Məhkəmə qərarları › İş №e-2-2(113)-1383/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1383/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1383/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9488,74 manat borcun, 95 manat müqavilədə nəzərdə tutulmuş faiz borcunun və 115 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixli, GTG/029/24 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti iddiaçının mülkiyyətində olan 22BC222 qeydiyyat nömrəli, New Holland B90b markalı ekskavator yükləyici ilə sifarişçi tərəfindən verilmiş xidmətlərin icraçı tərəfindən icra edilməsdir. (müqavilənin 2-ci bəndi). Müqavilənin 4-cü bəndində hesablaşma qaydası olaraq göstərilib ki, icraçı göstərilən ximdətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və qiymətlərin razılaşdırılması protokolu imzalanır. Müqavilənin 4.3-cü bəndində isə qeyd olunub ki, hesablamalar tərəflər arasında imzanlanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.4-cü bəndinə görə sifarişçi göstərilmiş xidmətinə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 0,1 % miqdarında cərimə ödəyir. Cavabdehlə görülmüş işin iyun və iyul ayları üçün təhvil-təslim aktları tərəflərin imzası ilə təsdiqlənmişdir, ancaq sifarişçi tərəfindən müqavilədə müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq heç bir ödəniş olmamışdır, bu isə müqavilə şərtlərin pozulmasıdır. 2024-cü ilin iyun ayı üçün xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında cəmi 6333,22 manat, iyul ayı üçün isə 3155,52 manat cəmi 9488,74 manat xidmət haqqı təşkil edir. İddiaçı tərəfindən dəfələrlə göstərilən xidmətlərin haqqının ödənilməsi barədə müraciət olunsa da, cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9488,74 manat məbləğində borc, 95 manat cərimə (dəbbə pulu), habelə iddia qaldırmaq üçün ödənilmiş 115 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixdə OD16 saylı ödəniş tapşırığına əsasən bank hesabına 2000 manat vəsaitin ödənilməsini göstərməmişdir. Belə olan halda, İddiaçı tələb etdiyi əsas borc məbləği, dəbbə pulu və iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği artıq hesablanmış və bu səbəbdən iddianın əsassız olduğu bir daha sübut edilir.

5. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 7488,74 manat borc, 95 manat faiz borcu və 115 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi K.Quliyev bildirdi ki, iddia tələbi ilə əsas borc hissəsində razıdırlar, borc digər şirkətlərin cavabdehə olan borclarını vaxtında ödəməməsi ilə əlaqədar olaraq yaranmışdır. İddia tələbini dəbbə pulu hissəsində qəbul etmirlər və məhkəmədən tələbin həmin hissədə rədd edilməsini xahiş edirlər.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/029/24 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.

11. Müqavilənin 4.3-cü bəndinə görə hesablamalar tərəflər arasında imzanlanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

12. Müqavilənin 4.4-cü bəndinə görə sifarişçi göstərilmiş xidmətinə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir.

13. xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına görə 6333,22 manat, xx.xx.2024-cü il tarixli, 2 nömrəli təhvil-təslim aktına görə 3155,52 manat məbləğində iş cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir.

14. xx.xx.2024-cü il tarixli, OD16 nömrəli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 2000 manat məbləğində ödəniş edilmişdir.

15. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/029/24 saylı podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7488,74 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 7488,74 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 95 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 90 manat müəyyən edilməlidir.

29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 7488,74 manat əsas borc və 90 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 95,79 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 19,21 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7488,74 manat əsas borc, 90 manat dəbbə pulu, 95,79 manat dövlət rüsumu, ümumilikdə 7674,53 (yeddi min altı yüz yetmiş dörd manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 19,21 (on doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar