Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1126/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: konsiqnasiya anbarında saxlama müqaviləsi, nisyə alqı-satqı münasibətləri, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli satış xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 68046,03 manat məbləğində pulun və ödənilmiş 295 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı xx.xx.2021-ci ildən etibarən kənd təsərrüfatında keyfiyyəti və məhsuldarlığı artırmaq məqsədi ilə fermerlərə gübrə, bitki mühafizə vasitələri və toxum təchizatı ilə yüksək xidmət göstərməkdədir. İddiaçı qısa zaman ərzində Respublikanın müxtəlif regionlarında 100-dən artıq satış mərkəzləri ilə fermerlərə xidmət göstərir. İddiaçı öz mülkiyyətində olan əmlakların satışını həyata keçirmək və gəlir əldə etmək üçün sahibkarlarla “satış xidmətlərinin göstərilməsinə dair” müqavilələr bağlayır. Həmin müqavilələrə əsasən kontragent sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətlərini həyata keçirməyi, sifarişçi isə öz növbəsində razılaşdırılmış məbləğdə muzd ödəməyi öz öhdəsinə götürür. 2.2. Bu mənada satış xidmətləri müqaviləsi bağlanan Cavabdeh müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, nəticədə iddiaçı müəssisəyə xeyli miqdarda zərər dəymişdir. Belə ki, “satış xidmətləri göstərilməsinə dair” 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli müqaviləyə əsasən iddiaçı satış xidmətlərinin göstərilməsini cavabdehə sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində satış üçün nəzərdə tutulan malları təhvil alaraq iddiaçının müəyyən etdiyi satış xidmətlərini həyata keçirnəyi və xidməti lazımınca yerinə yetirib iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Malların təhvil-təslimi ilə bağlı 25 yanvar 2023-cü il tarixli üzləşmə aktına əsasən, cavabdeh 25 yanvar 2023-cü il tarixində aşağıda qeyd edilən miqdarda və dəyərdə olan malları iddiaçıdan təhvil almışdır: 1) 10687,5 manat dəyərində “Ammofos NP 12-52”; 2) 12342,5 manat dəyərində “Karbamid/Azərbaycan/SOCAR”; 3) 25603,15 manat dəyərində “Nitroammofoska (NPK 16-16-16- "xxxx" ASC; 4) 23100 manat dəyərində “NPK 26-5-5- “JSC Minudobreniya”. 2.3. 25 yanvar 2023-cü il tarixli üzləşmə aktından göründüyü kimi, Cavabdeh aşağıda sadalanan 68046,03 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir. 25 yanvar 2023-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” akta əsasən həmin tarixdə İsmayıllı rayonunda yerləşən anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə Cavabdeh iştirakı ilə sayım keçirilmişdir. Həmin akta əsasən cavabdeh sadalanan 68046,03 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təsdiq etmişdir. 02 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh mal qalığı ilə əlaqədar borcu 68046,03 manat təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh ona təhvil verilən məhsulların satışını həyata keçirib əldə olunmuş gəliri müəssisəyə təhvil verməli idisə də, yuxarıda sadalanan məhsulların satışından əldə olunmuş gəlirin çox az hissəsini müəssisəyə təhvil vermişdir. Gəlirin çox hissəsi cavabdeh tərəfindən şəxsi ehtiyacları üçün sərf olunmuş, nəticədə iddiaçıya 68046,03 manat məbləğdə zərər dəymişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, 25 yanvar 2023-cü il tarixli üzləşmə aktı tərtib edildikdən sonra hər hansı ödənişin edilməmişdir.
7. Cavabdeh məhkəmənin birinci hazırlıq iclasında iştirak edərək qohumu X2 tərəfindən malların onun xəbəri olmadan satıldığını, lakin X1 da iddiaçıya külli miqdarda borcu olduğundan üzləşmə aktını cavabdehin imzaladığını qeyd etdi.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etdi ki, iddiaçı tərəfindən mallar anbara göndərilir, daha sonra satışını o həyata keçirirdi.
9. Məhkəmənin baxış iclasında tərəflər iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı satış xidmətlərinin göstərilməsini sifariş verib cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə göstərilən satış xidmətlərinin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti, çəkisi və qiymətinin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və aktlarda öz əksini tapması, hesablaşmaların nağdsız qaydada həyata keçirilməsi, xidmət haqqının müqavilənin tərkib hissəsi olan qaimədə göstərilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli anbar qalıqlarının sayımının nəticələri haqqında akta əsasən, 68046,03 manat məbləğində malların anbarda çatışmadığı qeyd edilmiş, cavabdeh həmin mallara görə məsuliyyəti öz üzərinə götürmüş, həmin tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 68046,03 manat olaraq təsdiq edilmişdir.
14. İddiaçı 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli alqı-satqı müqaviləsi üzrə malların dəyəri olan 68046,03 manat borcun tutulmasını tələb edir.
15. Cavabdeh həmin malları qohumunun satdığını, lakin üzləşmə aktına imza edərək məsuliyyətlə razılaşdığını, malların dəyərindən 11000 manat ödəniş edildiyini bildirir.
16. Məhkəmə əvvəla tərəflər arasında 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə yaranan münasibətin məzmununun müəyyən edilməsini zəruri hesab edir.
17. 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 01 nömrəli əlavədən görünür ki (iddiaçı Sifarişçi, cavabdeh İcraçı qismində), İcraçı Müqaviləyə müvafiq olaraq pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bağlı olan öhdəliklərinin yerinə yetirməsi ilə əlaqədar ona etibar edilmiş pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin salamatlığının təmin edilməməsi nəticəsində Sifarişçiyə vurduğu zərərə görə tam maddi məsuliyyət daşıyır və bu məqsədlə aşağıdakıları öhdəsinə götürür: pul vəsaitləri, əmlak, maddi və ya digər sərvətlərlə əməliyyatları Sifarişçinin sərəncamları (təlimatları) əsasında, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə ciddi əməl olunması şərtilə həyata keçirmək; İcraçıya verilmiş pul vəsaitlərinə, əmlaka, maddi və ya digər sərvətlərə qayğı ilə yanaşmalı, onların zədələnməsinin, yararsız hala düşməsinin, oğurlanmasının, məhv edilməsinin qarşısının alınması üçün ondan asılı olan bütün tədbirləri görmək; İcraçıya verilmiş pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin salamatlığına təhlükə yaradan bütün hallar barədə Sifarişçiyə təxirə salmadan məlumat vermək; İcraçıya verilmiş, onun tərəfindən saxlanılan və verilən pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin ciddi uçotunu aparmaq; müəyyən olunmuş qaydada pul, material hesabatlarını və ona verilmiş əmlakın, maddi və ya digər sərvətlərin hərəkəti və qalıqları barədə digər hesabatları təqdim etmək; İcraçıya verilmiş pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin inventarizasiyasında iştirak etmək; tərəflər arasında Müqaviləyə xitam verildikdə, ona verilmiş bütün növ əmlakı Sifarişçi tərəfindən təşkil edilmiş komissiyanın iştirakı ilə Sifarişçi tərəfindən müəyyən edilmiş nümayəndəyə təhvil vermək (çatışmazlıq olduğu halda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən İcraçı, mülki, inzibati və ya cinayət məsuliyyəti daşıyır).
18. Həmin əlavənin 1.2 – 15.5-ci bəndlərinə əsasən, dövri inventarizasiya zamanı İcraçıya verilmiş hər hansı əmlakda istənilən qüsur(lar) aşkar olunduqda, həmin faktın aşkarlandığı barədə tərtib olunacaq aktı İcraçı imzalamalı, o cümlədən öz mülahizələrini və ya etirazlarını həmin aktın “izah” hissəsində bildirməlidir. Aktın imzalanmaması (və ya hər hansı bir səbəbdən aktın imzalanmasından imtina olunması) həmin hal(lar)m etirafi kimi qiymətləndiriləcək. İcraçı Müqaviləyə əsasən razılaşdırılmış xidmtələrin icrası ilə əlaqədar Sifarişçi tərəfindən ona verilmiş maddi dəyəri olan bütün növ əmlakın, o cümlədən heç bir məhdudiyyət qoyulmadan mal-materiallann, alətlərin, avadanlıqların, ləvazimatların, qurğuların, cihazların, maşınların, mexanizmlərin, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin qorunub saxlanmasını tam məsuliyyəti ilə öz üzərinə götürür. İcraçı Müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və qəsdən və ya ehtiyatsızlıqla öz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində Sifarişçiyə hər hansı ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə görə İşəgötürən qarşısında tam maddi məsuliyyət daşıyır və dəymiş zərəri tam həcmdə ödəməlidir. İcraçı tərəfindən Sifarişçiyə ziyan vurulduqdan sonra Müqavilə üzrə münasibətlərə xitam verilməsi İcraçını burada razılaşdırılmış maddi məsuliyyətdən və zərərin əvəzinin tam həcmdə ödənilməsi öhdəliyindən azad etmir. Müqavilə üzrə Xidmətlərin göstərilməsi ilə əlaqədar İcraçıya verilən Sifariçiyə məxsus maddi dəyəri olan bütün növ əmlakın, o cümlədən heç bir məhdudiyyət qoyulmadan pul vəsaitinin, malmaterialların, alətlərin, avadanlıqların, ləvazimatların, qurğulann, cihazların, maşınların, mexanizmlərin, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin təhvil-təslimi nümunəsi hazırkı Əlavənin qoşmasında müəyyən edilmiş akt əsasında həyata keçirilir.
19. 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqavilə və ona əlavənin şərtlərindən, habelə cavabdehin izahları və anbar qalıqlarının sayılması barədə aktdan belə aydın olur ki, tərəflər arasında saxlama və alqı-satqı müqaviləsinin elementlərini birləşdirən konsiqnasiya anbarında saxlama münasibətləri yaranmışdır.
20. Mülki Məcəllənin 837.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.
21. Həmin Məcəllənin 837.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alqı-satqı haqqında müddəalar tətbiq edilir.
22. Həmin Məcəllənin 840.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır.
23. Həmin Məcəllənin 841-ci maddəsinə əsasən, ayrı razılaşma olmadıqda konsiqnasiya anbarında saxlama üçün tacirə heç bir muzd verilməməlidir.
24. Göründüyü kimi, konsiqnasiya anbarında saxlama müqaviləsi özündə saxlama və alqı-satqı müqaviləsinin müddəalarını birləşdirən mürəkkəb xarakterli kommersiya müqaviləsidir. Müqavilənin tərəfləri tapşıran (konsiqnant) və tacir (konsiqnator) olmaqla tərəflər arasında həm saxlama, həm da alqı-satqı ilə bağlı münasibətlər yaranır. Belə ki, tacir bir tərəfdən konsiqnasiya mallarını ayrıca saxlamaqla və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməklə malın saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır, digər tərəfdən həmin mallar üzərində sərəncam hüququna malik olmaqla öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürür.
25. Eyni zamanda konsiqnasiya anbarından mal götürüldükdə tacir və tapşıran arasındakı münasibətlər məhz alqı-satqı müddəaları əsasında tənzimlənir.
26. Hazırkı halda cavabdeh konsiqnasiya anbarından mal götürmədiyini, konsiqnasiya anbarını geri qəbul etmək barədə təklif etdiyini sübut edə bilməmişdir. Əksinə, təqdim edilən sübutlarla və cavabdehin izahları ilə anbardan 68046,03 manat dəyərində mal götürüldüyü təsdiq edilmişdir.
27. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh (tacir) tərəfindən konsiqnasiya anbarından mal götürülmüşdür.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranıb, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
32. Cavabdeh malların dəyərindən 11000 manat məbləğində ödəniş etdiyini qeyd etsə də, həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə anbardan götürülmüş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (tacir) müqavilə üzrə yaranmış borcunu iddiaçıya (tapşırana) ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 13 sentyabr 2022-ci il tarixli 027 nömrəli müqavilə üzrə 68046,03 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı həmçinin 295 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 320 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 320 manat məbləğində pulun “Medleks” vəkil bürosuna 24/04-126 nömrəli müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderində göstərilən müqavilə) üzrə ödənilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
46. Bununla yanaşı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 294,14 manat təşkil edir.
47. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 294,14 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 68046,03 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 294,14 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova