Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1177/2022 30.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Kredit müqaviləsi üzrə 43.814,81 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 20863,57 manat məbləğində faiz borcu, cərimə borcuna görə 378,06 manat olmaqla, cəmi 65056,44 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 400 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 254.55 manat məbləğində rüsumun, "xxxx" MMC-yə əmlakın qiymətləndirilməsinə dair ödənilmiş 450 manat məbləğin, məhkəmə-mühasibatlıq ekspertizasına ödənilmiş 200 manat məbləğin, cəmi 1344,55 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019 il tarixli, nzaz12328saylı Kredit müqaviləsi üzrə cəmi 65056,44 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 400 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 254.55 manat məbləğində rüsumun, "xxxx" MMC-yə əmlakın qiymətləndirilməsinə dair ödənilmiş 450 manat məbləğin, məhkəmə-mühasibatlıq ekspertizasına ödənilmiş 200 manat məbləğin, cəmi 1344,55 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzildən Cavabdeh1 çıxarılması və evin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019 il tarixli, nzaz12328saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019 il tarixli, nzaz12328 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% dərəcəsi olmaqla 24 ay müddətinə 55000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019 il tarixli, nzaz12328 saylı saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019 il tarixli, nzaz12328 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 43814,81 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 10.655,84 manat məbləğində faiz borcu və 378,06 manat məbləğində dəbbə borcu, cəmi 54.848,71 manat təşkil edir. xx.xx.2019 il tarixli, nzaz12328 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında mənzil xx.xx.2019 il tarixli, nzaz12328 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-nin “Nizami» filialı arasında bağlanmış xx.xx.2019 il tarixli, nzaz12328 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdeh – Cavabdeh2 ilə İddiaçı ASC-nin “Nizami» filialı arasında xx.xx.2019 ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2019 il tarixli, nzaz12328 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019 il tarixli, nzaz12328 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır” Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə müvafiq olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “borcun ödənilməsi və.s” tələbinə dair işi üzrə iddianın dəyişdirilməsinə dair xx.xx.2022-ci il tarixində verdiyi ərizəsi geri qaytarılmış və iddianın “mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzildən Cavabdeh1 çıxarılması və evin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, məhkəməyə ilkin nüsxədə iddia ərizəsi təqdim edilərkən cavabdehlərdən biri kimi zamin Cavabdeh2 qeyd edilmiş və iddianın xahiş etdi hissəsində pulun ondan da birgə tutulması xahiş edilsə də, sonradan verilmiş iddianın dəyişdirilməsinə dair ərizədə pulun ancaq Cavabdeh1 tutulması xahiş edilmişdir. Ona görə də, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən pulun ancaq Cavabdeh1 tutulmasının əsaslı olub-olmamasını yoxlayır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə nzaz12328 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya illik 18 faiz hesablanmaqla 24 ay müddətinə 55.000 manat məbləğində krеdit verilmişdir. Verilmiş kreditin 25.659 manat hissəsi məxaric edilmiş, 28.545,27 manat hissəsi isə cavabdehin əvvəlki kredit borcuna, 793,59 manat hissəsi isə kredit verilməsi üçün xidmət haqqlarına silinmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə sonrakı ipoteka müqavilə bağlanaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzaz12328 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18 ünvanında yerləşən 66 kv.m ümumi sahədən ibarət 106 nömrəli mənzili Bankın xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh1 10 oktyabr 2019-cu il tarixli, nzaz12328 saylı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan əsas borcu 43.814,81 manat, faiz borcu 20.863,57 manat, cərimə borcu 378,06 manat, ümumilikdə 65.056,44 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı işdə cavabdehin nümayəndəsi və vəkili 55.000 manat pulun deyil cəmi 28.545,27 manat pulun cavabdeh tərəfindən məxaric edildiyini, qalan pulun isə verilmədiyini bildirsə də, xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan və videoyazıdan da göründüyü kimi Cavabdeh1 əsas borc məbləği ilə razı olmuş ancaq, faiz borcu məbləğini mübahisələndirmişdir. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) əsas borcu 44.929,13 manat, faiz borcu 5.864,03 manat müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh1 öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçının tutulmasını xahiş etdiyi əsas borcun məbləği nəzərə alınmaqla, Cavabdeh1 özünün əsas borcu etiraf etməsi və ekspertiza rəyindəki əsas borc məbləği nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, iddia faiz borcunun 20.863,57 manat məbləğində tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə faiz məbləği ancaq müqavilənin müddətinin bitdiyi ana qədər hesablanmalıdır. Ekspert rəyindən də göründüyü kimi, cavabdehin müqavilənin müddətinin bitmə tarixinə 5.864,03 manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi iddiada qeyd edilməsə də, 445.7-ci maddə ilə də, faizin hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçı tərəfin qeyd edilən şifahi arqumenti ilə razı deyil. Belə ki, iddia ərizəsi, qəbul edilmiş iddianın dəyişdirilməsinə dair ərizənin məzmununda ümumiyyətlə 445.7-ci maddəyə istinad edilməyib, eyni zamanda da iddianın xahiş etdi hissəsində aydın şəkildə “kreditdən istifadəyə görə 20.863,57 manat məbləğində faiz borcu” tələb edilmişdir. Ancaq 445.7-ci maddə isə kreditdən istifadəyə görə faiz məbləğinin hesablanmasının qanuni əsasını təşkil etmir. Mülki Məcəllənin 445.7-ci maddəsi pul məbləğinin icrasının gecikdirilməsinə görə dolayısı ilə qanundan irəli gələn dəbbə pulu xarakteri daşıyır. Qeyd olunanlara əsasən cavabdehdən 5.864,03 manat faiz borcu tutulmalıdır. Həmçinin iddiaçıya izah edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək ayrıca iddia qaldırmaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 43.814,81 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçının tələb etdiyi 378,06 manat dəbbə pulu ağlabatan və ədalətlidir. Məhkəmə iddianın borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İşin hallarından da göründüyü kimi, Bankla Cavabdeh1 arasında 10 oktyabr 2019-cu il tarixdə nzaz12328 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18 ünvanında yerləşən 66 kv.m ümumi sahədən ibarət 106 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş də, qanunvericiliyin tələbinə uyğun olaraq qeydə alınmışdır. Göründüyü kimi qanunveriliyin tələblərinə əməl edilərək ipoteka müqaviləsi bağlanmış və tutmanın yönəldilməsinə dair bildiriş də qeydə alınmışdır. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq eskpertizası təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 088/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən ünvan 2 ünvanında yerləşən 9 mrətəbəli binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 106 nömrəli mənzilin bazar dəyəri 95.000 (doxsan beş min) manat, likvid dəyəri isə 89.000 (səksən doqquz min) manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilinə yönəldilməli, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilin ilkin satış qiyməti 89.000 (səksən doqquz min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalıdır. İş materiallarından göründüyü kimi, Bank tərəfindən məhkəmə tərəfindən təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC-yə 450 manat məbləğində pul ödənilmişdir. Belə olan halda həmin pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 254.55 (iki yüz əlli dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti də Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli nzaz12328 saylı kredit müqaviləsi üzrə 43.814,81 (qırx üç min səkkiz yüz on dörd manat səksən bir qəpik) manat əsas borc, 5.864,03 (beş min səkkiz yüz altmış dörd manat üç qəpik) manat faiz bоrcu və 378,06 (üç yüz yetmiş səkkiz manat altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 50.056 (əlli min əlli manat) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdeh1 tutularaq Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254.55 (iki yüz əlli dörd manat əlli beş qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 (qırx manat) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 450 manat məbləğində pul Cavabdeh1 tutularaq Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilinə yönəldilsin, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilin ilkin satış qiyməti 89.000 (səksən doqquz min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait 43.814,81 (qırx üç min səkkiz yüz on dörd manat səksən bir qəpik) manat əsas borc, 5.864,03 (beş min səkkiz yüz altmış dörd manat üç qəpik) manat faiz bоrcu və 378,06 (üç yüz yetmiş səkkiz manat altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 50.056 (əlli min əlli manat) manat 90 (doxsan) qəpik məbləğində borcun, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat, dövlət rüsumunun əvəzi olaraq 254.55 (iki yüz əlli dörd manat əlli beş qəpik) manat, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 (qırx manat) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 450 manat məbləğində pul məbləğinin ödənilməsinə yönəldilsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh1 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1177/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1177/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver