Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1189/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X2 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xeyli vaxtdır tanıdığı X5 və X3 ilə münasibətləri əvvəllər yaxşı olmuşdur. O uzun illərdir ki, xarici ölkələrdən toyuq və ət məhsullarını idxal edib, ölkədə satışını həyata keçirir. 2019-cu ildə Ukrayna Respublikasından idxal etdiyi ət məhsullarının içərisində xeyli miqdarda xarab, istifadəyə yararsız ətlərin gəldiyini görüb qərar verdi ki, 2020-ci ilin əvvəlində Ukrayna Respublikasında ət kombinatı alıb, özü orada ət kəsimini həyata keçirsin. Həmin kombinatda kəsilən ət məhsullarının bir hissəsini Ukrayna Respublikasında satıb, bir hissəsini isə Azərbaycan Respublikasına göndərsin. Onun bu fikri barədə məlumatlı olan tanışları Xudaverdi və Nicat təklif etdilər ki, onlar bu işdə müəyyən qədər investisiya qoyub ona şərik olsunlar. Kombinatın açılması üçün Xudaverdi Haqverdiyev külli miqdarda pul vəsaiti yatırım edəcəyini bildirdiyi üçün onun təkidi ilə Ukraynadakı işlərə nəzarət və rəhbərlik etmək məqsədilə Xudaverdinin dostu Nicatın Quliyevin atası Cavabdeh Ukraynaya göndərildi. Cavabdeh orada yaşamaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə alındı. Xudaverdi və Nicat Quluyev isə onun təsisçisi olduğu İddiaçı MMC-yə işə götürüldü ki, şirkətin fəaliyyətinə həm ölkədaxili, həm də xaricdəki işlərə tam nəzarət edə bilsinlər. Sonradan ona məlum oldu ki, X1 ona verdiyi pul vəsaitlər onun özünün yox, sən demə xalası Gülmirə Nəsirovaya məxsus imiş. Amma Cavabdeh "xxxx" şirkətinə faktiki rəhbərlik etdiyi dövrdə külli miqdarda yeyinti və şirkətdə oğurluq hallarını aşkar etdiyi üçün bir müddət sonra Ramizi şirkət rəhbərliyindən uzaqlaşdırdığına və daha sonra Rusiya qoşunlarının Ukrayna Respublikasına atdığı raket zərbələri nəticəsində həmin kombinatın işi tamamilə dayandığına görə onun Gülmirə Nəsirova ilə arasında narazılıq yaranmışdır. Ukrayna Respublikasında icarəyə götürdükləri ət kombinatının işlədilməsi üçün təsis etdikləri Myaslandia şirkətinə Cavabdeh faktiki olaraq rəhbərlik etdiyi dövrdə şəxsən onun öz adını və həmin şirkətin hesabına ümumilikdə 152.050 ABŞ dolları göndərilmiş, pulların müqabilində o Ukrayna Respublikasına gedib təftiş apararkən 100.000 ABŞ dolları miqdarında əksik gəlmə müəyyən olunmuşdur. Həmin çatışmamazlığın 110.000 manatını Cavabdeh mənimsəmiş, qalan vəsait isə müəssisədə baş vermiş oğurluq və israfetmə halları ilə bağlı yaranmışdır. Əskik gələn puldan 110.000 manata görə Cavabdeh bilavasitə cavabdeh olduğu halda bu əskikliyi, başqa sözlə şirkətin fəaliyyəti ilə bağlı dəymiş ziyanı aradan qaldırmamışdır. Dəfələrlə Cavabdeh 110000 manat pulu ödəməsini bildirsə də, keçən müddət ərzində Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək ona olan (dəymiş ziyan üzrə) borcunu ödəməkdən yayınmışdır. Hal-hazırda Cavabdeh dəymiş ziyan üzrə 110000 manat məbləğində pul ödəməlidir. Çünki həmin ziyanın qarşısını almaq, eləcə də ziyan dəydiyi təqdirdə onun ödəmək bilavasitə şirkətin faktiki rəhbəri kimi məhz Cavabdeh öhdəliyində idi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsinə münasibətdə qeyd etdi ki, cavabdehin VÖEN-i olmasa da hazırki mübahisənin müqavilədən irəli gəldiyini və tərəflər arasında olan sahibkarlıq fəaliyyətilə bağlı olduğunu nəzərə alaraq iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu hesab edirlər. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh "xxxx" şirkəti ilə əvəz etmək istəmirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının: 12-ci bəndinə görə isə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Hazırkı halda məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyildir (Elektron Vergi İdarəsi və EMİS-dən əldə olunan məlumatdan görünür ki, Cavabdeh VÖEN-i yoxdur). Odur ki, hazırkı mübahisənin sahibkarlıq subyekti kimi cavabdehin özünün həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olması istisna olunur. Digər tərəfdən İddiaçı MMC iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə birlikdə Ukrayna Respublikasında "xxxx" MMC-ni təsis etmələrinə və Cavabdeh həmin şirkətin təsisçisi və faktiki rəhbəri olduğu dövrdə qanunsuz hərəkətləri nəticəsində şirkətə zərər vurmasına istinad etmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh əvvəllər Ukraynada təsis edilmiş "Myaslandiya” MMC-nin iştirakçısı olsa da, İddiaçı MMC heç bir zaman həmin şirkətin iştirakçısı olmamışdır. Bundan əlavə iddiaçının qanuni təmsilçisinin məhkəmədə verdiyi izahatından aydın olmuşdur ki, iddia tələbi İddiaçı MMC ilə "Myaslandiya” MMC-nin arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, qanuni təmsilçi izahatında göstərmişdir ki, İddiaçı MMC malların göndərilməsi müqaviləsinə əsasən "Myaslandiya” MMC-yə pul köçürsə də, həmin pulun müqabilində təqdim edilməli olan malın bir hissəsi təqdim edilməmiş, buna səbəb isə şirkətin təsisçisi və faktiki rəhbəri Cavabdeh qanunsuz hərəkətləri olmuşdur. İş məhkəmədə baxılarkən iddiaçıya Cavabdeh "xxxx" MMC ilə əvəz etmək təklif edilsə də, iddiaçı razılıq verməmişdir. Məhkəmə qeyd edir ki, korporativ mübahisələr korporasiyanın (bir neçə şəxsin iştirakı ilə yaradılmış şirkət) iştirakçıları, yəni korporativ şirkətinin idarəetmə orqanları, təsisçiləri, (iştirakçıları) və korporativ şirkətin özü arasında yaranmış korporativ şirkətin yaradılması, həmin hüquqi şəxsdə iştirak və onun idarə edilməsi bağlı olan mübahisələrdir. Hazırkı halda İddiaçı MMC-nin "xxxx" MMC-nin iştirakçısı olmaması, eləcə də həmin şirkətlə başqa formada korporativ bağlılığının olmaması hazırkı mübahisənin korporativ, yəni şirkətdaxili mübahisə olması imkanını istisna edir. Bu baxımdan məhkəmə Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 26-ci bəndinin tələblərini nəzərə almaqla hesab edir ki, iş üzrə yeganə Cavabdeh fərdi sahibkar statusu olmadığından, eləcə də tərəflər arasında mübahisə korporativ xarakter daşımadığından hazırkı işə məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Nəsimi rayonu ərazisi olduğundan İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1189/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1189/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver