Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-111/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh iddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icrası, tələbin güzəşti, subyektiv hüquq) X24 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçı “X10” MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh iddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 88736 manat borcun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında cavabdehə Dəmir yolu infrastrukturuna texniki xidmət üzrə əməliyyat planının hazırlanması üçün məsləhət xidmətlərin göstərilməsi üzrə müqavilə bağlanmışdır. Müqavilə üzrə qeyd edilən xidmətlər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh razılaşdırılmış məbləği tam ödəməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən və xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 88736 manat məbləğində borcu yaranmışdır. Cavabdehə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq İddiaçı MMC-yə olan 88736 manat məbləğində borcunu bu günə qədər ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aramızda yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmiş, cavabdeh tərəfindən təklifə münasibət bildirilmiş və X6 hər iki tərəf də iştirak etmişdir. İddiaçı tərəfindən 200 manat məbləğində pul X15 xərci olaraq ödənilmişdir. İddiaçı və cavabdeh X7 yekununda tam razılığa gələ bilməmiş və X3 keçidlə bağlı ortaq qərara gəlmişlər. X11 hər iki tərəfin iştirakı ilə baş tutmuş, lakin cavabdehlə X2 sonunda razılıq əldə edilməmişdir. Buna görə də, mediator tərəfindən müvafiq protokol vermişdir. İddiaçı tərəfindən 250 manat məbləğində pul X11 xərci olaraq ödənilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanılmış Müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-dən “Railistics GmbH”-ya olan borc - 43712,26 manat tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - “PMC”) Cavabdeh MMC-yə (bundan sonra - Cavabdeh) qarşı pul tələbinə dair iddia irəli sürmüşdür. Railistics Azərbaycan tərəfindən xx.xx.2023-cü il tarixində iddiaya qarşı etiraz məhkəməyə təqdim olunmuşdur. Məhkəmə tərəfindən etiraz nəzərə alınmazsa, Railistics Azərbaycanın PMC-yə qarşı aşağıdakı iddiasının təmin olunmasını xahiş edirik: Railistics GmbH, PMC və Railistics Azərbaycan arasında 01 dekabr 2021-ci il tarixli X16 imzalanmışdır. 01 dekabr 2021 -ci il tarixli X16 PMC üçün ümumi məbləği 471.092,00 AZN müəyyən edir. Bu məbləğdən 20%-lik “ehtiyat” Layihə ilə bağlı gözlənilməz xərclər üçün “risk ehtiyatı” kimi müəyyən edilmişdir. Bu, PMC üçün 94.218,40 AZN-dir. Müqaviləyə əsasən, müvafiq gözlənilməz xərclər Railistics GmbH və PMC arasında 80/20 nisbətində bölüşdürüləcəkdir. Müxtəlif səbəblərə görə layihə xərcləri əhəmiyyətli dərəcədə artdı. Risklər üçün ayrılmış ümumi məbləğ onları tam əhatə etmək üçün kifayət deyil. Bütün gözlənilməz xərcləri aparıcı partnyor Railistics GmbH öz üzərinə götürmüşdür. Bu xərclər aşağıdakılardır: 1.Layihənin dayandırılması və “pilot layihə”. Layihə rəsmi olaraq 3 iyun 2020-ci ildə başladı (Layihənin başlamasını təsdiq edən məktubun surəti əlavə olunur). 2020-ci ildə koronovirus pandemiyası ilə əlaqədar vəziyyətə görə layihə rəsmi olaraq 27 iyul 2020-ci ildə 12 aprel 2021-ci il tarixinədək, demək olar ki, bir il müddətinə dayandırıldı (Layihənin dayandırlması ilə bağlı razılaşmanın surəti əlavə olunur). Layihə rəsmi olaraq Bakıda açılış iclası ilə yenidən başladı (Layihənin yenidən başlaması ilə bağlı iclas protokolunun surəti əlavə olunur). 2020-ci ilin iyulundan 2021-ci ilin aprelinə qədər olan rəsmi fasilə zamanı aparıcı məsləhətçi Railistics GmbH Layihə üzərində davamlı işləməli oldu - bu gözlənilməz idi. Bu planlaşdırılmamış işin əsas səbəblərindən biri PMC ilə Müştəri arasında “pilot layihə” haqqında ikitərəfli şifahi razılaşma idi. PMC aparıcı partnyor kimi Railistics GmbH ilə məsləhətləşmədən Birgə Müəssisə adından “pilot layihə” həyata keçirməyə razılaşdı. Gələcək Layihənin tam məzmunu üçün “nümunə” kimi xaricdən yerinə yetirilməli olan bu “pilot layihə” Railistics GmbH ilə Müştəri arasında mübahisəyə səbəb oldu. Railistics GmbH izah etməli oldu ki, bu “pilot layihə”ni həyata keçirmək mümkün deyil, çünki o, tam Layihə ilə eyni işi ehtiva edir. Lakin Müştəri fərqli fikirdə idi və PMC aparıcı partnyor Railistics GmbH-dan fərqli olaraq bu fikri dəstəklədi. Bu “pilot layihə” və müzakirələr yüksək xərclərə və nəhayət, bu Layihənin ümumilikdə böyük itkisinə səbəb oldu. Bu “pilot layihə”nin nəticələrinin heç biri Layihə zamanı istifadə edilə bilmədi. PMC ilə bu insident PMC əvəzinə daha etibarlı yerli tərəfdaşları işə cəlb etmək ehtiyacını ortaya çıxardı. X1 etimadını itirdi və bu etimad sonradan Bakıda iş zamanı yüksək səylə yenidən bərpa olunmalı oldu. Bu “pilot layihə” üzrə xərclər cəmi 235.345,65 avro təşkil etmişdir (Layihənin dayandırılması zamanı çəkilmiş xərclərə dair hesablama əlavə olunur). Railistics GmbH və PMC arasında bölüşdürülürsə, bu məbləğ Railistics GmbH üçün 80% - 188.276,52 avro və PMC üçün 20% - 47.069,13 avro və ya 87.165,06 AZN kimi bölünür. Bu xərclər gözlənilməz olub və onlar Layihənin müqavilə ilə məyyənləşdirilmiş məzmunu ilə əlaqəli deyildi. Bundan əlavə, onlar X8 təsbit olunmuş layihə tərəfdaşları arasında razılaşdırılmış koordinasiya olmadan PMC tərəfindən başlanmışdır. Bundan əlavə, hesabatların və nəticələrin hazırlanması və Müştəri ilə müzakirə tam olaraq Railistics GmbH tərəfindən həyata keçirilməli olduğu üçün PMC bu gözlənilməz işin həllinə töhfə vermədi. Yerli dəstək vəzifəsi və X23 işə cəlb edilməsi. 17 mart 2020-ci il tarixli X12 əsasən, PMC yerli dəstək işlərini həyata keçirməli idi. Buraya tapşırıqların həyata keçirilməsində dəstək, tapşırıqların uğurla yerinə yetirilməsinə vaxt ayırmaq, ekspertlərin fəaliyyətini təmin etmək, məlumatların toplanması və yayılmasında köməklik, yerli hakimiyyət orqanları ilə əlaqə, ofis dəstəyi, hesabatların və təqdimatların tərcüməsi, ekspertlər üçün əsas sənədlərin tərcüməsi daxildir. PMC yerli katiblik və tərcümə fəaliyyətləri ilə bağlı 17 mart 2020-ci il tarixli X12 qismən əməl etdi (Lakin tərcümə işi çox gec başladı və bu da Layihənin yekunlaşdırılmasının bir neçə ay gecikməsinə səbəb oldu). Müştəri ilə yerli əlaqə ümumiyyətlə həyata keçirilmədi. Buna görə də, Müştəri yerli dəstək üçün əlavə işçilər işə götürməyi xahiş etdi. Railistics GmbH bu məqsədlə cənab Ramin Nurullanı işə götürdü. Bunun üçün xərclər tamamilə gözlənilməz olub və Layihənin risklə bağlı xərclərinə əlavə edilməlidir. Bu əlavə işçinin cəlb edilməsinə ehtiyac yalnız PMC mütəxəssislərinin Layihə ilə bağlı Müştəri ilə əlaqədə öz vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar idi. X23 2021-2022-ci illər arasında cəlb edilməsi ilə bağlı xərclər 67.067,53 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ Railistics GmbH üçün 80% - 53.654,02 avro, PMC üçün isə 20% -13.413,51 avro və ya 24.839,83 AZN təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, Layihənin dayandırılması zamanı X20 etimadını itirdi. Buna görə də Müştəri Layihənin nəticələrinə və davam edən iş performansına nəzarət etmək üçün Birgə Müəssisədən neytral və etibarlı ekspert işə götürülməsini gözləyirdi. Railistics GmbH ADY-də gördüyü digər işlərə görə ADY ilə və bu Layihədə həyata keçirilən işlərlə tanış olan cənab Pol Paueri işə götürdü. Onun əsas vəzifəsi Layihənin keyfiyyətini təmin etmək idi. X27 cəlb edilməsi Railistics GmbH üçün gözlənilməz idi. X27 öz vəzifələrini yerinə yetirmək üçün Layihə yenidən başladıqdan sonra Bakıya iki qısa missiyası olub. Bundan sonra etimad tam bərpa olundu. X26 cəlb edilməsi ilə bağlı xərclər 25.050,00 avro təşkil etdi. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ Railistics GmbH üçün 80% - 20.040,00 avro və PMC üçün 20% - 5.010,00 avro və ya 9.277,78 AZN təşkil edir. Bu Layihədə iştirak edən ekspertlər komandası qismən Birgə Müəssisə şirkətlərinin işçiləri və qismən də kənar məsləhətçilər kimi işə götürülüb. Railistics GmbH tərəfindən işə götürülən məsləhətçilər Railistics GmbH-nın müqaviləyə uyğun Layihə payının, PMC tərəfindən işə götürülən ekspertlər isə onun müvafiq Layihə payının bir hissəsidir. 2023-cü ilin yanvar ayında Müştəri tərəfindən 3-cü ödəniş tamamlandı və müqaviləyə uyğun olaraq müvafiq məbləğ PMC-yə köçürüldü. Railistics GmbH-ya PMC ekspertlərinin dediyinə görə, onlar müqavilələrinə uyğun olaraq ödənişlərini almadılar. Buna görə də, bu ekspertlər Müştərinin istəyi ilə Layihənin Bakıda keçiriləcək yekun təqdimatına getməkdən imtina etdilər. Bu, həmçinin PMC tərəfindən müqavilənin pozulmasını təşkil edir və Railistics GmbH-nın Müştəri qarşısındakı reputasiyasına təsir göstərir. Bundan əlavə, PMC subpodratçı ekspertlər Halil Demir, Musa Yılmaztürk, Tural Hezenzade və Xəzər Qasımzadəyə bildirmişdir ki, Railistics GmbH onların ödəmə məbləğini PMC-yə ödəmədən tutmuşdur. Buna görə də PMC mütəxəssislərə pul ödəməyəcək. Bu, həqiqətə uyğun olmayan bəyanatdır və dərhal PMC-nin məsul şəxsi Nümayəndə2 bu haqda bildirilmişdir (emailin surəti əlavə olunur). Railistics GmbH və Layihənin uğuru həmin ekspertlərin töhfəsindən çox asılı idi. Mütəxəssislər gözləntilərə uyğun nəticələr versələr də, müqavilələrinə uyğun olaraq maaş almadıqları halda bu, Birgə Müəssisə və Railistics GmbH-nm reputasiyasına da mənfi təsir göstərərdi. Buna görə də Railistics GmbH bu ekspertlərə birbaşa ödəniş etdi, çünki Nümayəndə2 / PMC açıq şəkildə bildirdi ki, onlar 4-cü ödənişi aldıqda belə ekspertlərə pul verməyəcəklər. Bu məbləğ 91.848,00 AZN təşkil edir. Bu məbləğ tam şəkildə PMC tərəfindən ödənilməli idi (ekspertlərə ödəniş edilməsini təsdiq edən sənədlər əlavə olunur). Risklə bağlı xərclər üzrə ödənişlərin ümumi məbləği 327.463,18 avro təşkil edir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ Railistics GmbH üçün 80% - 261.970,54 avro və PMC üçün 20% - 65.492,64 avro və ya 121.282,66 AZN təşkil edir. Bu məbləğ PMC ilə bağlı ehtiyat məbləğ 94.218,40 AZN-dən 27.064,26 AZN çoxdur. 20% risk ehtiyatının məbləği faktiki xərcləri ödəmədiyindən əlavə xərclər də X8 razılaşdırıldığı kimi tərəflər arasında bölüşdürülür. Buna görə də 27.064,26 AZN məbləğində risklə bağlı əlavə xərclər PMC-yə 4-cü ödənişdən çıxılır. Eyni zamanda PMC ekspertlərinə ödəniş - 91.848,00 AZN də PMC-yə 4-cü ödənişdən çıxılmalıdır. Bu halda PMC-yə ödənişdən çıxılacaq ümumi məbləğ 118.912,26 AZN edir. PMC-yə 4-cü ödənişin məbləği 75.200,00 manat olmalı idi. PMC tərəfindən Railistics GmbH-ya ödənilməli məbləğ isə 118.912,26 manat təşkil edir. Bu halda PMC-nin Railistics GmbH-ya 43.712,26 manat borcu yaranmış olur. Railistics Azərbaycan olaraq biz hesab edirik ki, bu iddia üzrə əsl cavabdeh Almaniya Federativ Respublikasının hüquqi şəxsi olan Railistics GmbH-dır. Məhkəmə tərəflər arasındakı həqiqi münasibətləri fərqli dəyərləndirərsə və PMC-nin iddiası üzrə həqiqi cavabdehin Railistics Azərbaycan olması nəticəsinə gələrsə, bu hal üçün Railistics Azərbaycan Railistics GmbH-nın adından 43712,26 manat borcu tələb etmək hüququ yaranır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinə və qarşılıqlı iddiaya etirazına uyğun izahat vermiş və ilkin iddia tələbin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə2 qarşılıqlı iddiaya etirazında bildirmişdir ki, PMC və cavabdeh tərəf eyni hüquqlu tərəflər olaraq “birgə iştirak” ilə layihəni təhvil veriblər; müştəri/sifarişçi tərəfindən uğurlu şəkildə təhvil alınıb və müştəri/sifarişçi tərəfindən Konsultantlara (PMC və Cavabdeh) hər hansı iddia qaldırmayıb. PMC-nin öhdəliyində olan komponent və işlərdən müştəri yekun olaraq məmnun qalıb və PMC tərəfinə hər hansı performans/keyfiyyət cəriməsi kəsməyib, narazı qalmayıb, məhkəmə işi açmayıb. Cavabdeh tərəf öz ədalətsiz qazanc əldə etmə hərisliyini və PMC-nin haqqına əl qoymaq əməlini guya “insanlıq naminə etdikləri hərəkətlər” və faktiki sübut sayılmayan “əsassız, sübutsuz uydurma nağıllar” ilə ört basdır etməyə çalışır. Bu uydurma nağıllın daxilində iddiasına səbəb olan müqavilə ilə, hətta məqamların özləri ilə belə ziddiyyət mövcuddur. Qarşı tərəfin iddiasında göstərilən məqamlara etiraz bildirir. Çünki əsas və sübutlar təqdim olunmayıb. Belə ki, Ehtiyat vəsaitinin təyinatı və “gözlənilməz xərclər” Ehtiyat vəsaitdən gözlənilməz xərclərə sərf olunmasına icazə verilən xərc təyinatı müqavilənin 2-ci səhifəsinin yuxarıdan 2-ci bəndi və sonrakı nömrələnmiş 1, 2 və 3-cü bəndləri ilə açıqaydın göstərilib və razılaşdırılıb. Orada açıq şəkildə birbaşa ekspert xərclərinin və ya digər birbaşa layihə xərclərinə sərf olunmayacağı tərəflər arasında razılaşdırılıb və aydın şəkildə ifadə olunub. Layihə sonuna qədər də buna uyğun tərəflər hərəkət edib. Bu mənada qarşı tərəfin öz iddia sənədinin müxtəlif yerlərində qeyd etdiyi onun üçün yaranan əlavə xərclər bu təyinata daxil deyil; ehtiyat vəsaitdən və ya PMC-dən tutula bilməz. Bu baxımdan, sübutsuz-əsassız iddia olduğuna görə, məhkəmə tərəfindən qəbul olunmalı deyil. Burada başlıca məqam odur ki, müştəri/sifarişçi ilə ortada razılıq/protokol var: layihəyə fasilə verilib. Niyə xərc çəkmək lazımdır ki?! Bundan əlavə, PMC-kimi şirkətin guya “şifahi” olaraq müştərinin/sifarişçinin qərarına təsir etməsi həm yersiz/əsassız, həm də ən böyük dövlət müəssisələrimizdən biri olan X17 kimi qurumun qərar verici komandasına hörmətsiz fikirdir. Nəinki PMC-nin müştəriyə, hətta Railistics-ə əlavə xərc çəkdirmək üçün qərarına təsir edici gücə malik deyil; cəfəngiyatdır. Bu baxımdan Railistics sadəcə bu xərci çəkməyə özü qərar verib. Bunun əksini sübut edən sübut yoxdur. Anlaşılandır ki, müştəridə narazılıq yaratmamaq və onun məmnun saxlamaq üçün bu addımlar əsas tərəfdaş tərəfindən atılıb və müəyyən xərclər yaranıb. PMC-nin də bu layihə fasiləsi və “Pilot Layihə” çərçivəsində əsaslı səviyyədə əlavə xərclər çəkib və iqtisadi faydalar itirib. Amma yuxarıda qeyd olunan razılıq çərçivəsində, bu əlavə xərcləri Cavabdeh-dən tələb etmir; çünki müqavilə buna icazə vermir. Ayrıca, aparıcı partnyor olan Railistics vəziyyəti düzgün dəyərləndirib, layihəni daha peşəkar idarə edib, müştəri ilə hüquqi-müqavilə müstəvisində adekvat müzakirələr aparıb məsələni əlavə xərclərsiz və ya kompensasiyalı şəkildə həll edə bilərdi Ya müştəridən əlavə büdcənin ayrılmasını və ya layihənin tam fasilə ilə dayandırılmasını lazımı şəkildə tələb edib sonuna qədər gedə bilərdi. Amma etmədi, yarıda buraxdı–nə müştəriyə əlavə xərclərini bağlamasına dair iddia irəli sürdü, nə də bunlar baş verərkən bizimlə hüquqi-müqavilə müstəvisində büdcə dəyişikliyi/təsiri müzakirələrinə başladı. Bunun əvəzinə gizlicə layihənin sonunda öz zərərini PMC-dən tutmaq planı qurdu. Bu Cavabdeh tərəfin layihə idarəetmədə nümayiş etdirdiyi zəif səriştəsinin nəticəsi idi və bunun əlavə büdcə cəriməsini özü çəkməlidir. Məsələnin qısa xülasəsi budur ki: bu xərclər, Cavabdehin öz qərarı ilə yaranan əlavə layihə xərcləridir. Ehtiyat üçün ayrılan vəsaitdən və ya PMC-dən tutula bilməz. Buna görə sübutsuz-əsassız iddia olduğuna görə, məhkəmə tərəfindən qəbul olunmalı deyil. Digər ekspertlərin (Ramin Nurulla və Pol Pauerin) cəlb olunması ilə əlaqədar xərclər, yenə burada qeyd olunanlar Cavabdehin sübut təqdim etmədən əsasız və uydurma nağılından başqa bir şey deyil. Qeyd olunan ekspertlər, Railistics tərəfindən cəlb oluna əlavə resurslardır. Buna dair kifayət qədər müştəri ilə yazışması və layihə sənədləri/protokolları var. Cavabdehin iddia sənədinə sübut kimi əlavə etdiyi görüş protokollarında belə bunu sübut edən faktlar var – X21 layihə meneceri kimi görüşdə iştirak edib. Bu ekspertlərin müqaviləsi Railistics ilədir; PMC-yə heç bir aidiyyəti yoxdur. Ki əgər, PMC-nin ekspertləri və müqavilələri olsa idi, o zaman sual yaranardı ki, bundan Railisics nə?! Fakt budur ki, layihəyə yalandan şişirdilmiş CV-lərlər xarici ekspertləri cəlb edib, ölkəmizdəki layihəni yola verib külli həcmdə və ədalətsiz qazancla işi bitirməyə çalışan Cavabdeh tərəf müştərinin haqı şikayətləri ilə komandasını lazımi səviyyəyə gətirmək məcburiyyətində qalıb. Bu şikayətlərdən sadəcə biri: bax “müştəri şikayəti yazışması” Hətta Xülasə olaraq, PMC-nin iş keyfiyyəti ucbatından əlavə xərclər yaradan yubanmanın olmasına dair və ya qeyd oluna əlavə ekspertlərin layihə çərçivəsində razılaşdırılan PMC-nin büdcəsində olduğuna dair və ya PMC ilə bu “əlavə ekspertlərin” müqaviləsi olduğuna və ya PMC-nin bu ekspertlərlə bağlı yarancaq əlavə xərcləri qarşılayacağına dair razılığına dair sübut təqdim olunmayıb. Bu mənada qarşı tərəfin qeyd etdiyi onun üçün yaranan əlavə xərclər ehtiyat vəsaitdən və ya PMC-dən tutula bilməz. Buna görə sübutsuz-əsassız olduğuna görə, məhkəmə tərəfindən qəbul olunmalı deyil. PMC-nin müqavilə bağladığı və büdcəsində olan əsas ekspertlər (Türkiyədən) və yerli ekspertlərə ödənişlə bağlı, burada özlüyündə bir çox maraqlı məqam mövcuddur və əslində cavabdehə qarşı daha fərqli əlavə iddialar üçün əsaslar var: 1) Cavabdeh tərəf PMC-nin üçün tərəflərin münasibətlərinə və müqaviləsinə müdaxilə edib, kommersiya sirri daşıyan məlumatlar niyə əldə etsin? 2) Cavabdeh tərəf niyə müştəri müqaviləsində PMC-nin işi/komponenti görünən tapşırıqlara dair cəlb olunan və yenə o müqavilə PMC-nin komandası və büdcəsində görünən (yəni 471 minə daxil olan) və yenə PMC-si ilə müqaviləsi olan ekspertlərə ödəniş etsin? 3) Cavabdeh tərəf, faktiki olaraq, ödəniş nisbəti təxmini 65% ikən (170 min qalıq borc/ 471 min ümumi məbləğ) ekspertlərə, provokativ şəkildə 80% qeyd edib məktub ünvanlasın? Halbuki, əgər Cavabdeh qalıq ödənişlərini etsəydi o ekspertlər də - necə ki bundan əvvəlki ödənişləri tam alıblar – bunu da alacaqlardı. Yəni PMC-nin öz müqaviləli ekspertlərinə ödənişi etməyəcəyinə dair nə sübut var idi? Cavabdeh belə həyəcanla – layihənin ərəfəsində göstərmədiyi həssaslığı – layihə sonunda niyə göstərdi? Guya ki, Azərbaycan qeydiyyatlı yerli investorlu şirkət Türkiyəli və doğma ekspertlərinə ödənişi etməyəcək və bununla da özünü yerli bazarda biabır edəcək və özünə qarşı mümkün məhkəmə işlərinə/nəticələrinə göz yumacaq. Bu necə boş və əsasız düşüncədir?! Konsultasiya sahəsindəki insanlar və şirkətlər illərlə əziyyət çəkərək reputasiya və etimad formalaşdırırlar, müştəri şəbəkəsini genişləndirir. Bir layihə ödənişinə görə bu etimad və şəbəkəni itirmək bu sektorda biznesi bağlamağa bərabərdir! Ona görə PMC-nin və ya onun səhmdarının biznesdə bir məhkəmə işi belə olmayıb; müştəriləri həmişə məmnun ayrılıb. Bu riski Cavabdeh daşımırdı; çünki onun üçün ölkəmiz bazarı və müştəriləri kritik deyildi. Burada Cavabdehin tək məqsədi, əlavə əsassız qazanc əldə etmək ollub. Dünyamızda və ölkəmizdə bir çox konsultasiya şirkəti fəaliyyət göstərir. Və məlumdur ki, bu biznes fəaliyyətində şirkətlər təcrübə, bilik və intellektual səriştələrlə bağlı xidmətlər göstərək biznes modeli qurur. Bu modeldə cəlb olunan ekspertlərə ödənilən məbləğ ilə şirkətin müştəridən əldə etdiyi məbləğ arasındakı fərq onun cari əməliyyat xərcləri, kapital/ümumi xərcləri, vergi tutma və qazancını bağlamalıdır. Və PMC bunları öz büdcəsində nəzərə alıb. Özü də bu sferada fəaliyyət göstərən cavabdeh isə bunu bilərək, birbaşa ekspertlərə ödəniş etməklə PMC-nin büdcəsini kəsib haqsız şəkildə özündə saxlayıb sadəcə olaraq. Yoxsa, guya PMC ilə PMC-nin üçüncü tərəflərinin münasibətlərinə şübhə edərək guya üçüncü tərəflərin hüququnu müdafiə bəhanəsi əsassızdır. Nəzərə alsaq ki, Railistics bu ortaq layihə çərçivəsində PMC-yə aid ekspertlərə ödəniş iddiası hüquqi müstəvidə PMC ilə o ekspertlər arasında alacaq münasibətlərini tənzimlənmir, PMC hələdə o ekspertlərə borcludur. Xülasə olaraq: Burada cavabdehin hərəkətlərini əsaslandıran məntiqli sübut olmadığına görə, məhkəmə tərəfindən bu iddia qəbul olunmalı deyil. Vacib məqam: Burada qarşı tərəfin, əsas güvəndiyi məqam bu məsələnin Azərbaycan məhkəmələri deyil də, arbitraj məhkəmələrində və ya Almaniya da baxılması planı idi ki, bu halda PMC ruhdan düşüb, cəsarətini itirib heç bir iddia qaldırmayacaq və məsələ onların istədikləri şərtlər çərçivəsində həll olunacaqdı. Hətta ona görə, ilk dəfə qarşılıqlı iddia ərizəsinə belə dayandırıb, bu varianta üz tutmuşdurlar. Əslində onların öz iddialarını belə – nəzərə alsaq ki PMC-nin yekun məbləğ olaraq borclu olduğunu iddia edirlər - tələb etdikləri arbitraj və ya Almaniya platformalarında qaldırmayıblar. Və ya müştəriyə və ya yaxud layihəni maliyyələşdirən X18 vaxtında məsələni qaldırmamaları öz niyyətlərindəki yalanı ortaya qoyur. Amma ədalət bunun qarşısını aldı. İndi isə əsassız və sübutsuz qaldıqlarına görə uydurma hekayələrə yönəliblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddianı müdafiə, ilkin iddianı rədd edərək, qarşılıqlı iddia ərizəsinə və ilkin iddiaya etirazına uyğun izahat vermiş, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi ilkin iddiaya etirazında bildirmişdir ki, Almaniya Federativ Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş və fəaliyyət göstərən, qeydiyyat ünvanı Almaniya, Bahnhofstrasse 36, 65185 Wiesbaden olan Railistics GmbH (bundan sonra - “Railistics GmbH”), PMC və "xxxx" QSC (bundan sonra - “Müştəri” və ya “ADY”) arasında “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” layihəsi üzrə (bundan sonra - “Layihə”) AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə imzalanmışdır. Müqavilədə arbitraj qeyd şərti nəzərdə tutulmuşdur. Müqavilənin 49.1- ci maddəsinə əsasən tərəflər arasında bu Müqavilə əsasında və ya onunla əlaqədar yaranan və danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr hər hansı tərəf tərəfindən arbitraja göndərilə bilər (ADY ilə müqavilədən çıxarışlar əlavə olunur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Railistics GmbH və PMC arasında Müştəri ilə Layihə üzrə müqavilənin bağlanması və icrası məqsədilə 17 mart 2020-ci il tarixində X16 imzalanmışdır (müqavilənin surəti əlavə olunur). Layihə çərçivəsində Birgə Müəssisə olaraq Məsləhətçi kimi çıxış edən Railistics GmbH və PMC arasında əsas münasibətlər bu müqavilə ilə tənzimlənir. 17 mart 2020-ci il tarixli X4 göründüyü kimi, Railistics GmbH X16 üzrə baş partnyor kimi çıxış edir. Buna görə də bu münasibətlərdən irəli gələn hər hansı iddia Railistics GmbH-ya qarşı irəli sürülə bilər və əsl cavabdeh Railistics GmbH- dır. AR MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Railistics GmbH Almaniya Federativ Respublikası, Bahnhofstrasse 36, 65185 Wiesbaden ünvanında qeydiyyata alınmışdır. Buna görə də iddiaya yalnız Almaniya məhkəmələrində baxıla bilər. AR MPM-in 45.1-ci maddəsinə əsasən ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. AR MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə tərəfindən iş Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməlidir. Məhkəmə işi baxılmamış saxlamaqdan və ya Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa göndərməkdən imtina edərsə, nəzərə alınsın ki, 17 mart 2020-ci il tarixli X9 8-ci bəndinə əsasən tətbiq olunan hüquq Almaniya Federativ Respublikasının qanunvericiliyidir. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Əsl cavabdeh Railistics GmbH xarici hüquqi şəxs olduğundan hazırkı münasibətlər xarici elementli mülki hüquqi münasibətlər hesab olunur. Qanunun 24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. Yuxarıda qeyd olunduğu kimi tərəflər 17 mart 2020-ci il tarixli X9 8-ci bəndinə əsasən artıq həmin hüquqi imkandan istifadə ediblər. Qanunun 2.1 -ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Beləliklə, hazırkı münasibətlərə Almaniya Federativ Respublikasının qanunvericiliyi tətbiq edilməli olduğundan, Azərbaycan Respublikası qanunlarının, o cümlədən iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları iddianın hüquqi əsasını təşkil etmir. Məhkəmə iclasında iştirak edən şahid “Railistics GmbH”-nin rəhbəri X25 Sauerbrey izahatında bildirmişdir ki, Azərbaycan Dəmir Yolları QSC-nin layihəsi tam başa çatıb və sonuncu tərəfindən ödənişlər tam şəkildə həyata keçirilmişdir. Cavabdeh MMC-nin təsisçisi “Railistics GmbH” alman şirkəti olmuşdur. Müqavilə üzrə İddiaçı MMC ekspertlərə əlavə xərclərə görə ödəniş etməli idi, lakin ödənişi emədi, buna görə də ödəniş təzyiq vasitəsi kimi saxlanılıb ki, iddiaçı ekspertlərə ödəniş etsin. “Railistics GmbH” bu ekspertlərə birbaşa ödəniş edib, çünki Nümayəndə2 açıq şəkildə bildirib ki, onlar 4-cü ödənişi aldıqda belə ekspertlərə pul verməyəcəklər. Ekspertlərə ödənilən məbləğ 91848 manat təşkil edir, bu məbləğ tam şəkildə PMC tərəfindən ödənilməli idi. “Railistics GmbH” 4-cü mərhələ üzrə ödənişi geri qaytara bilər, əgər İddiaçı MMC söz versə ki, prosesi həyata keçirib ekspertlərin ödənişini ödəyəcəklər. “Railistics GmbH” ödənişi onlara verə bilər, 3-cü ödənişdən sonra ekspertlər “Railistics GmbH”-dən şikayət etdi və aralarında olan güvən yox oldu, ekspertlərə digər ödəniş olunmadığına görə onun göstərişi ilə özündə olan məbləği PMC-nin əvəzinə ödəmişdir. Bu layihə üzrə 451000 manat məbləğdən çox itkiyə yol vermişdir. “Railistics GmbH” ekspertlərlə ödədiyi pulu danışıb geri ala bilər, o, 4-cü mərhələ üzrə ödənişi bu şərtlə PMC-yə verə bilər ki, həmin əlavə xərclərin ödənişi kimi iddiaçı öz üzərinə düşən məbləği ekspertlərə ödəsin, 3 və 4-cü mərhələ üzrə 91848 manat məbləğ ödənilib. Baxmayaraq ki, onların ödədiyi məbləğ PMC tərəfindən ödənilməli idi, lakin onlar tərəfindən ödəniş olub. Risk məbləğinin ekspertlərə ödədiyi pulla heç bir əlaqəsi yoxdur. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AFD/CS/QCBS/S2/2019-1 nömrəli “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsultasiya xidmətləri haqqında” "xxxx" QSC, “Railistics GmbH” və İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilə (bundan sonra “Müqavilə”) aprel 2020-ci ildə bir tərəfdən "xxxx" QSC (bundan sonra “Müştəri”) və digər tərəfdən hər biri bu müqavilə üzrə Məsləhətçinin bütün vəzifələrinə görə Müştəri qarşısında birlikdə və ayrı-ayrılıqda məsuliyyət daşıyan “Railistics GmbH” və İddiaçı MMC Birgə Müəssisəsi (bundan sonra “Müştəri”) arasında bağlanılıb. Nəzərə alsaq ki, (a) müştəri müqavilədə müəyyən edildiyi kimi müəyyən konsultasiya xidmətləri (bundan sonra xidmətlər) göstərməyi tələb edib, (b) məsləhətçi müştəriyə özünün tələb olunan peşəkar qabiliyyətləri, təcrübəsi və texniki ehtiyatları olduğunu bəyan etdi, bu müqavilədə nəzərdə tutulan şərtlərə əsasən xidmətlər göstərməyə razılıq verib, (c) müştəri xidmətlərin dəyərinə görə Agence Française de Development-dən (“Agentlik”) vəsaitlər alıb və bu müqavilə əsasında bu vəsaitlərin bir hissəsini müvafiq ödənişlərə tətbiq etmək istəyir, başa düşüldü ki, (i) Agentlik tərəfindən ödənişlər yalnız Müştərinin tələbi və Agentliyin razılığı ilə həyata keçiriləcək, (ii) həmin ödənişlər, bütün məsələlərlə əlaqədar olaraq, Müştəri və Agentlik arasında müqavilə şərtlərinə əsaslanacaq və (iii) Müştəridən başqa heç bir tərəf müqavilədən hər hansı hüquq əldə edə bilməz və ya pul vəsaitləri ilə bağlı hər hansı iddiaya malik ola bilməz. xx.xx.2020-ci il tarixli “Dəmiryol infrastrukturunun saxlanılması üzrə iş Əməliyyat Planının hazırlanması (Azərbaycan Dəmiryolları QSC) dair X4” görünür ki, “Railistics GmbH” (Aparıcı Tərəfdaş) və İddiaçı MMC "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” (bundan sonra “Layihə”) adlı layihənin işlənib hazırlanması üçün aşağıdakı ətraflı əməkdaşlığa razılıq verirlər. Müqavilənin 1-ci bəndinə əsasən Yaranma. Bu müqaviləyə əsasən yaradılan birgə müəssisə (“Birgə Müəssisə”) birlikdə fəaliyyət göstərəcək və hüquqi ünvanı Bahnhofstrabe 36,65185 Viesbaden, Almaniyadır. Birgə müəssisə tərəflər arasında birgə müəssisə hesab ediləcək və bu müqavilədə qeyd olunanlar tərəflər arasında digər fidusiar əlaqə və ya tərəfdaşlıq yaratmaq kimi təfsir edilməyəcək. Müqavilənin 2-ci bəndinə əsasən Məqsəd. Birgə müəssisə layihədə işləmək və istinad şərtlərinə və texniki təklifə əsasən xidmətlər göstərmək məqsədilə yaradılır. Tərəflər layihənin uğurunu təmin etmək üçün tam əməkdaşlıq etməyə və tədbirlər görməyə razılıq verir. Müqavilənin 3.1.7-ci bəndinə əsasən “Railistics GmbH” tərəflərin fakturalarının və Müştəri (Azərbaycan Dəmiryolları QSC) tərəfindən ödənişlərin monitorinqi və fakturalaşma ilə bağlı maliyyə idarəetmə xidmətləri töhfəsini verəcəkdir. xx.xx.2021-ci il tarixli “Dəmiryol infrastrukturunun yerinə yetirilməsi üzrə iş Planının İşlənməsinə (Azərbaycan Dəmiryolları QSC) dair X16”ndən görünür ki, “Railistics GmbH” (Aparıcı Tərəfdaş), Cavabdeh MMC və İddiaçı MMC "xxxx" QSC (bundan sonra “Layihə”) tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun texniki xidməti üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanmsı üçün aşağıdakı əməkdaşlığa razılaşır. İki tərəf arasında aşağıdakı maliyyə razılaşması əldə olunub: Railistics (ƏDV xaric) - cəmi 952820 avro, öncədən ödəniş 80% - 762256 avro, 20% ehtiyat-190564 avro, PMC (ƏDV xaric) – cəmi 471092 manat, öncədən ödəniş 80% 376873 manat, 20% ehtiyat – 94218,40 manat. Hər bir tərəf üçün ehtiyat məbləğinin 20%-i riskin azaldılmasına ayrılacaq. Tərəflər müqavilədə qeyd olunan layihə ilə bağlı bütün xərcləri, öz mütəxəssisləri və fəaliyyətləri üçün tutulan vergi əlavə olmaqla, ayrılmış büdcədən (ehtiyat məbləğdən istifadə etmədən) qarşılayacaqlar. X14 müqaviləsində və müqavilədə göstərildiyi kimi öz vəzifələrini tam şəkildə təmin edəcəklər. Ehtiyat məbləğlərdən istifadə hər iki tərəf arasında mütənasib olaraq bölünəcək. Yerli ofis ADY-dan ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü müddətində PMC-yə yuxarıdakı köçürmələri edəcək. xx.xx.2021-ci il tarixdə “Railistic GmbH” (Aparıcı tərəfdaş), İddiaçı MMC (Tərəfdaş) və "xxxx" MMC (Railistics Bakı) arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Dəmiryol (Azərbaycan Dəmiryolları QSC) infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanmasına dair Birgə Müəssisə haqqında X19 görünür ki, Railistics Bakı X9 3.1.7-ci bəndində nəzərdə tutulmuş Aparıcı tərəfdaşın öhdəliklərini öz üzərinə götürmüşdür. "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Railistics GmbH və X10” (PMC) MMC ilə ADY arasında bağlanmış xx.xx.2020-ci il tarixli AFD/CS/QCBS/S2/2019-1 nömrəli müqaviləyə əsasən məsləhətçi şirkət tərəfindən xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixli təhvil-təslim aktları ilə müqavilədə əks olunan hesabatlar, o cümlədən “İnfrastruktura Texniki Xidmət üzrə Əməliyyat Planı” sifarişçi təşkilata təqdim edilmiş və göstərilmiş xidmətlərin ödənilmişdir. xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığından görünür ki, “Railistics GmbH” İddiaçı MMC-nin hesabına 4700 avro köçürmüşdür. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin hesabına 104300 manat köçürmüşdür. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, “Railistics GmbH” İddiaçı MMC-nin hesabına 37600 manat köçürmüşdür. xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin hesabına 9504 avro köçürmüşdür. xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığından görünür ki, “Railistics GmbH” İddiaçı MMC-nin hesabına 9504 avro köçürmüşdür. xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığından görünür ki, “Railistics GmbH” İddiaçı MMC-nin hesabına 9504 avro köçürmüşdür. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin hesabına 94000 manat köçürmüşdür. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin hesabına 8500 manat köçürmüşdür. xx.xx.2023-cü il tarixli EBDA seriyalı 255047 nömrəli elektron qaiməyə əsasən 88736 manat (75200 manat + 13536 manat ƏDV) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli X12 əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 88736 manat (ƏDV daxil) borcu var. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda (24.02.203-cü il tarixli Qanunla ““Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılmışdır) tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4-cü maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1 və 430.2-ci maddələrinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 522.1, 522.2, 522.3-cü maddələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə İşin mübahisəsiz halları ondan ibarətdir ki, hər iki tərəf layihənin başa çatdırıldığını və layihə üzrə ödənişlərin "xxxx" QSC tərəfindən tam ödənildiyini, 3 mərhələ üzrə ödənişlərin ödənildiyini, lakin 4-cü mərhələ üzrə ödənişin edilmədiyini etiraf etmişlər. 4-cü mərhələ üzrə iddiaçıya ödənilməli olan məbləğ ƏDV-siz 75200 manat, 13536 manat ƏDV ilə birlikdə 88736 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Railistics GmbH” və İddiaçı MMC "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanması üçün layihədə işləmək və istinad şərtlərinə və texniki təklifə əsasən xidmətlər göstərmək məqsədilə, layihənin uğurunu təmin etmək üçün tam əməkdaşlıq etməyə və tədbirlər görməyə razılıq vermişlər. Bundan sonra xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən “Railistics GmbH” xx.xx.2020-ci il tarixli müqavilə üzrə onunla iddiaçının fakturalarının və Azərbaycan Dəmiryolları QSC tərəfindən ödənişlərin monitorinqi və fakturalaşma ilə bağlı maliyyə idarəetmə xidmətləri öhdəliyini cavabdehə vermişdir. Cavabdeh isə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4 mərhələdə ödənilməli olan ödənişlərin üçünü ödəmiş, 4-cü mərhələ üzrə ödənilməli olan 75200 manatı (ƏDVsiz) ödəməkdən imtina etmişdir. Halbuki cavabdeh "xxxx" QSC-dən ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü ərzində iddiaçıya köçürməni etməli idi. Cavabdehin öhdəliyin icrasından imtina etməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, şahid, “Railistics GmbH”-nin rəhbəri X25 Sauerbreyin ifadəsindən də aydın olur ki, iddiaçıya ödənilməli olan məbləği cavabdeh tərəf onun göstərişi ilə, iddiaçının ekspertlərə pul ödəməsi üçün təzyiq vasitəsi olaraq qəsdən ödənilməmişdir. Hətta şahid iddiaçının ekspertlərə pul ödəməyə söz verəcəyi halda özünün ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını da bildirmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Çünki xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən “Railistics GmbH” iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli X16 üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş və iddiaçı kreditor olaraq buna icazə vermişdir. Belə olan halda isə Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən Cavabdeh MMC borclu “Railistics GmbH”-ni əvəz edir və Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə cavabdehdir. İddiaçının başqa şəxslər (ekspertlər) qarşısında öhdəliyinin olması və cavabdeh tərəfindən iddiaçının razılığı olmadan həmin öhdəliyin icra edilməsi cavabdehi iddiaçı qarşısındakı öhdəlikdən imtina etməsinə əsas vermir. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən cavabdeh öhdəliyindən birtərəfli qaydada imtina edə bilməz. Buna görə də iddiaçı Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən 88736 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsaslanaraq “Railistics GmbH”-yə ödənilməli olan borcu iddiaçıdan tələb etmək hüququ olmadığından qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə pulun ödənilməsini tələb edilməsi barədə qarşılıqlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən “Railistics GmbH” xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş, lakin tərəflər arasında “Railistics GmbH”-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 194.4-cü maddəsinə əsasən sadə yazılı formada bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsaslanan tələbin güzəşti də həmin yazılı formada həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi “Railistics GmbH”-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı məhkəməyə müqavilə təqdim etməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçıdan tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilərək cavabdehdən 88736 manat alınıb iddiaçıya ödənilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdehndən müqavilə üzrə ödənilməmiş 88736 (səksən səkkiz min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilsin. Cavabdeh iddiaçı “X13 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-111/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-111/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver