Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1402/2023 30.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 5461 manat manat əsas borc, 851 manat əsas borc üzrə hesablanmış dəbbə pulu, 103 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum, 85 manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 5461 manat manat əsas borc, 851 manat əsas borc üzrə hesablanmış dəbbə pulu, 103 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum, 85 manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 mart 2017-ci il tarixli Mİ-064/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi Pajero markalı ** PN *** nömrə nişanlı nəqliyyat vasitəsinə texniki servis xidmətinin göstərilməsini iddiaçı öz öhdəliyinə götürmüşdür. Cavabdeh isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan Mitsubishi Pajero markalı ** PN *** nömrə nişanlı nəqliyyat vasitəsini iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirlərə görə yaranan xx.xx.2019-cu il tarixli Mİ-94150 saylı iş kartı və xx.xx.2019- cu il tarixli 827215 saylı elektron qaimə üzrə 5461,31 manat (ƏDV daxil) miqdarında servis pulunu iddiaçıya ödəməmişdir. Bununla bağlı qarşı tərəflə dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də heç bir nəticəsi olmamışdır. Borclunun Müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin tərəfimizə ödənilməsi üçün cavabdehin Dövlət Vergi Xidmətində qeydiyyata alınmış elektron ünvanına (elektron kargüzarlıq vasitəsi ilə) xx.xx.2019-ci il tarixindən bugünəcən mütəmadi olaraq bildirişlər və pretenziya məktublarları göndərilsə də məsələ öz həllini tapmamışdır (qeyd edilən göndərişlərin təsdiqinə dair sənəd ərizəyə əlavə edilmişdir), yəni cavabdeh borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 2.2.1-ci bəndinə əsasən İcraçının yerinə yetirdiyi xidmətin dəyərini Sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən, Sifarişçi nağd vəya köçürmə ilə İcraçıya vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Müqavilə üzrə nəzərdə tutulan ümumi xidmətin qiyməti Sifarişçiyə təqdim edilən hesabda əks etdirilir və ödəniş üçün əsas sayılır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, nağdsız ödəniş məqsədi ilə Sifarişçiyə hesab təqdim edilir. Hesabın icrası (ödənişi), xidmətlər yerinə yetirildiyi gündən etibarən 10 (on) iş günü ərzində həyata keçirilir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən,nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq ödəniş 10 (on) gün ərzində, təqdim edilmiş hesab üzrə həyata keçirilir. Ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanır. İş üzrə cavabdehin, Tərəflər arasında bağlanmış 13 mart 2017-ci il tarixli Mİ- 064/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə öhdəlikləri ilə əlaqədar, borc məbləği kimi yaranmış 5461,31 manat (ƏDV daxil) manatla yanaşı, həmin pul (borc) vəsaitinin qanunsuz olaraq (xx.xx.2019-cu il tarixdən etibarən 167 həftədən artıq müddətdə olmaqla) özündə saxlaması nəticəsində iddiaçıya 9125 manat miqdarında, əsas borc üzrə dəbbə pulu borcu da yaranmışdır (Müqavilənin 3.5-cü bəndində nəzərdə tutulan bəbbə pulu qismində). Lakin cavabdehdən, öhdəliklərindən yayınması il bağlı yaranmış borcu üzrə, Müqaviləyə əsasən dəbbə pulu qismində tələb etdiyi məbləğ 9125 manat yox, 851 manat həcmindədir. Beləliklə cavabdeh, iddiaçı qarşısında Müqavilə üzrə öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə, iddiaçı ümumilikdə 6312 manat həcmində maddi zərərə məruz qalmışdır. Həmçinin hazırkı iş üzrə mübahisənin məhkəməyə qədər tənzimlənməsi üsulu kimi iddiaçı cavabdehi mediasiya prosesinə (danışıqlara) dəvət etmiş, başlanılmış mediasiya prosesində də razılıq əldə edilə bilməmişdir. Bununla bağlı mediasiya prosesi üçün iddiaçı 103 manat rüsum ödəmişdir. Eyni zamanda hazırkı iş üzrə məhkəmədə iddia başladılması üçün iddiaçı 65 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, qeyd edilən ödənişlər də cavabdehdən tutulmaqla iddaçıya ödənilməlidir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz ərizəsində "xxxx" MMC ilə Cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixli Mİ- 064/2017 saylı xidmət müqaviləsi üzrə Cavabdeh ASC-yə məxsus **-PN-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə texniki xidmət göstərildiyini və xx.xx.2019-cu il tarixli Mi- 94150 saylı iş kartı, xx.xx.2019-cu il tarixli 827215 saylı elektron qaimə üzrə 5461 manat manat servis xidmət haqqının yarandığını bildirsə də nədənsə borc barəsində bildirişləri və pretenziyaları 3 ay öncədən yəni xx.xx.2019-cu il tarixindən göndərildiyini qeyd edir. Digər tərəfdən "xxxx" MMC ilə Cavabdeh ASC arasında Mİ-064/2017 saylı xidmət müqaviləsi xx.xx.2017-ci il tarixində bağlanmış, müqavilə üzrə iddia tələbi xx.xx.2019-cu ildən yaranmış, iddiaçı isə mübahisənin mediasiya qaydasında həlli üçün 2023-cü ilin yanvar ayında müraciət etmişdir. Hesab edir ki, hazırki iddia üzrə iddia müddətləri ötürülmüşdür. Sonda cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 13 mart 2017-ci il tarixli Mİ-064/2017 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, iddiaçı cavabdehin avtomobillərinə texniki servis xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətin haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli Mİ-94150 saylı hesabdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 5461,31 manat dəyərində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 5461,31 manat dəyərində xidmət göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli Mİ-94150 saylı “Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında” Aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus Mitsubishi Pajero markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobildə 5461,31 manat dəyərində təmir işləri aparılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 13 mart 2017-ci il tarixli Mİ-064/2017 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin avtomobillərinə texniki servis xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətin qiymətini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə məxsus Mitsubishi Pajero markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobildə 5461,31 manat dəyərində təmir işləri xidməti göstərilmiş, lakin cavabdeh tərəfindən xidmətin haqqı iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi bağlanmış və hazırki mübahisə həmin müqavilə tələbinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbi üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimə üzrə göstərdiyi 5461,31 manat dəyərində xidmətin haqqının ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 3.4-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq “Sifarişçi”-yə hesab təqdim edilir. Hesabın icrası (ödəniş), xidmətlər yerinə yetirildiyi gündən etibarən 10 (on) iş günü ərzində həyata keçirilir. Müqavilənin 3.4-cü bəndinin tələbini (cavabdehin ödənişi 10 gün müddətində həyata keçirmək hüququ) nəzərə aldıqda, hazırki tələb üzrə iddiaçının iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən sonra cavabdehin borcu etiraf etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə bağlı mediasiya təşkilatına 2023-cü ilin yanvar ayında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, iddiaçının ödənilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimə üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 5461 manat manat əsas borc, 851 manat əsas borc üzrə hesablanmış dəbbə pulu, 103 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum, 85 manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1402/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1402/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver