Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1164/2023 19.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2010-cu il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixli 73 nömrəli müqavilələrə əsasən cavabdehdən 28.099,99 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2010-cu, xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixlərində 73 nömrəli müqavilələr imzalanmışdır. Müqavilələrin 2.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmişdir. Anketlərə əsasən tezlik və radioelektron vasitələrindən istifadəyə görə 2013-2020-ci illər ərzində cavabdehin iddiaçıya 28.099,99 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borcu Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş Azərbaycan Respublikası Tarif Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” əsasında tərtib olunmuşdur. Bildiririk ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2017-ci il tarixində 31.000 manat məbləğində DRİ-HKŞ-9/1803 nömrəli "xxxx" məktubu göndərmiş və MMC borcunun aylara bölünərək ödənilməsi üçün müraciət etmişdir. Cavabdehin müraciəti nəzərə alınmış, xx.xx.2018-ci il tarixində ƏDV-də daxil olmaqla borcun qalan 29.000 manat hissəsinin hər ay 500 manat olmaqla 58 ay ərzində ödənilməsinə dair tərəflər arasında “Razılaşma” imzalanmışdır. Cavabdeh razılaşmaya əməl etməmişdir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427.3-cü maddələrini göstərmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahat verərək, iddianı qismən qəbul etdiyini və borcunun az olduğunu qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, xx.xx.2015-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilələr bağlanmışdır.
9. xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh razılaşma imzalayaraq, sonuncu radioelektron vasitələrdən istifadəyə görə borcunun 29.000 manat olduğunu qəbul etmiş və 2018-ci ilin aprel ayından başlayaraq 29.000 manat məbləği 58 ay ərzində hər ayın 30dək 500 manat olmaqla ödənişlər aparılmasını öhdəsinə götürmüşdür.
10. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilələrin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, İddiaçı Cavabdeh MMC-yə tezlik və radioelektron vasitələrdən istifadə üzrə xidmət göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
11. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
12. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
13. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
15. Məhkəmə iclasında hər iki tərəfin vermiş olduğu izahatlardan müəyyən edildi ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir, həmçinin də, qeyd edilmiş xidmətlərin göstərilməsi hal-hazırda da, davam edir.
16. Həmçinin məhkəmə iclasında hər iki tərəfin vermiş olduğu izahatlardan müəyyən edildi ki, aylıq xidmət haqqı 300 manat təşkil edir.
17. Cavabdeh tərəf cəmi 12.600 manat pul ödəniş etdiyini, qeyd edilmiş pulun 300 manat hissəsinin razılaşma bağlanmamışdan əvvəlki tarixdə etdiyini, tərəflər arasında bağlanmış olan xx.xx.2018-ci il tarixli razılaşmadan sonra cəmi 12.300 manat ödəniş etdiyini, qalan pulun elektron qaimə göndərilmədiyindən ödəmədiyini bildirmiş və göndərilmiş elektron qaimələr üzrə borcun tələb edilən məbləğdən az olduğunu bildirmişdir.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış bir növ borcun etirafı xarakteri daşıyan xx.xx.2018-ci il tarixli razılaşmadan sonra cavabdehin özünün bildirdiyi kimi 12.300 manat ödəniş nəzərə alındığında sadə riyazi hesablama ilə aydın olur ki,16.700 (29.000-12.300) manat məbləğində borc məhz etiraf edilmiş tarixədək olan dövrü əhatə edir.
19. Bundan başqa da, aylıq xidmət haqqının 300 manat olması və qeyd edilmiş xidmətlərin göstərilməsinin işin mübahisəsiz halı olması nəzərə alındığında illik xidmət haqqı 3.600 manat təşkil edir.
20. xx.xx.2018-ci il tarixli tərəflər arasında bağlanmış olan razılaşmadan iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək (xx.xx.2023) 4 il 8 ay keçməsi və aylıq xidmət haqqının 300 manat olması nəzərə alındığında aydın olur ki, iddiaçının göstərmiş olduğu xidmətin dəyəri 16.800 (56 ay x 300=16.800) manat təşkil edir.
21. Həmçinin də, borcun etirafı xarakterli xx.xx.2018-ci il tarixli razılaşmada qeyd edilmiş borcdan 16.700 manat qaldığı və razılaşmadan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək göstərilmiş olan xidmətlərin dəyərinin 16.800 manat olması nəzərə alındığında aydın olur ki, xidmət haqqı 33.500 (16.700+16.800) manat təşkil edir.
22. İddiaçının isə tələbinin 28.099,99 manat olması nəzərə alındığında məhkəmə hesab edir ki, iddia əsaslıdır və 28.099,99 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 28.099 (iyirmi səkkiz min doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov