Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1196/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker xidməti, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Vəliyeva Nigar Rauf qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehlərin nümyəndəsi/vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 445, 448-ci maddələrini rəhbər tutmaqla öhdəliklərini icra etməkdən boyun qaçıran cavabdeh "xxxx" MMC-dən ( VÖEN: **********) ona iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə, yəni, xx.xx.2024cü il tarixli, 00212415 saylı elektron qaimə üzrə (Seriya: MT 2401) tərəfimizdən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1461 AZN 40 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 2603 AZN 20 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 316 AZN, xx.xx.2024-cü il tarixli, 00039403 saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 347 AZN, ümumilikdə - 4727 AZN 60 qəpik ( dörd min yeddi yüz iyirmi yeddi manat altmış qəpik) pul tutularaq İddiaçı MMC-yə ödənilsin. 2. Dövlət rüsumu olaraq 67 AZN 50 qəpik (altmış yeddi manat əlli qəpik), hüquqa yardıma görə vəkil bürosuna ödənilmiş 500 AZN (beş yüz manat) pulun əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı “Fortis MMC Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 02 dekabr 2021-ci il tarixli, 21-71 №-li müqaviləyə əsasən, xarici ölkələrdən idxal edilən mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. xx.xx.2024-cü il tarixli, 00212415 saylı elektron qaimə üzrə (Seriya: MT 2401) tərəfimizdən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1461 AZN 40 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 2603AZN 20 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 316 AZN, xx.xx.2024-cü il tarixli, 00039403 saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 347 AZN, ümumilikdə cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə bu günədək olan borcu-4727 AZN 60 qəpik ( dörd min yeddi yüz iyirmi yeddi manat altmış qəpik) təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədilə tərəfimizdən elektron qaimələr cavabdehə təqdim edilmiş, iddiaçıya olan borc sistem tərəfindən təsdiq olunmuş olsa da, indiyədək yaranmış borc məbləği "xxxx" MMC tərəfindən ödənilməmiş olaraq qalır. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyənnamələr, habelə gömrük sənədləri ilə təsdiq olunur. Bu günədək 17575 AZN 30 qəpik ödəniş etsələr də, qalan borclarını ödəməkdən qəti şəkildə yayınırlar. Bu ödəmələrin özü belə onu göstərir ki, cavabdeh bizimlə əməkdaşlıq etmiş və 18.000 AZN nə yaxın pul ödəmişdir. Əgər nədənsə narazı idisə yəqin ki, bu qədər pul ödəməzdi. Belə ki, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaxtında və lazımi qaydada gömrük təmsilçiliyinə dair xidmətlərini cavabdehə göstərmişdir. Lakin cavabdeh "xxxx" MMC öhdəliklərini icra etməkdən imtina edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, yaranmış olan 4727 AZN 60 qəpik məbləğində pul vəsaitinin ödənilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışıq. Qeyd edilən məbləğin ödənilməsi ilə yanaşı, cavabdehdən iddiaçının çəkdiyi vəkil xidməti xərcləri, həmçinin, əlavə olaraq ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması da vacibdir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi absurd olması ilə yanaşı real faktları, müqavilənin şərtlərini və qanundakı normaları görməzdən gəlir. İddiaçı ərizəsində xx.xx.2024-cü il tarixli, 00212415 saylı elektron qaimə üzrə (Seriya: MT 2401) “tərəfimizdən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği” 1461 AZN 40 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 2603 AZN 20 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 316 AZN, xx.xx.2024-cü il tarixli, 00039403 saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 347 AZN, ümumilikdə cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə bu günədək olan borcu- 4727 AZN 60 qəpik ( dörd min yeddi yüz iyirmi yeddi manat altmış qəpik) təşkil etdiyini bildirir. Borcun mövcudluğunun isə elektron qaimələr, elektron bəyənnamələr, habelə gömrük sənədləri ilə təsdiq olunduğunu bildirir. Bildiririk ki, tərəflər arasında 21-71 saylı müqavilə olmuş, əvvəllər müqaviləyə uyğun olaraq bir sıra xidmətlər göstərilmiş və xidmətlərə uyğun əvəzi ödənilmişdir. Lakin cavabdeh tərəfindən ərizəyə əlavə olunmuş elektron qaimələr bizimlə razılaşdırılmamışdır. İddiaçının öz ərizəsində də göstərdiyi kimi həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, qaimələrin sistem tərəfindən təsdiq olunması tamamilə texniki bir məsələyə əsaslanır və praktikada bu cür vəziyyətlərə tez-tez rast gəlinir. Belə ki, Cavabdeh MMC-də mühasib vəzifəsində çalışan xanımın işdən ayrılması nəticəsində müəyyən bir müddət ərzində sistemin nəzarətsiz qalması səbəbindən bu problem ortaya çıxmışdır. (işdən çıxma bildirişi əlavə olunur) Bu müddət ərzində məsələnin digər əməkdaşlar tərəfindən bilinmədiyindən hər hansı bir tədbir görmək mümkün olmamışdır. Bu vəziyyətin təhlili nəticəsində, mühasibin sistemə nəzarət etmədiyi və onun işdən ayrılmasından sonra bu məsələ ilə əlaqədar məlumatların digər əməkdaşlara çatdırılmadığı bəlli olmuşdur. Bu da müəyyən qaimələrin təsdiqi ilə bağlı texniki problemlərin yaranmasına səbəb olmuşdur. İddiaçının əlavə etdiyi vatsap yazışmalarına münasibətdə isə onu bildirmək istərdik ki, iddiaçı “Hecer Torch” adlı və “Abdul Kazımov” adlı şəxslərlə olan yazışmalardan “Torch 30.xlsx”, “Torch 31.xlsx” və “Torch 34.xlsx” adlı faylları göndərilmişdir. Lakin bu fayl sadəcə exceldə yazılmış təsdiqlənməmiş qiymətlərdən ibarətdir. Həmçinin, yazışmalar aparılan şəxslər qiymətləri təsdiqləmək səlahiyyəti olan şəxslər deyildir. Onu da qeyd edək ki, qeyd olunan şəxslər hazırda Cavabdeh MMC-də çalışmır (işdən çıxma bildirişləri əlavə olunur). Digər qaimələrlə (32 və 33 nömrəli invoyslar) bağlı isə cavabdehə, ümumiyyətlə, məlumat verilməmişdir. Hesab edirik ki, invoyslarda göstərilmiş qiymət bazar qiymətlərindən qat-qat yüksək olaraq hesablanmış, həmçinin, sifarişçinin tapşırığı adı altında müxtəlif xərclər (Anbar xərci, digər xərclər, girişçıxış, avtocar kimi) qaimələrə daxil edilmişdir. (mövcud bazar qiymətlərinə dair nümunələr əlavə olunur) Tərəflər arasında bağlanılmış 21-71 saylı müqavilənin 2.1.5-ci bəndində qeyd olunub ki, İcraçı Sifarişçidən qəbul aktı əsasında xidməti almalıdır. Bu, o deməkdir ki, müvafiq xidmətlərin göstərilməsini və qəbul edilməsi prosesi rəsmi şəkildə sənədləşdirilməli və qeyd edilməlidir. Hər hansı bir xidmətin təqdim olunduğunu iddia etmək üçün bu cür sənədlərin mövcudluğu mütləqdir. Yəni hal-hazırda iddiaçının “sifarişçinin tapşırığı” adı altında göstərdiyi xidmətlərin tərəfimizdən sifariş verilməsini təsdiq edəcək qəbul aktı belə yoxdur. Həmçinin, bu xərclərin real olduğu iddiaçı tərəfindən sübut edilməmişdir. Məsələn, 32 saylı invoysda 1110 manat anbar xərci, 798,2 manat digər xərclər göstərilmişdir. Bu xərcləri təsdiq edəcək hər hansı bir sənəd varmı?! Cavabdeh tərəfindən iddiaçıya belə bir öhdəliyin icrası tapşırılıbmı?! Xeyr. İddiaçı tərəfindən bu xərclərin(xüsusilə 798,2 manatlıq digər xərclərin) nədən ibarət olması ilə bağlı cavabdehə hər hansı bir məlumat verilibmi?! Xeyr. Belə olan halda iddiaçının hansı haqla borc tələb etməsi sual altındadır. Yəni, “sifarişçinin tapşırığı” adı altında göstərilən xərclərin real olduğuna dair malın anbarda saxlanılması, giriş-çıxış, avtocar və s. göstərilmiş xərclər üçün müvafiq sənədlər təqdim edilməlidir.Bu cür sənədlərin təqdim edilməməsi qaimədə göstərilən xidmətlərin uydurma olduğunu və reallığı əks etdirmədiyini göstərən bir fakt hesab edilə bilər. Əgər qeyd edildiyi kimi müvafiq xərclər çəkilibsə, o zaman çəkilmiş xərclərə dair sübutlar təqdim edilsin, qeyd edilən əlavə xidmətin həqiqətən görüldüyü və Torch MMC tərəfindən sifariş verildiyi sübut edilsin. Bundan əlavə, qeyd edilən müqavilənin 1.2.-ci bəndinə əsasən, xidmətlərin haqqı müqaviləyə əlavə edilmiş 01№-li protokolla razılaşdırılmalıdır. Lakin qeyd edilən protokol da mövcud deyildir və belə olan halda iddiaçının qiymətləri hansı əsasla hesablaması da naməlumdur. Məhz bu səbəbdən də iddiaçı razılaşdırılmış protokol olmadan öz tərəfindən qiymətlər yazaraq qaimə tərtib edib. Belə bir vəziyyətdə, iddiaçının müəyyən etdiyi qiymətlərin hüquqi əsasları və ya müvafiq razılaşmalarla necə əlaqələndirildiyi aydın deyil. Həmin qiymətlər iddiaçının öz mülahizəsinə əsaslanaraq müəyyənləşdirildiyi üçün müqaviləyə uyğunluq və düzgünlük məsələləri də sual altına alınır. Əlavə olaraq bildirik ki, həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən, X4 Bəyannaməsinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən doldurulması Təmsilçinin öhdəliklərindən biridir. Yəni, iddiaçının xidmətinin əsası elə elektron yük bəyannamələrinin doldurulmasından ibarətdir. İddiaçı isə Y-GB tərtibi üçün ayrıca- biri üçün 35 manat olmaqla, xidmət haqqı üçün isə əlavə 150 manatdan hesablanmışdır. Bu da iddiaçının qərəzli olaraq xidmətin dəyərini düzgün hesablamadığının bir daha sübut edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən, əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Həmin qərara əsasən, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Yuxarıda qeyd edilən müddəaları, həmçinin, qaimələrin cavabdeh tərəfindən təsdiqlənməmiş olmasını və müvafiq protokol olmadığını nəzərə alaraq hesab edirik ki, iddiaçının istinad edərək borc tələb etdiyi qaimələr etibarsız əqdlərdir. Bu səbəbdən də həmin əqdlərə əsaslanaraq hər hansı bir tələb irəli sürməsi, tamamilə, əsassızdır.
4. Daha sonra cavabdehin nümayəndəsi yeni etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim olunan məlumatların mübahisənin predmetinə bu və ya digər formada aidiyyatı olmadığından sübut kimi qiymətləndirilməsinə etiraz edir. Belə ki, sənədlərdən biri Torch MMC-nin inzibati xəta üzrə məhkəmə qərarıdır hansı ki, mübahisə predmetinə aid deyil. Digər sənəd isə Ramal Trans MMC adlı şirkətlə olan xidmət müqaviləsi və sorğuya gələn cavabıdır, hansı ki, İddiaçı oxşar xidmətlər üzrə qiymətləri xüsusi vurğulayıb. Lakin, hazırki mübahisə müqavilə qiymətlərinin bazar dəyəri və ya neçə formalaşması yox, tərəflər arasında razılaşdırılmamasıdır. Həmçinin həmin xidmətlərin (anbar xərcləri, əlavə xərclər, avtokar xərci, giriş -çıxış və s başlıqlar ilə) Torch MMC tərəfindən sifariş edilməməsi, eyni zamanda belə bir işlərin ümumiyyətlə yerinə yetirilməməsidir. Hansı ki,cari tarixədək heç bir sənəd/məlumat bu xidmətlərin nə sifariş edildiyini nə də İddiaçı tərəfindən yetirildiyini sübut etmir. Əlbəttə ki, sadalanan işlər görüldüyü halda, ən azından hər hansısa qəbz, çıxarış və s təqdim oluna bilərdi. Gömrük orqanlarının ərazisində çəkilən istənilən mühüm xərclər electron ödəniş sistemləri vasitəsilə yerinə yetirilir, eyni zamanda nəqliyyat xərci, əlavə cərimələr(varsa) hər biri electron ödənilə bilər. Ümumilikdə, təqdim olunan heç bir sənəd və məlumat heç bir şəkildə yuxarıda qeyd etdiyim kimi əlavə xidmətlərin icrasını təsdiqləmir. Bütün sadalananlara əsasən İddianın yalnız aşağıda görülmüş işlərə aid hissəsini təsdiq edirik: 1. Hesab faktura № 72/30, 72/31; Electron qaimə faktura № 00212415 -370 AZN; 2. Hesab faktura № 72/32; Electron qaimə faktura №00038493-185 AZN; 3. Hesab faktura № 72/33; Electron qaimə faktura №000338977-255 AZN; 4. Hesab faktura № 72/34; Electron qaimə faktura №00039403-255 AZN Beləliklə, müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokolunda qeyd olunmuş və eyni zamanda yük gömrük bəyannamələrində də əksini tapmış xidmətlərə görə (yük gömrük bəyannaməsinin tərtibi və xidmət haqqı) ümumilikdə 1065 AZN borcu təsdiq edirik. Qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən Məhkəmədən Xahiş edir: İddiaçı MMC-nin iddiasının təsdiq olunmuş borc məbləği (1065 AZN) çıxıldıqdan sonra yerdə qalan hissəsi əsassız olduğundan qismən təmin edilməsinə dair qətnamə qəbul edilsin.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq cavabdehin etirazına fikir bildirərək qeyd etdi ki, gəmi nəqliyyatı, dəmiryolu, yük maşınları vasitəsilə gələn yüklərə qısa idxal bəyannaməsi tərtib edilir. Bunun yazılmaması üçün şirkətə 1500 manat cərimə verilir. Ödənişi bizim tərəfimizdən edilən qaimələrdə vardır. Daha sonra bu ödəniş sənədini cavabdehə veririk. Anbar xərci nəqliyyat vasitəsi ipək yoluna gəldikdə 1 günü 561 manat, sonrakı hər günü üçün isə 9 manat ödəniş edilir. Birdəfəlik çıxdıqda isə 159 manat hesablanır sonrakı gün 9 manat olmaqla. Soyuducusuz yüklərin qiyməti fərqlidir. Bu qiymətlər əvvəlcən hesablana bilmir. Bunun səbəbi isə bir tır içərisində fərqli malların ola biləcək olmasıdır. 561 manat ümumi çəkiyə bölünür və kimə nə qədər düşərsə o ödənilir. Müqavilədə anbar xərci olarsa hesablaşma qaydası 3-cü bənd 3.2. hissədə razılaşa vardır. Öncədən ödənilən qaimələrdə də belə məqamlar var idi. Broker öz cibindən ödənişi edir daha sonra çeki təqdim edir və ödənişi cavabdehdən tələb edir. Əlavə xərclərlə bağlı bütün qəbzlər cavabdehə təqdim edilib və indiyənə kimi belə problem yaşanmadığı üçün həmin qəbzlərin surətini iddiaçı özündə saxlamayıb. Amma hamıya bəllidir ki, əgər tır gömrüyə daxil olursa, anbar və digər xərclər yaranır, onlar ödənilmədikdə, tır çıxarıla bilməz. Bugünə kimi cavabdehə göstərilən xitmətlərdə cavabdeh o cür əlavə xərcləri mübahisəsiz ödəmişdir. Və həmin xərclərin xəcmi tərəflər arasında hər-hansı formada razılaşdırılmırdı, xərcin məbləği müəyyən olunurdu, sonradan cavabdeh ödənişlər edirdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi sonuncu etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın qismən qəbul etdiyini, əlavə xərclər (anbar və s.) hissəsində cavabdeh tərəfindən hər-hansı sifariş və həmin xərclərin razılaşdırılması olmadığı üçün həmin hissədə iddianı qəbul etmədiyini bildirərək, 1065 manat çıxıldıqdan sonra qalan hissədə iddianın rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21-71 saylı müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib Təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, Təmsilçi isə Sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi Təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu Müqaviləyə əlavə edilmiş 01№-li protokolda (“Protokol №01“) göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu və ya nağd şəkildə ödəməlidir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokol №01-də (əlavə olunur).
12. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:
13. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə bank köçürməsi yolu və ya nağd şəkildə ödəmək;
14. Müqavilənin 2.2.2-cibəndinə əsasən Bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri, malı müşayiət edən və digər sənədləri (qaimə, xarici ticarət müqaviləsi, spesifikasiyalar, hesab-faktura və s.)( həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda icazələr, lisenziyalar, sertifikatlar və gömrük məqsədləri üçün lazım olan digər sənədləri Təmsilçiyə təqdim etmək;
15. Müqavilənin 3.1-ci bəndinə əsasən X1 əlavə Protokol № 01-də göstərdiyi xidmət növünə əsasən hesab faktura təqdim edir, ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 7 (yeddi) iş günü ərzində köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir.
16. Müqavilənin 3.2-ci bəndinə əsasən Təmsilçinin göstərəcəyi əlavə xidmətlər Sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir.
17. Müqavilənin 3.3-cü bəndinə əsasən Təmsilçi kontragent tariflər dəyişdirildiyi halda Müqaviləyə edilmiş əlavədə göstərilən qiymətləri ikitərəfli razılıq əsasında dəyişdirmək hüququnu özündə saxlayır.
18. Müqavilənin 3.4-cü bəndinə əsasən göstərilən xidmət və onların haqqı Müqaviləyə əlavə Protokol № 01-də öz əksini tapır (əlavə olunur).
19. xx.xx.2021-ci il tarixli, 21-71 saylı müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən qısa və gömrük bəyannaməsinin tərtibi 1 ədədinin məbləği 35 manat və gömrük bəyannaməsinin rəsmiləşdirilməsinin 1 ədədi 150 manat müəyyən edilmiş və tərəflər arasında razılaşdırılmışdır.
20. 22.04.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən cavabdeh MMC tərəfindən iddiaçı şirkətin hesabına 613 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 1181,2 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 598 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 1232.4 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 1848,6 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 2014,3 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 2897,4 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 597 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 651 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 729,4 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 2423,2 manat məbləğində ödənişlər edilmişdir.
21. Gömrük xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli 72/30 saylı hesabfakturaya əsasən ödəniləcək məbləğ 730,70 manat, eyni tarixli 72/31 saylı hesabfakturaya əsasən ödəniləcək məbləğ 730,70 manat, xx.xx.2024-cü il tarixli 72/32 saylı hesab-fakturaya əsasən ödəniləcək məbləğ 2603,20 manat, eyni tarixli 72/33 saylı hesabfakturaya əsasən ödəniləcək məbləğ 316 manat, eyni tarixli 72/334 saylı hesab-fakturaya əsasən ödəniləcək məbləğ 347 manat müəyyən edilmişdir.
22. İddiaçı tərəfindən 1461,4 manatlıq xidmətə fair xx.xx.2024-cü il tarixli MT**********15 saylı, 2603 manatlıq xidmətə dair xx.xx.2024-cü il tarixli, MT**********3 saylı, 316 manatlıq xidmətə dair MT**********77 saylı, 347 manatlıq xidmətə dair MT**********03 saylı e-qaimələr göndərilmişdir.
23. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
24. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə broker xidmətlərinə görə cavabdehin ona 4727,60 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya qismən etiraz edərək bildirir ki, broker xidmətləri göstərilmişdir, həmin xidmətlərin dəyəri üzrə borcun yaranmasını qəbul edir, lakin əlavə xərcləri (anbar xərci və sair) qəbul etmirlər, çünki həmin xərcləri təsdiq edən sənədlər mövcüd deyil. Lakin, məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, cavabdeh tərəf bildirsə də ki, əvvəllər iddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair əlavə xərclər razılaşdırılırdı və iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra ödənilirdi, lakin məhkəməyə nümunə olaraq (tərəflər arasında formalaşmış işgüzar münasibətə dair) həmin sənədlərdən hərhansını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim edilən bütün sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ətraflı (hər bir xərcin məbləği ayrı-ayrılıqda göstərilməklə) invoys və e-qaimə göndərilirdi və həmin sənədlər əsasında cavabdeh tərəfindən ödənişlər edilirdi. Və əvvəllər ödənilmiş invoys və eqaimələri hazırda mübahisələndirilən invoys və e-qaimələr ilə müqaisələndirəndə əlavə xərclərdə (anbar və sair) kəskin fərgin mövcudluğu belə müəyyən edilmir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
27. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.
30. 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
31. 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
32. 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir.
33. İddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair qaimələr və qismən ödənişləri təsdiq edən hesabdan çıxarışı sübut qismində məhkəməyə təqdim etmişdir.
34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
36. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
37. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
38. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
39. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
40. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Hətda e-qaimə sistem tərəfindən təsdiq ediləndən sonra cavabdeh tərəfindən hazırda mübahisələndirdiyi əlavə xərclərə dair pretenziya/yazılı etiraz ilə iddiaçıya müraciət edilməsi iş materialları ilə müəyyən edilmir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
43. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir və cavabdeh tərəfindən edilmiş qismən ödənişlərin təyinatı da məhz e-qaimələr göstərilmişdir. Yəni, tərəflər arasında yaranmış işgüzar münasibətlər e-qaimələrin təqdim edilməsi və qaimələr üzrə ödənişlərin həyata keçirilməsi qaydasında formalaşmışdır.
44. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 4727,60 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
45. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, hazırkı iş üzrə 67,50 manat məbləğində dövlət rüsumu xərci və 500 manat məbləğində hüquqi xidmətə görə iddiaçı tərəfindən ödəniş edilmişdir.
46. MPM-in:
47. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
49. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 67,50 manat məbləğində pul vəsaiti və 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 02 dekabr 2021-ci il tarixli 21-71-23 saylı gömrük təmsilçiliyinə dair xidməti müqaviləsi üzrə 4727,60 (dörd min yeddi yüz iyirmi yeddi manat altmış qəpik) manat əsas borc, vəkil xərcinin əvəzi olaraq 500 (beş yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 67,50 (altmış yeddi manat əlli qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova