Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1316/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (əri) Nümayəndə iştirakı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 35400,43 manat əsas borcun, 1479,62 manat cərimə məbləğinin və ödənilmiş 201 manat dövlət rüsumunun, 120 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında GTG/036/24 nömrəli xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi cavabdeh tərəfindən verilir. İddiaçı cavabdehin sifariş verdiyi xidmətləri həyata keçirir, iddiaçının yerinə yetirdiyi işlər müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınır. İlk təhvil-təslim aktları xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, sifariş verilmiş xidmətlər icra olunmuşdur. Daha sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə digər təhvil-təslim aktları tərtib olunaraq imzalanmışdır. Müxtəlif vaxtlarda cavabdehin verdiyi sifarişlər əsasında təhvil-təslim aktları əsasında göstərilmiş xidmətlər üçün xidmət haqqı bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Adıçəkilən xidmət müqaviləsinin 4.3-cü bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.4-cü bəndinə əsasən cavabdeh göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə iddiaçıya ödəmədikdə hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir. 2.2. xx.xx.2024-cü il tarixli 1 və 2.1 nömrəli ayrı-ayrı təhvil-təslim aktları üzrə təhvil alınan xidmətlərə görə 12307,85 manat və 1538,48 manat, cəmi 13846,33 manat (ƏDV daxil olmadan) xidmət haqqı ödənilməmiş, bir gün üçün gecikdirilmiş cərimə məbləği (13846,33 x 0,1% =) 13,84 manat olmaqla 68 gün gecikdirilmiş iş günü üçün 68 x 13,84 = 941,12 manat cərimə borcu təşkil etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə təhvil alınan xidmətlərə görə 10384,74 manat (ƏDV olmadan) xidmət haqqı ödənilməmiş, bir gün üçün gecikdirilmiş cərimə məbləği (10384,74 x 0,1% =) 10,38 manat olmaqla 43 gün gecikdirilmiş iş günü üçün 43 x 10,38 = 446,34 manat cərimə borcu təşkil etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə təhvil alınan xidmətlərə görə 5769,3 manat (ƏDV olmadan) xidmət haqqı ödənilməmiş, bir gün üçün gecikdirilmiş cərimə məbləği (5769,3 x 0,1% =) 5,76 manat olmaqla 16 gün gecikdirilmiş iş günü üçün 16 x 5,76 = 92,16 azn cərimə borcu təşkil etmişdir. 2.3. Ümumilikdə əsas borc 35400,43 manat (ƏDV daxil olmaqla), cərimə borcu 1479,62 manat təşkil edir. Müqavilənin 9-cu maddəsinə əsasən müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər edilməsinə baxmayaraq, bu günə kimi ödəniş etməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada cavabdehə rəsmi qaydada pretenziya məkubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği bu günə qədər ödənilməmişdir. Cavabdeh borcun qaytarılması ilə bağlı tələblərə məhəl qoymur, hər dəfə bir bəhanə gətirərək, borcu qaytarmaqdan yayınır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsi üzrə “hidromek HMK 102B” markalı **-BD-*** dövlət nömrə nişanlı yükləyici ekskavatorla 8 gün müddətində görülmüş işlər barədə xx.xx.2024-cü il tarixli 2.1 saylı təhvil-təslim aktı imzalanmış, sonradan görülmüş işlərin günləri yenidən hesablanaraq, “hidromek HMK 102B” markalı **-BD-*** dövlət nömrə nişanlı yükləyici ekskavatorla torpaq qazma xidmətinin göstərilməsinin 34 gün olması müəyyən edildikdən sonra eyni tarixli, yəni xx.xx.2024-cü il tarixli 1 saylı təhvil-təslim aktı imzalanaraq, xx.xx.2024-cü il tarixli 2.1 saylı təhvil-təslim aktı ləğv edilmişdir. Lakin ləğv edilmiş aktda qeyd edilən xidmət haqqı da əsassız olaraq iddia tələbinə əlavə edilmişdir. Hal-hazırda iddiaçıya cavabdehin faktiki olaraq ƏDV daxil 33585,02 manat borcu yaranmışdır. Tərəflər arasında müqavilə şərtləri və xidmət haqqı ilə bağlı mübahisə yaranmışdır. Bu mübahisə qarşılıqlı anlaşma çərçivəsində məhkəmədən kənar həll olunacaqdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli 2.1 saylı təhvil-təslim aktı ləğv edildiyinə görə, hesablanmış cərimə borcu da əsassızdır. Bu səbəbdən iddia tələbi qanunsuz və əsassız olduğuna görə iddia tələbinin geri qaytarılması barədə qərardad qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi – əri Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin ediməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, iddia ərizəsinin tərtib olunması, işin məhkəməyə verilməsi üçün “ASAN” xidmət mərkəzində fəaliyyət göstərən hüquqşünasın hüquqi yardımından istifadə etmişlər.
6. Cavabdehin nümayəndəsi X1 məhkəmənin birinci hazırlıq iclasında iştirak edərək iddiaya etirazın məzmuna uyğun izahlar verdi.
7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin bxış iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halların ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adıçəkilən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə xidmətlərin göstərilməsinin ilkin sifariş üzrə həyata keçirilməsi, iddiaçının yerinə yetirdiyi işlərin təhvil-təslim aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınması, hesablaşmaların tərəflər arasında imzalanmış təhviltəslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi razılaşdırılmışdır. Cavabdehin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 14523,26 manat, xx.xx.2024-cü il tarixli 2.1 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 1815,41 manat, xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 12253,99 manat, xx.xx.2024-cü il tarixli 3 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 6807,77 manat dəyərində xidmət (ümumilikdə ƏDV daxil 35400,43 manat) cavabdeh tərəfindən təhvil alınmışdır.
12. İddiaçı görülmüş işlərin dəyəri olan ƏDV daxil olmaqla 35400,43 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh iddianın əsas borcla bağlı hissəsinə yalnız xx.xx.2024-cü il tarixli 2.1 nömrəli aktla təhvil alınmış ƏDV daxil olmaqla 1815,41 manatla bağlı etiraz edir və həmin aktın xx.xx.2024-cü il tarixli 01 nömrəli aktla əhatə olunduğunu bildirir.
14. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
19. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
20. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
21. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
22. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 35400,43 manat məbləğində borcu yaranmış, xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli xidmət müqaviləsinin 4.3-ci hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
23. Cavabdehin xx.xx.2024-cü il tarixli 2.1 nömrəli aktın xx.xx.2024-cü il tarixli aktın tərkib hissəsi olması ilə bağlı arqementləri isə əsassızdır. Belə ki, əvvəla hər iki akt eyni gündə imzalanmış, nə mübahisələndirilən xx.xx.2024-cü il tarixli 2.1 nömrəli aktda, nə də xx.xx.2024-cü il tarixli 01 nömrəli aktda istinad edilən qeyd olmamışdır. Yəni həmin aktlarda birinin digərini əhatə etməsi ilə bağlı qeyd-şərt, razılaşma əks olunmamışdır. Cavabdeh də belə bir məzmunda razılığı əks etdirən hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi aktın iddiaçıdan geri tələb edildiyini bildirsə də, iddiaçıya belə bir müraciətin edildiyini, aktın mübahisələndirildiyini təsdiq edən hər hansı sübut (məhkəmə tərəfindən təqdim olunması təklif edilsə də) məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, cavabdehin nümayəndəsi 10BD 217 dövlət qeydiyyat nişanlı texnikanın xx.xx.2024-cü il tarixli 1 və 2.1 nömrəli aktlarda qeyd olunan gün sayı qədər işləməsinin mümkün olmadığını bildirsə də, xx.xx.2024-cü il tarixli 1 nömrəli aktdan görünür ki, “ölçü vahidi” qrafasında “gün” və “saat” olaraq ayrılmış, həmin texnikaya münasibətdə gün olaraq “gecə-gündüz” “34” kimi qeyd olunmuşdur. Beləliklə, aydın olur ki, “ölçü vahidi” “gün” olaraq qeyd olunsa da, gecə növbəsi 1 “gün”, gündüz növbəsi 1 “gün” kimi nəzərə alınaraq hesablama aparılmışdır. Bu səbəbdən cavabdehin etirazları əsassızdır.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
29. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 35400,43 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
30. İddia ərizəsində iddiaçı həmçinin 1479,62 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
31. xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli xidmət müqaviləsinin 4.4-cü bəndinə əsasən, Sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
35. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh tərəfindən öhdəlik üzrə heç bir ödəniş edilmişdir.
36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 1000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
37. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 1000 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. c) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı həmçinin ödənilmiş 201 manat dövlət rüsumunun, 120 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 201 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
43. Məhkəmə mübahisənin məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəldiyini və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
44. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 201 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 35400,43 manat əsas borc, 1000 manat cərimə məbləği olmaqla ümumilikdə 36400,43 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 201 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova