Məhkəmə qərarları › İş №e-2-2(113)-1142/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1142/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1142/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 8799,93 manat əsas borc, 4505 manat dəbbə pulu olmaqla, ümumilikdə 13304,93 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Tərəflər arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli, 28 nömrəli bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun şərh edilir. Baş verən mübahisələr tərəflərin danışıq yolu ilə həll edilir. Həmin müqavilənin 7.2-ci bəndində göstərilmişdir ki, müqavilədən və yaxud onların arasında aparılan müzakirələr nəticəsndə həllini tapmayan mübahisəli məsələlərə son olaraq Azərbaycan Respublikasının qanunvericiliyi əsasında aidiyyəti üzrə məhkəmədə baxılır. Məhkəmə müəyyən edir ki, hazırkı iddia üzrə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinbeti mövcuddur, lakin iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu poçt rabitəsi vasitəsi ilə göndərilmiş və “köçüb” qeydi ilə geri qayıtmışdır. Məhkəmə hesab edir ki, adıçəkilən pretenziya məktubu və zərfin surəti cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə çatdırılmasına dair hər hansı bir sənəd iddiaya əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 31 manat məbləğində dövlət rüsumu "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 13304,93 manat olduğundan iddia ərizəsi verilərkən məhz 129,92 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə eləcə də qeyd edir ki, iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə olunsa da, həmin arayışa əsasən "xxxx" MMC-nin mediasiya xərcini hansı məbləğdə ödədiyi aydın olmur. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki dövlət rüsumundan azad olunma halları müvafiq sənədlərlə təsdiqlənmir, iddia ərizəsi məhkəməyə verilərkən iddianın qiymətinə uyğun olan dövlət rüsumu ödənilməlidir. Hazırkı iş üzrə isə dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehlə mübahisənin qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 31 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar