Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1339/2024 03.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 aprel 2021-ci il tarixli 010421/BA saylı “internet xidməti haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən müqavilənin predmeti bu Müqavilənin ayrılmaz hissəsi olan X1 uyğun olaraq, «Sifarişçi»nin, ünvan 1 ünvanında yerləşən biznes mərkəzinə İnternet Şəbəkəsinə çıxış təmin edilməsi üçün İnternet xidməti verilməsi üçün münasibətlərin tənzimlənməsi məqsədini daşıyır. - 2-ci bəndinə əsasən bu müqavilə əsasında təchiz ediləcək xidmət haqqı tərəflər arasında razılaşdırılmış və qəbul edilmiş X2 ilə müəyyənləşdirilir. - 3.1-ci bəndinə əsasən ödəniş, «Sifarişçi» və «İcraçı» arasında müqavilə imzalandıqdan sonra «İcraçı» tərəfindən təqdim olunan Hesab-Faktura əsasında aparılır və müqavilə imzalandığı tarixdən hesablanır. - 3.2-ci bəndinə əsasən ödənişin 100% əvvəlcədən ödənilir. Ödəniş hesab fakturanın təqdim edildiyi tarixdən 5 (beş) iş günü ərzində həyata keçirilməlidir. - 4.3.1-ci bəndinə əsasən sifarişçi X1 uyğun olaraq ödənişləri vaxtında həyata keçirməlidir. - 5.2.1-ci bəndinə əsasən sifarşçi göstərilən öhdəliklərə görə məsuliyyət daşıyır; «İcraçı» tərəfindən göstərilən ödənişin gecikdirilməsinə görə «Sifarişçi» müddəti keçmiş hər bir gün üçün aylıq xidmət haqqının ümumi məbləğinin 0,1 % həcmində əlavə haqq ödəyəcəkdir. - 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 1 (bir) il müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin qurtarmasına 30 (otuz) gün qalmış onun ləğv olunması haqqında təklif verməzsə, müqavilə növbəti 1 (bir) il müddətinə uzadılır. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
2. 01 aprel 2021-ci il tarixli 010421/BA saylı nömrəli müqaviləsinə əlavə olan xx.xx.2021-ci il tarixli 1 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə internet xidmətlərinin dəyərinin aylıq 1.497,40 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. aprel 2021-noyabr 2022-ci illəri əhatə edən hesab-fakturalar və elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aprel 2021-ci ildən noyabr 2022-ci ilədək hər ay 1.497,40 manat olmaqla internet xidmətləri göstərilmişdir.
4. iyun 2021-oktyabr 2022-ci illəri əhatə edən sub-uçot hesabından digər sub-uçot hesaba köçürülmə əməliyyatları, bank hesablarından çıxarışlar və kassa mədaxil orderləri ilə təsdiq edilir ki, həmin dövrlərdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə internet xidmətləri üzrə müxtəlif məbləğdə ödənişlər (o cümlədən ƏDV ödənişləri) edilmişdir.
5. 20.11.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə İddiaçı MMC tərəfindən 1000 manat məbləğində pul vəsaiti “Hümbətov və partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda qanunvericiliyə uyğun tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.462,90 manat əsas borc və 2.159,46 manat dəbbə pulu olmaqla cəmi 6.622,36 manat pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 manat pulun, mediasiya xidməti üçün ödənilmiş 110 manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən biznes mərkəzinin internet şəbəkəsinə çıxışının təmin olunması xidmətinin göstərilməsi məqsədilə xx.xx.2021-ci il tarixli, 010421/BA №-li müqavilə bağlanmışdır. İddiaçı müqavilə şərtlərini yerinə yetirərək Cavabdehnə internet şəbəkəsinə fasiləsiz və keyfiyyətli çıxışı təmin etmişdir. xx.xx.2021-ci il tarixli, 010421/BA №-li müqavilənin 3.2-ci maddəsinə əsasən, Cavabdeh ( sifarişçi) internet şəbəkəsinə çıxışın təmin olunmasının haqqını, ödəniş üçün hesab-faktura təqdim edildiyi tarixdən 5 gün ərzində olmaqla 100 faiz əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC hər ay internet xəttinə çıxış xidmətinin göstərilməsinə dair “sifarişçi”yə elektron qaimə-faktura və hesab fakturatəqdim etmişdir və həmin elektron qaimələr “sifarişçi” tərəfindən qəbul edilmişdir. Lakin “sifarişçi”, müqavilə bağlandığı tarixdən etibarən, xidmətin haqqını heç vaxt müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəməmişdir. Hər ayın ödənişi uzun mübahisələrdən, cavabdehə edilmiş çoxsaylı telefon zənglərindən sonra, mütəmadi və davam edən gecikmələrlə ödənilmişdir. Halbuki, İddiaçı MMC “sifarişçi”yə göstərdiyi internet xidmətini, dövlətə məxsus olan provayderdən dəyərini əvvəlcədən ödəməklə alır və provayder dəyəri əvvəlcədən ödənilməyən internet xidmətinin göstərilməsini dərhal dayandırır. Yaranmış vəziyyətdə isə faktiki olaraq İddiaçı MMC sifarişçi” tərəfindən istifadə edilən internet xidmətini öz vəsaiti hesabına maliyyələşdirmiş olur. Sifarişçi ( yəni Cavabdeh) istifadə etdiyi internet xidmətində görə ödənişləri İddiaçı MMC-yə ödəməmiş, İddiaçı MMC isə Cavabdeh tərəfindən istifadə edilən internet xidmətlərinin ödənişlərini provayderə öz vəsaiti hesabına həyata keçirmişdir. Nəticə etibarilə Cavabdeh 2022-ci ilin sentyabr-noyabr ayları olmaqla 3 ayın internet şəbəkəsinə çıxışın 4.462,90 manat məbləğində xidmət haqqını ödəməmişdir və İddiaçı MMC müqavilənin 6.3-cü maddəsinə əsasən, müqaviləyə xitam verərək “sifarişçi”nin internet xəttinə çıxışını dayandırmışdır. Hal-hazırda Cavabdeh İddiaçı MMC-nə 2022-ci ilin sentyabr-noyabr aylarında aldığı internet xidmətinə görə 4.462,90 manat məbləğində borcu qalmış və qeyd edilən məbləğ bugünədək ödənilməmişdir. Əlavə olaraq bildirirlər ki, müqavilənin 5.2.1-ci maddəsinə əsasən “sifarişçi” müddəti keçmiş hər bir gün üçün aylıq xidmət haqqının məbləğinin 0,1 faizi həcmində əlavə haqq ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin qeyd edilən maddəsinin tələbinə əsasən, hesablanmış əlavə haqqın ( dəbbə pulunu) məbləği hal hazırda 2.159,46 manat təşkil edir. Göstərilənlər nəzərə alınmaqla İddiaçı MMC-yə olan əsas borc 4.462,90 manat və dəbbə pulu 2.159,46 manat olmaqla cəmi 6.622,36 manat təşkil edir. Eyni zamanda iddiaçı tərəfindən mediasiya xidmətinin xərci olaraq 110 manat pul, hüququ yardımın göstərilməsinə görə 1000 manat pul ödənilmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2, 445.2.1, 445.2.2 və 445.4-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Nümayəndə2 izahatında bildirmişdir ki, borcun olmasını inkar etmirlər. Sadəcə müəyyən anlaşmamazlıq yarandığı üçün onlar ödənişləri dayandırmışdılar. Hazırda borcu ödəmək niyyətindədilər, lakin bir dəfəyə deyil, hissə-hissə ödəyə bilərlər. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 4460 manat borcu qəbul edirlər. 13.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 aprel 2021-ci il tarixli 010421/BA saylı “internet xidməti haqqında” müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə sentyabr-noyabr 2022-ci il tarixləri arası 3 aylıq dövr ərzində göstərilmiş xidmətlərə görə 4.462,90 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
22. Cavabdeh MMC-nin qanuni təmsilçisi məhkəmədə verdiyi izahatında sözügedən müqavilə üzrə İddiaçı MMC-yə 4460 manat məbləğində borcunun olmasını faktını etiraf etmişdir.
23. Odur ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış 01 aprel 2021-ci il tarixli 010421/BA saylı “internet xidməti haqqında” müqavilə üzrə 4.462,90 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 2.159,46 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür.
25. Məhkəmə tələb olunan dəbbə pulunun tutulması qət eidlmiş əsas borc məbləğinə (4.462,9 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 110 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 64,62 manat təşkil edir.
28. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 aprel 2021-ci il tarixli 010421/BA saylı müqavilə üzrə 4.462,90 manat məbləğində əsas borc, 200 manat məbləğində dəbbə pulu, cəmi 4.662,90 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 və mediasiya xərclərinin əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva