Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1125/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 (iki min beş yüz) manat əsas borc, 500 (beş yüz) manat həmin borc üzrə yaranmış digər maddi zərər, 375 (üç yüz yetmiş beş) manat həmin borc üzrə yaranmış əlavə maddi zərər, 63 (altmış üç) manat mediasiya xərci və 60 (altmış) manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3498 (üç min doqquz yüz doxsan səkkiz) manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, Mİ-154/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi L 200 markalı, **-PL-*** və **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə götürmüşdür. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan Mitsubishi L 200 markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sonuncu dəfə 2019-cu il tarixdə iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirə görə yaranan, xx.xx.2019-cu il tarixli, Mİ-93511 saylı hesaba görə (ƏDV daxil) 1339,89 manat və xx.xx.2019-cu il tarixli, Mİ-95982 saylı hesaba görə (ƏDV daxil) 1160,52 manat olmaqla, ümumilikdə 2500,41 (iki min beş yüz manat qırx bir qəpik) manat miqdarında servis pulunu İddiaçı MMC-yə ödəməmişdir. Bununla bağlı qarşı tərəfə iddiaçı tərəfindən dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də, heç bir nəticəsi olmamışdır. Borclunun müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin iddiaçı tərəfə ödənilməsi üçün cavabdehin elektron ünvanına (elektron kargüzarlıq vasitəsi ilə) xx.xx.2020-ci il tarixindən bügunədək mütəmadi olaraq bildirişlər və pretenziya məktublarları göndərilsə də, məsələ öz həllini tapmamışdır, yəni cavabdeh borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən sifarişçi köçürmə ilə icraçıya vaxtında ödəməlidir. Həmin müqavilənin 3-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq ödəniş 10 (on) gün ərzində təqqdim edilmiş hesab üzrə həyata keçirilir. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq danışıqlar vasitəsilə həll edilir, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilməzsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq şəkildə məhkəmə qaydasında baxılır. Cavabdeh “xidmətlərin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün əsas borcla birlikdə həmin pul məbləğinin ödənişinin üzrsüz olaraq gecikdirilməsi halı da nəzərə alınmaqla qanunvericiliyə müvafiq olaraq həmin gecikmə ilə bağlı yaranan məbləğlər də cavabdehdən iddiaçının xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Cavabdehin tərəflər arasında bağlanmış 2017-ci il tarixli, Mİ-154/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə öhdəlikləri ilə əlaqədar borc məbləği kimi yaranmış 2500,41 (iki min beş yüz manat qırx bir qəpik) manat, həmin pul (borc) vəsaitinin qanunsuz olaraq (40 ay müddətində) özündə saxlaması nəticəsində iddiaçıya əlavə maddi ziyanla yanaşı, həm də işgüzar nüfuzuna ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitini vaxtında əldə edilə bilmədiyi üçün iddiaçının da digər müəssisələr və əməkdaşlıq etdiyi şirkətlərə borcları yaranmışdır ki, bunun da nəticəsi kimi cəmiyyətin işgüzar nüfuzuna ziyan dəymişdir. Bununla bağlı İddiaçı MMC qeyd edilən borc məbləğindən əlavə maliyyə itkisi ilə üzləşmişdir. Yəni Cavabdeh MMC İddiaçı MMC qarşısında müqaviləyə əsasən üzərinə götürdüyü öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı MMC digər kreditorlar qarşısında öz maddi öhdəliklərini vaxtında və lazımınca icra edə bilməmiş,Cavabdeh MMC-dən mədaxil olunmalı məbləği başqa yerlərdən faizlə borc almağa məcbur olmuş, bu kimi əlavə borclarla öz kreditorları qarşısında maddi öhdəliklərini yerinə yetirmişdir. Bununla da, İddiaçı MMC əlavə olaraq 500 (beş yüz) manat miqdarında digər zərərə məruz qalmışdır. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş illik uçot dərəcəsinin həcmi (faizi) minimum 5 % təşkil etməkdədir. Bu da İddiaçı MMC-nin cavabdehdən almalı olduğu 2500,41 (iki min beş yüz manat qırx bir qəpik) manat pul vəsaitinə nisbətdə qeyd edilən aylar üzrə 375 (üç yüz yetmiş beş) manat həcmində əlavə zərərə məruz qalması deməkdir. Beləliklə, Cavabdeh MMC İddiaçı MMC qarşısında öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı MMC ümumilikdə 3375 (üç min üç yüz yetmiş beş) manat maddi zərərə məruz qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2017-ci il tarixli, Mİ-154/2017 nömrəli (Texniki Servis xidmətlərin göstərilməsinə dair) müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin tapşırığına dair icraçı isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öz öhdəsinə götürür: 1-1.1. İcraçının Bakı-Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən servisinə müraciət edən müştərinin qarşılanması; 1-1.2. Sifarişçinin tapşırığına əsasən avtomaşının ümumi texniki sazlığının yoxlanılması; 1-1.3. Sifarişçinin tapşırığına əsasən avtomaşının ehtiyat hissələrinin və aksessuarların dəyişdirilməsi; 1-1.4. Sifarişçinin tapşırığına əsasən avtomaşının təmiri; 1-1.5. Sifarişçinin tapşırığına əsasən avtomaşının yuyulması və kimyəvi təmizlik işlərinin görülməsi; 1-1.6. Sifarişçinin tapşırığına əsasən digər avtotəchizat və kompleks servis xidmətinin göstərilməsi. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilə üzrə nəzərdə tutulan hesablaşmalar manatla, Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasında aparılır. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin qiyməti: Göstərilmiş xidmətlərə uyğun olaraq ümumi xidmətin qiyməti sifarişçiyə təqdim edilən hesabda əks etdirilir və ödəniş üçıin əsas sayılır. Müqavilənin 3.3-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq sifarişçiyə hesab təqdim edilir. Hesabın icrası (ödəniş), hesabın təqdim edildiyi gündən etibarən 10 (on) təqvim günü ərzində həyata keçirilir. Müqavilənin 3.4-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilən xidmətlərə uyğun olaraq, sifarişçiyə təqdim edilən hesab, tərtib edilmiş akt və/və ya elektron X1 (VHF) 10 (on) təqvim günü ərzində icraçının müqavilənin 10-cu bəndində göstərilən bank hesabına ödənilir. Ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1 (bir) % dəbbə pulu hesablanır, bir şərtlə ki, bu məbləğ servis xidmətinə görə yaranan borcun 5%-dən çox ola bilməz. Gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyyat vasitəsinə servisdə texniki xidmət göstərilməsinə qadağa qoyulur. - Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2019-cu il tarixli, Mİ-93511 nömrəli aktda qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus Mitsubishi L200 markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilən zaman aktda 17 adda qeyd edilənlər aşkar edilmiş və təmir işləri aparılmış, yekun məbləğ 1339,89 manat (1135,50 manat + 204,39 manat ƏDV 18%) təşkil etmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 702095 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1339,89 manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimənin əsasında dayanan hesab-faktura və iş kartı adlı sənədlər əlavə edilmişdir. - Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2019-cu il tarixli, Mİ-95982 nömrəli aktda qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus Mitsubishi L200 markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilən zaman aktda 9 adda qeyd edilənlər aşkar edilmiş və təmir işləri aparılmış, yekun məbləğ 1160,52 manat (983,49 manat + 177,03 manat ƏDV 18%) təşkil etmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 489999 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1160,52 manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimənin əsasında dayanan hesab-faktura və iş kartı adlı sənədlər əlavə edilmişdir. - İddiaçı MMC xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, Mİ-154/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi L 200 markalı, **-PL-*** və **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə götürmüşdür. Cavabdeh MMC isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəy yənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbini bir hissəsini cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində əsas borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə tam təmin edilməli, Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan son üç il üzrə 375 manat məbləğin cavabdehdən tutulması təşkil edir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə iddia həmin hissədə də təmin olunmalı və cavabdehdən 3 illik gecikdirməyə görə 375 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də əsas borcun gecikdirilməsinə görə yaranmış 500 manat dəymiş əlavə maddi zərərin cavabdehdən tutulması təşkil edir. Məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona əlavə maddi ziyan dəyməsi və həmin məbləğin 500 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2500 (iki min beş yüz) manat əsas borc, 375 (üç yüz yetmiş beş) manat zərər və 63 (altmış üç) manat mediasiya xərci olmaqla, cəmi 2938 (iki min doqquz yüz otuz səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1125/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1125/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver