Məhkəmə qərarları › İş №e-2-2(113)-1157/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1157/2024

22.01.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1157/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqi şəxsin ləğvi və pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 48000 manat pul vəsaitinin və 234 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması və Cavabdeh1 MMC-nin iflas olunmuş hesab olunaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, göründüyü kimi iddiaçının iddia tələbini yönəltdiyi cavabdehlərdən həm müştərək qaydada pul vəsaitinin tutulmasını, həm də MMC-nin müflis olunmuş hesab olunaraq ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi şəxs bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan iki tamam fərqli iddia tələbi yönəltmiş və həmin tələbi hazırda məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu mediasiya arayışında və pretenziya məktubunda belə tələb kimi subroqasiya qaydasına ödənilmiş məbləğin onlara qaytarılması tələb olunmuşdur. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli mediasiya arayışında mediasiya prosesinin yalnız bir cavabdeh olan Cavabdeh1 MMC ilə keçirildiyi digər tərəf qismində isə iş üzrə cavabdeh qismində göstərilməyən X1 və X2 adları qeyd olunmuşdur. Halbuki iddiaçı cavabdeh qismində qeyd etdiyi iki fiziki şəxsə, yəni Cavabdeh2 və Cavabdeh3 münasibətdə mediasiya prosesinin keçirilməsinə dair hər hansı sənəd-sübut təqdim etməmiş. Bundan əlavə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziyanın giriş hissəsində hər üç cavabdehin adı və ünvanları qeyd olunsa da iddiaçı yalnız həmin məktubun xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə çatdırılmasına dair sübutu iş materiallarına əlavə etmiş, digər cavabdehlərə pretenziya məktubunun çatdırılmasını təsdiq edən sənəd iş materiallarında müəyyən edilməmişdir. Məhkəmə pretenziya ilə bağlı bir məqamıda vurğulayır ki, məktubun sonunda cavabdehlərdən məktubun daxil olduğu tarixdən beş gün ərzində borcun ödənilməsi tələb edilmiş, lakin iddiaçı həmin müddətin tamam olmasını gözləmədən xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin çatdırılması ilə bağlı da qanunvericilikdə nəzərdə tutulmuş tələblərə iddiaçı hüquqi şəxs tərəfindən əməl edilməmişdir. Belə ki, iddia ərizəsi pretenziya məktubu ilə eyni tarixdə yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə təqdim edilsə də, digər cavabdehlərə təqdim olunması işdə olan sənədlərlə müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdeh qismində qoyulmuş hər iki fiziki şəxsin cavabdeh MMC-nin təsisçi olması və ya həmin MMC-yə hər hansı bir bağlılığının olmasına dair sənəd-sübutlar (təsis sənədləri və s.) iş materiallarına əlavə edilməmiş, sadəcə MMC-nin təsisçiləri olması halı iddiada vurğulanmaqla kifayətlənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 150.1 və 150.1.7-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. - 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. - 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. - 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - 172.1.2-ci maddəsinə əsasən iflas haqqında işlərə - 3 ay; 172.1.3-cü maddəsnə əsasən digər mübahisələrə dair işlərə - 4 ay müddətindəndən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiada göstərilən iki fərqli tələblərə (iflas və pul) birgə baxılması qeyri-mümkün hesab olunaraq və iddianın icraata qəbul edilməsinə manə olan digər nöqsanların mövcüdluğu da nəzərə alınaraq iddia ərizəsi geri qaytarılmalıdır, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqi şəxsin ləğvi və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar