Məhkəmə qərarları › İş №e-2-2(113)-1117/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1117/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1117/2024 14.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) ( subpodrat müqaviləsi,elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı QSC-nin cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı QSC cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 ABŞ dolları və 1250 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcraçı) ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikası filialı (Sifarişçı) arasında xx.xx.2020-ci il tarixdə TECH-TUR-HVAC-001 saylı 1.077.606 USD ƏDV daxil dollar dəyərində tüdnti-quraşdırma işlərinə əsasən Podrat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq SOCAR HAOR Modemsation and Reconstruction Project layihəsində tikinti-quraşdırma işlərini razılaşdırılmış müddətə və qiymətə yerinə yetirmək, Sifarişçi isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Podratçıya ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin tələblərinə uyğun olaraq İddiaçı QSC 1.049.160 ƏDV daxil dollar dəyərində tikinti-quraşdırma işlərini qarşılıqlı imzalanan aktlara və göndərilən e-qaiməyə əsasən icra etmişdir. İddiaçı şirkəti tərəfindən görülmüş işlərə Əsasən 711.107 USD dollar məbləğində borcdan ödəniş edilmiş, lakin 238.498 USD dəyərində borc ödənilməmişdir. Nəticədə İddiaçı QSC-yə 238.498 USD ƏDV daxil dəyərində maddi ziyan vurulmuşdur. Borcun ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə dəfələrlə sözügedən müqavilənin dəyərinin tam şəkildə ödənilməsi, yəni geri qalan borc pul məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh nə bu tələblərə əhəmiyyət verməmiş, nə də ki, borc pul məbləğini geri qaytarmamışdır. Cavabdeh 238 498 USD dollar məbləğində pulu qanunsuz olaraq saxlamaqla iddiaçının hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də, hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Həmçinin cavabdehdən 234 498 USD dolları qalıq borcu ilə yanaşı, həmin pulun qanunsuz olaraq saxlanmasına görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz hesablanmaqla 11.924,9 USD dolları pul da iddiaçının xeyrinə tutulmalıdır.Belə ki tərəflər arasında bağlanmış müqavilənin müvafiq bəndində göstərilmişdir ki, alıcı müvafiq sənədlərin (elektron qaimə və s.) ona təqdim olunduğu gündən 10 iş günündən gec olmamaqla ödəniş etməlidir. Yuxarıda sadalanan elektron qaimələrin sonuncusunun xx.xx.2022-ci il tarixdə verildiyi nəzərə alınsa, bu o deməkdir ki cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq müqavilənin qalıq dəyərini ödəməyi gecikdirmiş və buna görə də gecikmə faizi həmin tarixdən hesablanılmalıdır. 3.Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə müraciət edərək, cavabdehdən 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 ABŞ dolları və 1250 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı QSC ilə Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı isitmə, havalandırma və kondisioner sistemləri (HVAC) barədə subpodrat müqaviləsinə əsasən hamısı birlikdə subpodartı təşkil edən sənədlər- Subpodrat, İş həcmi və xüsusi şərtlər (Əlavə 1), Podratçı- Subpodratçının məsuliyyət matrisi (Əlavə 2), Subpodrat qiyməti və vahidinin qiyməti cədvəli (Əlavə 3), Texniki Spesifikasiya (Əlavə 4), Əsas müqavilə sənədləri (Əlavə 5), Tamamlama müddəti və Subpodratçının iş qrafiki (Əlavə 6), Podratçının layihəyə dair spesifik plan və prosedurları (Əlavə 7) təşkil edir. İşlərin həcmi buradakı 1 saylı Əlavədə təsvir edildiyi kimidir.

7. 16 iyun 2020-ci il tarixli subpodrat müqaviləsinə edilmiş işlərin həcmi və xüsusi şərtlər barədə 1 nömrəli Əlavəyə əsasən Podratçı tərəfindən artıq verilmiş və Subpodratçınm sərəncamında olan 4 saylı Əlavədə (Texniki spesifikasiya), 5 saylı Əlavədə (Əsas müqavilə sənədləri) və 7 saylı Əlavədə (Podratçının layihə planı və prosedurları) verilən submüqavilənin müddəalarına, sənədlərə və məlumatlara əsasən Submüqavilə əsasında Subpodratçı tərəfindən icra olunacaq iş(lər)in həcmi aşağıdakı kimidir: - İstilik, Ventilyasiya və Hava təmizləmə (HVAC) Sistemləri avadanlığının komponentlərinin və materiallarının təchizatı, - İstilik, Ventilyasiya və Hava təmizləmə (HVAC) Sistemlərinin quraşdırılması, - İstilik, Ventilyasiya və Hava təmizləmə (HVAC) Sistemlərinin istismarı. Submüqavilənin imzalandığı tarixdən iş(lər) istismar işləri daxil olmaqla 29 dekabr 2020-ci ilə qədər başa çatdırılacaq. Subpodratçı submüqaviləni imzaladıqdan sonra 10 gün ərzində ətraflı iş planını təqdim edəcək. Soyuducu qurğular “ByGold” örtüyünün tətbiqi daxil olmaqla, 4 ayda istehsal olunacaq. Subpodratçı hər gecikdirilən gün üçün submüqavilə qiymətinin 1%-ni submüqaviləyə əsasən gecikdirməyə görə likvid zərərlər kimi ödəyəcək. Gecikdirmələrə görə likvid zərərlər üçün maksimum məbləğ submüqavilə qiymətinin 10%-ni keçməyəcək. Belə ki, gecikmələr submüqavilə qiymətinin 10%- dən çox likvid zərərlərə uyğun olan müddəti keçdikdə, Podratçı submüqaviləyə xitam verə bilər. Submüqavilənin qiyməti birdəfəlik ödəniş formasındadır və ƏDV çıxmaqla, 650.000,00 ABŞ dolları məbləğində hesablanacaq və aşağıdakı kimi ödəniləcək: AHU-nun (78.301.07 ABŞ dolları x 30%) və Soyuducu qurğu (135.521,08 ABŞ dolları x 30%) materiallar üçün ilkin ödəniş kimi ödəniləcək və Subpodratçı 64.146,65 ABŞ dolları məbləğində Bank zəmanət məktubunu verəcək. Bank zəmanəti AHU və Qoyucu materiallar ərazidəyə gəlib çatana qədər etibarlı hesab ediləcək. Subpodratçıya bütün qalıq ödəniş İşəgötürənin Podratçıya ödəniş etməsindən sonra və fakturanın əldə edilməsindən sonra, müvafiq sertifıkasiya əvvəlcədən təsdiq olunduqdan sonra və müvafiq sənədləşmə/bank zəmanətləri də təqdim olunduqda sonra on iş günündə həyata keçiriləcək. Ümumi submüqavilə qiyməti dəyişikliyə məruz qalacaq. Subpodrat müqaviləsinin qiyməti və vahid qiymət cədvəlinə əsasən müqavilənin qiyməti ümumilikdə 650000 ABŞ dolları dəyərində müəyyən edilmişdir.

8. 16 iyun 2020-ci il tarixli, subpodrat müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər işlərin həcmi adlı 1-ci maddəyə aşağıdakı bəndi əlavə etməyə razılıq verir: Santexnika və kanalizasiya işlərinin həcminə daxildir: - İçməli su təchizatı, o cümlədən ehtiyat göz yumaq üçün fontanlar, içməli su fontanlar və s., tikilinin xaricindəki ilk kanalizasiya quyusuna borunun çəkilməsi - HVAC üçün soyuducu su (tələb olunarsa), o cümlədən tikilinin xaricindəki ilk kanalizasiya quyusuna borunun çəkilməsi - Batareya və mexaniki otaqlar üçün drenaj sistemi, o cümlədən döşəmə drenajları, neytrallaşdırıcı kamera və tikilinin xaricindəki ilk kanalizasiya quyusuna borunun çəkilməsi - Tikilinin daxilində kanalizasiya sistemi, o cümlədən döşəmə drenajları .,,və tikilinin xaricindəki ilk kanalizasiya quyusuna borunun çəkilməsi - Beton drenaj bloklar daxil olmaqla tikilindən kənarda drenaj borusu, - Əgər boru xətti yerdən yuxarıdakı tikiliyə daxil olarsa, Subpodratçı fıttinqləri tədarük edəcək və quraşdırılacaq. Tərəflər Tamamlama vaxtına adlı 2-ci maddənin aşağıdakı bəndini əlavə etməyə razılıq verir: Santexnika və kanalizasiya işləri 15 avqust 2020-ci ilə qədər başa çatdırılacaq. Tərəflər Submüqavilə qiyməti və ödənişləri hdlı 4-cü maddənin aşağıdakı bəndini əlavə etməyə razılıq verir: Santexnika və kanalizasiya işlərinin qiyməti birdəfəlik ödəniş forması hesab olunur və ƏDV xaric 33.226.09 ABŞ dolları hesablanır və aşağıdakı kimi ödənilir: (a) Subpodratçıya edilən bütün ödənişlər İşəgötürənin Podratçıya ödəməsindən sonra on iş günü ərzində həyata keçiriləcək, bir şərtlə ki, mərhələ/gedişat əldə olunsun, uyğun sertifıkasiya əvvəlcədən təsdiq olunub və uyğun sənəd/bank zəmanətləri də təqdim olunub. Tərəflər Əlavə - 3.1 Santexnika və Kanalizasiya sisteminin qiymət siyahısını Qiymət siyahısı adlı 3 saylı Əlavəyə əlavə etməyə razılıq verir. Santexnika və kanalizasiya şəbəkəsinin qiyməti siyahısı barədə Əlavə -3.1-ə əsasən santexnika avadanlığının quraşdırılması ilə bağlı qiyməti 33226.09 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

9. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı QSC tərəfindən ƏDV daxil 100300 ABŞ dolları, xx.xx.2020-ci il tarixli elektron-qaiməyə əsasən 100300 ABŞ dolları, xx.xx.2020-ci il tarixli elektron –qaiməyə əsasən 401200 ABŞ dolları, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 200600 ABŞ dolları, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 490552.30 ABŞ dolları, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 133530.16 ABŞ dolları, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 357089.83 ABŞ dolları, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 48357.92 ABŞ dolları məbləğində işlərin görülməsi ilə bağlı "xxxx" Şirkətınin Azərbaycan Respublikası filialına elektron qaimələr göndərilmişdir.

10. xx.xx.2020-ci il tarixli, SQ211220-07 nömrəli ödəniş tapşırığına əsasən Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı QSC-yə 85000 manat, xx.xx.2020-ci il tarixli, FA 281220-01 nömrəli ödəniş tapşırığına əsasən 85000 manat, xx.xx.2021-ci il tarixli, FA180321-27 nömrəli ödəniş tapşırığına əsasən 170 000 manat, xx.xx.2021-ci il tarixli, FA220621-01 nömrəli ödəniş tapşırığına əsasən 170000 manat, xx.xx.2021-ci il tarixli, Cİ200921-23 nömrəli ödəniş tapşırığına əsasən 170000 manat, xx.xx.2021-ci il tarixli, Cİ51121-04 nömrəli ödəniş tapşırığına əsasən 136000 manat, 26 noyabr 2021-ci il tarixli FA261121 -14 nömrəli ödəniş tapşırığına əsasən 279722.28 manat, xx.xx.2022-ci il tarixli, CL130422-01 nömrəli ödəniş tapşırığına əsasən 17000 manat, xx.xx.2022-ci il tarixli, Cİ260422-15 nömrəli ödəniş tapşırığına əsasən 96161.15 manat məbləğində, eyni zamanda xx.xx.2020-ci il tarixdə 15300 manat, xx.xx.2020-ci il tarixdə 15300 manat, xx.xx.2021-ci il tarixdə 30600 manat, xx.xx.2021-ci il tarixdə 30600 manat, xx.xx.2021-ci il tarixdə 30600 manat, xx.xx.2021-ci il tarixdə 24480 manat, xx.xx.2021-ci il tarixdə 50350.01 manat, xx.xx.2022-ci il tarixdə 3060 manat və xx.xx.2022-ci il tarixdə 17309 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. 11.xx.xx.2024-cü il tarixdə verilmiş yerinə yetirilmiş iş həcmi üçün aralıq ödəniş haqqında 8 nömrəli arayışa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün İddiaçı QSC tərəfindən xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 nömrəli müqavilə üzrə görülmüş ümumi işlərin dəyəri 1 049 160.16 ABŞ dolları təşkil etmişdir.

12. xx.xx.2023-cü il tarixdə verilmiş yerinə yetirilmiş iş həcmi üçün aralıq ödəniş haqqında 9 nömrəli arayışa əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün İddiaçı QSC tərəfindən xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 nömrəli müqavilə üzrə görülmüş ümumi işlərin dəyəri 1077606.79 ABŞ dolları təşkil etmişdir. 13.xx.xx.2022-ci il tarixli, EBCH seriyalı 107415 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən İddiaçı QSC tərəfindən görülmüş işlərin dəyəri 357089.83 manat təşkil etmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı 904900 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən İddiaçı QSC tərəfindən görülmüş işlərin dəyəri 48357.92 manat təşkil etmişdir.

15. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03-11 nömrəli arayışa əsasənİddiaçı QSC-nin cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanan müqaviləyə əsasən təhvil-təslim aktları imzalanmış və e-qaimələr göndərilmişdir. Təqdim edilmiş təhvil-təslim aktlarına əsasən EBAV039583, EBAV371955, EBAV552313, EBBJ282653, EBBN 018558, EBBV 053679 nömrəli elektron qaimələrin ödənişləri tam olunmuşdur, lakin EBCH 107415 üzrə ƏDV daxil (357089.83 manat) və EBDS 904900 nömrəli elektron qaimələr üzrə ƏDV daxil 48357.92 manat, cəmi ƏDV daxil 405447.75 manat məbləğində ödəniş edilməmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı subpodrat müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya subpodrat müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 18.Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir 19.Belə ki, Mülki Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə TECH-TUR-HVAC-001 nömrəli subpodrat müqaviləsi bağlanmış, həmin müqavilənin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ümumilikdə ******* ABŞ dolları tikinti quraşdırma işləri həyata keçirilmiş və bununla bağlı iddiaçı tərəfindən müvafiq elektron-qaimələr və təhvil-təslim aktları cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 8 nömrəli (cavabdeh tərəfindən imzalanmaqla təsdiq edilmişdir) və 9 nömrəli təhvil aktlarından da iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin lazımı qaydada icra edilməsini görmək mümkündür. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, EBCH seriyalı 107415 nömrəli elektron qaimə-fakturaya əsasən 357089.83 manat və xx.xx.2023-cü il tarixli, EBDS seriyalı 904900 nömrəli elektron qaiməyə əsasən 48357.92 manat olmaqla, ümumilikdə 405447.75 manat (238.498 ABŞ dolları) məbləğində ödənişi həyata keçirməmişdir. Belə ki, işə əlavə edilmiş ödəniş tapşırıqlarından da görünür ki, cavabdeh sonuncu dəfə ödənişi xx.xx.2022-ci il tarixdə həyata keçirmişdir. 21.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 238,498 ABŞ dolları manat məbləğində əsas borc məbləği tutularaq İddiaçıya ödənilməlidir. 22.Bundan əlavə iddiaçı iddia tələbində ödənilməli olan borc məbləğinin qanunsuz saxlanılmasına görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz hesablanmaqla cavabdehdən 11924.9 ABŞ dolları məbləğində pulun tutulması tələbi ilə çıxış edir.

23. AR Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

24. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. 25.Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 26.Qeyd edilənləri nəzərə alaraq, məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab edir. 27.Eyni zamanda iddiaçı iddia tələbində hüquqi yardımla əlaqədar ödənilən 520 manat, mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə 400 manat və ödənilmiş 330 manat olmaqla, ümumilikdə 1250 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. 28 AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

V. Nəticə: 29 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialından 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 (iki yüz əlli min dörd yüz iyirmi iki dollar doqquz sent) ABŞ dolları (ödəniş Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə əsasən) və 1250 (min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar