Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1231/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, İddiaçı MMC-nin vəkili Nümayəndə2, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə ƏDV daxil 6.490 manat borcun, 166,1 manat əldən çıxmış faydanın, 150 manat hüquqi yardım xərcinin, 119,2 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2024-cü il tarixli, M-35/XM/24 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-ə müqavilə üzrə razılaşdırılmış texnika vasitəsilə günü 250 manata olmaqla xidmətlər göstərməli idi. İddiaçı MMC indiyədək cavabdehə özünə məxsus texnika ilə ümumi dəyəri ƏDV daxil 9.735 (doqquz min yeddi yüz otuz beş) manat dəyərində xidmətlər həyata keçirtmişdir. Həmin xidmət müqaviləsi üzrə Cavabdeh QSC tərəfindən xx.xx.2024-cü il tarixdə yalnız bir dəfə xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11444798 nömrəli elektron qaimə üzrə ƏDV daxil 3245 (üç min iki yüz qırx beş) manat ödəniş edilmişdir. Lakin borclunun ərizəçiyə indiyədək göstərilmiş xidmətlərə görə MT2407 seriyalı, 11926951 nömrəli xx.xx.2024-cü il tarixli borclunun məhz özü tərəfindən təsdiq edilmiş elektron qaimə üzrə 5500 (beş min beş yüz) manat əsas, 990 (doqquz yüz doxsan) manat ƏDV olmaqla, cəmi 6490 (altı min dörd yüz doxsan) AZN borcu qalmaqda davam edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 və İddiaçı MMC-nin vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
8. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, xidmət müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişlərinə əsasən, sifarişçi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 3, 14-cü km ünvanında yerləşən dəniz Əməliyyatları Bazasının tikinti sahəsində müqavilələrin əlavələrində göstərilən nəqliyyat vasitələri və texnika ilə xidmət göstərməyi, sifarişçi isə xidməti qəbul edib, xidmətin dəyərini bu müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə icaraçıya ödəməyi öhdəsinə götürmüşlər.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı xidməti öz sərəncamında olan texnika, sürücü/operator ilə birlikdə həyata keçirir.
11. Qeyd edilmiş müqavilənin 1 saylı əlavəsindən görünür ki, katokun günlük xidmət haqqı 250 manat təşkil edir.
12. Qeyd edilmiş əlavənin “a” bəndindən görünür ki, xidmət haqqı texnikanın iş fəaliyyətinə başlama günündən hesablanır. Texnikanın nasazlığı və hər hansı digər səbəbdən texnikanın işləmədiyi günlərə xidmət haqqı hesablanmır.
13. Hazırda iddiaçı cavabdehə 9.735 manat dəyərində xidmətlər həyata keçirdiyini, 3.245 manat ödənildiyini, 6.490 manat ödənilmədiyini bildirir.
14. Cavabdeh tərəf isə, iddiaya etiraz edərək, aprel-may ayları ərzində iddiaçı tərəfindən cəmi 11 gün xidmət göstərildiyini, qeyd edilmiş pulun ödənildiyini, digər günlərdə xidmət göstərilmədiyini, işçinin səhvən 6.490 manat dəyərində elektron qaiməni təsdiqlədiyini və ona görə də, onun intizam məsuliyyətinə cəlb edildiyini bildirir.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmeti iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müvafiq texnika ilə xidmət göstərilməsindən ibarət olmuşdur.
16. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
17. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
18. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
19. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
20. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
23. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli elektron qaimədə qeyd edilmiş 11 gün xidmətin göstərilməsi və göstərilmiş olan 11 gün xidmətə görə pulun ödənilməsi işin mübahisələndirilməyən halıdır. Bu barədə həmçinin, tərəflər arasında 2024-cü ilin aprel ayında katokun qəbul aktı imza edilmişdir.
24. Hazırda işin mübahisələndirilən halı xx.xx.2024-cü il tarixli elektron qaimədə qeyd edilmiş 22 gün üzrə xidmətlərin göstərilməsi ilə bağlıdır.
25. İddiaçı tərəf qeyd edilən elektron qaiməyə istinad edərək, xidmətlərin göstərildiyini bildirir.
26. Cavabdeh tərəf də, yuxarıda qeyd edilmiş etirazın dəlillərini qeyd edərək, xidmətlərin göstərilmədiyini bildirir.
27. Məhkəmə həmçinin qeyd edir ki, işin məhkəmə iclasında müəyyən olunmuş və hər iki tərəfin qəbul etmiş olduğu hal ondan ibarətdir ki, texnika sahədən xx.xx.2024-cü ildə çıxmışdır.
28. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh QSC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC-yə aid olan texnika sahəyə xx.xx.2024-cü il tarixdə gətirilmiş, xx.xx.2024-cü il tarixdə isə aparılmışdır. Texnika ilə xidmət göstərilmiş günlərin ümumi sayı 11 gün, texnikaya verilmiş yanacağın həcmi isə 655 litr olmuşdur.
29. İş materiallarına əlavə edilmiş Ə.Hüseynov adlı şəxs tərəfindən imzalanmış “X7 LLC” başlıqlı cədvəldən görünür ki, texnika 9 gün tam işləmiş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da təmirə dayanmış, xx.xx.2024-cü ildə 15:15-də təmirə dayanmış, xx.xx.2024cü ildə 10:15-11:15-də təmirə dayanmış, xx.xx.2024-cü il tarixdə isə ümumiyyətlə təmirlə bağlı dayanmışdır.
30. Cədvəldən göründüyü kimi, texnika 9 gün tam işləmiş, 3 gün qismən, 1 gün isə ümumiyyətlə işləməmişdir.
31. Qeyd edilmiş cədvəldə Ə.Hüseynovun kim olması soruşulmuş, tərəflər texnikanın operatoru olduğunu bildirmişlər.
32. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş X5 2024-cü ilin aprel ayının əvvəlindən may ayının yarısınadək İddiaçı MMC-yə aid olan texnikanın operatoru olduğunu, təxmini neçə gün işlədiyini dəqiq deyə bilmədiyini, yanacağın Cavabdeh QSC tərəfindən verildiyini, təmir üçün bildirmişdir.
33. Həmçinin Məhkəmə iclasında iddiaçı tərəf texnikanı Xəzər İnşaatdan götürüldüyünü bildirmişdir.
34. İş materiallarına əlavə edilmiş yanacaq paylanma cədvəlindən görünür ki, texnikaya 9 gün yanacaq götürülmüş və bunun 7 günü operator X5 götürmüş və imza etmişdir.
35. Qeyd edilmiş yanacaq paylanma cədvəlindən görünür ki, cəmi 655 (580+75) litr yanacaq verilmişdir.
36. İş materiallarına əlavə edilmiş mübahisəli elektron qaiməni qəbul etmiş Cavabdeh QSC-nin əməkdaşı Daşdəmirov Raminin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o elektron qaiməni yanlışlıqla qəbul etdiyini bildirmişdir.
37. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh QSC-nin direktorunun əmrindən görünür ki, X2 töhmət elan edilmişdir.
38. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş X4 qeyd edilmiş iş üçün İddiaçı MMC ilə Cavabdeh QSC-ni əlaqələndirən şəxs olduğunu, İddiaçı MMC-nin məsul şəxsi ilə dost olduğunu, təxmini neçə gün işlədiyini dəqiq deyə bilmədiyini qeyd etdi.
39. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş X6 Cavabdeh QSC-də mexanik işlədiyini, texnikanı lazım olanda təmir etdiyini, bəzən təmirin öz servisinin əməkdaşları etdiyini, aprel-may ayında cəmi 13-14 gün işlədiyini bildirmişdir.
40. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf texnikanın ödənilmiş olan 11 gündən əlavə, tələb edilən 22 gün üzrə xidmət göstərilməsinə elektron qaimə xaric hər hansı bir sübut təqdim etməmişdir.
41. Bu xüsusda Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında sərgiləmiş olduğu mövqe ondan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
42. Əksinə cavabdeh tərəfin təqdim etmiş cədvəllərdən və şahid ifadələrindən o nəticəyə gəlinir ki, texniki aprel ayının əvvəlindən may ayının14-dək sahədə olsa da, bütün günləri işləməmişdir.
43. Belə ki, əgər işləmiş olsa idi, ağır texnika üçün ən azından ya hər gün, ya da, gün aşırı yanacaq götürülmüş olardı.
44. Tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsindən də, göründüyü kimi, pul ödəmək öhdəliyi ancaq texnikanın işlədiyi günlərə görə ödənilməlidir. Yəni texnikanın sahədə olması onun işlədiyi və qarşı tərəfin də, pul ödəmək öhdəliyi yaranması anlamına gəlməməlidir.
45. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəf əlavə 22 gün texnika ilə xidmət göstərildiyini sübuta yetirə bilməmiş, ona görə də, iddia rədd edilməlidir.
VI. Nəticə:
46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov