Məhkəmə qərarları › İş №e-2-2(113)-1238/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1238/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1238/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 145.239 manat əsas borcun, 8000 manat dəymiş ziyanın, 14.523,90 manat cərimə borcunun, borcun gecikdirilməsinə görə 7.976 manat dəymiş ziyanın, ümumilikdə, 175.738,90 manat pul məbləğinin və ödənilmiş 466 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “X2” MMC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixli, RZA01/015 saylı “ödəniş xidmətlərinin göstərilməsi” və xx.xx.2021-ci il tarixli, RZA01/015/01 saylı “elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilələr imzalanmışdır. xx.xx.2021-ci il tarixli, RZA01/015/01 saylı “elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1-ci maddəsinə əsasən: “1.1“İcraçı” öz texniki avadanlıqları və vəsaiti hesabına, Sifarişçinin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin edir. 1.2. “İcraçı” “Sifarişçi”nin tapşırığı əsasında çıxış edir və sonuncu ona “portmant.az” portalı üzərindən aparılan bütün maliyyə əməliyyatlarının aparılmasını etibar edir.” Həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən “portmanat.az” saytında cavabdehin adına açılmış şəxsi kabinet vasitəsilə “Paşa Bank” tacir kart hesabına avans məbləğlər köçürülmüşdür. Həmin hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsait dəyərində müştərilərdən əldə edilən məbləğlər cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli idi. Lakin, cavabdehin hesabına ödənilmiş 145.239 AZN vəsaiti istifadə etsə də, həmin məbləğlərin ödəniş təyinatı barədə heç bir hesabat, məlumat verməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır. Eyni zamanda, cavabdehin öhdəliyini lazımi qaydada yerinə yetirməməsinə görə iddiaçı müqavilə öhdəliklərini partnyorları (Azərişiq, Azəriqaz, Azərsu, Azəristilik və s.) qarşısında icra edə bilməmiş, buna görə də onlara qarşı borcu yaranmışdır. İddiaçı pis vəziyyətdə qaldığından, həmin borcu ödəmək üçün bankların kredit xətlərindən istifadə edərək 8000 AZN-i partnyorlarına ödəmişdir. Cavabdehdən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni yaranmış borcun qaytarılması tələb edildikdə, o xx.xx.2024-cü il tarixli akt təqdim etmiş, “ümumilikdə, İddiaçı MMC-yə 153.239 AZN borcu olduğunu etiraf etmiş, xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.” Lakin, bugünədək həmin məbləğ iddiaçıya ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC (Ödəniş təşkilatı) Cavabdeh (ödəyici) arasında xx.xx.2019-cu il tarixli RZA01/015 saylı ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

11. Müqavilənin 1-ci bəndinə əsasən ödəniş təşkilatı ödəyicidən onun tapşırığı əsasında, ödəyicinin müvafiq xidmət təchizatçılarına olan borcnunun ödənilməsi məqsədilə, ödəyicidən vəsaitləri qəbul edərək öz ödəniş sistemi və ödəniş alətlərindən istifadə edərək ödəniş xidmətlərini göstərir.

12. Daha sonra İddiaçı MMC (İcraçı) Cavabdeh (sifarişçi) arasında xx.xx.2021-ci il tarixli, RZA01/015/01 saylı elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

13. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” öz texniki avadanlıqları və vəsaiti hesabına, Sifarişçinin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin edir.

14. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmeti iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müvafiq texnikalarla xidmət göstərilməsindən ibarət olmuşdur.

16. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

17. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

18. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

19. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

20. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

23. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə Cavabdeh İddiaçı MMC-yə geri ödənilməyən pul vəsaitinin 145.239 manat olduğunu bildirmiş, akt hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

24. Hazırda da iddiaçı cavabdehin 145.239 manat əsas borcunun qaldığını bildirir.

25. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

26. Belə olan halda Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 145.239 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 7.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir

30. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 7.976 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

31. İş materiallarından görünür ki, qarşılıqlı üzləşmə aktı xx.xx.2024-cü tarixdə, iddia ərizəsi məhkəməyə isə təxmini 4 ay sonra yəni, xx.xx.2024-cü il tarixdə verilmişdir.

32. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 2.420,65 (145.239x5/100=7.261,95 (1 il üçün) 7.261,95/12=605,162 (1 ay üçün) 605,162x4=2.420,65 (4 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə hesab edir ki, iddia dəymiş ziyanın əvəzi olaraq 8.000 manat məbləğin tələb edilməsi hissəsində təmin edilə bilməz.

34. Məhkəmə ilk növbədə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

35. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).

36. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.

37. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

38. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 466 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

39. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun əvəzi olaraq 445,16 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Əsas borc üzrə 145.239 (bir yüz qırx beş min iki yüz otuz doqquz) manat, cərimə borcu üzrə 7.500 (yeddi min beş yüz) manat olmaqla, ümumilikdə 152.739 (bir yüz əlli iki min yeddi yüz otuz doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 2.420 (iki min dörd yüz iyirmi) manat 65 (altmış beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 445 (dörd yüz qırx beş) manat 16 (on altı) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar