Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1242/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndələri X2, X1 və Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “X6 Zavodu” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 1375,84 (min üç yüz yetmiş beş manat səksən dörd qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 413 (dörd yüz on üç) manat məbləğində dəbbə pulu və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdeh “X6 Zavodu” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X6 Zavodu” MMC arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında KS/İM-22 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-nin nəqliyyat vasitələrinə texniki və təmir xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.8-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Əvvəllər tərəflər arasında normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh daha sonradan ödəniş etməyi dayandırmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş 06 sentyabr 2023-cü il tarixində icra edilmişdir. Hazırda göstərilən texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 1375,84 (min üç yüz yetmiş beş manat səksən dörd qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etmişdir. Cavabdeh isə təkrar iş olduğu üçün pulu ödəməyəcəyini deyib. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün İddiaçı MMC xx.xx.2024-cü il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ödəməli olduğu borcunu ödəməmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında KS/İM-22 nömrəli müqavilənin 5.9-cu maddəsinə əsasən sifarişçi xidmət haqqının ödənişini gecikdirirsə, ödənişi gecikdirdiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,1%-i miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödənilməli olan məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 1375,84 (min üç yüz yetmiş beş manat səksən dörd qəpik) manat məbləğində pulun (ƏDV daxil olmaqla) ödənişini uzun müddət gecikdirmişdir. Hesablanmış dəbbə pulunun məbləği 650,77 (altı yüz əlli manat yetmiş yeddi qəpik) manat təşkil etsə də, müqavilənin 5.9-cu maddəsinə əsasən həmin məbləğdən 413 (dörd yüz on üç) manat məbləğində olan hissə cavabdehdən tələb edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında C-080-B-PCC-22 nömrəli, xx.xx.2022ci il tarixli avtomobilin alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı 2022-ci il istehsalı olan universal tipli (BAN nömrəsi XTA212300N0811981, mühərrik nömrəsi 1163342) yeni Lada Niva LC (A2) markalı avtomobili (dövlət nömrə nişanı 77AE934) texniki tam saz halda cavabdehin mülkiyyətinə vermişdir. Həmin müqavilənin 5-ci maddəsinə əsasən iddiaçı avtomobilin keyfiyyətinə 2 il müddətində və ya 35000 km yürüş məsafəsinə çatanadək zəmanət vermişdir. Lakin buna baxmayaraq, avtomobili təhvil aldıqdan sonra qısa müddət ərzində avtomobildə mühüm texniki nasazlıq baş vermiş, maşının motorxanasında yanğın baş vermişdir. Cavabdeh avtomobilin zəmanəti olduğuna görə iddiaçıya müraciət etmiş və iddiaçı maşını təmir edib qüsuru aradan qaldırsa da, cavabdehdən xidmət haqqı tələb etmişdir. Avtomobilin zəmanətinin olduğunu, buna görə də baş verən qüsurların aradan qaldırılmasına görə xidmətin ödənişsiz həyata keçirilməli olduğu bildirilsə də, iddiaçı razılaşmamış və pulun ödənilməsini tələb etmiş, daha sonra da məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tərəfindən cavabdehin etirazına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh etirazında görülən təmir işlərinin zəmanət çərçivəsində icra olunmasını bildirmişdir. Lakin reallıq odur ki, cavabdehə aid olan nəqliyyat vasitəsinə təmir xidmətləri həmin müqaviləyə əsasən zəmanət çərçivəsində həyata keçirilməmişdir. Belə ki, cavabdeh nəqliyyat vasitəsinin təmiri ilə bağlı müraciət etmişdir. İddiaçı MMC tərəfindən ilk öncə nəqliyyat vasitəsinə dəymiş zərərin təmir edilməsiylə bağlı tələb olunan xərclər hesablanmış və bununla bağlı cavabdehə təmir xərclərinin dəyəri ilə bağlı təklif verilmişdir. Tərəflər arasında aparılan danışıqlar elektron poçt vasitəsi ilə aparılmış və yekun olaraq cavabdeh verilən təmir xərclərinin dəyəri ilə bağlı verilmiş təkliflə razılaşmış və təmir işlərinə başlanmasını təsdiq etmişdir. Cavabdeh verilmiş qiymət təklifi ilə razılaşdıqdan sonra cavabdehin nəqliyyat vasitələrinə təmir xidmətləri göstərilmişdir. Bununla bağlı elektron qaimə qarşı tərəfə göndərilmiş və qarşı tərəf göndərilən qaimələri təsdiq etmişdir. Bununla da cavabdeh xidmətlərin göstərilməsini və icra edilmiş təmir xidmətinin qiyməti ilə razılaşdığını təsdiq etmişdir. Əks təqdirdə cavabdeh verilən təklifə münasibət bildirərkən təklif edilən qiymətlə razılaşmaz və elektron qaiməni təsdiq etməzdi. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, cavabdeh öz öhdəliklərini icra etməkdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməklə məsuliyyətdən yayınmaq istəyir. Buna görə də cavabdeh tərəfindən verilmiş etiraz tamamilə əsassız və qeyri-qanuni hesab edilir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəfə zəmanətlə bağlı xidmət göstərilməmişdir. Servis kartı alt sənəd kimi təqdim edilmişdir. Qarşı tərəfin rəhbərliyinin mail yazışmalarından xəbəri olmuşdur. Qarşı tərəf etirazında bildirir ki, zəmanət şərtləri əsasında maşınlarının təmiri barədə müraciət ediblər, lakin iddiaçı tərəf bundan imtina etmişdir. Lakin iddiaçıya yalnız qarşı tərəfə pulun ödənilməməsi ilə bağlı müraciət etdikdən sonra zəmanət şərtləri ilə bağlı məsələləri qaldırmışlar.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və qeyd etdi ki, avtomobilə xidmət pulsuz göstərilməli idi. Zəmanətin mahiyyəti ondan ibarətdir ki, qarşı tərəfin üzərinə öhdəlik qoyulur. Ola bilər ki, ödəniş edilib və qarşı tərəf əsassız varlanıb. Qarşı tərəf zəmanətin hüquqi qüvvəsinin olmaması barədə bir dənə də olsun sübut təqdim etməmişdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, KS/İM-22 nömrəli “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” KS/İM-22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1ci bəndinə əsasən sifarişçinin avtomobillərin təmirinə başlamaq üçün icraçının tərtib edəcəyi sifariş-tapşırığının tərtibində iştirak etmək və onu imzalamaq, icra edilmiş işi icraçıdan qəbul etmək və qəbul faktını servis-kartını imza etməklə təsdiqləmək, icraçının göstərdiyi xidmətin haqqını müqavilənin 5-ci bəndinə müvafiq olaraq vaxtında ödəmək öhdəliyi vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən xidmətlərin haqqı tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən avtomobili xidmət üçün gətirmiş sifarişçinin nümayəndəsinin sifariş-tapşırığı və serviskartını imzalaması verilmiş sifarişin icra edilməsi və avtomobilin təhvil alınması faktını təsdiq edir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödəniş icraçı tərəfindən tərtib və təqdim edilmiş elektron qaimə-faktura əsasında icra edilir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən tərəflər arasında zəruri olduğu təqdirdə hər 3 ayda bir dəfədən az olmayaraq üzləşmə aktı tərtib və təsdiq edilməlidir. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən sifarişçi növbəti xidmətlərin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman icraçı tərəfindən elektron qaimə-fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 gün ərzində köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməlidir. Həmin müqavilənin 5.9-cu bəndinə əsasən sifarişçi xidmət haqqının ödənilməsinin gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1%-i miqdarında dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icraçının TXS-da yerinə icra edilən və qoyulan ehtiyat hissələrinə aşağıdakı qarantiya müddəti müəyyənləşdirilir: nəzarət diaqnostika işlərinə - 7 gün; orijinal ehtiyat hissələri istifadə edilməklə təmirə - 6 ay (yaxud 2000 km yürüş); rəngləmə işlərinə - 6 ay. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən göstərilən müddətlər avtomobil sifarişçiyə təhvil verildiyi andan başlayır. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən qarantiya şərtləri sifarişçinin avtomobilin istismar təlimatına əməl etdikdə qüvvədədir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən aşağıdakı hallarda icra edilmiş xidmətlərə və ehtiyat hissələrinə qarantiya tətbiq edilmir: hissələrin, bəndlərin, aqreqatların və bütövlükdə avtomobilin istənilən mexaniki zədələnmələrinə; lakrəngləmə örtüyünün mexaniki, bioloji və kimyəvi təsir nəticəsində zədələnməsinə; avtomobilin istismarına dair təlimata əməl edilməməsi nəticəsində yaranmış nasazlığa; təbii aşınma nəticəsində sıradan çıxan detallara. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər hazırkı müqavilənin şərtlərini icra etməməyə və ya lazımınca icra etməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı MMC ilə “X6 Zavodu” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, C- 080-B-PCC-22 nömrəli avtomobilin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq 1 ədəd gümüşü metal rəngli 2022-ci il istehsalı olan universal tipli (Ban nömrəsi XTA212300N0811981, mühərrik nömrəsi 1163342) yeni Lada Niva LC (A2) markalı avtomobili texniki tam saz halda alıcının mülkiyyətinə verir, alıcı isə bu işin müqabilində razılaşdırılmış məbləği satıcıya ödəyir və avtomobili qəbul edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən 1 ədəd avtomobilin qiyməti tərəflərin razılığı ilə 26000 manat ƏDV daxil olmaqla müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 26000 manat təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləğinin 100% miqdarında məbləğ qabaqcadan ödəmək şərti ilə müqavilə qüvvəyə mindikdən sonra satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 10 bank günü ərzində satıcının müqavilənin 9-cu hissəsində göstərilən hesablaşma hesabına alıcı tərəfindən ödənilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcının müqavilənin 1.1-ci bəndinə göstərilmiş avtomobilin texniki vziyyəti, texniki xarasteristikası, istismar qaydaları və zəmanətli təmiri haqqında alıcıya dolğun məlumat vermək, müqavilənin 1.1-ci bəndinə göstərilən avtomobilin qeydiyyata alınması üçün tələb olunan sənədləri, zəmanət kitabçasını və istismarına dair təlimat kitabçasını alıcıya təhvil vermək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcının müqavilənin ümumi məbləğini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, zəmanət müddəti ərzində alıcı müqavilənin 1.1-ci bəndində göstərilən avtomobili ilk 2000 km yürüşdə, bundan sonra isə hər 5000 km yürüşdən bir ixtisaslaşdırılmış texniki servis stansiyasında reqlamentli texniki xidmət olunmasını təmin etmək, müqavilənin 1.1-ci bəndində göstərilən avtomobiin istismar zamanı istehsalçı tərəfindən müəyyən edilmiş istismar qaydalarına, zəmanət şərtlərinə riayət etmək vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı zəmanət müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilə, istehsalçının verdiyi zəmanət şərtlərinə uyğun olaraq, avtomobil alıcıya təhvil verildiyi gündən etibarən, 2 il və yaxud 35000 km yürüş müddətində qüvvədədir. Zəmanət şərtlərinə uyğun olaraq, istehsalçı zavodun günahından müqavilənin 1.1-ci bəndində göstərilən avtomobildə hər hansı bir texniki qüsur aşkar olunarsa, qüsur satıcı tərəfindən aradan qaldırılır. Zəmanət müddəti ərzində nasazlıqların aradan qaldırılması prosesində Cehvrolet rəsmi dilleri avtomobilin saz vəziyyətini bərpa edir. Nasazlıq əlamətləri aşkar olunduqda avtomobil sahibi dərhal Cehvrolet rəsmi dillerinə zəmanət reklamasiyası ilə müraciət etməlidir. Zəmanət təmirinin yerinə yetirilməsi müddətləri, üsulları və yolları Chevrolet rəsmi dilleri tərəfindən təmirin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Texniki nasaz avtomobilin istifadəsi nəticəsində avtomobilin nasazlıqları və sınmaları ilə əlaqədar bütün riskləri avtomobil sahibi daşıyır. Pulsuz dəyişdirilən detallar istehsalçının mülkiyyətidir və Chevrolet rəsmi dillerində qalır. Xidmət müddəti, avtomobil sahibinin sürmə üslubundan və avtomobilin istismar şəraitindən asılı olan bəzi məmulat və məxaric materiallarına (şinlər, filtrlər, alışdırma şamları, ötürücü qayışlar, əriyən qoruyucular, əyləc qəlibləri və əyləc diskləri, şüşə təmizləyən fırçalar və s.) zəmanət, istehsal qüsuru mövcud olduqda şamil edilir, onların təbii aşınması nəticəsində sıradan çıxmasına şamil edilmir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən zəmanətin qüvvədə olmasının digər şərti avtomobilin istismara dair təlimatda və servis kitabçasında qeyd olunan bütün mütəmadi müayinələrdən və texniki xidmətdən vaxtında keçməsidir. Servis kitabçasında aparılmış müvafiq qeydlər, avtomobilin istismara dair təlimatda və servis kitabçasında qeyd olunan bütün mütəmadi müayinələrdən və texniki xidmətdən keçirilməsinin təsdiqi kimi çıxış edir. Bu müayinə və texniki xidmətlətin Chevrolet-in rəsmi diler(lər)ində firma ehtiyyat hisslələrindən istifadə olunmaqla aparılması tövsiyyə olunur. Əgər mütəmadi müayinələrdən və texniki xidmətlər digər texniki xidmət stansiyalarında həyata keçirilərsə, istifadə olunmuş ehtiyyat hissələri və məxaric materiallarına istehsalçının uyğunluq sertifikatı, istehsalçı tərəfindən təqdir olunması barədə keyfiyyət sertifikatı və görülmüş işlərin siyahısının texniki servis stansiyasının möhürü ilə təsdiqlənmiş sərbəst arayışı da əlavə olunmaqla satıcıya təqdim edilməlidir. Əks halda mütəmadi müayinə və texniki təmir xidmətlərinin aparılması zamanı istifadə olunmuş ehitiyyat hissələri və məxaric materilallarının standarta uyğun olması qeyri müəyyən olduğundan yarana biləcək nasazlıqların istehsal qüsuru olub-olmamasını araşdırmaq mümkün olmadığı üçün zəmanət hüquqi qüvvəsini itirmiş hesab olunacaq. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən zəmanət öhdəliyi zəmanət müddəti ərzində aşağıdakı hallarda öz qüvvəsini itirir: zəmanət müddəti ərzində alıcı avtomobili vaxtlı-vaxtında ixtisaslslaşdırılmış texniki xidmət stansiyasında məcburi texniki xidmətdən keçirtmədikdə; nasazlıq avtomobilin düzgün istismar olunmaması, qəza, avtomobilin konstruksiyasına dəyişikliklərin edilməsi, avtomobilə əlavə avadanlıq quraşdırılması, o cümlədən qeyri-orijinal təkər disklərinin, istehsalçı tərəfindən tövsiyyə olunmayan ölçülü şinlərin quraşdırılması, avtomobilin elektron qurğularının proqram təminatının dəyişdirilməsi halları nəticəsi olduqda; avtomobil öz təyinatı üzrə istifadə (avtomobil qaçış və ya idman yürüşləri, və ya avtomobildə sürücülük öyrədliməsi və s.) edilmədikdə yaranan qüsurlar, ikitərəfli açıq mexaniki zədələnmə, təbii köhnəlmə və ya xarici mexniki və/və ya kimyəvi təsirlər nəticəsində zədələnmə olduqda. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərinin yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş “xx.xx.2024-cü il tarixə hesablanmış dəbbə pulunun məbləği” adlı sənədin məzmunundan müəyyən olunur ki: 1. xx.xx.2023 (fakturanın tarixi) 1375,84 manat (xidmət haqqı) x 0,1% = 1,37584 manat x 473 (ödənişin gecikdirildiyi günlərin sayı) = 650,77 manat. Lakin məbləğ müqavilənin ümumi dəyərinin 30%-ni keçdiyi üçün dəbbə pulu 413 manat müəyyənləşdirilmişdir.
11. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 093638 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 895,62 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 723427 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1375,84 manat (ƏDV daxil) təşkil edir.
13. İddiaçı MMC tərəfindən tərtib edilmiş 155437 nömrəli servis kartının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-yə ümumi dəyəri 895,62 manat olan və kartda adıçəkilən xidmətlər göstərilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişin məzmunundan müəyyən edilir ki, “X6 Zavodu” MMC tərəfindən İddiaçı MMC-yə 136,62 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, C- 080-B-PCC-22 nömrəli müqavilə üzrə EBCL seriyalı, 093638 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə hesablanmış ƏDV ödənişi qeyd edilmişdir.
15. İddiaçı MMC tərəfindən tərtib edilmiş 167054 nömrəli servis kartının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-yə ümumi dəyəri 1375,84 manat olan və kartda adıçəkilən xidmətlər göstərilmişdir.
16. İddiaçı tərəfindən iş materiallarına e-mail yazışmaları əlavə edilmişdir. E-mail yazışmalarından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-yə qüsur aktı təqdim edilmiş, təsdiq edilməsi xahiş edilmişdir. Qüsur aktında endirimli servis haqqının 1386 manat olduğu qeyd edilmişdir. “X5 Zavodu” MMC tərəfindən akt təsdiq edilmiş və avtomobilin təmirinə başlanılması üçün göstəriş verilmişdir.
17. İddiaçı MMC tərəfindən “X6 Zavodu” MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, hesablanmış 1375,84 manat borcun 30 noyabr 2024cü il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, KS/İM-22 nömrəli “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” KS/İM-22 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli, C-080-B-PCC-22 nömrəli avtomobilin alqısatqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Alqısatqı müqaviləsinə əsasən satıcı tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq 1 ədəd yeni Lada Niva LC (A2) markalı avtomobil alıcının mülkiyyətinə verilmiş, alıcı isə razılaşdırılmış məbləği satıcıya ödəmiş və avtomobili qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, KS/İM-22 nömrəli “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” KS/İM-22 nömrəli müqaviləyə əsasən isə icraçı sifarişçinin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.8-ci bəndinə əsasən sifarişçi növbəti xidmətlərin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman icraçı tərəfindən elektron qaiməfakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 gün ərzində köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməlidir.
21. Hazırkı mübahisə texniki xidmət müqaviləsindən irəli gələn öhdəliklərlə bağlı olmuş və iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.
22. Tərəflər arasında müqavilələrin bağlanması, cavabdeh tərəfindən avtomobilin istismarı zamanı texniki nasazlığın yaranması və bununla bağlı iddiaçıya müraciət edilməsi, iddiaçı tərəfindən texniki nasazlığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi, xidmətlərin göstərilməsi işin mübahisəsiz hallarını təşkil edir. Lakin cavabdeh alqı-satqı müqaviləsinin müddəalarına, zəmanət şərtlərinə istinad edərək, zəmanət müddəti ərzində avtomobildə texniki nasazlıq yarandığından xidmət və işlərin dəyərinin ödənişsiz həyata keçirilməli olduğunu bildirərək, iddianı qəbul etməmişdir. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən iddiaçı avtomobilin keyfiyyətinə 2 il müddətində və ya 35000 km yürüş məsafəsinə çatanadək zəmanət vermişdir. Qeyd olunmalıdır ki, 2 il müddər keçməmiş və 35000 km yürüş məsafəsinə çatılmamışdır.
23. İddiaçı göstərilmiş xidmət və işlərin haqqının ödənilmədiyini bildirərək, “X6 Zavodu” MMC-dən 1375,84 manat məbləğində borcun tutulmasını xahiş etmişdir (iddia tələbinin bir hissəsi).
24. Məhkəmənin qənaətinə əsasən etiraz əsassız olduğundan təmir xərclərinin tutulması hissəsində iddia təmin olunmalıdır. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsinə münasibətdə müqavilə qarantiyası mövcud olmuşdur. Alq-satqı müqaviləsinin şərtlərinə əsasən nasazlıq əlamətləri aşkar olunduqda avtomobil sahibi dərhal Chevrolet rəsmi dilerinə zəmanət reklamasiyası ilə müraciət etməlidir və texniki nasaz avtomobilin istifadəsi nəticəsində avtomobilin nasazlıqları və sınmaları ilə əlaqədar bütün riskləri avtomobil sahibi daşıyır. Hazırkı halda avtomobil sahibinin dərhal Chevrolet rəsmi dilerinə zəmanət reklamasiyası ilə müraciət etməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Tərəflər başqa bir müqavilə - xx.xx.2022-ci il tarixli, KS/İM-22 nömrəli müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Avtomobildə müəyyən problemlər yarandığına görə iddiaçıya təmir üçün 2 dəfə müraciət olunmuş və müvafiq texniki xidmət göstərilmiş, təmir işləri həyata keçirilmiş, birinci dəfə müvafiq ödənişlər olumuş, lakin ikinci dəfə (xidmət müqaviləsində göstərilən qarantiya müddəti bitdikdən sonra) göstərilən xidmətin, işlərin dəyəri ödənilməmişdir. Cavabdehə bununla bağlı elektron qaimə göndərilmişdir. EVAP-ın klapanının, akkumulyatorun, sarterin dəyişdirilməsi, avtomobilin yuyulması, mühərrikdə olan elektrik naqillərinin təmiri və izolyasiyası xidmətləri göstərilmiş (cəmi xidmətin dəyəri 506,02 manat), həmçinin EVAP-ın klapanı, akkumlyator AGAT 60 AH, OLOVO 100 QR, soyutma sisteminin mayesi Kuttenkeuler X12 PLUS (RED), adsorverin vericisi, starter, saqil qoruyucu, izolent, isu genişlədirici baçok, hava süzgəci, kondisioner süzgəci ehtiyat hissələrinin dəyəri isə 659,94 manat olmaqla, ümumilikdə məbləğ 1375,84 manat (1165.96+209,88 manat ƏDV məbləği=1375,84) təşkil etmişdir.
25. Bundan əlavə, iş materiallarına əlavə edilmiş e-mail yazışmalarından avtomobildə texniki nasazlığın olması və bununla əlaqədar iddiaçıya məlumat verilməsi, iddiaçı tərəfindən qüsur aktının tərtib edilməsi və cavabdehə göndərilməsi, qüsur aktının cavabdeh tərəfindən təsdiq edilməsi, qeyd edilən məbləğə etiraz edilməməsi və avtomobilin təmiri işlərinə başlanılması ilə əlaqədar göstəriş verilməsi müəyyən olunur.
26. Qeyd olunanlara əsasən məhkəmə təqdim olunmuş sübutları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və İdeal Motors” MMC ilə “X6 Zavodu” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KS/İM-22 nömrəli “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” KS/İM-22 nömrəli müqavilə üzrə cavabdeh “X6 Zavodu” MMCdən İddiaçı MMC-nin xeyrinə 1375,84 manat (min üç yüz yetmiş beş manat səksən dörd qəpik) məbləğində pul vəsaiti tutulmalıdır.
27. İddia tələbinin digər hissəsini cavabdeh “X6 Zavodu” MMC-dən 413 manat cərimə borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq 70 (yetmiş) manat məbləğində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Eləcə də, iddiaçı ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 30,6 manat (otuz manat altmış qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KS/İM-22 nömrəli “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” KS/İM-22 nömrəli müqavilə üzrə cavabdeh “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən 1375,84 manat (min üç yüz yetmiş beş manat səksən dörd qəpik) xidmət haqqı, 70 (yetmiş) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 30,6 manat (otuz manat altmış qəpik) olmaqla, ümumilikdə 1476,44 manat (min dörd yüz yetmiş altı manat qırx dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova