Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1135/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 28 oktyabr 2022-ci il tarixli, LWC-2020/77 saylı müqavilə üzrə 555408,80 (beş yüz əlli beş min dörd yüz səkkiz manat səksən qəpik) manat əsas borc, 160519,53 (bir yüz altmış min beş yüz on doqquz manat əlli üç qəpik) dəbbə pulu (cərimə) məbləği, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 27770,44 (iyirmi yeddi min yeddi yüz yetmiş manat qırx dörd qəpik) manat, 634 (altı yüz otuz dörd manat) dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərc, cəmi ümumilikdə 744732,77 (yeddi yüz qırx dörd min manat yeddi yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddianın qiyməti: 743698,77 manat İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh ASC (bundan sonra “cavabdeh”) arasında ümumi dəyəri 1 605 195,38 (bir milyon altı yüz beş min bir yüz doxsan beş manat otuz səkkiz qəpik) manat olan 28 oktyabr 2020-ci il tarixli, LWC-2020/77 saylı satınalma müqaviləsi imzalanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməsinə baxmayaraq cavabdeh xx.xx.2021-ci il tarixli, 02/02-6/13093 saylı məktubla müraciət edərək maliyyə çətinlikləri ilə əlaqədar işləri dayandırdığını bildirmişdir. Cavabdeh tərəfindən işlərin dayandırıldığı vaxtda iddiaçıya olan borc məbləği 679746,49 (922289,11-242542,62=679746,49) (altı yüz yetmiş doqquz min yeddi yüz qırx altı manat qırx doqquz qəpik) manat təşkil etmişdir və bu məbləğ tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və müəssisələrin möhürü ilə təsdiq edilən 29 sentyabr 2021-ci il tarixli üzləşmə aktında əks olunmuşdur. Sonradan cavabdeh 124337,69 (bir yüz iyirmi dörd min üç yüz otuz yeddi manat altmış doqquz qəpik) manat məbləğində ödəniş etmiş və borc azalaraq 555408,80 (beş yüzəlli beş min dörd yüz səkkiz manat səksən qəpik) manat müəyyən edilmişdir. Hal-hazırda da cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 555408,80 (beş yüz əlli beş min dörd yüz səkkiz manat səksən qəpik) manat təşkil edir. Bu məbləğ 18 oktyabr 2022-ci il tarixli üzləşmə aktında özəksini tapmışdır. Müqavilənin 20.2ci bəndinə əsasən sifarişçi (iş üzrə cavabdeh tərəf) müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilənin xüsusi şərtlərinin 29-cu bəndinə əsasən satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün 0,1 % müəyyən edilir. Lakin, ümumi müqavilə məbləğinin 10 %-dən artıq ola bilməz. Müqavilənin müvafiq bəndinə əsaslanaraq hesab edirik ki,cavabdeh 160519,53 (bir yüzaltmış min beş yüz on doqquz manat əlli üç qəpik) manat məbləğində cərimə ödəməlidir. Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə illik beş faiz hesablanmaqla 27770,44 (iyirmi yeddi min yeddi yüz yetmiş manat qırx dörd qəpik) manat məbləğində pul ödəməlidir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh ASC “sifariçi” İddiaçı MMC “icraçı” olmaqla imzalanmış LWC-2020/77 saylı 28 oktyabr 2020 tarixli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, “sifarişçi” izolyasiya və hidroizolyasiya işlərinin satın alınması üzrə icraçının ƏDV daxil 1.605.195,38 manat məbləğində təklifini qəbul etmişdir. LWC-2020/77 saylı 28 oktyabr 2020 tarixli müqaviləyə əlavə 1 qiymətlərin razılaşdırılması protokoluna əsasən təmir bərpa və hidroizolyasiya işləri ilə bağlı cəmi 436.600 manat, quyularda izolyasiyaya tam hazır beton qurğuların hidroizolyasiyası ilə bağlı 977.801,10 manat, işlərin satınalınması üzrə siyahıda cəmi 103486,08 manat, boru diblərinin işlənməsi işləri üzrə 87.308,2 manat olmaqla ümumilikdə 1.605.195,38 manat tərəflər arasında razılaşdırılmışdır. 18 oktyabr 2022 tarixli debitorla kreditor arasında hesablaşmaların qarşılıqlı üzləşdirilməsi haqqında akta əsasən 18 oktyabr 2022 tarixinə 555408,8 manat borc hesablanmışdır. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 29 sentyabr 2021-ci il tarixinə debitorla kreditor arasında hesablaşmaların qarşılıqlı üzləşdirilməsi haqqında akta əsasən 28 sentyabr 2021 tarixinə 922.289,11 manat borc hesablanmış, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Müxtəlif tarixlərdə LWC-2020/77 saylı müqavilə əsasında görülmüş işlərlə bağlı tərtib edilmiş aktlarda görülmüş işlərin dəyəri hesablanmış, aktlar hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Müxtəlif tarixlərdə tərtib edilmiş Cavabdeh ASC və İddiaçı MMC arasında imzalanmış LWC-2020/77 saylı 28 oktyabr 2020 tarixli müqavilə üzrə görülmüş hidrolizasiya işlərinə dair aktlarda görülmüş işlər təhvil verilmişdir. Təhvil-təslim barədə aktlar hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. ********** saylı xx.xx.2023 tarixli mədaxil qəbzinə əsasən 634,95 manat İddiaçı MMC tərəfindən dövlət rüsumu ödənilmişdir. xx.xx.2022 tarixli MŞB/2-01932 saylı mediasiya arayışına əsasən 400 manat mediasiya ödənişi İddiaçı MMC tərəfindən ödənilmişdir. 2020-ci ilin dekabr ayı və 2021-ci ilin fevral aylarında ayrı-ayrı tarixlərdə İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə əsası LWC-2020/77 nömrəli müqavilə qeyd edilməklə işlərin görülməsi və malların təqdim edilməsinə dair elektron qaimələr ödənilməsi üçün təqdim edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməsi üzrə borcu yaranmışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 752.1 maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1 maddəyə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: İddiaçı iddia tələbində əsas borc, dəbbə pulu, eyni zamanda borcun gecikdirilməsi ilə bağlı illik beş faizin tutulmasını tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbində qeyd edilənlərə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Cavabdeh ASC-nin 28 oktyabr 2020-ci il tarixli, LWC-2020/77 saylı müqavilə üzrə ümumilikdə 555408,80 (beş yüz əlli beş min dörd yüz səkkiz manat səksən qəpik) manat əsas borcunun olması öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış və təsdiqlənmiş üzləşmə aktlarında cavabdehin 555.408,8 manat məbləğində borcunun olması göstərilmişdir. Bundan başqa Cavabdeh ASC məhkəmə iclasları barədə məlumatlandırılmasına baxmayaraq məkəmə iclasında iştirak etməmiş, borc məbləğini mübahisələndirməmişdir. Tərəflər arasında imzalanmış 28 oktyabr 2020-ci il tarixli, LWC-2020/77 saylı müqavilənin 20.1 bəndində nəzərdə tutulmuşdur ki, icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə) sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmazqüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. 20.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaycada ödəmələri aparmasa, İcraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Məhkəmə tərəflər arasında imzalanmış müqavilədə müqavilənin icrası ilə bağlı cərimə məbləğinin tutulmasının razıılaşdırılmasını nəzərə alaraq hesab edir ki, iddiaçı cərimənin tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə mülki qanunvericiliyin tələblərinə eyni zamanda işin hallarına uyğun olaraq cavabdehdən tutulması tələb olunan məbləğin tənasübsüz dərəcədə yüksək olmasını nəzərə alaraq hesab edir ki, 27.770,44 manat məbləğində cərimə məbləği cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı borc məbləğinin gecikdirilməsi ilə bağlı 27.770,44 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC tərəfindən görülmüş işlərin nəticələrinə uyğun olaraq borcun gecikdirilməsi işin halları ilə öz təsdiqini tapır. Bununla belə iddiaçı cavabdehdən borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı olaraq əsas borcun 5%-nin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik həmin məbləği müəyyənləşdirərkən əsas borcun 5%-ni yox, əsas borca münasibətdə illik 5 faiz tutulmasını nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə tərəflər arasında sonuncu dəfə 18 oktyabr 2022 tarixində borcların qarşılıqlı üzləşdirməsi barədə akt tərtib edildiyini, daha sonra isə 30 yanvar 2023-cü il tarixində məhkəməyə müraciət eildiyini nəzərə alaraq hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində 6.930 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 634 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyətindən 555.408,8 (beş yüz əlli beş min dörd yüz səkkiz manat səksən qəpik) manat əsas borc, 27.770,44 (iyirmi yeddi min yeddi yüz yetmiş manat qırx dörd qəpik) manat cərimə məbləği, 6.930 (altı min doqquz yüz otuz manat) manat gecikdirilmiş vaxt üçün ilik 5% hesablanmaqla ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 634 (altı yüz otuz dörd) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1135/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1135/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver