Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-139/2022 16.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, icarə haqqının tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-yə məxsus 4.94 ha torpaq sahəsini boşaldaraq geri qaytarılması, 2008-2020-ci illər üçün mövcud qanunvericiliyə əsasən hesablanmış icarə haqqının və eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatını həyata keçirir. Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması və dövlət əmlakından sui-istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması, hər hansı bir müdaxiləyə qarşı dərhal mövcud qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilir. Yasamal rayonu, Müşfiq küçəsi “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında 9,0 ha, o cümlədən İddiaçı ASC-yə məxsus 4,94 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 20 fevral 2008-ci il tarixli 7- 354/17 nömrəli və 16 iyul 2008-ci il tarixli 7-2359/17 nömrəli məktublarına əsasən "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin sahədən istifadə etməyə başladığı dövrdən artıq 10 ildən artıq müddət keçdiyindən iddiaçı iddia müddətini ötürdüyünə görə, iddia müddətini tətbiq edərək, iddiadan imtina barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, məhkəmənin 28.03.2022-ci il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə (iddia ərizəsinə əlavə) ərizə verərək, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinin zəbt olunmuş ərazinin boşaldılaraq geri qaytarılması və 2008-2020-ci illər üçün hesablanmış 3.556.800 manat məbləğində icarə haqqının ödənilməsi tələbinə dair hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə izahatında həmçinin bildirmişdir ki, cəmiyyətə məxsus torpaq sahəsi qeyri-qanuni olaraq icarə müqaviləsi olmadan üçüncü şəxsə, yəni "xxxx" ASC-nin istifadəsinə verilmiş və eyni zamanda da icarəyə verilmiş torpaq sahəsinə görə İddiaçı ASC-yə icarə haqqı ödənilməmişdir. Eyni zamanda İddiaçı ASC tərəfindən 22.06.2020-ci il tarixli 02/104-04 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə “Qanlı-Göl” adlanan ərazidə Cəmiyyətin balansında olan tikintisi tamamlanmamış qazanxana və tikintisi üçün ayrılmış 4,94 ha torpaq sahəsinin Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən icarəyə və istifadəyə verilib-verilməməsi haqqında məlumatın verilməsi, belə bir icazənin olmadığı halda dövlət əmlakından qeyriqanuni istifadənin qarşısının alınması üçün müvafiq köməklik göstərilməsi barədə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 avqust 2020-ci il tarixli **********53 nömrəli cavab məktubu ilə qeyd olunan ünvanda tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsiтшт Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən baxış keçirildiyi zaman torpaq sahəsinin ərazisində istixananın mövcud olması müəyyən edilmişdir. Göstərilən sübutları nəzərə alaraq iddia tələblərinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili izahatında iddia tələbinin əsassız olduğunu, iddianın əsaslığına dair hər hansı sübut təqdim edilmədiyini, mübahisəli torpaq sahəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə dövlət səviyyəli layihənin həyata keçirilməsi ilə bağlı Cavabdeh MMC-yə verildiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmi: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ASC-nin (qeydiyyat №14926) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxana (yarımçıq tikili) və onun yerləşdiyi yerləşdiyi 49400 m2 (4.94 ha) torpaq sahəsi İddiaçı ASC-nin balansındadır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-4319/17 saylı 30.12.2007-ci il tarixli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq 5,0 ha torpaq sahəsindən istifadə olunmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 18/03-8/195 saylı 21.08.2007-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 30.12.2017-ci il tarixli, 7-4319/17 saylı razılıq məktubu ilə Yasamal rayonu, “Qanlı Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq "xxxx" ASC-nin istifadəsinə ayrılmış 5,0 ha torpaq sahəsinin planı "xxxx" ASC-yə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-354/17 saylı 20.02.2008-ci il tarixli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 30.12.2017-ci il tarixli, 7-4319/17 saylı məktubuna əsasən, Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq ayrılmış 5,0 ha torpaq sahəsinə əlavə olaraq 3,0 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-2359/17 saylı 16.07.2008-ci il tarixli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi üçün Yasamal rayonu, Müşviq küçəsi, Qanlı-Gölün cənub-qərb hissəsində, “Naftalan” tibb mərkəzinin qarşısındakı ərazidə, əvvəl ayrılmış 8,0 ha torpaq sahəsinə əlavə 1,0 ha boş torpaq sahəsinin müvəqqəti olaraq istifadə olunmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının İddiaçı ASC-yə ünvanladığı 7- 3033/17 saylı 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin onların istifadəsinə verilmiş torpaq sahəsində yerləşdirilməsi barədə İddiaçı ASC-nin məktubuna cavab olaraq sözügedən torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin hər hansı sərəncamınin və müqaviləsinin aşkar edilmədiyi bildirilmişdir. İddiaçı ASC-nin 02/104-04 saylı 22.06.2020-ci il tarixli məktubundan görünür ki, halhazırda Qanlı Göl ərazisində tikintisi tamamlanmamış 7 saylı rayon istilik qazanxanası İddiaçı ASC-nin balansında qalmaqda davam edir və Bakı şəhərinin hazırki istilik təchizatı sxeminə və inkişaf perspektivlərinə əsasən qazanxananın bərpası nəzərdə tutulmur, lakin tikintisi tamamlanmamış qazanxana və tikintisi üçün ayrılmış 4,94 ha torpaq sahəsi şəxsiyyətləri müəyyən edilməyən kənar şəxlər tərəfindən zəbt edilərək hazırda başqa məqsədlərə istifadə olunur, bu səbəbdən göstərilən obyektin və ya ərazinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən icarəyə və istifadəyə verilib-verilməməsi haqqında məlumatın verilməsi, belə bir icazənin olmadığı halda dövlət əmlakından qeyriqanuni istifadənin qarşısının alınması üçün köməklik göstərilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən xahiş edilmişdir. İddiaçı ASC-nin 18/166-03 saylı, 18/166-04 saylı və 18/166-06 saylı 25.09.2020-ci il tarixli məktublarından görünür ki, İddiaçı ASC-yə məxsus 4,94 ha torpaq sahəsinin probleminin həllində köməklik göstərilməsi müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısından, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyindən xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ASC-yə ünvanladığı 04.08.2020-ci il tarixli, **********53 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən, gücü 200 Qkal/ssat olan, 4,94 ha torpaq sahəsində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən hər-hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilməmişdir. X2 Reyestrindən 05.05.2016-cı il tarixli, **********085000 nömrəli çıxarışı ilə müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 18.04.2001-ci il tarixdə D-3226 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin ona qoşulması ilə yenidən təşkil edilmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixli yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi beton hasarla hasarlanmışdır. Hasarın daxilində İddiaçı ASC-nin balansında olan yarımtikili istixana yerləşir. Hazırda həmin ərazi Cavabdeh MMC tərəfindən istifadə edilməklə istixana binasının ətrafında dörd tərəfdən cavabdehə məxsus metal qırıntıları və digər mal-materiallar atılmış vəziyyətdə saxlanılır. Ərazidə həmçinin su çənləri, xüsusi texnika və birmərtələbəli tikili, su deposu mövcuddur. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi birmərtəbəli tikilinin Cavabdeh MMC tərəfindən inşa edildiyini, çən və xüsusi texnikanın da MMC-yə məxsus olduğunu, su deposunun birinci mərtəbəsinin köhnə tikili olduğunu, onun ikinci mərtəbəsinin isə Cavabdeh MMC inşa edildiyini bildirmişdir. Özünü nəzarətçi kimi təqdim edən Adanar Ulaş mübahisəli sahədən Alov qüllələrinin tikintisi zamanı mal-materialların saxlanması, eləcə də işçilərinin gecələməsi (ərazidə kamp mövdud olmuşdur) üçün istifadə edildiyini, hazırda ərazidə qüllələrin tikintisindən artıq qalmış materiallar saxlandığını, su deposunun Cavabdeh MMC tərəfindən tikildiyini, sahədəki təchizatların və avadanlıqların Cavabdeh MMC-yə məxsus olduğunu, tikililərin bir hissəsinin İddiaçı ASC tərəfindən inşa edildiyini və Cavabdeh MMC tərəfindən tamamlandığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29.06.2000-ci il tarixli 356 saylı Fərmanına əsasən 21.09.2000-ci il tarixli 901 saylı sərəncam-əmrə əsasən “Azərenerji” SC-nin İstilik Şəbəkələri və X3 müəssisəsi müstəqil qurum kimi Bakı Şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin tərkibinə verilmişdir. “Azərenerji” SC-nin 23.10.2000-ci il tarixli 130 nömrəli əmrinə əsasən “Qanlı-Göl” ərazisində tikintisi tamamlanmamış 7 saylı Rayon İstilik Qazanxanası dəyəri 1185,3 min manat olmaqla İstilik Şəbəkələri və X3 müəssisəsinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.09.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İstilik Şəbəkələri və X3 müəssisəsi daxil olmaqla Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi yaradılmışdır. Bakı İstilik Şəbəkələri İstehsalat Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H nömrəli əmrinə əsasən İstilik Şəbəkələri və X3 müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.06.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 06.12.2005-ci il tarixli 285 saylı sərəncamına əsasən 1 və 2 saylı İstilik İdarələri ləğv edilərək bazasında Bakı şəhər İstilik İdarəsi yaradılmışdır. “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 8 iyun 2005-ci il tarixli 847 nömrəli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir. Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin "İstilikkommunenerjisazlama" Respublika İstehsalat Birliyi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılaraq geri qaytarılması tələbinə dair iddiasının qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququnun məhkəmədə müdafiə vasitələrindən biri olan vindikasiya iddiasına əsasən mülkiyyətçi (qanuni sahib) fərdi-müəyyən edilmiş əşyanı digər şəxsin qanunsuz sahibliyindən tələb edir. Vindikasiya iddiasının əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi (qanuni sahibi) olması, həmin əşyanın hal-hazırda cavabdehin sahibliyində olması, eləcə də cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilməlidir. Göründüyü kimi hazırkı iddiaya baxılarkən məhkəmə tərəfindən müəyyən edilməli olan ilk məsələ Azəristiliktəchizat" ASC-nin mübahisəli torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olub-olmaması ilə bağlıdır. Göstərilən məsələ ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmamışdan əvvəl əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatını müstəqil qurum kimi Bakı Şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin tərkibinə verilmiş “Azərenerji” SC-nin İstilik Şəbəkələri və X3 müəssisəsi həyata keçirmiş, 23.10.2000-ci il tarixdə “Azərenerji” SC-nin əmri ilə “Qanlı-Göl” ərazisində tikintisi tamamlanmamış 7 saylı Rayon İstilik Qazanxanası həmin müəssisəinin (İstilik Şəbəkələri və X3 müəssisəsinin) balansına verilmiş, daha sonra İstilik Şəbəkələri və X3 müəssisəsi daxil olmaqla Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi yaradılmış, bundan sonra İstilik Şəbəkələri və X3 müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmış, sonradan Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmiş, daha sonra 1 və 2 saylı İstilik İdarələri ləğv edilərək bazasında Bakı şəhər İstilik İdarəsi yaradılmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 8 iyun 2005-ci il tarixli 847 nömrəli Sərəncamına əsasən "xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin "İstilikkommunenerjisazlama" Respublika İstehsalat Birliyi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxana və həmin qazanxananın (yarımçıq tikilinin) yerləşdiyi 49400 m2 (4.94 ha) torpaq sahəsi hazırda İddiaçı ASC-nin (qeydiyyat №14926) balansındadır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti registrdən çıxarışa əsasən qanuni sahibi olduğu Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxananın yarımçıq tikilisinin yerləşdiyi 49400 m2 torpaq sahəsinə dair hüquqların müdafiə edilməsi məqsədilə həmin torpaq sahəsinin geri qaytarılmasına dair hazırkı iddianı qaldırmaq hüququna malikdir. İkinci araşdırılmalı olan məsələ mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyində olub-olmaması məsələsidir. Göstərilən halla bağlı işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 2007-2008-ci il tarixlərində "xxxx" ASC-yə və Bakı şəhər Yasamal rayon icra Hakimiyyətinə ünvanlanmış məktublarına əsasən Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında yerləşən ümumilikdə 9 ha torpaq sahəsindən "xxxx" ASC ( Cavabdeh MMC-nin hüquqi sələfi) tərəfindən “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün istifadə olunmasına etiraz edilməmiş və həmin vaxtdan etibarən sözügedən ərazidə 9 ha torpaq sahəsi əvvəl "xxxx" ASC-nin, sonra isə onun hüquqi varisi Cavabdeh MMC-nin faktiki sahibliyində və istifadəsində olmuşdur. Digər tərəfdən məhkəmə tərəfindən Azəristiliktəchizat” ASC-nin balansında olan 7 saylı qazanxana və onun ətrafında olan torpaq sahəsində keçirilən yerində müayinə zamanı zamanı müəyyən edilmişdir ki, hazırda qazanxanın ətrafında olan hasarlanmış torpaq sahəsindən Cavabdeh MMC tərəfindən avadanlıq və mal-materialların saxlanılması üçün istifadə olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilməli olan iki hal - Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxananın yarımçıq tikilisinin yerləşdiyi mübahisəli torpaq sahəsinin hazırda cavabdehin sahibliyində olması da iş materialları ilə öz təsdiqini tapmışdır. Torpaq sahəsinin qaytarılması tələbi ilə bağlı araşdırılmalı olan üçüncü hal mübahisəli torpaq sahəsinə dair Cavabdeh MMC-nni sahibliyinin qanuni olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 50.4-cü maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi dövlət torpaqları yalnız müvafiq icra hakimiyyəti orqanlarının qərarları və həmin orqanlarla bağlanan müqavilələr əsasında fiziki və hüquqi şəxslərin daimi və ya müvəqqəti istifadəyə verilə bilər. Bu zaman istifadə müddəti 11 aydan artıq müddətə olduqda istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır. Hazırkı halda isə Cavabdeh MMC 7 saylı qazanxananın yerləşdiyi mübahisəli torpaq sahəsinin torpağın MMC-nin istifadə verilməsinə dair səlahiyyətli icra hakimiyyəti orqanının qərarının və müvafiq müqavilənin mövcud olmasını, eləcə də torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını, yəni həmin torpaq sahəsinə dair sahibliyinin qanuni olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 7-3033/17 saylı 2021-ci il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 04.08.2020-ci il tarixli, **********53 nömrəli məktublardan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə istifadəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmiş və müqavilə bağlanmış, eləcə də həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilməmişdir. Torpaq sahəsinin cavabdehin müvəqqəti istifadəsinə verilməsinə etiraz edilməməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin məktublarına münasibətdə məhkəmə qeyd edir ki, həmin məktublar Torpaq Məcəlləsinin 55-ci maddəsinin tələbləri baxımından cavabdehin torpaq sahəsi üzərində hüququnun yaranması üçün əsas hesab edilə bilməz. İddianın torpaq sahəsinə dair icarə haqqının tutulmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. 18-ci maddəsinin ikinci hissəsinə görə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 mart 1999-cu il tarixli AR Prezidentinin Fərmanının 2.4-cu bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Hazırkı işə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC ilə müvafiq icra hakimiyyəti orqanı arasında dövlət torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsinin mövcud olması və belə olan halda MMC-nin həmin torpaq sahəsində icarə hüququ əsasında (yəni ödənişli əsaslarla) sahiblik və istifadə etməsi iş materiallarına əsasən müəyyən edilmir. Digər tərəfdən yuxarıda göstərilən normalarından da göründüyü kimi dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Odur ki, iddiaçı "xxxx" ASC-nin dövlət torpağının icarəyə verilməsinə dair münasibətlərdə icarəyə verən qismində çıxış etmək hüququ olmadığından ASC dövlət torpaq sahəsindən istifadə edilməsinə görə icarə haqqının ödənilməsini tələb etməyə dair də subyektiv hüququna malik deyildir. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.1-ci, 373.2-ci, 373.3-cü, 375.2-ci, 377.1, 377.2, 377.3cü, 378-ci, 380.1 və 384.0.4-cü maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, hazırki iddianın torpaq sahəsinin qaytarılması hissəsi iddiaçının torpaq sahəsinin qanuni sahibi kimi hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələbdir. Odur ki, həmin tələbə iddia müddəti şamil edilmir. İcarə haqqının ödənilməsinə dair hissədə isə iddia əsassız olduğundan həmin hissəyə münasibətdə iddia müddətinin tətbiqinə ehtiyac yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14926 saylı registrdən çıxarışa əsasən İddiaçı ASC-nin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən 4,94 ha torpaq sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 15 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14926 saylı registrdən çıxarışa əsasən İddiaçı ASC-nin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən 4,94 ha torpaq sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin, qalan 15 manat hissəsi isə iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-139/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-139/2022
16.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver