Məhkəmə qərarları › İş №e-2-2(113)-1167/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1167/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1167/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2574,50 manat əsas borc, 1500 manat əsas borc üzrə hesablanmış dəbbə pulu, 257,45 manat gecikdirilmiş borca görə yaranan əlavə maddi zərər 63 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum 65 manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4459,95 manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış 27 iyul 2014-cü il tarixli Mİ-149/2014 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi L 200 markalı ** PH *** və ** AD *** nömrə nişanlı nəqliyyat vasitələrinə texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə götürmüşdür. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan Mitsubishi L 200 markalı ** PH *** və ** AD *** nömrə nişanlı nəqliyyat vasitələrini iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirlərə görə yaranan: xx.xx.2020-ci il tarixli Mİ-106631 saylı iş kartı və xx.xx.2020-ci il tarixli 662480 saylı elektron qaimə üzrə 740,08 manat (ƏDV daxil); - xx.xx.2020-ci il tarixli Mİ-105330 saylı iş kartı və xx.xx.2020-cü il tarixli 591147 saylı elektron qaimə üzrə 477,14 manat (ƏDV daxil); - xx.xx.2020-ci il tarixli Mİ-107084 saylı iş kartı və xx.xx.2021-ci il tarixli 137377 saylı elektron qaimə üzrə 1243,60 manat (ƏDV daxil); - xx.xx.2021-ci il tarixli Mİ-108327 saylı iş kartı və xx.xx.2021-ci il tarixli 696759 saylı elektron qaimə üzrə 113,68 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 2574,50 (ƏDV daxil) manat miqdarında servis pulunu İddiaçı MMCyə ödəməmişdir. Bununla bağlı qarşı tərəflə tərəfimizdən dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də heç bir nəticəsi olmamışdır. borclunun müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin tərəfimizə ödənilməsi üçün cavabdehin elektron ünvanına (elektron kargüzarlıq vasitəsi ilə) xx.xx.2021-ci il tarixindən bugünəcən mütəmadi olaraq bildirişlər və pretenziya məktublarları göndərilsə də məsələ öz həllini tapmamışdır (qeyd edilən göndərişlərin təsdiqinə dair sənəd ərizəyə əlavə edilmişdir), yəni cavabdeh borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən, sifarişçi nağd vəya köçürmə ilə icraçıya vaxtında ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq ödəniş 10 gün ərzində, təqqdim edilmiş hesab üzrə həyata keçirilir.Ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanır. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq danışıqlar vasitəsilə həll edilir, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilməzsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq şəkildə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Həmin məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Cavabdehdən “xidmətlərin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, əsas borcla birlikdə həmin pul məbləğinin ödənişinin üzürsüz olaraq gecikdirilməsi (ümumiyyətlə ödəniş niyyəti olmaması) halı da nəzərə alınmaqla qanunvericiliyə müvafiq olaraq həmin gecikmə ilə bağlı yaranan məbləğlər də cavabdehdən iddiaçının xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci (öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti) maddəsində göstərilir ki: Maddə 448.1 əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinə əsasən: Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin maddənin tələblərinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin maddənin tələbləri nəzərə alınmaqla, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini nəzərə alaraq qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 09 iyul tarixli qərarında qeyd edilir ...Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar mülki qanunvericilik, eləcə də beynəlxalq təcrübə baxımından aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama... Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Prosessual qanunvericiliyin istinad olunan müddəasına əsasın, məhkəmədən hazırkı iddia tələbimizə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş edirik. Bu səbəbdən də cavabdehin Tərəflər arasında bağlanmış 27 iyul 2014-cü il tarixli Mİ-149/2014 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə öhdəlikləri ilə əlaqədar borc məbləği kimi yaranmış 2574,50 (ƏDV daxil) manat, həmin pul (borc) vəsaitinin qanunsuz olaraq (xx.xx.2021-ci il tarixdən etibarən 70 həftədən artıq müddətdən artıq olmaqla) özündə saxlaması nəticəsində iddiaçıya 1500 manat miqdarında əlavə maddi ziyanla yanaşı (Müqavilənin 3.5-cü bəndində nəzərdə tutulan dəbbə pulu qismində), həm də işgüzar nüfuzuna ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitini vaxtında əldə edilə bilmədiyi üçün iddiaçının da digər müəssisələr və əməkdaşlıq etdiyi şirkətlərə borcları yaranmışdır ki, bunun da nəticəsi kimi cəmiyyətin işgüzar nüfuzuna ziyan dəymişdir. Bununla bağlı İddiaçı MMC qeyd edilən borc məbləğindən əlavə maliyyə itkisi ilə üzləşmişdir. Yəni "xxxx" QSC İddiaçı MMC qarşısında müqaviləyə əsasən üzərinə götürdüyü öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə, İddiaçı MMC digər kreditorlar qarşısında öz maddi öhdəliklərini vaxtında və lazımınca icra edə bilməmiş, "xxxx" QSC-dən mədaxil olunmalı məbləği başqa yerlərdən faizlə borc almağa məcbur olmuş, bu kimi əlavə borclarla öz kreditorları qarşısında maddi öhdəliklərini yerinə yetirmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş illik uçot dərəcəsinin həcmi (faizi) minimum 5 % təşkil etməkdədir. Bu da İddiaçı MMC-nin cavabdehdən almalı olduğu 2574,50 manat pul vəsaitinə nisbətdə qeyd edilən aylar üzrə 257,45 manat həcmində əlavə zərərə məruz qalması deməkdir. Beləliklə, "xxxx" QSC İddiaçı MMC qarşısında öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə, İddiaçı MMC ümumilikdə 4459,95 manat maddi zərərə məruz qalmışdır. Həmçinin hazırkı iş üzrə mübahisənin məhkəməyəqədər tənzimlənməsi üsulu kimi İddiaçı MMC cavabdeh "xxxx" QSC-ni mediasiya prosesinə (danışıqlara) dəvət etmiş, başlanılmış mediasiya prosesinə "xxxx" QSC gəlməmiş, bununla bağlı mediasiya prosesi üçün İddiaçı MMC 63 manat rüsum ödəmişdir. Eyni zamanda hazırkı iş üzrə məhkəmədə iddia başladılması üçün İddiaçı MMC 65 manat dövlət rüsumu ödəmişdir. Hesab edirik ki, qeyd edilən ödənişlər də cavabdehdən tutulmaqla iddaçıya ödənilməlidir. Qanunla müəyyən edilmiş müddətdə cavabdeh "xxxx" QSC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 27 iyul 2014-cü il tarixli Mİ-149/2014 nömrəli İddiaçı MMC ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış texniki servis xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" QSC-nin tapşırığına dair İddiaçı MMC isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində xidmətlərin göstərilməsini öz öhdəsində götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən, nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq ödəniş 10 gün ərzində təqdim edilmiş hesab üzrə həyata keçirilir.Ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanır. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 591147 nömrəli elektron qaimədən və xx.xx.2020-ci il tarixli Mİ-105330 saylı iş kartından görünür ki, iddiaçı cavabdehə 477,19 manat məbləğində texniki servis xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAT seriyalı 662480 nömrəli elektron qaimədən və xx.xx.2020-ci il tarixli Mİ-106631 saylı iş kartından görünür ki, iddiaçı cavabdehə 740,08 manat məbləğində texniki servis xidməti göstərmişdir. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 696759 nömrəli elektron qaimədən və xx.xx.2021-ci il tarixli Mİ-108327 saylı iş kartından görünür ki, iddiaçı cavabdehə 113,68 manat məbləğində texniki servis xidməti göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBD seriyalı 137377 nömrəli elektron qaimədən və xx.xx.2020-ci il tarixli Mİ-107084 saylı iş kartından görünür ki, iddiaçı cavabdehə 1243,60 manat məbləğində texniki servis xidməti göstərmişdir. 23 yanvar 2023-cü il tarixli MŞB/14/2023-00021 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 63 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” qanunun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh "xxxx" QSC arasında texniki servis xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərərək nəzərdə tuulan servis xidmətlərini göstərsə də, cavabdeh göstərilən xidmətlərə görə ödənilməli olan 2574,50 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 2574,50 manat əsas borc və 63 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edirəm ki, tənasübsüz sürətdə yüksək hesablanmış borc azaldılaraq 25,50 manat məbləğində müəyyən edilməlidir. 257,45 manat məbləğində maddi zərər tələbi ilə bağlı hissədə iddia rədd edilməlidir, belə ki, iddiaçı həmin tələbin təmin edilməsini MM-nin 449-cu maddəsinə və işgüzar nüfüzuna dəymiş zərərə əsasən xahiş etmiş, lakin cavabdeh tərəfindən ödənilməyən pul vəsaitindən sonuncunun faydalanması ilə bağlı, həmçinin işgüzar nüfuza dəymiş ziyanla bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 65 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı isə qeyd edirəm ki, tələb 2 manat hissədə təmin edilməlidir, belə ki, iddiaçı məhkəməyə müraciət etmədən əvvəl ilkin mediasiya sessiyasında 63 manat məbləğində mediasiya xərci ödədiyindən və tərəf çəkdiyi xərc həddində dövlət rüsumu ödəməkdən azad edildiyindən 2 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən 2574,50 manat əsas borc, 25,50 manat cərimə cəmi 2600 manat, həmçinin 63 manat mediasiya xərci və 2 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 2574,50 manat əsas borc, 25,50 manat cərimə cəmi 2600 manat, həmçinin 63 manat mediasiya xərci və 2 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar