya ödənilməli olan pulu vaxtında əldə edə bilmədikdə iddiaçının da digər müəssisələr və əməkdaşlıq etdiyi şirkətlərə borcları yaranmışdır ki, bunun da nəticəsi olaraq cəmiyyətin işgüzar nüfuzuna ziyan dəymişdir. Bununla bağlı İddiaçı MMC qeyd edilən borc məbləğindən əlavə maliyyə itkisi ilə üzləşmişdir. Yəni Cavabdeh QSC İddiaçı MMC qarşısında Müqaviləyə əsasən üzərinə götürdüyü öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə, İddiaçı MMC digər kreditorlar qarşısında öz maddi öhdəliklərini vaxtında və lazımınca icra edə bilməmiş, Cavabdeh QSC-dən mədaxil olunmalı məbləği başqa yerlərdən faizlə borc almağa məcbur olmuş, bu kimi əlavə borclarla öz kreditorları qarşısında maddi öhdəliklərini yerinə yetirmişdir. Bununla da İddiaçı MMC əlavə olaraq məruz qalmışdır. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş illik uçot dərəcəsinin həcmi (faizi) minimum 5 % təşkil etməkdədir. Bu da İddiaçı MMC-nin cavabdehdən almalı olduğu 5411,39 manat pul vəsaitinə nisbətdə qeyd edilən aylar üzrə 451,61 manat həcmində zərərə məruz qalması deməkdir. Beləliklə Cavabdeh QSC İddiaçı MMC qarşısında öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə, İddiaçı MMC ümumilikdə 6163 manat maddi zərərə məruz qalmışdır. Həmçinin hazırkı iş üzrə mübahisənin məhkəməyəqədər tənzimlənməsi üsulu kimi İddiaçı MMC Cavabdeh QSC-ni mediasiya prosesinə (danışıqlara) dəvət etmiş, başlanılmış mediasiya prosesinə Cavabdeh QSC gəlməmiş, bununla bağlı mediasiya prosesi üçün İddiaçı MMC 100 manat rüsum ödəmişdir. Eyni zamanda hazırkı iş üzrə məhkəmədə iddia başladılması üçün İddiaçı MMC 80 manat dövlət rüsumu ödəmişdir. Hesab edirik ki, qeyd edilən ödənişlər də cavabdehdən tutulmaqla iddaçıya ödənilməlidir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh QSC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 25 may 2021-ci il tarixli 070/2021 nömrəli İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış texniki servis xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh QSC-nin tapşırığına dair İddiaçı MMC öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində xidmətlərin göstərilməsini öz öhdəsində götürmüşdür. xx.xx.2021-ci il tarixli EBBF seriyalı 525239 nömrəli elektron qaimədən və xx.xx.2021-ci il tarixli Mİ-112925 saylı iş kartından görünür ki, iddiaçı cavabdehə ümumilikdə 5411,39 manat məbləğində texniki servis xidməti göstərmişdir. 15 aprel 2022-ci il tarixli MŞB/6-1618 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh QSC arasında texniki servis xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərərək nəzərdə tuulan servis xidmətlərini göstərsə də, cavabdeh göstərilən xidmətlərə görə ödənilməli olan 5411,39 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 5411,39 manat əsas borc və 100 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı 451,61 manat məbləğində maddi zərər tələbi ilə bağlı iddia rədd edilməlidir, belə ki, iddiaçı həmin tələbin təmin edilməsini MM-nin 449-cu maddəsinə və işgüzar nüfüzuna dəymiş zərərə əsasən xahiş etmiş, lakin cavabdeh tərəfindən ödənilməyən pul vəsaitindən sonuncunun faydalanması ilə bağlı, həmçinin işgüzar nüfuza dəymiş ziyanla bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin 300 manat gecikdirilmiş borca görə yaranan digər xərclər tələbi ilə bağlı iddia rədd edilməlidir, belə ki, sözügedən tələblə bağlı məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh QSC-dən 5411,39 manat əsas borc və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMCyə ödənilməlidir. İddia digər hissələrdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 5411,39 manat əsas borc və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1109/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1109/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver