Məhkəmə qərarları › İş №e-2-2(113)-1243/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1243/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1243/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilmiş 100000 manat məbləğində əsas borc, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 8500 manat məbləğində dəbbə pulu, 153.161.42 manat əldən çıxmış fayda və müqavilənin 2.12-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün 100 000 manat məbləğində maddi ziyan və mediasiya xərclərinin əvəzi olaraq 410 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış 50/**********/MO/22 saylı xx.xx.2022-ci il tarixli məhsulların müstəsna alqısatqı müqaviləsinə əsasən iddiaçı cavabdehi birinci növbəli seçilən imtiyazlı, kommersiya baxımından üstün müstəsna sifarişçisi (Alıcı) kimi qəbul edərək, əməkdaşlıqda maksimal güzəşt və preferensiyalar tətbiq etməyi, cavabdeh isə öz növbəsində müstəsna satınalma hüququ əsasında məhsulları qəbul etməyi,həmin məhsulları müstəsna olaraq təklif etdiyimiz qaydada və formada satış nöqtələrində yerləşdirməyi və satışını həyata keçirməyi, aldığı məhsullara görə ödəniş etməyi, müqavilə müddəti (bir il) ərzində 550 000 manat məbləğində “CSD” məhsullarını almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə götürdüyü öhdəlik qarşılığında müqavilə əsasında iddiaçı cavabdehin bank hesabına 100 000 manat məbləğində pul köçürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərinə əməl etməmişdir. Belə ki, müqavilə müddəti (bir il) ərzində Cavabdeh tərəfindən ümumilikdə 12 566.41 manat dəyərində “CSD” məhsulları alınmış və müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmişdir. Müqaviləyə əsasən İddiaçı MMC-nin Cavabdeh bank hesabına köçürdüyü 100 000 (yüz min) AZN məbləğində pul isə iddiaçıya qaytarılmamışdır. Aralarında bağlanmış müqavilənin şərtlərindən də aydın olduğu kimi, bank hesabına köçürdükləri məbləğ ümumi əməkdaşlıqlarının tərkib hissəsidir və bunun müqabilində cavabdeh müqavilədən irəli gələn digər əsas vəzifə və öhdəliklərini yerinə yetirməli idi. Lakin cavabdeh tərəfindən müqavilə ilə müəyyən olunmuş öhdəliklər kobud şəkildə pozulmuşdur. Nəticə etibarilə, iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün hazırda Cavabdeh İddiaçı MMC-nə 100 000 (yüz min) AZN borcu yaranmışdır. Bununla bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hələ də Cavabdeh tərəfindən bizim şirkətə ödəniş olunmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Ağa-zadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlanan kimi cavabdehə 100000 manat məbləğində vəsait ödənilmiş, həmin vəsait cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödənilmiş, həmin qaimədə ödənişin təyinatı kimi formal olaraq marketinq xərcləri göstərilmişdir. Həqiqətdə isə cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilməmişdir. Müqavilə üzrə münasibətlər pozulduğu üçün iddiaçı hazırda ödədiyi həmin vəsaiti geri tələb edir. Bundan əlavə, cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, müqavilə ilə almalı olduğu malları tam həcmdə iddiaçıdan almamış, bu səbəbdən o, müqavilə tələblərinə əsasən əlavə olaraq 100000 manat təzminat ödəməlidir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlanan zaman xarici ölkələrin təcrübəsinə uyğun olaraq cavabdehin sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə ona iddiaçı tərəfindən 100000 manat vəsait ödənilmiş, həmin vəsaiti ödəyə bilməsi üçün cavabdeh tərəfindən iddiaçıya formal olaraq elektron qaimə göndərilmişdir. İddiaçıya hər hansı marketinq xidməti göstərilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən müqavilədə alınması nəzərdə tutulmuş malların tam həcmdə alınmamasının səbəbi iddiaçı tərəfindən cavabdehə soyuducuların təqdim edilməməsidir. Belə ki, iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulmuş soyuducuları təhvil vermədiyi üçün cavabdeh böyük həcmdə malları ala bilməmiş, bu səbəbdən müqavilə öhdəliklərini iradəsindən asılı olmayan səbəblərə görə icra etməmişdir. Göstərilənlərə əsasən, cavabdehdən əldən çıxmış faydanın, maddi zərərin, habelə dəbbə pulunun tələb edilməsi əsassızdır. Müqavilə bağlanan zaman cavabdehə ödənilmiş 100000 manatın hazırda geri qaytarılması ilə bağlı tələb də əsassızdır. Belə ki, müqavilədə həmin vəsaitin qaytarılması ilə bağlı qeyd-şərt yoxdur.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 50/**********/MO/22 nömrəli məshulların müstəsna alqı-satqı müqaviləsinə əsasən alıcının sifarişi əsasında satıcı özünə aid “Pepsi Co” məhsullarını alıcıya verməyi, alıcı isə müstəsna satınalınma hüququ əldə etməklə, məhsulları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 1.2-ci bəndinə əsasən müstəsna satınalınma barədə razılaşma əsasında satıcı alıcını birinci növbəli seçilən imtiyazlı, kommersiya baxımından üstün müstəsna alıcısı kimi qəbul edərək, bununla bağlı alıcı ilə münasibətdə maksimal güzəşt və digər preferensiyaları tətbiq edəcəyini vəd edir. Alısı isə öz növbəsində müstəsna satınalma hüququ əsasında məhsulları satıcıdan qəbul etməyi, həmin məhsulları müstəsna olaraq satıcının təklif etdiyi qaydada və formada satış nöqtələrində yerləşdirməyi və satmağı öz üzərinə götürür.

8. Müqavilənin 2.7-ci bəndinə əsasən alıcıya idarə etdiyi, müqavilədə adları göstərilən ticarət obyektlərində yalnız satıcıya məxsus “Pepsi Co” məhsullarının (qazlı və qazsız sərinləşdirici içkilər – Pepsi Cola, Mirinda, 7 Up, Mountain Dew və s.) satışını və reklamını həyata keçirmək tövsiyə olunur.

9. Müqavilənin 2.8-ci bəndinə əsasən müqavilə müddəti ərzində alıcı satıcıdan 550000 manat məbləğində “CSD” məhsullarını almağı və dəyərini ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.9-cü bəndinə əsasən satıcı tərəfindən alıcının bank hesabına 100000 manat (ƏDV daxil) məbləğində pul köçürüləcəkdir.

11. Müqavilənin 2.10-cu bəndinə əsasən satıcı alıcının idarə etdiyi ticarət obyektlərini soyuducu ilə (qaytarmaq şərti ilə) təmin etməyi, alıcı soyuducuda yalnız satıcıya məxsus məhsulları yerləşdirməyi (soyuducu təmiz və məhsullarla dolu, standartlara uyğun vəziyyətdə saxlanılmalıdır) öhdəsinə götürür.

12. Müqavilənin 2.12-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.8-ci bəndində qeyd edilən öhdəliyini yerinə yetirmədikdə və ya alıcının ticarət obyektləri bağlandıqda, alıcı bu müqaviləyə vaxtından əvvəl və ya hər hansı bir səbəbdən xitam vermək istədikdə, alıcı satıcıya 100000 manat məbləğində təzminat ödəyir.

13. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi dəyərini elektron qaimə fakturaların cəmi təşkil edir.

14. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı və alıcı təhvil verilmiş məhsullara aid təhvil-qəbul aktı imzalayır.

15. xx.xx.2022-ci il tarixli 19559345 nömrəli ödəmə tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına 159937 nömrəli elektron qaimə əsasında 100000 manat vəsait köçürülmüşdür.

16. İddiaçı tərəfindən cavabdehə EBBY 159937 nömrəli xx.xx.2022-ci il tarixli 100000 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir. Qaimənin təyinatı kimi marketinq xərcləri göstərilmişdir.

17. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, iddia tələbləri dörd hissədən ibarətdir: 1. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 100000 manat vəsaitin geri qaytarılması; 2. 100000 manat maddi ziyanın ödənilməsi; 3. 8500 manat dəbbə pulunun ödənilməsi; 4. 153161,42 manat əldən çıxmış faydanın ödənilməsi.

19. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

20. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə bağlandıqdan 10 gün sonra iddiaçı tərəfindən cavabdehə 100000 manat vəsait ödənilmiş, alqı-satqı müqaviləsi üzrə cavabdehə verilmiş bütün malların dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

21. Materiallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə 100000 manat pul ödənilmiş, həmin vəsait “marketinq xərcləri” adı altında ödənilsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilmədiyi müəyyən edilmiş, həmin xərcin formal olaraq ödənişin təyinatında göstərildiyini nümayəndələr məhkəmə iclasındakı izahatlarında təsdiq etmişlər.

22. Məhkəmə cavabdehin həmin vəsaitin müqavilənin 2.9-cu bəndinə əsasən ona ödənildiyini, həmin vəsaitin müqavilə müddəti bitdikdən sonra belə qaytarılmalı olmaması, bu barədə müqavilədə cavabdehin hər hansı öhdəliyinin göstərilməməsi barədə dəlilini əsassız hesab edir.

23. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, iddiaçı tərəfindən cavabdehə əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 100000 manat pulun geri qaytarılmalı olması hissəsində əsaslıdır və təmin edilməlidir.

25. Məhkəmə iddia tələbini ikinci, 100000 manat maddi ziyanın ödənilməsi hissəsində əsassız hesab edir.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

29. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

30. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

31. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

32. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

33. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

36. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

37. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

38. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

41. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

42. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

43. Məhkəmə, iddia ərizəsini üçüncü, 8500 manat dəbbə pulunun ödənilməsi hissəsində də əsassız hesab edir.

44. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.

45. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

46. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

47. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

48. Məhkəmə iddia tələbini dördüncü hissədə də (153161,42 manat əldən çıxmış faydanın tutulması) əsassız hesab edir.

49. Belə ki, tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarından, məhkəməyə təqdim edilmiş elektron qaimələr və ödəniş sənədlərindən məlum olmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehə ümumilikdə 34871,70 manat dəyərində mal təhvil verilmiş (o cümlədən “CSD məhsulları” üzrə ümumilikdə 12566,41 manat), cavabdeh tərəfindən həmin malların dəyəri tam şəkildə ödənilmişdir.

50. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

51. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

52. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

53. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

54. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

55. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 100000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 241 manat dövlət rüsumu cavabdehə, 410 manat mediasiyaya dair xərc isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 100000 manat məbləğində pul, ödənilmiş 241 manat dövlət rüsumu, ümumilikdə 100241 (bir yüz min iki yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 410 (dörd yüz on) manat mediasiyaya dair xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar