Məhkəmə qərarları › İş №e-2-2(113)-1357/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1357/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1357/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin xeyrinə 2,448 manat məbləğində əsas borcun, 244,80 manat məbləğində faiz borcunun, ümumilikdə 2.692,80 manat məbləğinin, 300 manat vəkilə çəkilmiş xərcin, 47 manat dövlət rüsumunun, əlavə ödənilmiş 4 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2023-cü il tarixli İBC-GR- 01423saylı X1 və ona 1 saylı Əlavə (bundan sonra “Müqavilə”) imzalanmışdır (müqavilə və əlavəsi iddia ərizəsinə əlavə olunur). Həmin Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən 2,448.00 manat məbləği əvvəlcədən 100% həcmində xx.xx.2023-cü il tarixinədək ödənilməli idi. Ödənişin həyata keçirilməsi üçün İddiaçı tərəfindən əlavə olaraq xx.xx.2023-cü il tarixində 000139 saylı hesab faktura da göndərilmişdir (hesab faktura əlavə olunur). Cavabdeh ödənişin həyata keçirildiyini bildirərək İddiaçıdan xidmətlərin icra edilməsini xahiş etmişdir. Ödənişin icra edilməməsinə baxmayaraq İddiaçı tərəflər arasında olan işgüzar münasibətləri nəzərə alaraq xidmətləri tam icra etmiş və xx.xx.2023cü il tarixində Seriya EBDB, №178416 olan elektron qaiməni cavabdehə göndərmişdir (elektron qaimə əlavə olunur). Lakin bundan sonra da, ödəniş həyata keçirilməmişdir. Cavabdehə şifahi şəkildə xəbərdarlıq edildikdən və uzun sürən şifahi danışıqlardan sonra, cavabdeh ödənişin guya həyata keçirildiyini sübut edən xx.xx.2023-cü il tarixli AZ0000004 saylı ödəniş tapşırığını göndərmişdir (ödəniş tapşırığı əlavə olunur). Lakin həmin ödəniş tapşırığı üzrə vəsait İddiaçının hesabına daxil olmamışdır. Belə ki, ödəniş tapşırığında İddiaçının bank hesab nömrəsi səhv yazdığınızdan həmin 2,448.00 manat cavabdehin hesabına geri qayıtmışdır. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş arayışdan da göründüyü kimi İddiaçının bankda mövcud olan hesabına xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən 2,448.00 manat məbləğində vəsait mədaxil edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı (icraçı) Cavabdeh (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, İBC-GR-01423 nömrəli X1 bağlanmışdır.

11. Müqavilə üzrə ümumi ödəniləcək məbləğ 2.312 manat təşkil etmişdir.

12. İBC-MG-01523 nörməli xüsusi qiymət müqaviləsinə 1 nömrəli Əlavə ilə tərəflər göstərilən xidmətlər və şərtlər barədə razılığa gəlmişlər.

13. Müqavilə və Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmeti iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müvafiq texnikalarla xidmət göstərilməsindən ibarət olmuşdur.

15. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

16. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

17. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

18. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

19. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDB seriyalı, 178416 nömrəli xx.xx.2023-cü il tarixli 2.448 manat dəyərində elektron qaimə göndərilmişdir.

23. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ0000004 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə əsasında 2.448 manat məbləğində pul İddiaçı MMC-nin hesabına köçürülməsi üçün göndərilmişdir. Köçürülmə “Banka göndərilibdir” statusunda qalmışdır.

24. Hazırda da iddiaçı ona məxsus hesab xarici valyutada olduğundan, cavabdeh tərəfindən göndərilən 2.448 manat məbləğin iddiaçının hesabına gəlmədiyini, cavabdehə geri qaytarıldığını bildirərək, iddiaçıya ödənilməli olan 2.448 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə tərəfindən "xxxx" ASC-yə edilmiş sorğu əsasında əldə edilmiş hesabdan çıxarışına əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 2.448 manat məbləğində vəsait Cavabdeh MMC-nin hesabına geri qaytarılmışdır.

26. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

27. Belə olan halda Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 2.448 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 244,8 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

29. İş materiallarından görünür ki, elektron qaimə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə Məhkəməyə 20 ay sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.

30. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 204 (2.448x5/100=122,4 (1 il üçün) 122,4/12=10,2 (1 ay üçün) 10,2x20=204 (20 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Bundan başqa Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

32. Belə ki, işdən görünür ki, İddiaçı MMC-yə hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 35 saylı Vəkil Bürsounun vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixli elektron order verilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən Bakı şəhəri 35 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənmişdir

33. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (47+4) manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

34. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il taixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 47 manat, xx.xx.2025-ci il tarixli qəbzdən də görünür ki, əlavə olaraq 4 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

35. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 46,52 manat təşkil edir.

36. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli İBC-GR-01423 saylı müqaviləyə əsasən əsas borc üzrə 2.448 (iki min dörd yüz qırx səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 204 (iki yüz dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat 52 (əlli iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar