Məhkəmə qərarları › İş №e-2-2(113)-1425/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1425/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1425/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “telekanalların yayımlanmasının qadağan edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: telekanalların yayımlanmasının qadağan edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “telekanalların yayımlanmasının qadağan edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X4” Qapalı Səhmdar Cəmiyyətinə «Ред Медиа»: «365 дней ТВ», «Авто Плюс», «ИНДИЙСКОЕ КИНО», «КИНОСЕРИЯ», «КИНОКОМЕДИЯ», «КИНОМИКС», «КИНОПРЕМЬЕРА», «КИНОСВИДАНИЕ», «Кинохит», «Кухня ТВ», «Матч! Планета», «Мужское кино», «Наше новое кино», «Ностальгия», «РОДНОЕ КИНО», «Русская ночь», «КИНОСЕМЬЯ», «БОКС ТВ ПЛЮС», HD Life, Телеканал КХЛ (KHL TV Channel), КИНОУЖАС, Телеканал «Кто есть кто»; «Сигнал Медиа»: «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; «ТНТ Музыкальный»; «ТВ Центр-İnternational» (TVCİ); Телеканал «ЕвроКино»; «Старт Медиа»: «Драйв (Drive)», «АВТО24 (AVTO24)»; «Стрим»: «Охота и рыбалка», «Ретро», «Усадьба ТВ», «Здоровое телевидение», «Вопросы и ответы», «Домашние животные», «Психология 21», «Иллюзион+», «Зоопарк», «Русский Иллюзион», «Детский»; Телеканал «Точка отрыва»; «Бридж ТВ»; «Discovery»: «Discovery», «Carton Network», «Animal Planet», «İD», «TLC», «Eurosport 1», «Eurosport 2»; «СТСİ»; «Домашнийİ»; «Перецİ»; «Ren TV İnternational»; «TMB»; «RU.TV»/«РУ.ТВ»; «ARİRANG» telekanallarının yayımının özü tərəfindən yayımlanmasının, habelə başqa şəxslərə ötürülməsinin qadağan edilməsinə və ödənilmiş 100,40 manat dövlət rüsumunun tutularaq “İMEDİA” Məhdud Məsuliyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə «X4» QSC arasında Kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixində 2- İM-AGS-23 saylı Lisenziya Razılaşması imzalanmışdır. 01 aprel 2024-cü il tarixində isə 1 saylı Əlavə Razılaşma ilə müqavilənin müddəti 31 dekabr 2024-cü ilədək uzadılmışdır. 1 saylı Əlavə Razılaşmaya əsasən «X4» QSC özünəməxsus kabel (İPTV) şəbəkəsi vasitəsi ilə «Ред Медиа»: «365 дней ТВ», «Авто Плюс», «ИНДИЙСКОЕ КИНО», «КИНОСЕРИЯ», «КИНОКОМЕДИЯ», «КИНОМИКС», «КИНОПРЕМЬЕРА», «КИНОСВИДАНИЕ», «Кинохит», «Кухня ТВ», «Матч! Планета», «Мужское кино», «Наше новое кино», «Ностальгия», «РОДНОЕ КИНО», «Русская ночь», «КИНОСЕМЬЯ», «БОКС ТВ ПЛЮС», HD Life, Телеканал КХЛ (KHL TV Channel), КИНОУЖАС, Телеканал «Кто есть кто»; «Сигнал Медиа»: «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; «ТНТ Музыкальный»; «ТВ Центр-İnternational» (TVCİ); Телеканал «ЕвроКино»; «Старт Медиа»: «Драйв (Drive)», «АВТО24 (AVTO24)»; «Стрим»: «Охота и рыбалка», «Ретро», «Усадьба ТВ», «Здоровое телевидение», «Вопросы и ответы», «Домашние животные», «Психология 21», «Иллюзион+», «Зоопарк», «Русский Иллюзион», «Детский»; Телеканал «Точка отрыва»; «Бридж ТВ»; «Discovery»: «Discovery», «Carton Network», «Animal Planet», «İD», «TLC», «Eurosport 1», «Eurosport 2»; «СТСİ»; «Домашнийİ»; «Перецİ»; «Ren TV İnternational»; «TMB»; «RU.TV»/«РУ.ТВ»; «ARİRANG» telekanallarını xx.xx.2024-cü il tarixindən yayımlayır. Üçüncü tərəflər yuxarıda göstərilən Lisenziyalı Kanalları «X4» QSC-dən alır və bu kanalları özləri yayımlayırlar. Bu hərəkətlər 30 dekabr 2023-cü il tarixli 2-İM-AGS-23 saylı Lisenziya Razılaşmasının şərtlərinin kobud şəkildə pozulmasıdır. 2-İM-AGS-23 saylı Lisenziya Razılaşmasının 1.1-ci bəndinə əsasən: « ... Operator hazırki Razılaşmaya əsasən Agent tərəfindən təqdim olunan heç bir huquqların heç bir üçüncü şəxsə subliseniyalama hüququna malik deyil.» Abunəçilər - Operatorla müvafiq razılaşma əsasında Lisenziya Kanallarını qəbul edən və gələcəkdə kanalları yayımlamaq hüququna malik olmayan X2 fiziki və/və ya hüquqi şəxsləridir (son istehlakçılar). «X4» QSC bu hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuş və imicinə və işgüzar nüfuzuna xələl yetirmişdir. «X4» QSC müqavilə şərtlərini kobud şəkildə pozaraq həmin kanalların yayım hüququnu üçüncü tərəfə - "xxxx" MMC-yə və "xxxx" MMC-yə qeyri-qanuni olaraq satır. Bildiririk ki, bu hal iddiaçının hüquqlarının pozulmasıdır. Qeyd edirik ki, İddiaçı MMC ilə «X4» QSC arasında Kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixli müqavilə tərəfimizdən xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə tərəfimizdən ləğv edilməsinə baxmayaraq «X4» QSC tərəfindən kanalların qanunsuz və əsassız olaraq yayımlanması və eləcə də 3-cü şəxslərə ötürülməsi hərəkətləri davam etdirilməkdədir. Göründüyü kimi cavabdeh bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. İş materiallarından görünür ki, "xxxx" MMC (lisenziya verən) ilə İddiaçı MMC (lisenziya alan) arasında 01 noyabr 2018-ci il tarixdə 057/to/az saylı lisenziya müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə lisenziya verən müəyyən bir mükafata əsasən lisenziya alana qeyri-müstəsna lisenziyanı təqdim edir.

7. Daha sonra tərəflər arasında lisenziya müqaviləsinə 2 və 3 nömrəli Əlavə sazişlər imzalanmışdır.

8. "xxxx" MMC (prinsipal) ilə İddiaçı MMC (agent) arasında 01 oktyabr 2018-ci il tarixdə 1508/18 saylı agentlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə agent AR ərazisində dəyişməz formada “Bridge TV”, “BVT” televiziya kanalından ibarət prinsipala məxsus ardıcıl proqram məcmusunun yayımına verilmiş qeyri-müstəsna hüquqları üçüncü şəxslərə təqdim etmək kimi qeyri-müstəsna öhdəlikləri qəbul edir.

9. “X1 Limited” (DCEL) ilə İddiaçı MMC (operator) arasında 18 dekabr 2020-ci il tarixdə ******* saylı birləşmə haqqında saziş bağlanmışdır. Qeyd olunan saziş üzrə DCEL operatora qeyri-müstəsna hüquq verir, operator isə lisenziya müddəti ərzində bu sazişdə nəzərdə tutulmuş qaydada lisenziya ödənişlərinin DCEL-ə operator tərəfindən ödənilməsi şərtilə abunəçilərə kanalların təhvil verilməsi üçün bütün Abunəçilərə paylanma sistemləri vasitəsilə kodlaşdırılmış formatda ərazidə ödənişli televiziya vasitəsi ilə kanalları qəbul etməyi və sublisenziya verənlər vasitəsi ilə yayımlamağı öhdəsinə götürür.

10. Bundan başqa iddiaçı ilə Strim televiziya şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya qeyri-müstəsna hüquq verilmişdir.

11. Bundan başqa iddiaçı ilə Evrokino şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya qeyri-müstəsna hüquq verilmişdir.

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

13. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

14. Həmin qanunun 44.2-ci maddəsinə əsasən istehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.

15. Həmin qanunun 45.1-ci maddəsinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

16. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi yalnız müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri həmin hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Eləcə də müəlliflik hüququnu və əlaqəli hüquqları pozan hərəkətlərin dayandırılmasını da yalnız həmin hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tələb edə bilərlər.

17. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın əsaslılığına münasibət bildirilməmişdən əvvəl məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır.

18. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

20. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən lisenziya (sublisenziya) müqavilələrinə əsasən İddiaçı MMC-yə həmin telekanalların kabel şəbəkəsi vasitəsilə Azərbaycan Respublikası ərazisində yayımlanmasına dair qeyri-müstəsna lisenziya verilmişdir.

22. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə görə bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.

23. Həmin qanunun 30.2-ci maddəsinə əsasən müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.

24. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası ərazisində yayımlanmasına dair qeyri-müstəsna lisenziyaya sahib olduğu telekanallara münasibətdə müəllif və digər əlaqəli hüquqların sahibi olmamaqla həmin hüquqların Azərbaycan Respublikası ərazisində istifadəçilərdən biridir. Belə olan halda isə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tələbləri baxımından İddiaçı MMCnin iddia ərizəsində göstərilən telekanallarla bağlı müəllif hüquqlar və əlaqəli hüquqların müdafiəsinin, həmin hüquqları pozan hərəkətlərin qadağan edilməsi ilə bağlı iddia irəli sürməyə dair subyektiv hüquqa malik deyildir.

25. Bundan başqa qeyd edir ki, iddiada qeyd edilmiş «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; kanallarına münasibətdə, iddiaçının “X3” şirkəti ilə, müstəsna yayım hüququ ilə bağlı müqaviləsi olsa da, qeyd edilmiş müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Ona görə də, qeyd edilmiş kanalların yayımının qadağan edilməsi tələbi ilə bağlı da, iddiaçının subyektiv hüququ yoxdur.

26. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “telekanalların yayımlanmasının qadağan edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar