Məhkəmə qərarları › İş №e-2-2(113)-1252/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1252/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1252/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, bank hesabı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ” Rabitəbank” ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11799,82 manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə (bundan sonra bank) Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə Bank hesabı müqaviləsi (hüquqi və sahibkar fiziki şəxslər üçün) bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə Visa Rewards kartmane kartı verilmiş və **********0944-676397 saylı hesab açılmışdır. xx.xx.2023-cü il tarixdə müştərinin hesabında 29000 manat vəsait olub. xx.xx.2023-cü il tarixdə səhər saatlarında filialda yerində göstərilən xidmətdən yararlanaraq 12180 manat vəsait nağdlaşdırılıb və eyni zamanda 9400 manat vəsait köçürmə edilib. Hesabda 7420 manat vəsait qalmasına baxmayaraq müştəri tərəfindən 12900 manat və 6600 manat vəsait İB (İnternet Banking) vasitəsilə köçürmə edib. Köçürmə icra olunduğu üçün nəticədə overdraft borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli Borc haqqında arayışa əsasən Cavabdeh MMC-nin Banka overdraft borcu 11799,82 manat təşkiledir. İddiaçı tərəfindən cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli RB05-02/140 saylı və xx.xx.2024-cü il tarixli RB-02/PK-5730 saylı bildirişlər göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 11799,82 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Məmmədova iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin:

8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı (bank) ilə cavadeh (istifadəçi) arasında bağlanmış İddiaçı ASC-nin plastik kartlarıın əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.2-ci bəndinə görə bank müştərinin kart hesabına əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və ya digər texniki overdraft məbləğini, həmçinin bu müqavilədə nəzərdə tutulmayan hallarda səhvən kart hesabına köçürülmüş müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, müştərinin sərəncamı olmadan bankdakı istənilən hesabından akseptsiz qaydada silir.

14. Müqavilənin 8.3-cü bəndinə görə müştəri bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər texniki overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti banka bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə bankın həmin məbləği müştərinin bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsiz qaydada silmək hüququ yaranır və bu müqaviləni imzalamaqla müştəri buna öz razılığını bildirir.

15. Müqavilənin 5.3-cü bəndinə görə müştəri bankın təyin etdiyi limiti qəbul edəcəyini və həmin limitdən məlumatının olmaması bəhanəsi ilə etiraz etməyəcəyini öz öhdəsinə götürür.

16. İddiaçı (bank) ilə cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 676397/05AZN01 nömrəli bank hesabı müqaviləsinə görə bank aşağıda göstərilən şərtlərlə müştəri üçün hesab vəya hesablar açır, açılmış hesaba daxil olan pul vəsaitini qəbul edir və hesaba mədaxil edir, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirir, müştəri isə bu müqaviləyə uyğun olaraq komisyon haqları ödəyir.

17. İddiaçıya məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin bank hesabnıda 29000 manat vəsait olmuş, xx.xx.2023-cü il tarixdə 12180 manat vəsait nağdlaşdırılmış, xx.xx.2023-cü il tarixdə 9400 manat vəsait hesabdan Qanuni nümayəndə hesabına köçürülmüş, 12900 manat vəsait isə "xxxx" MMC-nin hesabına köçürülmüş, 6600 manat vəsait təkrarən "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

18. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, RB05-02/188 nömrəli maliyyə arayışına görə cavabdehin iddiaçıdan olan cari və kart hesabları üzrə xx.xx.2024cü il tarixə olan overdraft borcu 11799,82 manat təşkil edir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

20. Həmin Məcəllənin 954.1-ci maddəsinə görə bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 956.1-ci maddəsinə görə bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır.

22. Həmin Məcəllənin 960.1-ci maddəsinə görə bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.

23. Həmin Məcəllənin 960.2-ci maddəsinə görə tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.

24. Beləliklə, işin hallarından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilə və xx.xx.2023-cü il tarixli, 676397/05AZN01 nömrəli bank hesabı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin hesabında 29000 manat vəsait olmuş, xx.xx.2023-cü il tarixdə 12180 manat vəsait nağdlaşdırılmış, 9400 manat, 12900 manat və 6600 manat vəsait digər hesablara köçürmə edilmiş, köçürmə icra olunduğu üçün nəticədə cavabdehin iddiaçıya overdraft borcu yaranmışdır. Hesabın kreditləşdirilməsi nəticəsində cavabdehin iddiaçıya hazırda 11799,82 manat qalıq borcu yaranmış və borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 11799,82 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 126 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11799,82 manat məbləğində pul, 126 manat dövlət rüsumu, ümumilikdə 11925,82 (on bir min doqquz yüz iyirmi beş manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar