Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1210/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətləri üçün 89334,8 manat əsas borcun, 57545,21 manat cərimə məbləğinin və ödənilmiş 438,88 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 18 aprel 2017-ci il tarixində 004/323/m nömrəli və 31 yanvar 2020-ci il tarixində 004/501/m nömrəli, bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair isə 16 yanvar 2018-ci il tarixli 004/289-1/m nömrəli müqavilələr bağlanmışdır. 1 iyul 2024-cü il tarixində əvvəlki müqavilələr xitam edilməklə və həmin müqavilələr üzrə yaranmış borc öhdəlikləri ötürülməklə yeni ********** nömrəli müqavilə bağlanmış və tərəflər arasındakı münasibətlər bu müqavilə əsasında davam etdirilmişdir. 2.2. Müqavilənin 3.3-cü bəndinə əsasən zərərsizləşdirmə xidmətlərinin qiyməti məişət tullantıları üzrə Tarif (Qiymət) Şurasının 29 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarına əsasən ƏDV daxil 16,40 manat, süpürüntü və daş kəsəkdən ibarət qarışıq tullantılar üzrə iddiaçının təyin etdiyi tarifə əsasən ƏDV daxil 17 manat, müqavilənin 1.2-ci bəndində göstərilən digər tullantılar üzrə ƏDV daxil 100 manat müəyyən edilmişdir. Müqavilənin 3.4cü bəndinə əsasən tullantıların boşaldılması xidmətlərinin qiyməti 1 ton tullantının boşaldılması üçün ƏDV daxil olmaqla 15 manat müəyyən edilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən 1 tullantı daşıyan avtomobilə yuma xidmətlərinin qiyməti ƏDV daxil olmaqla 3 manat müəyyən edilmişdir. Müqavilənin 3.9-cu bəndinə əsasən xidmət haqqı göstərilmiş xidmətlərin həcminə uyğun təqdim olunmuş müvafiq ödəniş sənədi əsasında, həmin sənəd təqdim olunduğu tarixdən etibarən 20 bank günü ərzində ödənilməlidir. 2.3. Cavabdehə müqavilə üzrə göstərilmiş, lakin cavabdeh tərəfindən dəyəri ödənilməmiş xidmətlərin dəyəri 27 noyabr 2024-cü il tarixinə 89334,80 manat təşkil etmişdir. Cavabdehlə bağlanılan 1 iyul 2024-cü il tarixli ********** nömrəli müqavilənin 3.1ci bəndinə əsasən cavabdeh eyni predmetli əvvəlki müqavilələr üzrə yaranmış və ödənilməmiş 83969,15 manat məbləğində borc məbləğinin böyük hissəsinin mövcudluğunu yeni bağlanılan müqavilə ilə təsdiqləmiş və bu məbləğin ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklərin tam şəkildə həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş və müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri indiyədək tam ödənilməmişdir. Cavabdehə yaranmış borc məbləğinin davamlı şəkildə olmaqla hissəhissə ödənilməsi üçün imkanlar yaradılsa da, cavabdeh verdiyi vədlərini yerinə yetirməmişdir. Tərəflər arasında yaranan mübahisənin ilk növbədə məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə poçt vasitəsilə hüquqi və faktiki ünvanlarına, habelə onlayn kargüzarlıq sistemi vasitəsilə yazılı qaydada müraciətlər edilmiş və borc məbləğinin 10 gün ərzində tam şəkildə ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən müraciətlərin hər birinin rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, müraciətlər cavablandırılmamış və borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Nəticə etibarilə, tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həlli mümkünsüz olmuş və mübahisənin hüquqi müstəvidə həllinə zərurət yaranmışdır. 2.4. Tərəflər arasında imzalanaraq möhürlə təsdiqlənən 11 iyul 2024-cü il tarixli üzləşdirmə aktına əsasən cavabdehin iddiaçıya olan ümumi borcunun 83969,15 manat məbləğində olan hissəsi bir daha təsdiq edilmişdir. Bundan əlavə, müqavilənin 3.11-ci bəndinə əsasən sifarişçi xidmət haqqını müqavilənin 3.9-cu bəndində göstərilən vaxtda ödəmədikdə hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0,05% həcmində icraçı tərəfindən cərimə hesablanır. Müqavilənin qeyd olunan bəndinin tələbinə əsasən 27 noyabr 2024-cü il tarixinədək cavabdeh tərəfindən öhdəliyin vaxtında və lazımınca icra edilmədiyi yubadılmış 2975 gün üçün 57545,21 manat məbləğində cərimə hesablanmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 430, 465.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin ediməsini xahiş etdi.
6. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yazılı izahat təqdim edərək göstərmişdir ki: – iddiaçı ilə cavabdeh arasında təsdiqlənmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə aktında cavabdehin 1 iyul 2024-cü il tarixində özünün “AZ51PAHA40060AZNHC**********” nömrəli bank hesabı vasitəsilə “**********5/798835822” nömrəli ödəniş sənədinə əsasən etdiyi 1838,51 manat məbləğində ödəniş bankın ödəniş sistemi və ya müəssisədaxili uçot sistemində baş verən texniki xəta səbəbindən 2 dəfə təkrarlanmış, yəni cavabdehin 3677,02 manat ödəniş etməsi görüntüsü yaranmışdır. Üzləşdirmə aktı ödəniş edildiyi tarixdən qısa müddət sonra imzalandığından həmin texniki xətanı obyektiv səbəblərdən aşkar etmək mümkün olmamışdır. İddiaçının cari hesabının olduğu "xxxx" ASC tərəfindən verilən iyul ayı üzrə cari hesaba daxil olmuş vəsaitlərə dair çıxarışa əsasən cavabdeh tərəfindən iyul ayı ərzində 1 dəfəyə olmaqla 1838,51 manat məbləğində ödənişin edildiyi tam aydın olur. Əlavə olunan çıxarışa əsasən cavabdehin iyul ayında başqa ödəniş etmədiyi məlum olur. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən göstərilən xidmətlər üzrə ödənişlər müvafiq qanunvericiliyə uyğun olaraq ödəmə terminalları və ya bank köçürməsi yolu ilə ancaq nağdsız qaydada qəbul edilir. – Bundan əlavə, cavabdehə 2021-cı ilin sentyabr ayının 29 və 30-da istifadəyə yararsız yeyinti və içki məhsullarının zərərsizləşdirilməsi xidmətləri göstərilmiş və EBBK 830205 nömrəli xx.xx.2021-ci il tarixli təsdiqlənmiş elektron qaimə-fakturaya əsasən xidmət haqqı ƏDV daxil 942 manat təşkil etmişdir. Lakin qeyd edilən qaimə üzrə göstərilən xidmət haqqı iddiaçının müəssisədaxili mühasibat uçotu proqramı olan “1C”-yə sonradan – xx.xx.2024 tarixində əlavə edilmiş və bu səbəblə xx.xx.2024-cü il tarixli üzləşdirmə aktında bu məbləğ nəzərə alınmamışdır. – Qeyd olunanlara əsasən, xx.xx.2024-cü il tarixli üzləşdirmə aktı ilə təsdiqlənən 83969,15 manat borc məbləğinə əlavə olaraq texniki xəta səbəbindən iyul ayında ödənilmiş kimi göstərilən 3677,02 manat vəsaitin əslində ödənilməyən 1838,51 manat hissəsi, 2021-ci ildə göstərilmiş, cavabdehin müştəri hesabına xx.xx.2024-cü il tarixində ödənilməmiş borc məbləği kimi əlavə edilmiş EBBK 830205 nömrəli xx.xx.2021-ci il tarixli təsdiqlənmiş elektron qaimə-faktura üzrə ƏDV daxil 942 manat, həmçinin üzləşdirmə aktından sonrakı tarixdə göstərilmiş xidmətlər üzrə MT2407 11878057 nömrəli xx.xx.2024cü il tarixli elektron qaimə-faktura üzrə ƏDV daxil 734 manat, MT2409 10085573 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura üzrə ƏDV daxil 424 manat, MT2409 10770684 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura üzrə ƏDV daxil 494,56 manat, MT2409 10772987 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura üzrə ƏDV daxil 890,08 manat, MT2410 10105488 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməfaktura üzrə ƏDV daxil 42,5 manat məbləğləri əlavə edildikdə cavabdehdən tələb edilən iddia məbləği olan 89334,80 manat dəqiq olaraq tamamlanır. Qeyd olunan məbləğlərin riyazi üsulla toplanaraq hesablanması: 83969,15+1838,51+942+734+424+494,56+890,08+42,5 = 89334,80.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi iddia tələbini EBBK 830205 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 972 manat hissəsində müdafiə etmədiklərini bildirdi.
8. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqavilələri üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 18 aprel 2017-ci il tarixli 004/323/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtlərindən görünür ki, İcraçı Sifarişçinin sifarişi əsasında, sonuncu tərəfindən icraçının təyin etdiyi yerə daşınan qarışıq tullantıların özünə məxsus Poliqonda basdırılma üsulu ilə yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin, həmçinin tullantıları boşaltdıqdan sonra tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür (1.1). Sifarişçi isə xidmətləri təhvil almağı və onların dəyərini İcraçıya ödəməyi öz öhdəsinə götürür (1.2). Zərərsizləşdirmək üçün təhvil verilən tullantıların həcmi icraçıya məxsus təsərrüfat sahəsində tərəzi ilə çəkilərək fakt üzrə təhvil alınır (2.1). Zərərsizləşdirmə xidmətlərinin qiyməti 1 (bir) ton üçün ƏDV daxil olmaqla 10 (on) manat müəyyən edilir (2.2). 1 (bir) tullantı daşıyan maşına yuma xidmətlərinin qiyməti ƏDV daxil olmaqla 3 (üç) manat müəyyən edilir. Müqavilənin 2.2 və 2.3-cü bəndlərində göstərilən qiymətlər müqavilədə birlikdə “Xidmət haqqı” adlandırılacaq (2.3). Sifarişçi tərəfindən gətirilən tullantıların həcmi 1 (bir) tondan az olduqda - faktiki tullantıların həcmi 1 (bir) ton olaraq qəbul ediləcək və bu Müqavilənin 2.2-ci bəndində qeyd olunan Xidmət haqqı hesablanacaqdır (2.4). Xidmət haqqı qəbul edilmiş Tullantıların həcminə uyğun olaraq Tullantıların İcraçıya təhvil verildiyi tarixdən etibarən 5 (beş) bank günü ərzində köçürmə yolu ilə İcraçıya ödənilməlidir (2.5).
13. Həmin müqaviləyə 01 oktyabr 2021-ci il tarixli 01 nömrəli əlavənin şərtlərindən görünür ki, müqavilənin 2.2-ci bəndi aşağıdakı məzmunda yeni redaksiyada müəyyən edilir: zərərsizləşdirmə xidmətlərinin qiyməti 1 (bir) ton tullantı üçün ƏDV daxil olmaqla 7 (yeddi) manat müəyyən edilir (1-ci bənd).
14. İş materiallarında olan iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 16 yanvar 2018-ci il tarixli 004/289-1/m nömrəli bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtlərindən görünür ki, İcraçı özünə məxsus poliqonda Sifarişçiyə sonuncu tərəfindən daşınan məişət- təsərrüfat tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin, həmçinin tullantıları boşaltdıqdan sonra tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin göstərilməsini təmin edir (1.1). Tərəflər təsdiq edir ki, aralarında 26 iyul 2016-ci il tarixində bağlanmış bərk məişət tulantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 004/289/m nömrəli müqavilə üzrə Sifarişçinin icraçıya 11 794,76 dəyərində borc öhdəliyi qalmışdır və Sifarişçi həmin borcun ödənilməsini öz öhdəsinə götürür (3.1). Həcmindən asılı olaraq müqavilənin qüvvədə olma müddətində poliqona daşınacaq tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi fakt üzrə hesablanır (3.2). Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən Tullantıların zərərsizləşdirmə xidmətlərinin qiyməti 1 (bir) ton üçün ƏDV ilə birlikdə 5,5 (beş manat əlli qəpik) manat təşkil edir (3.3). 1 (bir) tullantı daşıyan maşına yuma və dezinfeksiya xidmətlərinin qiyməti ƏDV daxil olmaqla 3,0 (üç) manat təyin edilir. Müqavilənin 3.3 və 3.4-cü bəndlərində göstərilən qiymətlər müqavilədə birlikdə xidmət haqqı adlandırılacaq (3.4). Yanacaq sürtkü materiallarının, ehtiyat hissələrinin, enerji daşıyıcılarının, sair kommunal xərclərinin qiymətində, tullantıların zərərsizləşdirilməsinin dövlət tərəfindən tənzimlənən tariflərinə dəyişikliklər edildikdə və ya digər əsaslı dəlillər olduqda İcraçı Sifarişçiyə məlumat verməklə birtərəfli qaydada Xidmətlərin tariflərini dəyişdirə bilər (3.5). Xidmət haqqı hər ay üçün həmin ay ərzində faktiki göstərilmiş zərərsizləşdirmə xidmətləri və yuma xidmətlərinin həcminə uyğun təqdim olunmuş müvafiq ödəniş sənədi əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödənilməlidir (3.6). Xidmət haqqının ödənilməsi Sifarişçi tərəfindən köçürmə yolu ilə həyata keçirilir (3.7).
15. Məhkəməyə təqdim edilən iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 004/501/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtlərindən görünür ki, İcraçı Sifarişçinin sifarişi əsasında, sonuncu tərəfindən İcraçının təyin etdiyi yerə daşınmaqla istifadəyə yararsız ofis sənədlərinin özünəməxsus təsərrüfat sahəsində müvafiq üsulla zərərsizləşdirilmə xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür (1.1). Sifarişçi isə xidmətləri təhvil almağı və onların haqqını Müqavilənin 2-ci maddəsində göstərilən qaydada İcraçıya ödəməyi öz öhdəsinə götürür (1.2). Zərərsizləşdirmək üçün təhvil verilən Tullantıların həcmi hər dəfə İcraçıya məxsus təsərrüfat sahəsində tərəzi ilə çəkilərək fakt üzrə təhvil alınır (2.1). Xidmətlərin qiyməti 1 (bir) ton üçün ƏDV daxil olmaqla 120 (yüz iyirmi) manat təşkil edir (2.2). Sifarişçi tərəfindən gətirilən Tullantıların həcmi 1 (bir) tondan az olduqda - faktiki tullantıların həcmi 1 (bir) ton olaraq qəbul ediləcək və bu Müqavilənin 2.2-ci bəndində qeyd olunan xidmət haqqı hesablanacaqdır (2.3). Yanacaq sürtkü materiallarının, ehtiyat hissələrinin, enerji daşıyıcılarının, sair kommunal xərclərinin qiymətində, tullantıların zərərsizləşdırilməsinin dövlət tərəfindən tənzimlənən tariflərinə dəyişikliklər edildikdə və ya digər əsaslı dəlillər olduqda İcraçı Sifarişçiyə məlumat verməklə birtərəfli qaydada Xidmətin tarifini dəyişdirə bilər (2.4). Xidmət haqqı qəbul edilmiş Tullantıların həcminə uyğun olaraq Tullantıların İcraçıya təhvil verildiyi tarixdən etibarən 5 (beş) bank günü ərzində köçürmə yolu ilə İcraçıya ödənilməlidir (2.5).
16. Həmin müqaviləyə 12 fevral 2021-ci il tarixli 01 nömrəli əlavənin şərtlərindən görünür ki, müqavilənin 1.1-ci bəndində “ofis sənədlərinin” sözlərindən sonra “, plastik bank kartlarının, sim kartların və digər tullantıların” sözləri ilə əvəz edilir (1-ci bənd). Müqavilənin 2.2-ci bəndi yeni redaksiyada aşağıdakı kimi müəyyən edilir: “2.2. Xidmətlərin qiyməti (“Xidmət haqqı") 1 (bir) ton üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.1. ofis sənədləri, plastik bank kartları və sim kartlar üzrə - ƏDV daxil olmaqla 120 (yüz iyirmi) manat; 2.2.2. digər tullantılar üzrə - ƏDV daxil olmaqla 100 (yüz) manat”.
17. Həmin müqaviləyə 26 oktyabr 2022-ci il tarixli 02 nömrəli əlavədən görünür ki, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada aşağıdakı kimi müəyyən edilir (1-ci bənd): “1.1. İcraçı hər dəfə Sifarişçinin sifarişi əsasında, sonuncu tərəfindən İcraçının təyin etdiyi yerə daşınmaqla istifadəyə yararsız vəziyyətə düşmüş ofis sənədlərinin, plastik bank kartlarının, sim-kartların və digər tullantıların özünəməxsus təsərrüfat sahəsində müvafiq üsul ilə zərərsizləşdirilməsi xidmətlərinin, həmçinin Tullantıları boşaltdıqdan sonra Tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür”. Müqavilənin 2-ci maddəsi yeni redaksiyada aşağıdakı kimi müəyyən edilir (2-ci bənd): Zərərsizləşdirmək üçün təhvil verilən Tullantıların həcmi hər dəfə İcraçıya məxsus təsərrüfat sahəsində tərəzi ilə çəkilərək fakt üzrə zərərsizləşdirmə aktı əsasında təhvil alınır (2.1). Zərərsizləşdirmə xidmətlərinin qiyməti 1 (bir) ton Tullantı üçün aşağıdakı kimi müəyyən edilir: ofis sənədləri, plastik bank kartları və sim-kartlar üzrə - ƏDV daxil olmaqla 120 (yüz iyirmi) manat; digər tullantılar üzrə - ƏDV daxil olmaqla 100 (yüz) manat (2.2). 1 (bir) tullantı daşıyan maşına Yuma xidmətlərinin qiyməti ƏDV daxil olmaqla 3 (üç) manat təyin edilir (2.3). Sifarişçi tərəfindən gətirilən Tullantıların həcmi 1 (bir) tondan az olduqda faktiki Tullantıların həcmi 1 (bir) ton olaraq qəbul ediləcək və bu Müqavilənin 2.2-ci bəndində qeyd olunan zərərsizləşdirmə haqqı hesablanacaqdır. Müqavilənin 2.2. və 2.3-cü bəndlərində göstərilən qiymətlər Müqavilədə birlikdə “Xidmət haqqı” adlandırılacaq (2.4). Yanacaq sürtkü materiallarının, ehtiyat hissələrinin, enerji daşıyıcılarının, sair kommunal xərclərin dövlət tərəfindən tənzimlənən tariflərinə dəyişikliklər edildikdə və ya digər əsaslı dəlillər olduqda İcraçı Sifarişçiyə məlumat verməklə birtərəfli qaydada Xidmətin tarifini dəyişdirə bilər (2.5). Xidmət haqqı qəbul edilmiş Tullantıların həcminə uyğun olaraq Tullantıların İcraçıya təhvil verildiyi tarixdən etibarən 5 (beş) bank günü ərzində köçürmə yolu ilə İcraçıya ödənilməlidir (2.6).
18. Məhkəməyə təqdim edilən iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 01 iyul 2024-cü il tarixli ********** nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtlərindən görünür ki, İcraçı hər dəfə Sifarişçinin sifarişi əsasında, sonuncu tərəfindən İcraçının təyin etdiyi yerə daşınmaqla kənarlaşdırılmış maddə və əşyaların özünəməxsus təsərrüfat sahəsində müvafiq üsul ilə zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür (1.1). Sifarişçi tərəfindən zərərsizləşdirmək üçün aşağıdakı növlər üzrə Tullantılar təhvil veriləcəkdir: məişət tullantıları (bərk məişət tullantıları); süpürüntü və daş kəsəkdən ibarət qarışıq tullantılar; istifadə müddəti bitmiş və/və ya istifadəyə yararsız vəziyyətə düşmüş qida məhsullarından ibarət tullantılar; istifadəyə yararsız vəziyyətə düşmüş plastik bank kartları, sim-kartlar və ofis sənədləri (1.2). Sifarişçinin əlavə sifarişi əsasında İcraçı tərəfindən aşağıdakı xidmətlər də göstəriləcəkdir (1.3): Sifarişçi tərəfindən təhvil verilən Tullantıların İcraçı tərəfindən özünəməxsus təsərrüfat sahəsində boşaldılması xidmətləri; tullantıları boşaltdıqdan sonra Tullantı daşıyan avtomobillərin yuyulması və dezinfeksiyası xidmətləri. Sifarişçi icraçı tərəfindən göstərilən xidmətləri təhvil almağı və onların haqqını bu Müqavilənin şərtlərinə əsasən sonuncuya ödəməyi öz öhdəsinə götürür (1.4). Tərəflər təsdiq edir ki, aralarında 16 yanvar 2018-ci il tarixində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərin göstərilməsinə dair 004/289-1/m nömrəli, tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 18 aprel 2017-ci il tarixində 004/323/m nömrəli və 31 yanvar 2020-ci il tarixində 004/501/m nömrəli müqavilələr bağlanmışdır və bu müqavilənin imzalandığı tarixə qədər olan dövr üzrə Sifarişçinin İcraçıya ümumilikdə 83969,15 manat məbləğində yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır və Sifarişçi həmin borcun ödənilməsini öz öhdəsinə götürür (3.1). Zərərsizləşdirmək üçün təhvil verilən Tullantıların çəkisi hər dəfə İcraçıya məxsus təsərrüfat sahəsində tərəzi ilə çəkilərək fakt üzrə zərərsizləşdirmə aktı əsasında təhvil alınır (3.2). Zərərsizləşdirmə xidmətlərinin qiyməti təhvil verilən hər növ üzrə 1 (bir) ton Tullantı üçün ƏDV daxil olmaqla aşağıdakı kimi müəyyən edilir (3.3): məişət tullantıları üzrə - Tarif (Qiymət) Şurasının 29 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarına əsasən 16,40 (on altı manat qırx qəpik) manat; süpürüntü və daş kəsəkdən ibarət qarışıq tullantılar üzrə - 17 (on yeddi) manat; müqavilənin 1.2-ci bəndində göstərilən digər tullantılar üzrə - 100 (yüz) manat. Boşaltma xidmətlərinin qiyməti 1 (bir) ton Tullantının boşaldılması üçün ƏDV daxil olmaqla 15 (on beş) manat müəyyən edilir (3.4). 1 (bir) Tullantı daşıyan avtomobilə Yuma xidmətlərinin qiyməti ƏDV daxil olmaqla 3 (üç) manat müəyyən edilir (3.5). Müqavilənin 3.3 – 3.5. bəndlərində göstərilən qiymətlər Müqavilədə birlikdə “Xidmət haqqı" adlandırılacaq (3.6). Zərərsizləşdirilmək üçün gətirilən Tullantıların (məişət tullantıları istisna olmaqla) çəkisi 1 (bir) tondan az olduqda Zərərsizləşdirmə xidmətlərinə görə faktiki çəki 1 (bir) ton olaraq, məişət tullantıları və Boşaltma xidmətlərinə görə isə faktiki çəki olduğu kimi qəbul ediləcək və müvafiq Xidmət haqqı hesablanacaqdır (3.7). Yanacaq sürtkü materiallarının, ehtiyat hissələrinin, enerji daşıyıcılarının, sair kommunal xərclərinin qiymətində, zərərsizləşdirmə xidmətlərinin dövlət tərəfindən tənzimlənən tariflərinə dəyişikliklər edildikdə və ya digər əsaslı dəlillər olduqda İcraçı Sifarişçiyə məlumat verməklə birtərəfli qaydada Xidmətin tarifini dəyişdirə bilər (3.8). Xidmət haqqı göstərilmiş xidmətlərin həcminə uyğun təqdim olunmuş müvafiq ödəniş sənədi əsasında, həmin sənəd təqdim olunduğu tarixdən etibarən 20 (iyirmi) bank günü ərzində ödənilməlidir (3.9). Xidmət haqqının ödənilməsi Sifarişçi tərəfindən köçürmə yolu ilə həyata keçirilir (3.10).
19. İş materiallarında olan hər iki tərəfin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər borcların üzləşdirilməsi aparılmış, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə borcu ƏDV daxil 63759,69 manat, xx.xx.2023-cü il tarixə borcu ƏDV daxil 72485,95 manat, xx.xx.2024-cü il tarixə borcu ƏDV daxil 83969,15 manat olaraq təsdiq edilmişdir.
20. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixdən sonra göstərilmiş xidmətlərlə bağlı tərtib edilmiş elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli MT2407 11878057 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 734 manat, xx.xx.2024-cü il tarixli MT2409 10085573 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 424,0002 manat, xx.xx.2024-cü il tarixli MT2409 10772987 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 890,0811 manat, xx.xx.2024-cü il tarixli MT2409 10770684 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 494,5601 manat, xx.xx.2024-cü il tarixli MT2410 10105488 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 42,5001 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 2585,14 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı cavabdehə təqdim edilmişdir.
21. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixli MT2407 11878057, xx.xx.2024-cü il tarixli MT2409 10085573, xx.xx.2024-cü il tarixli MT2409 10772987, xx.xx.2024-cü il tarixli MT2409 10770684 və xx.xx.2024-cü il tarixli MT2410 10105488 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki: – iddiaçı ilə cavabdeh arasında 18 aprel 2017-ci il tarixli 004/323/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə, 16 yanvar 2018-ci il tarixli 004/289-1/m nömrəli bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə və 31 yanvar 2020-ci il tarixli 004/501/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsini, cavabdeh isə xidmətləri təhvil almağı və onların haqqını müqavilələrdə göstərilən qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür; – iddiaçı ilə cavabdeh arasında 01 iyul 2024-cü il tarixli ********** nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı hər dəfə cavabdehin sifarişi əsasında, sonuncu tərəfindən iddiaçının təyin etdiyi yerə daşınmaqla kənarlaşdırılmış maddə və əşyaların özünəməxsus təsərrüfat sahəsində müvafiq üsul ilə zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsini, cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri təhvil almağı və onların haqqını müqavilənin şərtlərinə əsasən sonuncuya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə 16 yanvar 2018-ci il tarixində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərin göstərilməsinə dair 004/289-1/m nömrəli, tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 18 aprel 2017-ci il tarixində 004/323/m nömrəli və 31 yanvar 2020-ci il tarixində 004/501/m nömrəli müqavilələr üzrə ümumilikdə 83969,15 manat məbləğində yerinə yetirilməmiş borc öhdəliyi təsdiq edilmişdir; – tərəflər xx.xx.2024-cü il tarixli üzləşdirmə aktı ilə cavabdehin iddiaçıya olan borcunu 83969,15 manat təsdiq etmiş, xx.xx.2024-cü il tarixdən sonra göstərilmiş ümumilikdə ƏDV daxil olmaqla 2585,14 manat dəyərində xidmətlərlə bağlı xx.xx.2024-cü il tarixli MT2407 11878057, xx.xx.2024-cü il tarixli MT2409 10085573, xx.xx.2024-cü il tarixli MT2409 10772987, xx.xx.2024-cü il tarixli MT2409 10770684 və xx.xx.2024-cü il tarixli MT2410 10105488 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmişdir.
23. İddiaçı xx.xx.2024-cü il tarixli üzləşdirmə aktından sonra ümumilikdə ƏDV daxil olmaqla 2585,14 manat dəyərində xidmət göstərildiyi, 2024-cü ilin iyul ayında cavabdeh tərəfindən 1838,51 manat ödəniş edildiyi halda, texniki səhvə yol verilərək xx.xx.2024-cü il tarixli üzləşdirmə aktında həmin ödənişin 2 dəfə nəzərə alınaraq 3677,02 (1838,51x2) manat kimi qeyd edildiyinə istinad edərək iddia ərizəsində 89334,8 manat əsas borcun tutulmasını tələb edir, lakin iddia tələbini 972 manat məbləğində pulun tutulması hissəsində müdafiə etmədiyini bildirir.
24. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
25. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
28. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
29. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 18 aprel 2017-ci il tarixli 004/323/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə, 16 yanvar 2018-ci il tarixli 004/289-1/m nömrəli bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə, 31 yanvar 2020-ci il tarixli 004/501/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə və 01 iyul 2024-cü il tarixli ********** nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilələr xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
34. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
35. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
36. Hazırkı iş üzrə müqavilələrdə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
37. Hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli üzləşdirmə aktının tərtibindən sonra ƏDV daxil olmaqla 2585,14 manat dəyərində xidmət göstərildiyi işin müəyyən olunan halıdır. Lakin üzləşmə aktında texniki yanlışlığın olması ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir.
38. Tərəflər arasında bağlanmış 18 aprel 2017-ci il tarixli 004/323/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə, 16 yanvar 2018-ci il tarixli 004/289-1/m nömrəli bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə, 31 yanvar 2020-ci il tarixli 004/501/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə və 01 iyul 2024-cü il tarixli ********** nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin ödəniş şərtlərində ödənişlərin nağdsız qaydada – köçümə yolu ilə edilməsi şərtləşdirilmişdir.
39. Təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ50AİİB******************** nömrəli hesabından xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, 1838,51 manat məbləğində pul xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya köçürülmüş, həmin ay üçün hər hansı əlavə ödəniş edilməmişdir.
40. Qeyd edilən halın aydınlaşdırılması üçün məhkəmə tərəfindən 12 mart 2025-ci il tarixli məhkəmə bildirişi ilə iddiaçının mövqeyi izah edilərək cavabdehə üzləşmə aktında 2024-cü ilin iyul ayında edilmiş kimi göstərilən 3677,02 manat ödənişin edildiyini təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
41. Belə olan halda, məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli üzləşdirmə aktında texniki xətanın olması ilə bağlı arqumenti ilə razılaşır, üzləşmə aktındakı məbləğin 85807,66 manat olaraq qəbul edilməsini təsdiq edir.
42. Lakin iddiaçı üzləşdirmə aktında əlavə olaraq 972 manat dəyərində xidmətin əks olunmadığını bildirsə də, sonrada həmin hissədə iddiasını müdafiə etmədiyini bildirmişdir. Bu isə dispozitivlik prinsipinə uyğun olaraq həmin hissədə iddianın rədd edilməsinə əsas verir.
43. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 88392,8 (85807,66 manat + 2585,14) manat məbləğində borcu yaranmış, xidmət müqaviləri ilə nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
44. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
45. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
48. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
49. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xidmət müqavilələri üzrə əsas borcun tutulması hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməli, 88392,8 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. b) Xidmət müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı
50. İddia ərizəsində iddiaçı həmçinin 57545,21 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
51. 18 aprel 2017-ci il tarixli 004/323/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin 2.6-cı bəndinə əsasən, əgər Sifarişçi Xidmət haqqını Müqavilənin 2.5-ci bəndində göstərilən müddət ərzində icraçıya ödəməzsə, gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,5% (sıfır tam onda beş faiz) məbləğində cərimə hesablanacaqdır.
52. 16 yanvar 2018-ci il tarixli 004/289-1/m nömrəli bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin 2.12ci bəndinə əsasən, müqavilənin 2.11-ci bəndində göstərilən müddət ərzində Sifarişçi tərəfindən üzləşdirmə aktının lazımi qaydada təsdiqlənmiş nüsxəsi və ya əsaslandırılmış imtina icraçıya təqdim edilməzsə, İcraçı tərəfindən Xidmətlərin göstərilməsi xəbərdarlıq edilmədən dayandırılacaq və Müqavilənin 3.8 bəndində göstərilən cərimədən əlavə təqdim edilmiş müvafiq üzləşdirmə aktında hesablanmış borc məbləğinin 20% (iyirmi) faizi həcmində cərimə hesablanacaqdır.
53. 31 yanvar 2020-ci il tarixli 004/501/m nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin 2.6-cı bəndinə əsasən, əgər sifarişçi Xidmət haqqını Müqavilənin 2.5-ci bəndində göstərilən müddət ərzində İcraçıya ödəməzsə, gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,05% (sıfır tam yüzdə beş faiz) məbləğində cərimə hesablanacaqdır.
54. 01 iyul 2024-cü il tarixli ********** nömrəli tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilənin 3.11-ci bəndinə əsasən, əgər Sifarişçi Xidmət haqqını Müqavilənin 3.9-cu bəndində göstərilən müddət ərzində İcraçıya ödəməzsə, gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,05% (sıfır tam yüzdə beş faiz) həcmində cərimə hesablanacaqdır.
55. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
56. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
57. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
58. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh tərəfindən öhdəlik üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edildiyi halda, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
59. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 5000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
60. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 5000 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
61. İddiaçı həmçinin ödənilmiş 436,88 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
62. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 436,88 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
63. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
64. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 278 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 88392,8 manat əsas borc, 5000 manat cərimə olmaqla ümumilikdə 93392,8 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 278 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova