Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1123/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, dəbbə pulu, xidmətləri qəbul edən şəxsin sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızı Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 820,77 manat əsas borc, 41,35 manat dəbbə pulu və ödənilmiş 33 manat dövlət rüsumu, 400 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən cavabdehin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitəsinə iddiaçıya məxsus servis mərkəzində texniki xidmətlər göstərilmişdir. Qeyd edilən xidmətlərlə bağlı yaranmış borcun dəfələrlə tələb edilməsinə baxmayaraq, ödəniş cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilən tələb üzrə cavabdehin borcu 1823 manat təşkil etməkdədir. Həmin borc məbləğinin izahı aşağıdakı kimidir: 820,77 manat əsas borc (523,13 manat xx.xx.2023-cü il tarixli Sİ-25468 saylı iş kartı üzrə, 297,64 manat xx.xx.2023-cü il tarixli Sİ-25471 saylı iş kartı üzrə); 41,35 manat əsas borc üzrə yaranmış dəbbə pulu (xx.xx.2023-cü il tarixli müqavilənin 4.5-ci bəndinə əsasən gecikdirilmiş ümumi borc məbləğinin 5%-i olmaqla); 33 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu; 400 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaiti. 2.2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin 2.1ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, sifarişçi icraçının yerinə yetirdiyi xidmətin dəyərini təqdim edilən ödəniş sənədinə əsasən vaxtında ödəməlidir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, ödənişdə gecikmə halları olarsa, göstərilmiş xidmətlərin ümumi dəyərinin görə 5%-dən çox olmamaq şərti ilə dəbbə pulu hesablanır. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq, mülki hüquq xarakterli müqavilə bağlanmış və bağlanmış müqavilə üzrə öhdəliklər və vəzifələr müəyyənləşdirilmişdir. İddiaçı cavabdehlə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən öhdəlik və vəzifələrini tam olaraq yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə öhdəliklərindən yayınmışdır. Qeyd edilən səbəbdən qanunvericiliyə əsasən iş üzrə cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini könüllü icra etmədiyindən hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılmaqla hüquqi qiymət verilməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 430.1, 442, 449-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etiraz edərək göstərdi ki, yeni nəqliyyat vasitəsi almışdır. İddiaçı həmin nəqliyyat vasitəsində ümumi yoxlama apararaq nasaz detallar barədə məlumat verməli idi. Lakin yoxlamadan 3 gün sonra nəqliyyat vasitəsinin mühərriki sıradan çıxmış, nəticədə cavabdehə 2500 manat ziyan dəymişdir. Bu səbəbdən cavabdeh xidmət haqqının ödənilməsindən imtina edir.
7. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabeh arasında 03 iyul 2023-cü il tarixli SUB-008/2023 nömrəli texniki servis xidmətlərinin götərilməsinə dair müqavilədən irəli gələb öhdəlik münasibəti yaranmışdır, iddiaçı Bakı-Sumqayıt şosesi, 6-cı km ünvanında yerləşən servisə müraciət edən cavabdehin qarşılanması, cavabdehin tapşırığına əsasən servisə təqdim olunan avtomobildə və ya avtomobillərdə ümumi texniki sazlığın yoxlanılması, avtomobilin təmiri, razılaşdırılmış ehtiyat hissələrinin və aksessuarların dəyişdirilməsi, avtomobilin yuyulması və kimyəvi təmizlik işlərinin görülməsi, digər avtotəchizat və kompleks servis xidmətlərinin görülməsini, cavabdeh isə işləri təhvil-təslim aktı əsasında iddiaçıdan təhvil almaq və dəyərini təqdim edilən ödəniş sənədinə əsasən təhvil-təslim aktı və hesab-fakturanın imzalanmasından sonra 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən möhürlə təsdiq edilərək iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaçıdan **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə xidmətin göstərilməsi, avtomobilin Həsənov Fərid tərəfindən servisə təqdim ediləcəyi bildirilmiş, xx.xx.2023-cü il tarixli akt əsasında avtomobildə ümumilikdə ƏDV daxil olmaqla 523,13 manat dəyərində, xx.xx.2023-cü il tarixli akt əsasında avtomobildə ümumilikdə ƏDV daxil olmaqla 297,64 manat dəyərində təmir işi aparıldığı təsdiq edilmiş, hər iki akta cavabdehin nümayəndəsi Həsənov Fərid imza etmişdir. Ümumilikdə ƏDV daxil olmaqla 820,77 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDJ 587779 və EBDJ 589874 seriya və nömrəli elektron qaimələr təqdim edilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
12. İddiaçı 03 iyul 2023-cü il tarixli SUB-008/2023 nömrəli texniki servis xidmətlərinin götərilməsinə dair müqaviləsinə əsasən göstərilmiş xidmətlərin dəyəri olan 820,77 manat pulun ödənilməsini tələb edir.
13. Cavabdeh iddiaçı tərəfindən xidmətlərin lazımi qaydada həyata keçirilmədiyini, nəticədə ona 2500 manat məbləğində zərər dəydiyini bildirirş
14. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 03 iyul 2023-cü il tarixli SUB- 008/2023 nömrəli texniki servis xidmətlərinin götərilməsinə dair müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
19. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
20. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
21. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
22. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 820,77 manat məbləğində borcu yaranmış, 03 iyul 2023-cü il tarixli SUB-008/2023 nömrəli texniki servis xidmətlərinin götərilməsinə dair müqavilə 4.4-cü bəndinsə nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
23. Cavabdehin xidmətlərin lazımımi qaydada icra edilmədiyinə dair dəlillərinə münasibətdə isə göstərilməlidir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlara cavabdehin nümayəndəsi kimi təsdiq etdiyi Həsənov Fərid imza etmiş, göstərilən xidmətlərlə bağlı xx.xx.2023-cü il tarixli EBDJ 587779 və EBDJ 589874 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdeh tərəfindən ləğvə və ya düzəlişə qaytarılmamışdır. Halbuki cavabdehin nümayəndəsi xidmətlərin göstərilməsindən 3 gün sonra mühərrikdə problem yarandığını bildirmişdir. Belə olan halda xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərindən 6-7 gün sonra tərtib edilmiş elektron qaimələr cavabdehə təqdim edilərkən sonuncu artıq mühərrikdəki nasazlıqla bağlı öz pretenziyasını irəli sürməli idi.
24. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 529.2-ci maddəsində də təsbit edilmiş sübutetmə qaydasına əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
25. Hazırkı halda cavabdehin iddiaya etiraz edərkən irəli sürdüyü arqumentlərlə bağlı dəlillər təqdim etmədiyindən, başqa sözlə, xidmətləri qəbul edən cavabdeh həmin xidmətlərin lazımi qayadada icra edilmədiyini sübut edə bilmədiyindən məhkəmə həmin etirazı əsassız hesab edir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
32. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 820,77 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 03 iyul 2023-cü il tarixli SUB-008/2023 nömrəli texniki servis xidmətlərinin götərilməsinə dair müqavilə üzrə 820,77 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
33. İddia ərizəsində iddiaçı həmçinin 41,35 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
34. 03 iyul 2023-cü il tarixli SUB-008/2023 nömrəli texniki servis xidmətlərinin götərilməsinə dair müqavilənin 4.5-ci bəndinə əsasən, ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 0,05% lakin göstərilmiş xidmətlərin ümumi dəyərinin 5%-dən çox olmamaq şərti ilə dəbbə pulu hesablanır.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində dəbbə pulunun xidmətlərin ümumi dəyərinin 5%-dən artıq olmaması barədə göstəriş olsa da, iddiaçı faktiki olaraq həmin məbləğdən çox dəbbə pulu hesablamışdır. Belə ki, hazırkı halda 820,77 manat ümumi göstərilmiş xidmətlərin dəyərini təşkil etdiyindən müqavilə üzrə hesablana biləcək cərimənin yuxarı həddi 41,04 (820,77*5%) manat təşkil edir.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır.
39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 41,04 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
40. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 41,04 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı həmçinin 33 manat dövlət rüsumunun, 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********16 nömrəli mədaxil qəbzi ilə 33 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 400 manat məbləğində pul ödənilmişdir (xx.xx.2024-cü il tarixli ******* nömrəli order).
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 400 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
49. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hazırkı iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
50. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli texniki servis xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsi üzrə 820,77 manat əsas borc, 41,04 manat dəbbə pulu olmaqla ümumilikdə 861,81 məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova