Məhkəmə qərarları › İş №e-2-2(113)-1119/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1119/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1119/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 07/22 saylı müqaviləyə görə ödənilməmiş 60658 manat əsas və 10918,45 manat ƏDV ümumilikdə 71576,45 manat borcunun və mediasiya sessiyası üçün ödənilmiş 400 manat rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 07/22 saylı müqavilə imzalnamışdır. Həmin Müqaviləyə əsasən Təchizatçı (iddiaçı) müxtəlif məhsulları ilə alıcını təchiz etməyə, alıcı (cavabdeh) isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur. İddiaçı tərəfindən EBCD 650940, EBCD 034150, EBCC 707536 elektron qaimələr üzrə mallar satılmış, həmin malların dəyəri 60658 manat əsas və 10918,45 manat ƏDV ümumilikdə 71576,45 manat məbləğində cavabdehin bocu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu ilə müraciət olunsa da, borc bu günədək ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

8. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MS07/22 nömrəli müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı müxtəlif məhsullatı ilə alıcını təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş malı qəbul etməyə və dəyərini ödəməyə borcludur.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən malın qiyməti razılaşma protokol əsasında müəyyən olunur.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı tərəfindən ödəmə təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya təchizatçının kassasına nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər.

12. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı malları satışa qəbul etdikdən sonra, malların dəyərinin ödənişi satıcıya tam olaraq və ya qismən realizasiya üsulu ilə həyata keçiriləcəkdir. Alıcı tərəfindən atış üçün qəbul edilmiş malların dəyərinin satıcıya ödənilməsi qaydaları və forması tərəflərin razılığı ilə həyata keçirilir. Yeni malların ödənişi 60 gün müddətində həyata keçirilməlidir. Sonradan ödəniş 30 gün müddətində müəyyən edilir.

13. xx.xx.2022-ci il tarixli EBCC707536 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 34646,22 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCD034150 saylı e-qaiməyə əsasən 33015,46 manat dəyərində və EBCD650940 saylı xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 3914,77 manat dəyərində material tədarük etmişdir.

14. 14.02.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli EBCC707536 saylı e-qaimə üzrə 1183,88 manat məbləğində ödəniş həyata keçirilmişdir.

15. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

17. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı müxtəlif vaxtlarda müqavilə üzrə malları tədarük etmiş, cavabdeh isə həmin malların ödənişini həyata keçirməmişdir.

18. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. İşdən göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin yaranmış borc məbləği müqavilənin 1.1-ci və 4.3-cü bəndləri pozularaq cavabdeh tərəfindən tam olaraq iddiaçıya ödənilməmişdir.

26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

28. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

29. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

30. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

31. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

32. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödəniş də edilmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

35. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, ödəniş tapşırığı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 70392,57 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

36. Müqavilə üzrə yaranmış borc məbləği üzrə cavabdeh tərəfindən hissəvi ödənişin həyata keçirilməsi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş malların ona təhvil verilməsinə əyani sübutdur.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MS07/22 nömrəli müqaviləsi üzrə əsas borc tələbi üzrə iddia tələbi qismən əsaslı olduğundan, təmin edilməlidir.

38. İddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf 71576,45 manat məbləğində ödənişin həyata keçirilməsini tələb etmiş, lakin işdə olan ödəniş tapşırığından da göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli EBCC707536 saylı e-qaimə üzrə 1183,88 manat məbləğində ödəniş həyata keçirilmişdir. Buna görə də iddia tələbi 70392,57 manat hissədə təmin edilməlidir.

39. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 400 manat ödəniş edilmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq təmin olunan tələbə münasibətdə 302 manat (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) müəyyən edilməklə cavabdehə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07/22 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə ƏDV daxil 70392,57 (yetmiş min üç yüz doxsan iki manat, əlli yeddi qəpik) manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 302 (üç yüz iki) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar