Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1291/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən 18737,21 (on səkkiz min yeddi yüz otuz yeddi manat iyirmi bir qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr çün 390 (üç yüz doxsan manat) manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 (üç yüz) manat və 191 (yüz doxsan bir) manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 19618,21 (on doqquz min altı yüz on səkkiz manat iyirmi bir qəpik) manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında, distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №12645 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən rəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 aprel 2024-cü il tarixdə tərəflər arasında imzalanmış sonuncu üzləşdirmə aktının məzmunundan görünür ki, 31 mart 2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSC-ə borcu 33 334,98 manat (otuz üç min üç yüz otuz dörd manat oxsan səkkiz) təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır, belə ki, kreditor olaraq İnteqral QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nə elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Cavabdehə pretenziya ünvanlanan zaman, xx.xx.2024-cü il tarixinə qalıq orc məbləği 33094,98 manat təşkil edib. Pretenziyadan sonra cavabdeh tərəfindən borcdan ümumilikdə 14357,77 manat məbləğində pul ödənilmiş, geri qalan 18737,21 manat bu günə kimi ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 13645 saylı diler müqaviləsi imzalanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən, distribütor tərəflər arasına razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə özünə məxsus olan malları təklif edir, diler öz növbəsində bu malların satışını həyata keçirir. Malların dilerə çatdırılması tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq.
10. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
11. Hazırda iddiaçı cavabdehin qeyd olunan müqavilə üzrə xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən 18.737,21 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir.
12. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, üzləşmə aktında cavabdehin imza və möhürünün olmadığını, üzləşmə aktında imza edən Şahid2 və Ruslan adlı şəxsin cavabdeh hüquqi şəxsin adından imza etmək səlahiyyətinin olmadığını, üzləşmə aktında da, borcla razı olmamağa dair qeydlər olduğunu, borcun nədən yarandığının məlum olmadığını, cavabdehin iddiaçıdan 2024-cü ildə mal almadığını və borcu qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
13. Məhkəmə qeyd edir ki, bağlanmış müqavilənin məzmununa nəzər yetirildikdə aydın olur ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmışdır.
14. Ona görə də, ilk növbədə alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsinin sübutütmə vəzifəsi iddiaçının üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAG 143101 saylı xx.xx.2020-ci il tarixli dəyəri 81.254,85 manat olan, EBAH 760213 saylı xx.xx.2020-ci il tarixli dəyəri 27.077,70 manat olan, EBCJ 863255 saylı xx.xx.2022-ci il tarixli dəyəri 3.369,99 manat olan, EBCJ 849540 saylı xx.xx.2022-ci il tarixli dəyəri 11.508 manat olan, EBCK 294871 saylı xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimələr göndərilmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, göndərilmiş elektron qaimələrin ancaq bunlardan ibarət olduğunu bildirmişdir.
17. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan son elektron qaimə xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimədir.
18. İddiaçı tərəf həmçinin sübut kimi, xx.xx.2022-ci il tarixli borcun 46.639,84 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 37.389,84 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 36.530,84 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 39.135,84 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 51.558,56 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 46.589,61 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 47.998,57 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2022-ci il tarixli borcun 38.814,59 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2023-cü il tarixli borcun 59.648,60 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2023-cü il tarixli borcun 32.634,95 manat qalmasına dair üzləşmə aktı adlı sənədi, xx.xx.2024-cü il tarixli borcun 33.334,98 manat qalmasına dair üzləşmə aktı adlı sənədi işə əlavə etmişdir.
19. Qeyd edilmiş üzləşmə aktı adlı sənədin yalnız birində yəni, xx.xx.2022-ci il tarixli borcun 46.589,61 manat qalmasına dair aktda cavabdeh tərəfin möhürü əks olunmuşdur. Həmçinin bu üzləşmə aktını cavabdeh tərəfdən Şahid2 adlı şəxs imza etmiş və “aradakı yaranmış fərqin səbəbinin aradırılmasını tələb edirəm” qeydi edilmişdir.
20. Həmçinin, qeyd edilmiş digər üzləşmə aktı adlı sənədlərin heç birinci cavabdehin möhürü mövcud deyil və “borcla razı deyiləm”, “sverka ilə razı deyiləm”, “bu məbləğlə razı deyiləm” qeydləri aparılmışdır.
21. Məhkəmə qeyd edir ki, yuxarıda da, qeyd edildiyi kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimə xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimədir. xx.xx.2023-cü il tarixli borcun 59.648,60 manat qalmasına dair üzləşmə aktı adlı sənədə nəzər yetirildikdə də, görünür ki, iddiaçı tərəfin özü 2022-ci ilin dekabr ayında cavabdeh tərəfindən ödənişin 50.859,99 manat olmasını qeyd etmişdir.
22. Yəni Məhkəmə bu xüsusda qeyd edir ki, qeyd edilmiş elektron qaimədə əks olunmuş malların dəyəri ödənilmişdir.
23. Bundan başqa iddiaçı tərəf xx.xx.2023-cü il tarixli 3.300 manat dəyərində malların verilməsinə dair təhvil-qəbul aktını və eyni tarixli 3.346 manat dəyərində malların verlməsinə dair təhvil-qəbul aktını işə əlavə etmişdir. Qeyd edilmiş aktlar M.Ruslan adlı şəxs tərəfindən imzalanmışdır.
24. Bununla bağlı da, Məhkəmə qeyd edir ki, 2023-cü ilin noyabr ayında 6.646 (3.300+3.346) manat dəyərində mallar verilmiş olsa da, xx.xx.2024-cü il tarixli borcun 33.334,98 manat qalmasına dair üzləşmə aktı adlı sənədə nəzər yetirildikdə görünür ki, iddiaçı tərəfin özü 2023-cü ilin dekabr ayında cavabdeh tərəfindən 20.000 manat ödəniş edilməsini qeyd etmişdir.
25. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəf cavabdehə sonradan malların verilməsini və verilmiş mallara görə borcun qalmasını sübuta yetirə bilməmişdir. Yəni, iddiaçı tərəfindən cavabdehə hansı dəyərdə mallar verilmişdirsə, cavabdeh tərəfindən də, ödənilmişdir.
26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov