Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1251/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri, icranın gecikdirilməsi, qüsurlu icra, müqavilədən imtina və onun nəticələri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli müqavilə üzrə 11493,3 manat əsas borcun və ödənilmiş 125,46 manat dövlət rüsumunun, 325 manat vəkil xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində 01-05/23 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunan xidmət və işləri yerinə yetirməli, iddiaçı isə həmin xidmət və işləri qəbul etməli və müqavilə ilə müəyyən edilmiş məbləği ödəməlidir. 2.1-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətin və ya görüləcək işin ümumi dəyəri (vergi və digər zəruri ödənişlər daxil olmaqla) qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır. xx.xx.2023-cü il tarixli 01-05/23 saylı müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə xidmət və işləri yerinə yetirmək üçün ümumi məbləğ 13732,3 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətin və ya görüləcək işin ümumi dəyəri (vergi və digər ödənişlər daxil olmaqla) qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır. 2.2. Sifarişçi hazırkı protokolda qeyd olunan lisenziyanın məbləğini 100% öncədən ödəməli, lisenziya ödəndikdən sonra isə məbləğ müqavilə əsasında iki yerə bölünür, avans olaraq 40%, yerdə qalan 60% layihə bitdikdən sonra ödənilməlidir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 5000,30 manat, daha sonra xx.xx.2023-cü ildə 3493 manat, xx.xx.2023-cü il tarixində 3000 manat köçürülmüşdür. Xidmətlərin göstərilməsi və ödənilmiş pulların geri qaytarılması ilə bağlı cavabdeh tərəfə dəfələrlə xəbərdarlıq edilmiş, lakin onlar tərəfindən heç bir iş icra edilməmiş və pul ödənilməmişdir. Həmçinin ünvanlanmış pretenziyaya cavab olaraq onların istədiyi məlumat və materialların təqdim edilmədiyini bildirmişlər. Lakin bu həqiqəti əks etdirmir, bu günə qədər onlara məsələ ilə bağlı bütün sənəd və məlumatlar təqdim edilmişdir və onlar tərəfindən hər hansı sənədin istənilməsi ilə bağlı yazılı müraciət edilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 390.1, 462.1, 465-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında bağlanmış xx-xx/2023 saylı müqaviləyə əsasən, cavabdeh bir sıra işləri yerinə yetirmişdir. İddiaçı isə bir sıra məlumatlar, daşınmaz əmlak bazasının veb interfeysi dizaynını təqdim etməli olduğu halda, bunu etməmiş, bu məsələlər hər iki tərəf və subpodratçılarla keçirilən konfransda dəfələrlə müzakirə olunmuşdur. 31 avqust tarixindəki sonrakı yazışmalarda isə iddiaçının əməkdaşı Rza Əliyev razılaşdırılmış vaxtda dizayn şablonunu təqdim edə bilməyəcəyini bildirmişdir. Sifarişçinin təqdim etmədiyi məlumatlar səbəbindən cavabdeh 31 avqust tarixindən etibarən işi davam etdirə bilməmişdir. 5.2. Qeyd olunan müqavilənin 3.4.3-cü bəndində iddiaçının vəzifələrindən biri kimi də cavabdehə tələb olunan məlumatları verməli olduğu göstərilir, əks halda müqavilənin şərtləri pozulmuş sayılır. Belə ki, müqavilənin 3.4.3-cü maddəsinə əsasən “Sifarişçinin vəzifələri”ndə qeyd olunub ki, Sifarişçi xidmətlərin göstərilməsi üçün İcraçıya tələb edilən məlumat və materialları təmin etməlidir. Həmçinin həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən Sifarişçinin əsas vəzifələrindən biri də İcraçının işini tam təmin etməsinə şərait yaratmaqdır. Xidməti göstərməkdən ötrü tələb olunan məlumatları, materialları və tətbiqi yeritmə üçün avadanlıqları təmin etməkdir. Cavabdeh bu məsələ ilə bağlı bütün sənəd və məlumatları təqdim etdiyini iddia ərizəsində göstərsə də, məhkəməyə təqdim edilən səs yazıları və digər yazışmalar bunun həqiqətə uyğun olmadığını tam sübut edir. 5.3. 22.11.2024-cü il tarixdə iddiaçıya elektron poçt vasitəsilə göndərilmiş pretenziya məktubunda iddiaçı tərəfindən zəruri məlumatların təqdim edilməməsi səbəbindən işin tam başa çatdırılmasının qeyri-mümkünlüyü bildirilərək xx.xx.2024-cü il tarixədək icraçı tərəfindən işi tamamlamaq üçün razılaşdırılmış dizayn şablonunun təqdim edilməsi bir daha xahiş olunmuşdur. Bundan əlavə, qarşı tərəfə bildirilmişdir ki, əks halda sifarişçi olaraq vəzifələri yerinə yetirmədiyindən bağlanan müqavilənin 3.4-cü bəndini kobud şəkildə pozmuş olması və müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilənin qəsdən və kobudcasına pozan digər tərəf olduğundan, icraçı tərəfindən yazılı bildiriş verilməklə müqavilənin pozulmuş sayılacağı, tam ödənişin ödənilməsi tələb olunacaq, ödəniş olunmadığı təqdirdə isə məhkəməyə müraciət ediləcək və çəkilmiş xərclər də tələb ediləcəkdir.
6. İddiaya etirazda hüquqi əsas kimi hər hansı maddi hüquq normasına istinad edilməmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli müqavilə üzrə işlər vaxtına təhvil verilməmişdir. Belə ki, proqramın hazırlanması üçün lisenziya alınmış, lakin proqram hazırlanmamışdır. Cavabdehin təqdim etdiyi yazışmalar 2024-cü ilin yay aylarına təsadüf edir, halbuki proqram müqavilə bağlanan tarixdən 2 ay ərzində təhvil verilməli idi.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, iddiaçı dizayn işlərinin görülməsini öhdəsinə götürməmiş, sadəcə cavabdehin bəhanələrinə son qoymaq üçün dizayn forması təqdim edilmişdir. Razılaşdırılmış muzdun 90%-ni ödəyən iddiaçının proqramın vaxtında təhvil verilməsinə maneə yaratması ağlabatan deyildir.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki, lisenziya alındıqdan sonra proqramın hazırlanmasına başlanılmış, lakin texniki şərt tərtib edildikdən sonra işlərin tamamlanması üçün uzun müddət tələb edildiyi məlum olmuşdur. İddiaçı da buna etiraz etməmişdir. Həmçinin bu gecikmə cavabdehin əməkdaşlıq edib xidmətlərindən istifadə etdiyi Qazaxıstan partnyorlarına görə olmuşdur.Hazırda işlərin 70-80% hissəsi tamamlanmışdır, lakin iddiaçı əmlakın dizayn-görünüş hissəsi ilə bağlı məlumatları təqdim etmədiyindən işlərin yekunlaşması mümkün deyildir. Həmçinin hazırda lisenziyanın müddəti bitmişdir.
10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 qeyd etdi ki, dizayn-şablonun qurulması üçün məlumat tələb olunur, həmin məlumatı isə müqaviləyə əsasən iddiaçı verməlidir. Əvvəla, lisenziyanı aktivləşdirmək lazımdır, daha sonra isə məlumatlar təqdim edilməlidir ki, iş yekunlaşa bilsin. Lakin məlumatlar təqdim edilməmişdir. Məlumat dedikdə müqavilədə qeyd olunan məlumat nəzərdə tutulur. Görülən işə baxış keçirilməsi üçün aktiv lisenziya olmalıdır. Lakin lisenziya aktiv olmadığından görülən işin nəticəsini məhkəməyə, eləcə də ekspertə təqdim etmək mümkün deyildir.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunan xidmət və işləri yerinə yetirməyi, cavabdeh isə xidmət və işləri qəbul etməyi və müqavilə ilə müəyyən olunmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən protokolda qeyd olunan xidmət və işlərin təhvil-təslimi barədə müvafiq akt sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan sonra müqavilə icra edilmiş hesab olunur, sifarişçi protokolda qeyd edilən lisenziyanın məbləğini tam olaraq əvvəlcədən ödənilməli, qalan məbləğin 40%-i avans qaydasında, 60%-i isə layihə bitdikdən sonra ödənilməlidir. Adıçəkilən müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə “Bitrix24” lisenziyası üçün ƏDV daxil olmaqla 5003,2 manat, “Bitrix24” proqram təminatının tətbiqi və təlimi üçün ƏDV daxil olmaqla 8732 manat muzd razılaşdırılmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 5000,3 manat, xx.xx.2023-cü il tarixdə 3493 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat olmaqla ümumilikdə 11493,3 manat ödəniş edilmişdir.
15. İddiaçı xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli müqavilə ilə razılaşdırılmış işin görülmədiyini bildirərək ödənilmiş məbləğinin qaytarılmasını tələb edir.
16. Cavabdeh müqavilə üzrə öhdəliyin icra edilməməsinin iddiaçı tərəfindən lazım olan məlumatların təqdim edilməməsi səbəbindən baş verdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xxxx/2023 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.
22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
23. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
24. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
25. İşin mübahisəsiz halı ondan ibarətdir ki, öhdəliyin icrası gecikdirilmiş, proqram təminatı təhvil verilməmişdir. Lakin iddiaçı icranın gecikdirilməsinin cavabdehlə bağlı olduğunu, cavabdeh isə icranın gecikdirilməsinin iddiaçı tərəfindən zəruri məlumatların təqdim edilməməsi səbəbilə yarandığını bildirir.
26. Belə olan halda məhkəmə müqavilənin icra edilməməsinin səbəblərinin müəyyən edilməsini zəruri hesab edir.
27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 (hər iki tərəfin iddiaçının əməkdaşı-işçisi olduğunu təsdiqləmiş) məhkəməyə izahatında göstərmişdir ki, "xxxx" MMC-nin marketinq şöbəsində işləmiş, işlərin yaxşı getməsi məqsədilə əmlak sferasında X2 edilməsi üçün CRM (“X1” – X2 Edilməsi) sistemin tətbiq edilməsinin zəruri olduğu qənaətinə gəlinmiş və cavabdehlə əməkdaşlığa başlanılmışdır. Cavabdehlə müqavilə bağlanaraq işlərin 2 ay ərzində yekunlaşması nəzərdə tutulmuş, cavabdehin əməkdaşları 1 – 1,5 ay iddiaçının ofisində olmuş, iddiaçının bir əmlakın satılması üçün izlədiyi bütün mərhələlər barədə cavabdehə məlumat verilmişdir. Cavabdeh proqramı 2 ay müddətinə təhvil verməli olduğu halda, 1 il müddətində təhvil yekunlaşmamış, bu səbəbdən X3 dizayn işinin görülməsini təklif etmiş, lakin iddiaçının rəhbərliyi bununla razılaşmamışdır. Belə ki, cavabdeh tərəf uzun müddət ərzində işi təhvil verməmiş, hər dəfə müxtəlif bəhanələrlə işin icrasından yayınmışdır. Ona görə də iddiaçının cavabdehə inamı qalmamışdır.
28. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının nümayəndəsi X3 ilə cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 arasında aparılmış vatsap danışıqlarından görünür ki: – 09.06.2023-cü il – xx.xx.2023-cü il tarixlərində cavabdeh Qazaxıstan partnyorlarının kodlaşma ilə bağlı problem yaşadığını, problem həll edildikdən sonra işlərin sürətlə yekunlaşacağını bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı 1-2 günə ay yarımın olacağını bildirərək işlərin nə yerdə qaldığını soruşur, xx.xx.2023-cü il tarixdə iddiaçı proqramla bağlı məlumatlar göndərir, xx.xx.2023-cü il tarixdə iddiaçı Qazaxıstandan nə xəbər olduğu ilə maraqlanır, xx.xx.2023-cü il tarixdə cavabdeh narahatlığa əsas olmadığını, 2 həftəyə proqramı bitirəcəyini bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı ayın 20nə az müddət qaldığını, məlumatın olub-olmamasını dəqiqləşdirir, xx.xx.2023-cü il tarixdə cavabdeh işlə bağlı zəng edəcəyini bildirir. – 22.07.2023-cü il tarixdə iddiaçı ayın bitməsinə 9 gün qaldığını xatırladır, cavabdeh isə birinci gündən işlərin dayanmadan görüləcəyini bildirir, iddiaçı xx.xx.2023-cü il tarixdə ayın sonuna işin yekunlaşıb-yekunlaşmayacağını dəqiqləşdirir, işlərin yekunlaşması üçün ay yarım – 2 ay müddətin deyildiyini xatırladır, cavabdeh isə zəng edib ətraflı danışacağını yazır, xx.xx.2023-cü il tarixdə cavabdeh ödənişlə bağlı problemin olduğunu, həllinə çalışdığını bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı proqramda bəzi şeylərin düzgün işləmədiyini bildirir, 2 ay 10 gündür, işlərin yekunlaşmadığını göstərir, cavabdeh işlərin ayın axırına tam bitəcəyinə ümid etdiyini bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı işlərin 8- 9 gün bitirilə biləcəyini soruşur, cavabdeh isə 7-10 günə bitiriləcəyini bildirir. – 25.08.2023-cü il tarixdə iddiaçı proqramın gec təhvil verilməsi ilə bağlı digər şirkətlərdən iş qəbul edə bilmədiyini bildirir, cavabdeh isə 10 dəqiqəyə zəng edəcəyini göstərir, lakin iddiaçı zəng edilmədyindən narazılıq edir, xx.xx.2023-cü il tarixdə iddiaçı işlərin vəziyyəti, əmlak bazasının hazır olub-olmadığını soruşur, xx.xx.2023-cü il tarixdə iddiaçı ayın 22-nə işlərin yekunlaşacağını gözlədiyini bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı proqramın 22-nə təhvil verilib-verilməyəcəyini dəqiqləşdirir, cavabdehdən dəqiq məlumat tələb edir, xx.xx.2023-cü il tarixdə iddiaçı dəfələrlə edilən zənglərə cavab verilmədiyini qeyd edir, ödənilən məbləğin ofisə qaytarılmasını bildirir. – 14.12.2023-cü il tarixdə iddiaçı işlərin nə yerdə olduğunu soruşur, cavabdeh zəng edəcəyini qeyd edir, xx.xx.2023-cü il tarixdə iddiaçı ayın 19-na söz verildiyini, lakin ayın 20-si olduğu halda proqramın təhvil verilmədiyini göstərir, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehin və qazaxıstanlıların proqramı təhvil vermək fikirləri olmadığını, bu səbəbdən məsələnin bağlanmasını təklif edir, xx.xx.2024-cü il tarixdə iddiaçı 1 ilə yaxındır proqramın verilmədiyini xatırladır, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı cavabdehdən dəfələrlə məlumat tələb edir, lakin cavabeh hər hansı məlumat vermir,. – xx.xx.2024-cü il tarixdə cavabdeh proqramın, demək olar ki, hazır olduğunu bildirir, xx.xx.2024-cü il tarixdə cavabdeh 10 iş günü ərzində proqramın təhvil veriləcəyini bildirir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqramın təhvil verilməsi üçün ayın 3nə qədər vaxt qoyulduğunu qeyd edir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqramın lisenziyasının bitdiyini bildirir, onun aktivləşdirilib-aktivləşdirilməməsini cavabdehdən soruşur, xx.xx.2024-cü il tarixdə cavabdeh sabah layihənin bitiriləcəyini bildirir, proqramın hazır olduğunu göstərir, xx.xx.2024-cü il tarixdə cavabdeh pulu qaytarmayacağını, proqram üçün Qazaxıstana kifayət qədər pul ödədiyini qeyd edir. – 07.06.2024-cü il tarixdə iddiaçı lisenziyanın aktivləşmədiyini bildirir, cavabdeh isə ödənişin olduğunu, lisenziyanın aktiv olacağını göstərir, xx.xx.2024-cü il tarixdə iddiaçı əmlak bazasının dizyanını özlərinin yığa biləcəyini, işlərin yekunlaşmaq üzrə olduğunu, proqramdakı qüsurları aradan qaldırdığını bildirir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqram üçün başqa şirkətlərlə əlaqə saxladıqlarını qeyd edir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqramdan şəkillər göndərir, xx.xx.2024-cü il tarixdə iddiaçı dizayn işinin uzun müddət vaxt tələb etdiyini bildirir, xx.xx.2024-cü il tarixdə iddiaçı əmlak bazası üçün dizaynın yekunlaşmaq üzrə olduğunu göstərir... .
29. İş materiallarında olan yazışmalardan və şahid ifadələrindən göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixdə işlərin 2 həftəyə, xx.xx.2023-cü il tarixdə ayın axırına, xx.xx.2023-cü il tarixdə 7-10 günə bitəcəyini, xx.xx.2024-cü il tarixdə, demək olar ki, hazır olduğunu, xx.xx.2024-cü il tarixdə 10 iş gününə hazır olacağını, xx.xx.2024-cü il tarixdə sabah təhvil verilcəyini bildirmişdir. Əmlak bazası üçün dizyanın hazırlanması isə yalnız 2024-cü ilin avqust ayında işlərinin tamamlanmasını təmin etmək üçün iddiaçının müqavilə ilə razılaşdırılmamış işi öz üzərinə götürməsi formasında olmuş, lakin daha sonra iddiaçı həmin işdən imtina etmişdir. Eyni zamanda proqramın bir hissəsinin tamamlandığı, lakin lisenziyanın müddəti bitdiyi üçün həmin proqrama iddiaçı və cavabdehin daxil ola bilmədiyi işin mübahisəsiz halıdır.
30. Belə olan halda mübahisə podrat müqaviləsinin qüsurlu icranı tənzimləyən müddəaları əsasında həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
31. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
32. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
33. Məhkəmə qeyd edir ki, məmulatın qüsuru olduqda sifarişçinin qanunda təsbit olunan əlavə icra tələbi hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi qaydası isə qanunda birbaşa təsbit olunmuşdur. Hazırkı iş üzrə iddiaçı cavabdehə dəfələrlə əlavə icra üçün şərait yaratmış, cavabdeh isə vəd etdiyi heç bir müddətdə proqramı iddiaçıya təhvil verməmiş, lisenziyanın müddəti isə borclu – cavahdeh tərəfindən icranın gecikdirilməsi müddətində baş vermişdir.
34. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
35. Beləliklə, iddiaçı hazırda Mülki Məcəllənin 765-ci maddəsinə nəzərdə tutulmuş müqavilən imtina hüququnu realizə edir. Müqavilədən imtina isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Başqa sözlə, müqavilədən imtina öhdəliyin icra edilməməsi halında müqavilədən əvvəlki ilkin vəziyyətin bərpası ilə nəticələnir.
36. Hazırkı halda, cavabdeh tərəfindən proqram təhvil verilməmiş, iddiaçı tərəfindən isə 11493,3 manat ödəniş edilmişmir. Cavabdehin etirazının əksinə bu gecikmə bilavasitə sonuncudan qaynaqlanmış, subpodratçılara münasibətdə isə Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən (borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır) bilavasitə cavabdeh məsuliyyət daşımışdır. Bu mənada müqavilədən imtinanın hüquqi nəticəsi həmin ödənişin iddiaçıya qaytarılmasından ibarətdir.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
39. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
42. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 11493,3 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
43. İddia ərizəsində iddiaçı 125,46 manat dövlət rüsumunun, 325 manat vəkil xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmişdir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 127 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
45. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 325 manat məbləğində pul “De Fendo” vəkil bürosunun hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli EO-908VK-10404/24 nömrəli vəkil orderi).
46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
48. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
49. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 325 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
50. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Beləliklə, yuxarıda göstərilənləri və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 11493,3 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova