Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-124/2024 18.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyət müqaviləsi, iddia müddəti, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2007-ci il tarixli 282 saylı müqavilə üzrə istismar xərcinə görə - 4784.52 manat, enerji təchizatı və kommunal xidmətlərə görə - 3074.33 manat olmaqla cəmi 7858.85 manat debitor borcun və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 100 (yüz) manat tutularaq iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodu ilə cavadeh "xxxx" MMC arasında münasibətlər “Birgə fəaliyət haqqında” bağlanmış 10 may 2007-cu il tarixli, 282 nömrəli müqavilə üzrə (Müqavilə) yaranmışdır. Cavadeh tərəfindən öhdəliklərin vaxtında və tam yerinə yetrilməməsi səbəbi ilə onun xx.xx.2008-ci il tarixə debitor borcu birgə istifadəyə verilmiş əmlakdan əldə edilən gəlirə görə 4784.52 manat və enerji təchizatı və kommunal xərclərə görə xx.xx.2007-ci il tarixə 3074.33 manat olmaqla, cəmi 7858.85 manat təşkil etmişdir. Birgə fəaliyyətdən əldə edilmiş gəlirə, həmçinin enerji təchizatına və kommunal xərclərə görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, “Birgə fəaliyət haqqında” xx.xx.2007-ci il tarixli, 282 nömrəli, Müqavilənin 2.2.5-ci bəndinə əsasən, Cavabdeh MMC hər ay 1093.00 manat istismar xərcini hər ayın əvvəlindən 10 gün müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödəməlidir. Lakin istismar xərci də tam ödənilmədiyindən xx.xx.2008-ci il tarixə cavabdehin Zavoda ƏDV daxil 4784.52 manat debitor borc yaranmışdır. Həmin müqavilənin 2.2.4.-cü bəndinə əsasən, Cavabdeh MMC istifadə edilən su, qaz və elektrik enerjisinin dəyərini mövcud qiymətlərə uyğun olaraq və öz hesabına quraşdırılmış sayğacların göstəricilərinə əsasən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödəməlidir. Lakin enerji təchizatı və kommunal xidmətlər üzrə borc da tam ödənilmədiyindən cavabdehin xx.xx.2007-ci il tarixə iddiaçıya ƏDV daxil 3074.33 manat debitor borcu yaranmışdır. Yekun olaraq müqavilələr üzrə cəmi borc : 4 784.52 manat + 3 074.33 manat = 7 858.85 manat təşkil edir. Müqavilələrin müvafiq tələblərinin icra edilməsinin, eləcə də məsələnin pretenziya qaydasında həll edilməsi imkanından istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsini (kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır) rəhbər tutaraq Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna olan 7858.85 manat borcun cavabdeh tərəfindən 10 (on) gün müddətində tam şəkildə ödənilməsi, ödəniş edilməyəcəyi təqdirdə təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və bununla əlaqədar çəkilən bütün xərcələrin (dövlət rüsumu, cəlb ediləcək peşəkar hüquqi yardım üzrə təqdim edilən xidmət və s.) ödənilməsinin qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC-dən tələb olunacağı tələbi ilə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsinin 1-ci səhifəsinin birinci abzasınnın 5-ci sətrində və 2-ci səhifəsinin birinci abzasınnın 6-ci sətrində “xx.xx.2008” ifadəsi “xx.xx.2007” kimi oxunmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3409/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MMC-dən xx.xx.2007-ci il tarixli 282 saylı müqavilə üzrə istismar xərcinə görə - 4784.52 manat, enerji təchizatı və kommunal xidmətlərə görə - 3074.33 manat olmaqla cəmi 7 858.85 manat borc məbləği və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 100 manat tutularaq iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ödənilməsi qət edilmişdir.
5. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3409/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2-2(113)- 3409/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
6. 08.01.2024-cü il tarixində cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək və iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 282 saylı müqaviləyə əsasən:
11. 1.Müqavilənin predmeti
12. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cəmiyyət zavodun karbon qaza və buxara mövcud olan tələbatını ödəmək üçün bu müqavilədə nəzərdə tutulan şərtlərlə zavodun ərazisində olan “Karbon qazı istehsalı” sahəsinin işləmsini öz vəsaiti və texnologiyalarının hesbaına təmin edir.
13. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndinə göstərilmiş işləri həyata keçirmək üçün zavodun ərazisində yerləşən istehsalat sahəsi və zəruri infrastruktur Cəmiyyətin istifadəsinə verilir.
14. 2.Tərəflərin öhdəlikləri
15. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zavodun öhdəlikləri:
16. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən zavod karbon qazı istehsalı sahəsini, bina və avadanlıqları ilə birlikdə birgə istifadə üçün Cəmiyyətə istifadəyə verir;
17. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən zavod karbon qazı istehsalı sahəsinə aid bütün texniki məlumatları Cəmiyyətə təhvil verir.
18. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən mövcud qiymətlər müqabilində Cəmiyyətə su, qaz, elektrik enerjisi ilə təmin edilməsi üçün tədbirlər görür;
19. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Cəmiyyətin öhdəlikləri:
20. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən karbon qazı istehsalı sahəsini bina və avadanlıqları ilə birlikdə təhvil-təslim aktı əsasında təhvil alır;
21. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən karbon qazı istehsalı sahəsinin işə buraxılması üçün binanın təmiri, lazım olan yeni avadanlıqların alınması, quraşdırılması və təmiri işlərini öz vəsaiti hesabına aparır;
22. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən Cəmiyyət zavodun karbon qaına və buxara olan tələbatını tam şəkildə və ilk növbədə ödəyir;
23. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən istifadə edilən su, qaz, elektrik enerjisinin dəyərini mövcud qiymətlərə uyğun olaraqv öz hesabına quraşdırılmış sayğacların göstəricilərinə əsasən zavoda ödəyir.
24. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən zavod tərəfindən göstərilən kommual və digər xidmətlərə görə hər ay zavoda 1093 manat ödəyir;
25. 3.Hesablaşmalar və xərclərin ödənilməsi
26. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cəmiyyət zavodun karbon qazına və buxara olan tələbatını tam şəkildə təmin etdikdə özünün istehsalat xərclərinin ödəilməsi və mənfəətlə işlməsi üçün zavodun tələbatından artıq istehsal edilmiş karbon qazını respublikanın digər istehlakçılarına müstəqil şəkildə satmaq hüququna malikdir.
27. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən zavod tərəfindən cəmiyyətdən qəbul olunmuş karbon qaına və buxara görə heç bir ödəniş edilmir.
28. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən cəmiyyət tərəfindən alınıb quraşdırılmış avadanlıqların mülkiyyət hüququ özündə qalır.
29. İşdə olan Cavabdeh MMC-nin yerləşdiyi sahədə quraşdırılmış 3 ədəd elektrik sayğaclarının ilkin göstəricilərinə dair tərtib edilmiş akta əsasən, Tipi САЧУ-4762 M. Zavod №515345.Cərəyan trans-u:400/5; K=80. Sayğacın ilkin göstəricisi: 23811 olmuşdur. Quraşdırılma tarixi:xx.xx.2007-ci il, Tipi САЧУ-4762 M. Zavod №254883. Cərəyan trans-u:200/5; K=40. Sayğacın ilkin göstəricisi: 15943 olmuşdur. Quraşdırılma tarixi: xx.xx.2007-ci il, Tipi САЧУ-4762 M.Zavod №972663.Cərəyan trans-u:200/5; K=40. Sayğacın ilkin göstəricisi: 3778,8 olmuşdur. Quraşdırılma tarixi: xx.xx.2007-ci il.
30. xx.xx.2007-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin elektrik enerjisinə görə borcu 997,88 manat və su sayğacının göstəricisinə əsasən yekun borcu 1048,16 manat qeyd olunmuşdur.
31. xx.xx.2007-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin elektrik enerjisinə görə borcu 1506,92 manat və su sayğacının göstəricisinə əsasən yekun borcu 1557,20 manat qeyd olunmuşdur.
32. Maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixinə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna Cavabdeh MMC-nin kommunal xidmətə görə 3074,33 manat (xx.xx.2007-ci il tarixə 1048,16 manat və xx.xx.2007-ci il tarixə 1557,2 manat) və istismara görə 4784,52 (xx.xx.2007-ci il tarixdə 1868,68 manat, xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixə 1289,58 manat) manat borcu müəyyən edilmişdir.
33. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3” MMC ilə bağlanmış 10 may 2007-ci il tarixli 282 nömrəli müqaviləyə dair Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2007-ci il tarixli məktubunda MMC-nin bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi və müqavilənin 6.3-cü bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsi və müqavilənin pozulması ilə bağlı digər zəruri tədbirlərin görülməsi zavoda həvalə olunmuşdur.
34. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli məktubunda Cavabdeh MMC-nin zavoda kommunal xidmətləri üzrə 4784 manat elektrik enerjisi, su axıntı suları üzrə isə 3074,33 qəpik miqdarında borcu yarandığı qeyd olunmuşdur.
35. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
38. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
40. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
43. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
44. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
45. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ (subyektiv tələb hüququ) vermişdir.
46. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
47. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış akta əsasən kommunal xidmətlərə görə borcu xx.xx.2007-ci il tarixə cəmi 3074,33 müəyyən edilmiş, və istismar xərci yekun olaraq xx.xx.2007-ci il tarixə 4784,52 manat müəyyən edilmişdir. Həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən zavod tərəfindən göstərilən kommual və digər xidmətlərə görə hər ay zavoda 1093 manat ödənilməsi nəzərdə tutulmuşdur. Yaranmış borcun tələb edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş və borcun tutulmasına dair iddia ərizəsi ilə yalnız xx.xx.2023-cü ildə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur.
48. Beləliklə, iddia müddətinin axımı yəni etiraf edici hərəkətin (kommunal xərclər üzrə üzləşmə aktının imzalandığı xx.xx.2007-ci ildən) edildiyi tarixdən hesablanmaqla iddia müddəti xx.xx.2010-ci il tarixində, digər yəni maliyyə arayışında istismar xərci kimi qeyd olunan xx.xx.2007-ci il tarixə hesablanmış 4784,52 manat borc tələbinə dair isə müddətin axımı müqavilənin 2.2.5-ci maddəsinin tələbləri nəzərə alındıqda xx.xx.2010-cı il tarixdə başa çatdığı müəyyən edilir.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
50. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
51. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
52. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
53. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
55. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
57. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
58. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən xx.xx.2007-ci il tarixli 282 saylı müqavilə üzrə istismar xərcinə görə - 4784.52 manat, enerji təchizatı və kommunal xidmətlərə görə - 3074.33 manat olmaqla cəmi 7 858.85 (yeddi min səkkiz yüz əlli səkkiz manat, 85 qəpik) manat borc məbləği və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 100 (yüz) manat tutularaq iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova