Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1260/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6784,49 manat (altı min yeddi yüz səksən dörd manat qırx doqquz qəpik) məbləğində vurulmuş maddi ziyan və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 100 (yüz) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC təxminən 2017-ci il tarixindən etibarən "xxxx" ASC-nin Qəbələ filialının müştərisidir və həmin vaxtdan bankın müxtəlif xidmətlərindən istifadə etməkdədir. Tərəflər arasında bağlanmış və iddia ərizəsinə əlavə olunmuş 23 dekabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından göründüyü kimi, iddiaçının sərəncamı olmadan cavabdeh tərəfindən icra edilən əməliyyatlar nəticəsində iddiaçıya 6784,49 manat (altı min yeddi yüz səksən dörd manat qırx doqquz qəpik) məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan aktın tərtib olunmasından sonra vurulmuş maddi zərər iddiaçı tərəfindən dəfələrlə cavabdehdən tələb olunmuş, lakin heç bir nəticə əldə olunmamışdır. Cavabdeh vurulmuş zərərin ödənilməsini müxtəlif bəhanələrlə yubatmışdır. Sonuncu dəfə iddiaçı tərəfindən cavabdehə 24 sentyabr 2021-ci il tarixli pretenziya məktubu ilə müraciət edilmiş və vurulmuş zərərin ödənilməsi bir daha tələb olunmuşdur. Cavabdeh tərəfindən həmin pretenziya məktubuna bildirilmiş 15.10.2021-ci il tarixli 23- 12760/2021 saylı cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Qəbələ filialının əməkdaşı X3 müştərilərə məxsus bank hesablarından pul vəsaitlərini qanunsuz yolla ələ keçirməsi, banka və müştərilərə ziyan vurması barədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Sözügedən məsələ ilə bağlı Bank tərəfindən gələcəkdə məhkəmə orqanlarının qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Göründüyü kimi, cavabdeh öz işçisi vasitəsi ilə iddiaçıya bilavasitə zərər vurduğunu qəbul etməkdədir. Lakin cavabdehin “gələcəkdə məhkəmə orqanlarının qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcəyi ”fikri ilə iddiaçı razı deyildir və hesab edir ki, istənilən halda cavabdeh bir hüquqi şəxs olaraq öz işçisinin törətdiyi hüquq pozuntusu (delikt) üçün birbaşa məsuliyyət daşıyır və başqa heç bir amildən asılı olmayaraq vurulan zərərin əvəzini iddiaçının ilk tələbi əsasında ödəməli idi. Cavabdehlə onun işçisi və ya digər üçüncü şəxslər arasında olan başqa çəkişmələrin iddiaçıya aidiyyəti yoxdur. İddiaçı qanun çərçivəsində keyfiyyətli bank xidmətləri əldə etmək üçün cavabdehlə əqd bağlamışdır. Vurulmuş zərərin ödənilməməsi və bu kimi bəhanələrlə gecikdirilməsi iddiaçının maliyyə vəziyyətinə və cari fəaliyyətinə təsir etməkdədir. Bu səbəbdən cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - 23.12.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktında qeyd olunmuşdur ki, müştərinin sərəncamı olmadan icra edilən əməliyyatlar nəticəsində müştəriyə 6784,49 manat məbləğində maddi ziyan dəymişdir. Aktda qeyd olaraq yazılmışdır ki, "xxxx" MMC-nin hesabına mədaxil olunmalı 2000 manat məbləğində vəsait xxx tərəfindən həmin MMC-nin qeyd edilən dövrdə mühasibinin olmaması və məsul şəxslərinin maliyyə savadsızlığından istifadə edilərək 21.02.2018-ci il tarixində "X10”nin ******************** saylı hesabına mədaxil edilmişdir. xxx "xxxx" MMC-nin mühasibi X1 hesabdan çıxarış təqdim edərək həmin Müəssisənin hesabına səhvən fərdi sahibkar – X5 ******************** saylı hesabından 231 manat məbləğində vəsaitin daxil olduğunu bildirərək, həmin vəsaitin in hesabına nağd mədaxil etməsini tələb etmişdir. X5 ******************** saylı hesabına 231 manat məbləğində vəsaitin mədaxil edilməsinə dair xxx tərəfindən a mədaxil qəbzi təqdim edilmişdir. Aktda qeyd edilən cədvəldə qeyd edilmiş **********150011 (15.01.2018), **********610010 (10.06.2019) və 323MSCD191610005 (10.06.2019) referensli əməliyyatlar üzrə rəqəmlər kənarlaşma məbləğlərini əks etdirir. Qeyd edilən akt hər iki tərəfin imzası və "xxxx" ASC-nin Qəbələ filialının möhürü ilə təsdiq edilmişdir. - 03.02.2022-ci il tarixli, 323OPXO220340031 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ76HAJCHCRAZN**********9001 nömrəli hesabına 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli, İH- 2021/22 nömrəli pretenziya məktubundan görünür ki, 6784,49 manat (altı min yeddi yüz səksən dörd manat qırx doqquz qəpik) məbləğində pul vəsaitinin 05.10.2021-ci il tarixə kimi ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 15 oktyabr 2021-ci il tarixli, 23- 12760/2021 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanan məktubla bağlı bildirilir ki, Bank tərəfindən müraciətə baxılmışdır. "xxxx" ASCnin “Qəbələ" filialının əməkdaşı X3 müştərilərə məxsus bank hesablarından pul vəsaitlərini qanunsuz yolla ələ keçirməsi, banka və müştərilərə ziyan vurması barədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Sözü gedən məsələ ilə bağlı bank tərəfindən gələcəkdə məhkəmə orqanlarının qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC "xxxx" ASCnin Qəbələ filialının müştərisidir və bankın müxtəlif xidmətlərindən istifadə etməkdədir. İddiaçının sərəncamı olmadan cavabdeh tərəfindən icra edilən əməliyyatlar nəticəsində iddiaçıya ümumilikdə 6784,49 manat məbləğində maddi ziyan dəymişdir. Bu fakt tərəflər arasında tərtib edilmiş 23.12.2020-ci il tarixli üzləşmə aktı ilə öz tədiqini tapır. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdeh tərəfə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, "xxxx" ASC-nin “Qəbələ" filialının əməkdaşı X3 müştərilərə məxsus bank hesablarından pul vəsaitlərini qanunsuz yolla ələ keçirməsi, banka və müştərilərə ziyan vurması barədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmiş və sözü gedən məsələ ilə bağlı bank tərəfindən gələcəkdə məhkəmə orqanlarının qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Lakin bügünədək cavabdeh tərəfindən iddiaçı dəymiş maddi ziyan aradan qaldırılmamış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Beləliklə, məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, cavabdehin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığını və işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş maddi ziyana görə cavabdehdən 6784,49 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 100 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6784,49 manat (altı min yeddi yüz səksən dörd manat qırx doqquz qəpik) məbləğində vurulmuş maddi ziyan və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6884,49 manat (altı min səkkiz yüz səksən dörd manat qırx doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1260/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1260/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver