Məhkəmə qərarları › İş №e-2-2(113)-1339/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1339/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1339/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyinin icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07 fevral 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 1367,68 (min üç yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat məbləğində pul və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh – Cavabdeh arasında 07 fevral 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi, bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə bu müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və bu müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 10%, endirimləri təqdim edən obyekt kimi isə ünvan 1 ünvanında yerləşən Mozzarella mağazası göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən bankın müştəriləri endirim kampaniyasından yararlanmaq üçün bank kartlarını təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün endirim faizi nisbətində pul vəsaitinin (müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində təşkilatçının digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən endirim kampaniyasi ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyati üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayin ilk 10 (on) iş günündən gec olmayaraq banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 07 fevral 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri ünvan 2 ünvanında yerləşən Mozzarella mağazasında ödəniş zamanı İddiaçı ödəniş məbləğinin 10% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə banka olan borcu 1367,68 manatdır. Qeyd olunanlara əsasən, 07 fevral 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 1367,68 (min üç yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat pul tutulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 442, 445.1, 445.2.1, 447.1-ci maddələrinə istinad olunmuşdur.

4. İlkin olaraq iddiaçı sadələşdirilmiş qaydada kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət etmiş, daha sonra Cavabdeh tərəfindən yazılı etiraz daxil olduğundan iddia icraatına keçilmişdir.

5. İş üzrə İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MD-CB 129 nömrəli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməəliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə nağdsız əməliyyatlar həm bankın, həm də istənilən digər bankın pos-terminalları ilə həyata keçirilə bilər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, bu endirim kampaniyasının həyata keçirilməsində hər iki tərəfin öz biznes maraqları vardır. Belə ki, bankın marağı nağdsız qaydada hesablaşmaların həcmini artırmaq yolu ilə müştəriləri yüksək keyfiyyətli bank xidməti ilə təmin etməkdən, həmçinin plastik kart satışını stimullaşdırmaqdan, təşkilatçının marağı isə öz biznes şəbəkələrinə əlavə müştəri cəlb və xidməti artırmaq yolu ilə gəlirliyini yüksəltməkdən ibarətdir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların pos-terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər bu müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən endirim faizi nisbətində pul vəsaitinin təşkilatçının digər bankdakı bank hesabından banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək təşkilatçı, onun pos-terminalının olduğu digər bank və bank arasında üzləşmə aktı (bundan sonra “üzləşmə aktı") tərtib edilir. Üzləşmə aktı tərtib edildikdən sonra təşkilatçı ən geci 3 (üç) gün ərzində, lakin istənilən halda ayın 10-dan gec olmamaq şərtilə vəsaitləri bankın hesabına köçürməlidir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən müştərilər tərəfindən təşkilatçının müəssisələrində xidmətin tam dəyəri bankın pos-terminalları vasitəsi ilə ödənildiyi hallarda təşkilatçının bu müqavilə üzrə banka köçürməli olduğu vəsaitləri və ödəməli olduğu ödənişləri, habelə bank qarşısında yaranmış hər hansı bir digər öhdəliyi üzrə ödənişləri bank təşkilatçının bankdakı hesab(lar)ından təşkilatçının razılığı tələb olunmadan birtərəfli qaydada akseptsiz şəkildə silir. Təşkilatçının hesab(lar)ında vəsait olmadıqda, təşkilatçı və bank arasında bu müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada və müddətdə bankla təşkilatçı arasında üzləşmə aktı tərtib olunur və təşkilatçı tərəfindən banka ödəniş edilir. Həmin müqavilənin 4.2.12-ci bəndinə əsasən təşkilatçının endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq banka ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Lakin bank təşkilatçının əldən çıxmış faydasına, dolayı və ya mənəvi zərərinə görə məsuliyyət daşımır və bankın ümumi məsuliyyətinin yuxarı həddi hazırkı müqaviləyə əsasən müvafiq təşkilatçıdan bankın əldə etdiyi ümumi gəlirlə məhdudlaşır. Müqavilə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.

7. Endirim kampaniyasında iştirak edilməsi haqqında xx.xx.2020-ci il tarixli müqaviləyə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, bütün kartlarda endirim miqdarı 10% məbləğində razılaşdırılmışdır.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, MD-CB 129 saylı endirim kompaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə borcu xx.xx.2023-cü il tarixinə 1367,68 manat təşkil edir.

9. Tərəfdaş Cavabdeh hesab üzrə əməliyyatlarının məzmunundan müəyyən olunur ki, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı əməliyyatlar üzrə ümumi cashback miqdarı 1367,7 manat təşkil edir.

10. RabitəBank” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, RB- 02/3924 saylı bildirişin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə 1367,68 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2202 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarından görünür ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən Kartmane kart müştəriləri ünvan 2 ünvanlnda yerləşən “Mozzarella” restoranında ödəniş zamanı İddiaçı ödəniş məbləğinin 10% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödənilməli olduğu halda, tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Göstərilən səbəbdən, yəni Kartmane kart müştəriləri tərəfindən ödənilən ümumi məbləğin 13674,6 manat olduğu nəzərə alınmaqla, Cavabdeh xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 1367,46 manat müəyyən edilir: 13674,6x10%=1367,46 manat. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 07 fevral 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilədə cavabdehin endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneçilik törətməmək, bu məqsədlə vəsaitin banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq banka ödəmək vəzifəsi müəyyən olunmuşdur. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və iddiaçıya borcu yaranmışdır.

15. İddia tələbi cavabdеh Cavabdeh iddiaçının хеyrinə 07 fevral 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 1367,68 manat məbləğində borcun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2202 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1367,46 manat (min üç yüz altmış yeddi manat qırx altı qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə (22 qəpik) isə təmin olunmamalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2202 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 1367,46 manat müəyyən edilir: 13674,6x10%:100=1367,46 manat.

17. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 34 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,68 manat (otuz üç manat altmış səkkiz qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1367,46 manat (min üç yüz altmış yeddi manat qırx altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,68 manat (otuz üç manat altmış səkkiz qəpik) olmaqla, ümumilikdə 1401,14 manat (min dörd yüz bir manat on dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar