Məhkəmə qərarları › İş №e-2-2(113)-1370/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1370/2020

01.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1370/2020 01.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması və mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən “”İddiaçı” MMC-nin mülkiyyətində olan 450 m2 (əlavə edilən plan-sxemdə qeyd olunan) torpaq sahəsinin boşaldılması və mülkiyyətçiyə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, ərizəni imzalamış Qanuni nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti MMCnin baş direktoru T.Məmmədov tərəfindən verilsə də, iddia ərizəsini imzalayan şəxsin həmin şirkətdə işləməsini təsdiq edən sübut təqdim edilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, pretenziya və iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.3-cü və 150.0.4-cü maddəsinə əsasən müvafiq olaraq iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən və iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması və mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalandıqda, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar