Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-133/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41800 manat əsas borcun, 216 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının, cəmi 42316 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 aprel 2023-cü il tarixli, G-01/23 nömrəli xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasan icraçı bu muqavilənin 3.6-cı bəndinə əsasən binanın təməlinin qazılması xidmətini göstərməyi, “Sifarişçi” isə xidmətin təyinatı üzrə İcraçıyaxidmət haqqı ödəməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.6-cı bəndinə əsasən binanın təməlinin qazılması xidmətinə görə ödəniş hər kub metr üçün 2,56 AZN nəzərdə tutulmuşdur. Müqavilənin 3.7-ci bəndinə əsasən iş təhvil verilərkən ümumi həcm ölçülərək, ödəniş İcraçıya ona əsasən icra olunacaqdır. İşin həcmi ilk hesablamalaraəsasən 30000 kub metr təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlər yekunlaşdıqdan sonra növbəti 5 (beş) iş günü ərzində ödəniş olunur. Müqavilə üzrə tərəfimizdən görüləcək işlər xx.xx.2023-cs il tarixdə yekunlaşsa da bugünədək ödəniş tam ödənilməmişdir. Belə ki, müqavilə üzrə 30000 kub metr üçün nəzərdə tutulmuş iş tam olaraq görülsə də, hər kub metr üçün ödənilməli olan 2,56 manatın cəmi olaraq 76800 manatdan 35000 manat pul ödənilmiş, qalan 41800 manat isə bugünədək ödənilməmişdir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə düşən öhdəliklər tam yerinə yetirilməyərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktları və razılaşma protokolları ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin haqqı ödənilməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsiz qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi C.Cəfərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən görülmüş işlərin ümumi həcmi 13672 kub metr təşkil edir, həmin işin müqabilində cavabdehə ümumilikdə 35000 manat pul ödənilmiş, cavabdehin ödənilməli olan hər hansı borcu yoxdur.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli G-01/23 nömrəli xidmət müqaviləsinə əsasən icraçı bu müqavilənin tərkib hissəsi olan razılaşma protokolunda əks olunmuş xidmətlərdən sifarişçiyə xidmət göstərir, sifarişçi isə xidmətin təyinatı üzrə icraçıya xidmət haqqı ödəyir.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı xidmət üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
9. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlərə görə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçir.
10. Müqavilənin 3.6-cı bəndinə əsasən binanın təməlinin qazılması xidmətinə görə ödəniş hər m3-ə görə 2,56 manat nəzərdə tutulmuşdur.
11. Müqavilənin 3.7-ci bəndinə əsasən iş təhvil verilərkən, ümumi həcm ölçülərək, ödəniş icraçıya ona əsasən icra olunacaqdır. İşin həcmi ilk hesablamalara əsasən 30000 m3 təşkil edir.
12. Müqavilənin 6.1-ci bəndinə əsasən görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir.
13. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən avans ödənişi qismində 15000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən 20000 manat vəsait köçürülmüşdür.
14. xx.xx.2023-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına (akt yalnız iddiaçının möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmişdir) əsasən icraçı tərəfindən görülmüş işlərin həcmi 28125 kub metr təşkil edir, görülmüş işlərin ümumi dəyəri 72000 manat (28125 kub metr * 2,56 manat) təşkil edir.
15. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına (akt yalnız cavabdehin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmişdir) əsasən icraçı tərəfindən görülmüş işlərin həcmi 13672 kub metr təşkil edir, görülmüş işlərin ümumi dəyəri 35000 manat (13672 kub metr * 2,56 manat) təşkil edir.
16. İddiaçı tərəfindən cavabdehə 72000 manat məbləğində xx.xx.2023-cü il tarixli GCC/001/23 nömrəli hesab-faktura təqdim edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3648 nömrəli məktubu ilə iş üzrə təyin edilmiş tikintitexniki ekspertizasının aparılmasından tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından imtina edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli məktubu ilə cavabdeh tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmadığı üçün iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1613/2025 nömrəli məktubu ilə iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından imtina edilmişdir.
20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
25. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
31. 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli G-01/23 nömrəli podrat müqaviləsi imzalanmış, sifarişinin (cavabdeh) sifarişi əsasında binanın təməlinin qazılması işləri icra edilmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 35000 manat vəsait (15000 manat hissəsi avans olmaqla) ödənilmişdir.
33. İddiaçı iddia ərizəsində ümumilikdə 72000 manat dəyərində (28125 kub metr) işləri icra etdiyini iddia edir.
34. Cavabdeh iddiaya qarşı etirazında iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin 35000 manat (13672 kub metr) təşkil etdiyini, dəyərinin tam şəkildə ödənildiyini bildirir.
35. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
36. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.
37. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Buna görə də tələbinin əsası kimi istinad etdiyi bu halı, yəni 41800 manat dəyərində işlərin görülüb təhvil verildiyini iddiaçı sübut etməlidir.
39. İddiaçı bununla bağlı yalnız şahid ifadələri təqdim etmişdir.
40. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, İddiaçı MMC ilə xidməti müqavilə üzrə fəaliyyət göstərmiş, 2023-cü ilin avqust ayında xidməti müqavilə bağlamış, xidməti müqavilə üzrə yükdaşıma ilə bağlı işlər görmüşdür. Müqavilə üzrə Qaraçuxur ərazisində X5 yaxınlığındakı tikinti ərazisində xidmət göstərmişdir. Orada yük maşını sürmüş, çıxarılan torpağı daşımışdır. 2-3 ay orada işləmiş, gün ərzində 30 kub həcmində maşınlarla 8-10 reys torpaq çıxarmışlar. Onlar oradan çıxanda işin 95 faizi görülmüşdü. Sadəcə bir ədəd su borusu var idi. Boru olmasa idi işlər tam görülərdi. Neçə bina üçün qazıntı işlərinin aparıldığını bilmir. Onlar orada iş görəndə hər hansı bina yox idi. Onlar orada işləyəndə başqa 5 maşın da işləyirdi. Ora boş torpaq idi, tikinti yox idi. Neçə bina tikiləcəyini bilmirdi. Onlar oradan çıxan günə qədər orada tikinti yox idi. Su borusunun olması barədə onlar məlumat verdilər. Qabaqcadan orada boru olmasını bilmirdilər. Ümumi neçə kub metr iş görüldüyünü bilmir. Sahədə neçə gün işlədiyimi xatırlamır. İşin sonunda haqq-hesab aparılıb pul ödəniləcəkdi.
41. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, İddiaçı MMC-ni tanıyır, onunla müqaviləsi olmayıb, müqaviləsi Cavid müəllimlə (qanuni təmsilçisi) olub. Onlar çıxarılan yükü daşıyırdılar. Qaraçuxur ərazisində işlər görülürdü. Qaraçuxur ərazisində 2024-cü ilin yay ayı idi, bir ay yarım orada işləmişdir. Bir maşın 28 kub tuturdu. Hər maşına görə 40 manat alırdı. Ümumi 5 maşın idi. Gün ərzində 5-10 reys olurdu. Cavid müəllim tərəfindən layihə üzrə pulun hamısı ödənilib. Nə qədər işləməyini xatırlamır. 30 gün təxminən işləmişdir. O, orada işləyəndə ora boş torpaq sahəsi idi, tikintiyə başlanmamışdı. Cavid müəllimin cəlb etdiyi maşınlardan başqa maşın işləmirdi. Sonda Cavid müəllimlə hesablaşırdılar. Torpağın altı ilə boru getdiyi üçün iş dayandı. Neçə bina üçün yer qazıldığını bilmir. X3 müqaviləni bağlamışdı. O da həmin müqavilə üzrə sürücü işləyirdi.
42. Göründüyü kimi, iddiaçının təqdim etdiyi şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü bildirsələr də, lakin görülmüş işlərin həcmi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
43. Beləliklə də iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
44. Bununla yanaşı məhkəmə qeyd edir ki, hətta həmin şahidlər işlərin görülməsi ilə bağlı konkret ifadələr versəydi belə bu hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməzdi.
45. Çünki işin yuxarıda da müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən məhz 41800 manat dəyərində podrat işlərin görülməsi və cavabdehə təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.
46. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən 41800 manat dəyərində olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
47. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
49. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
50. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
51. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
52. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 216 manat dövlət rüsumu, 300 manat hüquqi yardıma görə xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş 216 manat dövlət rüsumu və 300 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova