Məhkəmə qərarları › İş №e-2-2(113)-1151/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1151/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1151/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022-AZE-022 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 42356,24 manat məbləğin və xx.xx.2022-ci il tarixli 20**-XM-*** nömrəli xidmət müqaviləsi üzrə yaranmış 18326,89 manat məbləğin, ümumilikdə 60.683,13 manat pul vəsaitinin, 320 manat vəkil xərcinin və ödənilmiş 410 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2022-AZE-022 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli 20**-XM-*** nömrəli xidmət göstərilməsinə dair iki müqavilə bağlanılmışdır. Həmin müqavilələr əsasında iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə mal-material satmış və ona müəyyən işçilik xidmətləri göstərmişdir. Belə ki, 2022-AZE-022 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə cavabdeh arasında doqquz ayrı qiymət razılaşdırma protokolu imzalanmış və həmin protokollarda əks olunan materiallar təhvil-təslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Təhvil verilmiş materialların ümumi dəyəri ƏDV daxil 51894,49 manat təşkil etmişdir. Həmin məbləğin ƏDV daxil olmaqla 42356,24 manat hissəsi müvafiq e-qaimələrin göndərilməsinə baxmayaraq hələ də cavabdeh tərəfindən ödənilməmişdir. 20**-XM-*** nömrəli xidmət göstərilməsinə dair müqavilə əsasında isə iddiaçı ilə cavabdeh arasında altı qiymət razılaşdırma protokolu imzalanmış və həmin protokollarda əks olunan işlər tam görülməklə təhvil-təslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Təhvil verilmiş işlərin ümumi dəyəri ƏDV daxil olmadan 17448 manat təşkil etmişdir. Həmin məbləğin ƏDV daxil olmaqla18326,89 manat hissəsi müvafiq eqaimələrin göndərilməsinə baxmayaraq hələ də cavabdeh tərəfindən tam ödənilməmişdir. (e-qaimələrdən yalnız Seriya:EBCJ №: 365656, xx.xx.2022 tarixlie-qaimənin ƏDV daxil 1376,75 azn hissəsi ödənilmişdir.) Beləliklə hər iki müqavilə üzrə cavabdehin iddiaçıya ümumilikdə 42356,24 +18326,89 = 60.683,13 (altmış min altı yüz səksən üç manat 13 qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq həmin məbləğin ödənilməsi tələb edilsə də cavadeh hazırki vaxtadək hər hansı ödəniş etməmişdir. Göründüyü kimi cavabdeh qeyd olunan müqavilələrlə üzərində götürdüyü öhdəliyi icra etmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 20**-XM-*** nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi tapşırır, icrası verilmiş tələbə əsasən xidmət təklifi əsasında ərazidə işlərinin görülməsini öz üzərinə götürür.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin dəyəri qiymətlərin razılaşdırma protokolunda öz əksini tapır.

9. Müqaviləyə 01 nömrəli xx.xx.2022-ci il tarixli əlavə qiymət razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən görüləcək izolyasiya işçiliyinin ümumi qiyməti 5200 manat məbləğində razılaşdırılmışdır.

10. Müqaviləyə 02 nömrəli xx.xx.2022-ci il tarixli əlavə qiymət razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən görüləcək injeksiya işçiliyinin ümumi qiyməti 750 manat məbləğində razılaşdırılmışdır.

11. Müqaviləyə 03 nömrəli xx.xx.2022-ci il tarixli əlavə qiymət razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən görüləcək kanalların izolyasiyasının ümumi qiyməti 904 manat məbləğində razılaşdırılmışdır.

12. Müqaviləyə 04 nömrəli xx.xx.2023-cü il tarixli əlavə qiymət razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən görüləcək beton çatlarının təmirinin ümumi qiyməti 1510 manat məbləğində razılaşdırılmışdır.

13. Müqaviləyə 05 nömrəli xx.xx.2023-cü il tarixli əlavə qiymət razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən döşəməyə UCRETE tətbiqi, divar kənarlarının Ucrete ilə pilintuslanması, temperatur dərzlərinin mastiklə doldurulması işlərinin ümumi qiyməti 8010 manat məbləğində razılaşdırılmışdır.

14. Müqaviləyə 06 nömrəli xx.xx.2023-cü il tarixli əlavə qiymət razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən görüləcək bina ətrafına mastikin tətbiqinin ümumi qiyməti 1074 manat məbləğində razılaşdırılmışdır.

15. İddiaçı və cavabdeh arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli 22/01 nömrəli təhvil-təslim aktına əsasən 650 m2 izolyasiya işlərinin görülməsi işi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

16. İddiaçı və cavabdeh arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli 22/02 nömrəli təhvil-təslim aktına əsasən 15 m2 izolyasiya işlərinin görülməsi işi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

17. İddiaçı və cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli 22/03 nömrəli təhvil-təslim aktına əsasən 113 m2 kanalların izolyasiya işlərinin görülməsi işi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

18. İddiaçı və cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli 23/01 nömrəli təhvil-təslim aktına əsasən 1510 m2 kanalların izolyasiya işlərinin görülməsi işi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

19. İddiaçı və cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli 23/02 nömrəli təhvil-təslim aktına əsasən döşəməyə UCRETE tətbiqi, divar kənarlarının Ucrete ilə pilintuslanması, tempuratur dərzlərinin mastiklə doldurulması işi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

20. İddiaçı və cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli 23/03 nömrəli təhvil-təslim aktına əsasən bina ətrafına mastikin tətbiqi görülməsi işi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

21. İddiaçı tərəfindən cavabdehə EBCJ 365656 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 905240 nömrəli xx.xx.2022-ci il tarixli, EBDB 486449 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 489268 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 906415 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

22. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022-AZE-022 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının müqavilə müddəti dövründə satıcı tərəfindən alıcının mülkiyyətinə vermək və alıcı tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

23. Müqavilənin 3.1-ci bəndinə əsasən malın razılaşdırılmış qiyməti qaiməfakturalarda və ya bu müqaviləyə əlavə protokollarda öz əksini tapır.

24. Müqaviləyə 01 nömrəli xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 8962,64 manat məbləğində mal satılması razılaşdırılmışdır.

25. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AR/01 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 8962,64 manat məbləğində mal təhvil verilmişdir.

26. Müqaviləyə 02 nömrəli xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 575,60 manat məbləğində mal satılması razılaşdırılmışdır.

27. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AR/02 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 575,60 manat məbləğində mal təhvil verilmişdir.

28. Müqaviləyə 03 nömrəli xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 590,06 manat məbləğində mal satılması razılaşdırılmışdır.

29. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AR/03 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 590,06 manat məbləğində mal təhvil verilmişdir.

30. Müqaviləyə 04 nömrəli xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 649 manat məbləğində mal satılması razılaşdırılmışdır.

31. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AR/04 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 649 manat məbləğində mal təhvil verilmişdir.

32. Müqaviləyə 05 nömrəli xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 32232,46 manat məbləğində mal satılması razılaşdırılmışdır.

33. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AR/05 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 32232,46 manat məbləğində mal təhvil verilmişdir.

34. Müqaviləyə 06 nömrəli xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 649 manat məbləğində mal satılması razılaşdırılmışdır.

35. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AR/06 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 649 manat məbləğində mal təhvil verilmişdir.

36. Müqaviləyə 07 nömrəli xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 717,44 manat məbləğində mal satılması razılaşdırılmışdır.

37. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AR/07 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 717,44 manat məbləğində mal təhvil verilmişdir.

38. Müqaviləyə 08 nömrəli xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 6753,65 manat məbləğində mal satılması razılaşdırılmışdır.

39. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AR/08 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 6753,65 manat məbləğində mal təhvil verilmişdir.

40. Müqaviləyə 09 nömrəli xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokoluna əsasən ümumilikdə ƏDV daxil 764,64 manat məbləğində mal satılması razılaşdırılmışdır.

41. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AR/08 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 764,64 manat məbləğində mal təhvil verilmişdir.

42. İddiaçı tərəfindən cavabdehə EBCJ 905063 nömrəli xx.xx.2022-ci il tarixli, EBDA 677546 nömrəli xx.xx.2023-cü il tarixli, EBDA 789025 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 250223 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 486049 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 488812 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 905730 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

43. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 10000 manat vəsait ödənilmişdir.

44. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi və həmin tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

45. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

48. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

49. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

52. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

53. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

54. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

55. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

56. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

57. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

58. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı və podrat müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilələrdən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

59. Belə ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş ümumi dəyəri 51894,49 manat olan malların dəyərinin ödənilməmiş hissəsi 42356,24 manat, podrat müqaviləsi üzrə icra edilmiş 19703,64 manat dəyəri olan işlərin dəyərinin ödənilməmiş hissəsi isə 18326,89 manat təşkil edir.

60. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.

61. Belə ki, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Alyans” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 320 manat pul ödənilmişdir.

62. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

63. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 42356,24 manat, podrat müqaviləsi üzrə 18326,89 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 2022-AZE-022 nömrəli alqı-satqı müqaviləsi üzrə 42356,24 manat, xx.xx.2022-ci il tarixli 20**-XM-*** nömrəli xidmət müqaviləsi üzrə 18326,89 manat, 320 manat hüquqi yardımla bağlı xərc, ödənilmiş 410 manat dövlət rüsumu, ümumilikdə 61413,13 (altmış bir min dörd yüz on üç manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar