Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1306/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 609 manat manat əsas borc, 30 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 669 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitəsinə İddiaçı MMC-yə məxsus servis mərkəzində texniki xidmətlər göstərilmişdir. Qeyd edilən xidmətlərlə bağlı yaranmış borcun dəfələrlə tələb edilməsinə baxmayaraq, ödəniş cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilən tələb üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 669 manat təşkil edir. Həmin borc məbləğinin izahı aşağıdakı kimidir: - 609 manat əsas borc (16.xx.xx.2023-cü il tarixli, Mİ-117965 saylı iş kartına əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDS 986234 saylı elektron qaimə üzrə); 30 manat əsas borc üzrə yaranmış dəbbə pulu (xx.xx.2023-cü tarixli müqavilənin 4.5-ci bəndinə əsasən gecikdirilmiş ümumi borc məbləğinin 5%-i olmaqla); 30 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən sifarişçi icraçının yerinə yetirdiyi xidmətin dəyərini təqdim edilən ödəniş sənədinə əsasən vaxtında ödəməlidir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən ödənişdə gecikmə halları olarsa, göstərilmiş xidmətlərin ümumi dəyərinin 5 (beş) %-dən çox olmamaq şərti ilə dəbbə pulu hesablanır. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq mülki-hüquq xarakterli müqavilə bağlanmış və bağlanmış müqavilə üzrə öhdəliklər və vəzifələr müəyyənləşdirilmişdir. İddiaçı cavabdehlə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən öhdəlik və vəzifələrini tam olaraq yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə öhdəliklərindən yayınmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 425.1, 425.2, 430.1, 442, 443.1, 445.2.1, 448.1, 448.4, 449-cu maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, Mİ-095/2023 nömrəli texniki servis xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin (həmçinin bu müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan şəxsin) tapşırığına əsasən icraçı öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öz öhdəsinə götürür: 1. İcraçının Bakı- Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən servisinə müraciət edən sifarişçinin qarşılanması; 2. Sifarişçinin tapşırığına əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində servisə təqdim olunan avtomobilə və ya avtomobillərə servis xidmətlərinin göstərilməsi ilə bağlı: 1. Avtomaşının ümumi texniki sazlığının yoxlanılması; 2. Avtomaşının təmiri; 3. Avtomaşının razılaşdırılmış ehtiyat hissələrinin və aksessuarlarının dəyişdirilməsi; 4. Avtomaşının yuyulması və kimyəvi təmizlik işlərinin görülməsi; 5. Digər avtotəchizat və kompleks servis xidmətinin görülməsi. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən köçürmə və ya nağd yolu ilə vaxtında ödəmək (bu müqavilənin 4.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq) vəzifəsi vardır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi icraçının yerinə yetirdiyi xidmətin dəyərini hesab-faktura və təhvil-təslim aktının imzalanmasından sonra 10 (on) təqvim günü ərzində köçürmə və ya nağd yolu ilə icraçıya ödəyir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 0,05%, lakin göstərilmiş xidmətlərin ümumi dəyərinin 5%-dən çox olmamaq şərti ilə dəbbə pulu hesablanır. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən sifariş olunan servis xdmətlərinin dəyəri 1000 (min) manatdan artıq olduğu təqdirdə, sifariş üzrə görüləcək işlərin ümumi dəyərinin 50 (əlli) faizi servis xidmətləri başlananadək avans olaraq sifarişçi tərəfindən icraçıya ödənilir. Qalan məbləğ isə müqavilənin 4.4-cü maddəsində qeyd edilmiş qayda üzrə ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 04 aprel 2023-cü ildən 31 dekabr 2024-cü il tarixinədək bağlanılır və özündən əvvəl yazılı və ya şifahi formada bağlanmış qüvvədə olan hər hansı müqaviləni və ya şərtləri əvəz edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Mİ117965 nömrəli hesabın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 608,8 manat olan xidmət göstərilmişdir. Hesabatın Mİ-147495 nömrəli akt əsasında tərtib edildiyi qeyd edilmişdir.
9. Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2023-cü il tarixli, Mİ-147495 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 608,8 manat olan xidmət göstərilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Mİ-147495 nömrəli iş kartında Cavabdeh MMC-yə göstərilən xidmətlərin siyahısı qeyd edilmişdir. Xidmətlərin ümumi dəyərinin 578,78 manat olduğu qeyd edilmişdir.
11. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Mİ-147495 nömrəli iş kartında Cavabdeh MMC-yə göstərilən xidmətlərin siyahısı qeyd edilmişdir. Xidmətlərin ümumi dəyərinin 20,18 manat olduğu qeyd edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 986234 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 608,8 manat təşkil edir. Qaimənin əsası kimi Mİ- 147495 nömrəli akt qeyd edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən İddiaçı MMC-yə olan 639 manat borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında texniki servis xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən sifarişçinin tapşırığına əsasən icraçı öz riski ilə müqavilənin şərtləri əsasında və müddəti ərzində xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüş, sifarişçinin isə icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən vaxtında ödəmək öhdəliyi müəyyən olunmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla (iş kartı, hesab faktura, elektron qaimə) öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2023-cü il tarixli, Mİ- 147495 nömrəli akt ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 608,8 manat olan xidmətin göstərilməsi təsdiq edilir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən (cavabdehin və qanuni təmsilçisinin elektron kabineti vardır) iddiaya hər hansı etiraz edilməmişdir.
17. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, Mİ-095/2023 nömrəli müqavilə üzrə 609 manat məbləğində əsas borcun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin iddiaçının yerinə yetirdiyi xidmətin dəyərini ödəmək vəzifəsi daşımasını, müvafiq olaraq iddiaçının yerinə yetirdiyi xidmətin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən 608,80 manat (altı yüz səkkiz manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir (0,20 manat hissədə).
19. Bundan əlavə iddiaçı cavabdehdən 30 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış müqavilənin 4.5-ci bəndinə əsasən ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 0.05% lakin göstərilmiş xidmətlərin ümumi dəyərinin 5%-dən çox olmamaq şərti ilə dəbbə pulu hesablanır. Məhkəmə qeyd edilənləri əsas götürərək hesab edir ki, iddia tələbi dəbbə pulunun cavabdehdən tutulması hissəsində təmin edilməli və cavabdehdən 30 (otuz) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
21. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 608,80 manat (altı yüz səkkiz manat səksən qəpik) manat əsas borc, 30 (otuz) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 668,80 manat (altı yüz altmış səkkiz manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova