Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1205/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc məbləği qismində 7880 manat, ümumi məbləğə görə hesablanmış dövlət rüsumu qismində 98,8 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və “4 X1” MMC arasında 10 noyabr 2023-cü ildə iaşə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı cavabdehin sifarişi əsasında onun qonaqlarına iddiaçının Bakı şəhəri Xətai prospekti 51 ünvanında yerləşən “Günaydın” restoranında iaşə xidmətləri, yeməklə təmin etmişdir. Müqavilənin şərtlərinə əsasən xidmətlər göstərildikdən sonra e-qaimə kəsilir və 5 bank günü ərzində ödəniş olunmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehə 7 ədəd e-qaimə kəsilsə də, e-qaimə üzrə ödənişlər bu günə qədər yerinə yetirilməmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilən xidmətlərin dəyəri cavabdeh tərəfindən mütəmadi gecikdirilmiş və bununla bağlı iddiaçı dəfələrlə cavabdehə öz iradını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilən xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, lakin dəyəri iddiaçıya ödənilməmişdir. Təqdim edilən xidmətlərin e-qaimələri bu iddia ərizəsinə əlavə edilir. Beləliklə, razılıq əsasında nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra edilsə də, cavabdeh qəbul etdiyi xidmətin dəyərini ödəməmiş, bununla da öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Hazırda icra edilməmiş öhdəliklər üzrə cavabdehin iddiaçıya 7880 manat məbləğində borcu mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı tərəf məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini göstərmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11/01 nömrəli xidmət müqaviləsinin 2-ci bəndinə görə icraçı sifarişçinin qonaqlarına “Günaydın” restoranında ictimai iaşə xidmət təşkil edir.
9. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçi müqavilə dəyərinin 100%-ni icraçının təqdim etdiyi elektron hesab-faktranın əsasında 5 bank günü ərzində ödəyir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2407 11317555 nömrəli 416 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 187851 nömrəli 2613,05 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBZD 849397 nömrəli 1691,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT 2405 10750538 nömrəli 110 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 426350 nömrəli 318 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 094817 nömrəli 1399 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 938611 nömrəli 533 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 111572 nörəli 800 manat (ümumilikdə 7880,65 manat) məbləğində elektron qaimələr təqdim olunmuşdur.
11. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışa görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən cavabdehə cəmi 5335 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
12. İddiaçının cari hesabından çıxarışa görə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya 5335 manat məbləğində ödəniş edilmişdir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin hazırkı tələbi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11/01 nömrəli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 11/01 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qalıq 7880 manat məbləğində pul iddiaçıya ödənilməmişdir.
22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2023-cü il tarixli, 11/01 nömrəli podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7880 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7880 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 98,80 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7880 manat məbləğində pul, 98,80 manat dövlət rüsumu, ümumilikdə 7978,80 (yeddi min doqquz yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova