Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1240/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, dəbbə pulu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 1316,63 azn (min üç yüz on altı manat, altmış üç qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 395 (üç yüz doxsan beş) manat məbləğində dəbbə pulu və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, CavabdehMMC ilə İddiaçı MMC arsında xx.xx.2023-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında İM000149 № li müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən CavabdehMMC-nin nəqliyyat vasitələrinə texniki və təmir xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaimənin ona verilməsinə baxmayaraq İddiaçı MMC yə heç bir ödəniş etməmişdir. Hazırda göstərdiymiz texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 1316,63 (min üç yüz on altı manat, altmış üç qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etmişdir. Cavabdeh İddiaçı MMC-yə bildirmişdir ki, dövlət tərəfindən maliyyələşdirildikləri üçün hal-hazırda hesablarında yetərincə vəsait yoxdur. Hesablarında nə vaxt vəsait olsa qalıq borcu ödəyəcəklərinə dair söz versələr də bu günə qədər borcu ödəməmişdirlər. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün İddiaçı MMC xx.xx.2024-cü il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş nə də ödəməli olduğu borcunu ödəməmişdir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün biz məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. xx.xx.2023-ci -ci il tarixli avtomobillərə texniki xidmət və təmir haqqında İM000149 № li müqavilənin 5.8-ci maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənişini gecikdirirsə ödənişi gecikdirdiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödənilməli olan məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 1316,63 (min üç yüz on altı manat, altmış üç qəpik) manat məbləğində pulun (ƏDV daxil olmaqla) ödənişini uzun müddət gecikdirmişdir. Hesablanmış dəbbə pulunun məbləğin 707 (yeddi yüz yeddi) manat təşkil etsə də müqavilənin 5.8-ci maddəsinə əsasən biz həmin məbləğdən 395 (üç yüz doxsan beş) manat məbləğində olan hissəni cavabdehdən tələb edilir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi:
4. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2023-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında İM000149 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin - 1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, istifadə, icarə, etibarnamə və sairə hər hansı digər bir əsasla ona məxsus olan və idarə etdiyi) avtonəqliyyat vasitələrinə (bundan sonra Avtomobil) texniki xidmət və təmir işlərini (bundan sonra Xidmət) icra etməyi, “Sifarişçi” isə icra edilmiş Xidmətləri təhvil almağı və razılaşdırılmış Xidmət haqqını “lcraçı”ya ödəməyi öhdəsinə götürür. - 5.3-cü bəndinə əsasən ödəniş “İcraçı” tərəfindən tərtib və təqdim edilmiş elektron qaimə-faktura əsasında icra edilir. - 5.7-ci bəndinə əsasən “Sifarişçi” xidmətin dəyərini avtomobili TXS-dan (texniki xidmət stansiyası) təhvil götürdüyü zaman “İcraçı" tərəfindən elektron qaiməfakturanın “Sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 (on) gün ərzində köçürmə yolu ilə “İcraçinın hesablaşma hesabına ödəməlidir. - 5.8-ci bəndinə əsasən “Sifarişçi” xidmət haqqının ödənilməsinin gecikdirərsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında İM000149 № li xx.xx.2023-ci il tarixli müqaviləyə 1 saylı Əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçi tərəfindən cavabdehə EBDJ 168856 nömrəli xx.xx.2023-cü il tarixli 1316,63 manat məbləğində elektron qaimə göndərilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, xidmət müqaviləsi üzrə yaranmış 1316,63 manat məbləğində borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
IV. MƏHKƏMƏNİN MÖVQEYİ
11. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında İM000149 nömrəli xx.xx.2023-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərini cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən göstərilən avtonəqliyyat xidmətlərinin dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 1316,63 manat təşkil edir.
13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini – 1316,63 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1316,63 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilməlidir.
14. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 395 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
15. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 65 manat məbləğində müəyyən edilməlidir.
19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 38 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
20. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1316.63 manat əsas borc məbləği, 65 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 38 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X3