Məhkəmə qərarları › İş №e-2-2(113)-1284/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1284/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1284/2023 10.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, 27072021 saylı alqı-satqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli 27072021 saylı alqı-satqı müqaviləsinə əsasən satılmış malların dəyəri olan, ƏDV daxil 18.290 manat pulun və 200 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixli, 27072021 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə 18.290 manat (ƏDV daxil) dəyərində mal (tikinti materialları) satmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC cavabdehə 10.900 manat dəyərində 1000 ədəd Alçipan Gilan 10 luq ağ, 2.485 manat dəyərində 350 ədəd Ağdağ üzlük, 1.425 manat dəyərində 250 ədəd Ağdağ astar və 690 manat dəyərində 100 ədəd Mətanət A adda tikinti materiallarını satmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı” ya müqaviləyə əlavə edilmiş razılaşdırma protokolunda göstərilən malları satır, “Alıcı” isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı” ya ödəyir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən “Alıcı” nın vəzifəsindən biri Malları elektron Qaimə- Faktura və/və ya təhvil-təslim sənədləri ilə təhvil almaqdır. Müqavilənin tərkib hissəsi olan 01 saylı əlavədə olan 01 saylı “Qiymətlərin razılaşdırılması Protokolu”nun 2-ci bəndinə əsasən Satıcı tərəfindən satılan malların cəmi qiyməti əlavə dəyər vergisi nəzərə alınmaqla 18.290 manat təşkil edir. Protokolun 3-cü bəndinə əsasən Malların qiymətinin 20%-i öncədən ödənilir, yerdə qalan 80%-i isə Satıcı tərəfindən mallar Müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə Alıcıya təhvil verildikdən sonra Malın təhviltəslimini təsdiq edən qaimə faktura və ya Təhvil-Təslim aktına və Satıcının təqdim etdiyi ödəniş sənədlərinə (hesab faktura, e-qaimə) əsasən Alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 30 (otuz) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında ödənilir. Protokolun 4-cü bəndinə əsasən malların təchizat müddəti bu əlavənin qüvvəyə mindiyi gündən etibarən 3b iş günü müddətində nəzərdə tutulmuşdur. Cavabdehə malların təhvil-təslimini təsdiq edən xx.xx.2021-ci il tarixli, 444131 nömrəli elektron qaimənin göndərilməsinə baxmayaraq satılmış malların dəyəri bugünədək ödənilməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Sonradan qanuni təmsilçisi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən, xx.xx.2021-ci il tarixli, 27072021 saylı alqısatqı müqaviləsinə əsasən satılmış malların dəyəri olan, ƏDV ilə birlikdə 12.744 manat pulun və 200 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilmişdir ki, cavabdeh "xxxx" MMC alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı MMC-yə 3.000 manat nağd depozit ödəmişdir. Bundan əlavə müqaviləyə əsasən satılmış 1.700 manat dəyərində mal (astar və üzlük şpaklovka) cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında geri qaytarılmışdır. Bu səbəbdən də hazırda cavabdehin iddiaçıya 10.800 manat əsas, 1.944 manat ƏDV olmaqla cəmi 12.744 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o iddiaçı şirkət ilə çalışırdı. Bu hadisədən sonra artıq iddiaçı ilə çalışmır. İddiaçının sifarişi əsasında malları göndərirdi. Fərqli firmalara aid malları sifariş verirdilər. İddiaçının qanuni təmsilçisi 3000 manat ödəniş edib bir dəfə. Ona bildirildi ki, borcun geri qalanını 1 ay ərzində ödəyəcək. O iddiaçıya aid digər şirkətlərə də mal satmışdır. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, bu hadisələr bir il yarım əvvəl baş verib. Münasibətlər keçən il pozulub. O, sonuncu dəfə 12000-13000 manat dəyərində mal göndərmişdir. İddiaçı ona bildirdi ki, qarşı tərəfdən pul vəsaitini ala bilmir. O cavabdehi tanımır. 3-4 ay sonra 1700 manat dəyərində mal qaytarıldı. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 27 iyul 2021-ci il tarixdə 27072021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcıya bu X1 göstərilən malları satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən malların növü, çeşidi, tərkibi, digər əlamətləri və xarakterik xüsusiyyətləri qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən olunur. 2.1.2-ci bəndinə əsasən malları əlavələrə uyğun elektron qaimə-faktura və/və ya təhvil-təslim sənədləri əsasında vermək satıcının, 2.2.1-ci bəndinə əsasən isə alınmış malların dəyərini hazırki müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etmək alıcının vəzifəsidir. 3.1.1-ci bəndinə əsasən sifariş verilmiş mallar satıcının anbarında satışa hazır olduğu halda malların dəyəri əlavələr imzalandıqdan sonra satıcının təqdim etdiyi sənədlər (hesab-faktura/elektron hesab-faktura) əsasında alıcı tərəfndən ödəniş qaydasında köçürmə yolu ilə ödənilir. 3.1.2-ci bəndinə əsasən alıcı haırki müqavilənin ayrılmaz tərkib hisəssi sayılan qiymətlərin razılaşdırılması protokoluna (müvafiq əlavələr) əsasən satıcıya ümumi məbləğin 100%-ini müqavilənin şərtlərinə əsasən 30 gün ərzində ödəyir. 9.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tam icra olunana qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 27 iyul 2021-ci il tarixli 27072021 saylı malların alqı-satqısı müqaviləsinə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna (№1) əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların texniki xüsusiyyətləri, qiyməti və miqdarı (Alçıpan Gilan10luq ağ 1 ədədi 10,90 manat olmaqla - 1000 ədəd (cəmi 10.900 manat), ağdağ üzlük 1 ədədi 7,10 manat olmaqla – 350 ədəd (cəmi 2.485 manat), ağdağ astar 1 ədədi 5,70 manat olmaqla – 250 ədəd (cəmi 1.425 manat), Mətanət A 1 ədədi 6,90 manat olmaqla – 100 ədəd (cəmi 690 manat), ümumilikdə 2.790 manat, ƏDV daxil 18.290 manat olaraq) razılaşdırılmışdır. Malların qiymətinin 20%-i öncədən ödənilir, yerdə qalan 80%-i satıcı tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada tam şəkildə alıcıya təhvil verildikdən sonra malların təhvil-təslimini təsdiq edən qaimə-faktura və ya təhvil-təslim aktına və satıcının təqdim etdiyi ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən alıcı tərəfindən həmin sənədlərin alındığı tarixdən etibarən 30 iş günü ərzində nağdsız hesablaşmalar qaydasında ödənilir. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən (2.790 manat ƏDV daxil) 18.290 manat dəyərində yola salınmış mallara (Alçıpan Gilan10luq ağ 1 ədədi 10,90 manat olmaqla - 1000 ədəd (cəmi 10.900 manat), Ağdağ üzlük 1 ədədi 7,10 manat olmaqla – 350 ədəd (cəmi 2.485 manat), Ağdağ astar 1 ədədi 5,70 manat olmaqla – 250 ədəd (cəmi 1.425 manat), Mətanət A 1 ədədi 6,90 manat olmaqla – 100 ədəd (cəmi 690 manat) ümumilikdə 2.790 manat ƏDV daxil)18.290 manat) görə EBBF seriyalı, 444131 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə cavabdeh "xxxx" MMC-yə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil 12.744 manat təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – ƏDV daxil 12.744 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12.744 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 144,87 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 12.744 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC–yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar