Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1394/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdehnə qarşı borcun tutulması barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borcun tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdehnə qarşı cavabdehdən 2855.57 manat məbləğində borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən qərarın çıxarıldığı günə olan Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış məbləğdə cərimənin, həmçinin məhkəməyə ödənilmiş 48,56 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 2855.57 manat məbləğində borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən qərarın çıxarıldığı günə olan Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış məbləğdə cərimənin, həmçinin məhkəməyə ödənilmiş 48,56 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında olan 20.07..2021-ci il tarixli QHS - 459 nömrəli X2 əsasən Qalaaltı Hotel & Spa (Otel) Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehə otaqların rezervasiyası xidmətlərini göstərməli, cavabdeh isə bunun qarşılığında müvafiq ödənişləri Otelə ödəməlidir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh bütün hallarda yüksək professionallıq nümayiş etdirərək bu müqavilənin rezarvasiya şərtlərinə uyğun olaraq müştərilərin göndərilməsini və ödənişləri yerinə yetirməlidir. Müqavilənin 3.3-cü bəndinə görə, bütün zəmanətli rezervasiyalar üçün tam ödəniş qonağın (qonaqların) gəlmə tarixinə ən gec 1 iş günü qalmış tarixədək tam şəkildə (vergilər daxil olmaqla tam məbləğ) otelin bank hesabına köçürmə yolu ilə və ya otelin Qəbul şöbəsində nəğd və ya kredit kartı vasitəsilə ödənilməlidir. Otel zəmanətsiz rezervasiyaları ləğv etmək hüququnu özündə saxlayır. Ancaq tam ödənişi qabaqcadan yerinə yetirilən rezervasiyalar qarantiyalı rezervasiyalar hesab olunur. Öncədən tam ödəniş edilmədiyi halda Otel cavabdehin qonaqlarını yerləşdirməkdən imtina etmək və ya ödənişi gələn qonaqlardan tələb etmək hüququnu özündə saxlayır. Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumilikdə 10 otaq üçün rezervasiya etmiş və Otelə müştərilər göndərmişdir. Müqavilə şərtlərinə zidd olaraq ödənişlər əvvəlcədən və ya Qəbul Şöbəsində ödənilməsə də Otel öz xoş niyyətindən irəli gələn qaydada hərəkət edərək, qonaqların girişinə problem yaratmamışdır. Otel tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində EBCİ seriyalı 184971 nömrəli ümumi dəyəri 2855.57 AZN olan elektron qaimə tərtib edilərək elektron sistem üzərindən təqdim edilmişdir. Dəfələrlə şifahi və yazılı (pretenziya) xəbərdarlığa baxmayaraq bugünədək cavabdeh Müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da maddi zərər vurmuşdur. İddiaçı cavabdehin qanunsuz hərəkətləri qarşısında özünün məhkəmə müdafiəsi hüququndan istifadə etmək qərarına gəlmişdir. Bu səbəblə lazımi hüququ proseduralar (pretenziya, mediasiya) icra edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. 20.07.2021-ci il tarixli QHS - 459 nömrəli X1 görünür ki, iddiaçı “Qalaaltı Hotel & Spa (Otel)” Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehə otaqların rezervasiyası xidmətlərini göstərməyi, cavabdeh isə bunun qarşılığında müvafiq ödənişləri iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.
9. EBCİ seriyalı 184971 nömrəli xx.xx.2022-ci il tarixli elektron-qaimədən görsənir ki, iddiaçı tərəfindən cavabdehə 2855,57 manat dəyərində xidmətlər göstərilmişdir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
11. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. İş materiallarına əlavə olunmuş elektron qaimənin, invoysların müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə imzalanmış, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia xidmət haqqı borcunun tələb edilməsi hissəsində əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə iddia tələbinin Mərkəzi Bankın uçot dərəcəsi ilə tələb olunan cərimə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən tələbi Mülki Məcəllənin 449.1-cu maddəsinə əsaslanaraq irəli sürmüşdür ki, qeyd olunan normanın tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
16. Göründüyü kimi faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Bu halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşür.
17. İddiaçı isə cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
18. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2855.57 manat məbləğində borc və ödənilmiş 48,56 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 2855.57 manat məbləğində borc və ödənilmiş 48,56 manat dövlət rüsumu tutularaq tutularaq “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev