Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1127/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7550 manat pul məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 110 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və "xxxx" ASC arasında 11 noyabr 2017-ci il tarixli, AS FX 17/087-1 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı icraçı kimi sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” lahiyəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərimə götürür, sifarişçi isə bunun qarşılığında icraçıya 1.834 manat xidmət haqqı ödəyir. Sözügedən müqaviləyə xx.xx.2019-cu il tarixdə imzalanmış 01 nömrəli əlavənin 1-ci bəndə əsasən, xx.xx.2017-ci il tarixli AS FX 17/087-1 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi dəyişdirələr bu formada verilsin: sifarişçi icraçıya 1 ay üçün 2.179 manat xidmət haqqı ödəyir. Bundan başqa sözügedən müqaviləyə xx.xx.2019-cu il tarixdə imzalanmış 02 nömrəli əlavənin 1-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il tarixli, AS FX 17/087-1 nömrəli xidmət müqaviləsinin 1.1-ci və 2.1-ci bəndləri bu redaksiyada verilsin: 1.1. Bu müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı lahiyəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərinə götürür. 2.1. Sifarişçi 1 ay üçün 2.405 manat xidmət haqqı ödəyir. Sözügedən müqavilə əsasında iddiaçı müxtəlif vaxtlarda müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələr üzrə öhdəliyi yerinə yetirmək üçün Özbəkistan və Qazaxıstan Respublikasında işgüzar səfərdıə olmuş, həmin ölkələrdə olduğun müddət ərzində icraçı kimi öz öhdəliyimi müqavilədə göstərilən standarlara uyğun olaraq yerinə yetirməyimə baxmayaraq "xxxx" ASC tərəfindən müvafiq aylar üzrə ümumilikdə 7.550 manat pul məbləği iddiaçıya ödənilməmişdir. 11 noyabr 2017-ci il tarixli, ASFX 17/087-1 nömrəli xidmət müqaviləsinin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 1.834 manat xidmət haqqı ödəyir. 8.3-cü bəndinə əsasən mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəmədə həll olunur. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, tərəflərindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiya şurasına müraciət olunmuşdur. Bununla bağlı mediator tərəfindən MŞB/2- 01973/2022 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2017-ci il tarixli ASFX 17/087-1 saylı müqavilə üzrə xidmət haqqının tutulması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin izahatında göstərdi ki, ona sonuncu dəfə 6 ay əvvəl 700 manat məbləğində ödəniş edilib. Həmin ödəniş mübahisə predmeti olan xidmət müqaviləsi əsasında deyil, Akkord Nəqliyyat” MMC ilə bağladığı müqavilə əsasında edilib. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq qeyd etdi ki, əsasında pul ödənilməsini tələb etdiyi müqavilə üzrə sonuncu dəfə nağd formada ödəniş etmişlər. Bununla bağlı cavabdehə məxsus qeydiyyat dəftərində imza etmişdir. Ödənişi təsdiq edən sənəd yoxdur. İşlərin görülməsi ilə bağlı aktlar yoxdur. Əvvəllər də ödənişlər akt əsasında aparılmayıb. Hansı aylar üçün borc qaldığını dəqiq bilmir. Hər ay 2500 manat ödəniş edilməli idi. 2020-ci ilin 3 ay üçün olan borcu tələb edir. 2018-ci ildən fərdi sahibkar kimi çalışmışdır. Cavabdehlə Qazaxıstan Respublikası və Özbəkistan Respublikasında görülən işlər ilə bağlı fərqli müqavilələr bağlamışdır. Hazırda Qazaxıstanda görülmüş işlər ilə bağlı borcu tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 11 noyabr 2017-ci il tarixdə bağlanmış ASFX17/087-1 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1ci bəndinə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 1.834 manat xidmət haqqı ödəyir. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.5-ci bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 11 noyabr 2017-ci il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: sifarişçi icraçıya 1 ay üçün 2.179 manat xidmət haqqı ödəyir.
2. Müqavilənin digər bəndləri dəyişməz qalır. Əlavə 1 hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 2 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 1.1. Bu müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərinə götürür. 2.1. Sifarişçi icraçıya 1 ay üçün 2.405 manat xidmət haqqı ödəyir.
2. Müqavilənin digər bəndləri dəyişməz qalır. Əlavə 2 hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı aid) hesabdan çıxarışdan müəyyən edilir ki, 11 noyabr 2017-ci il tarixli ASFX18/087-1 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 19.836 manat ödənişlər edilmişdir. İddiaçı məxsus ümumvətəndaş pasportun surətindən məlum olur ki, İddiaçı xx.xx.2020xx.xx.2020-ci illər arası dövrdə Qazaxıstan Respublikasında olmuşdur. İddiaçı barəsində olan sosial arayışdan məlum olur ki, İddiaçı 2010-2015-ci illərdə "xxxx" ASC ilə əmək və digər (xidməti) münasibətlərdə olmuş, o cümlədən xx.xx.2019-cu ildə "xxxx" MMC ilə əmək müqaviləsi bağlamışdır. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsi, həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 1 saylı və xx.xx.2019-cu il tarixli 2 saylı əlavələr imzalanmış və həmin müqavilə və əlavələrə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin, eləcə də xx.xx.2019-cu il tarixdən sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsi, eləcə də 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı və xx.xx.2019-cu il tarixli 2 saylı əlavələr üzrə 2020-ci ilin 3 ayı üçün Qazaxıstan Respublikasında işlərin icrası ilə bağlı xidmət haqqının ona ödənilmədiyini əsas göstərərək cəmi 7550 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə əvvəla qeyd edir ki, İddiaçı iddia ərizəsində 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsi üzrə 2020-ci ilin üç ayı üçün xidmət haqqının ödənilməsini tələb etsə də, ödənilməsini tələb etdiyi xidmətlərin göstərildiyi ayları konkretləşdirməmişdir. Digər tərəfdən iddiaçı mübahisəli müqaviləyə əsasən 2020-ci ilin hər hansı ayında cavabdehə xidmət göstərməsi faktını sübuta yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilməli olduğu halda iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq mübahisəli dövrdə xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi bank hesabından çıxarışa münasibətdə qeyd edilməlidir ki, həımin çıxarış İddiaçı 11 noyabr 2017-ci il tarixli ASFX18/087-1 saylı xidmət müqaviləsi əsasında göstərdiyi xidmətlərə görə 2018-2019-cu illərdə cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edir. Lakin həmin çıxarışın mübahisəli dövrdə (2020-ci il) İddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur. İddiaçının mübahisəli dövrdə "xxxx" ASC ilə əmək və digər (xidməti) münasibətlərdə olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sosial arayışa gəldikdə məhkəmə qeyd edir ki, arayış iddiaçının yalnız mübahisəli dövrdən əvvəlki dövr ərzində (2010-2015ci illərdə) "xxxx" ASC ilə əmək və digər (xidməti) münasibətlərdə olduğunu təsdiq edir (iddiaçı özü də məhkəmə iclasında 2018-ci ildən fərdi sahibkar kimi dövlət qeydiyyatdan keçdiyini bildirmişdir). İddiaçının mübahisəli dövrdə Qazaxıstan Respublikasında olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi ümumvətəndaş pasportunun surətinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli dövr ərzində xidmətin göstərilməli olduğu ölkədə olması iddiaçı tərəfindən xidmətlərin görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsi üzrə 2020-ci ildə cavabdehə xidmət göstərilməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından xidmət haqqının tutulması tələbinə dair hazırkı iddia əsassız olmaqla rədd edilməlidir. Cavabdehin məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının tələbinin əsaslı olması öz təsdiqini tapmadığından mübahisəyə iddia müddətinin tətbiq edilməsi zərurəti mövcud deyildir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva